Azərbaycançılığın
qaynaqları: “Koroğlu” dastanı və azərbaycançılıq
ideyası
Azərbaycançılıq ideyası öz əksini
“Koroğlu” dastanında daha parlaq şəkildə
tapmışdır. Bu dastan özündə epik, lirik və
dramatik mənbələrin başlanğıclarını
birləşdirir. Azadlıq ruhu, geniş demokratizm, şəxsiyyətin
əzilməsinin və zülmün hər cür
formalarının inkarı başdan-başa əsərin
canına hopmuşdur. “Koroğlu” dastanının humanist məzmununun
cazibə qüvvəsi əsrlər boyu daha da güclənmişdir.
XX əsrdə böyük Üzeyir Hacıbəyovun
eyniadlı operasının meydana gəlməsi ilə dastana
dünya şöhrəti bəxş etmişdir.
Dastanın nüvəsini
vətənpərvərlik motivləri təşkil edir. Qəhrəman Koroğlunu əhatə
edən adamlar bütün məsləkdaşların mənafeyinə
sadiq olan bərabərhüquqlu birlik təşkil edir. Bərabərhüquqluluq
müdriklikdə və şücaətdə kişilərdən
heç də geri qalmayan qadınlara da aiddir.
Koroğlunun başçılığı
altında xalqın müdafiəçiləri-qəhrəman
dəlilər öz cəmiyyətini yaratmışlar. Burada
onlar mərdlik və kişilik qanunları şəraitində
yaşayırlar. Bu cəmiyyətdə düzlük, həqiqət
hökm sürür, yalana, ikiüzlülüyə,
qorxaqlığa yer yoxdur. Burada yalnız fiziki deyil, mənəvi
qüdrətin artırılmasına da qayğı göstərilir.
Onların qəhrəmanlığı təbii
istedadlarından ayrılmazdır.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev 2012-ci il
fevralın 22-də xalq qəhrəmanı Koroğlunun abidəsinin
açılışındakı nitqində demişdir:
“Koroğlu bizim xalq qəhrəmanımızdır.
Koroğlu vətənpərvərlik, igidlik rəmzidir. Azərbaycan xalqının qəlbində
Koroğlu daim yaşamışdır. Bütün dövrlərdə
Koroğlunun xalq qarşısında etdiyi xidmətlər Azərbaycan
xalqının xatirəsində yaşamışdır və
bu gün də yaşayır. Koroğlu obrazı vətənpərvərlik,
igidlik, mərdlik, şücaət obrazıdır. Koroğlu
Azərbaycan xalqına xas olan bütün gözəl
xüsusiyyətləri özündə əks etdirir. Vətənpərvərlik
kimi bu gün də çox vacib olan amil Koroğlu obrazında
bariz şəkildə özünü göstərir.”
Azərbaycan
tədqiqatçısı Sona xanım Vəliyeva “Koroğlu”
dastanındakı milli Azərbaycan ideyasından bəhs edərək
yazır: “Şifahi ədəbiyyatımızda vətənçilik,
ideala və torpağa tapınma, mərdlik baxışları
XVII-XVIII əsrlərin möhtəşəm abidəsi olan
“Koroğlu”nun 4 dastanında daha aydın və
açıq mətnlə öz əksini tapmışdır.
Dastanda nisbətən sonrakı dövrlərin hadisələri
təsvir olunsa da, Azərbaycan xalqının ən qədim və
ən yaşarı milli-mənəvi dəyərləri təcəssüm
etdirilir. Xalq öz milli varlığının,
yabançı və mahiyyətcə istilaçı xarici ətraf
qüvvələrə qarşı mütəşəkkil
birlik və bütövlüyünün rəmzi kimi Çənlibel
sosiumunu, bu cəmiyyətin mənəvi prinsiplərə əsaslanan
institusional konstruksiyalarını sevə-sevə tərənnüm
edir.
“Koroğlu”
dastanındakı Çənlibel, Koroğlu və onun ətrafında
bir yumruq kimi birləşmiş xalq kütlələri milli Azərbaycan
ideyasının azad Vətən, tarixi şəxsiyyət və
xalq demokratiyasından ibarət iki mühüm tərkib hissəsinin
simvolik arxitipi kimi dərk oluna bilər.” Qəhrəmanlıq idealı, Vətənə
bağlılıq öz təcəssümünü
“Koroğlu” dastanında bariz şəkildə
tapmışdır. Dastan Zaqafqaziya regionunda güclü feodal dövlət hakimiyyəti
dövründə yaranmışdır. Əsərdə təsvir
edilən hadisələr, əsas etibarilə Azərbaycanda
qardaş Türkiyədə (İstambul, Qars, Ərzurum) və
Şərqdə (Bağdad və s.) cərəyan edir.
X.Q.Koroğlunun “Orta Asiya, İran və Azərbaycan
xalqlarının dastanlarının qarşılıqlı əlaqəsi”,
(M. 1983) “Koroğlu türkmən eposu və onun tarixi
xüsusiyyətləri” (M. 1971), eləcə də, B. A.
Karrıyevin “Türkdilli xalqlarda Koroğlu haqqında epik
dastanlar” (M.1968) əsərlərində göstərilir ki,
dastan XV-XVI əsrlərdə bu regionda qüdrətli
Osmanlı imperiyasının hökmranlığının ən
əzəmətli dövrlərində meydana gəlmişdir.
Müəlliflər “Koroğlu” eposunun bir çox türk
xalqlarının şərikli mənəvi sərvəti
olduğuna baxmayaraq, düzgün olaraq, bu dastanın Azərbaycan
varlığından yarandığını göstərirlər.
Dastanın bədii nüvəsini XVI əsrin sonu - XVII əsrin
əvvəllərində Azərbaycanda və Kiçik Asiyada
baş vermiş real tarixi hadisələr təşkil edir. Bu
dövrdə Azərbaycanın cənubunda və cənub-qərb
rayonlarında tarixdə cəlalillər adı ilə məşhur
olan güclü xalq hərəkatı başlandı.
Dastanın ana xəttində də məhz bu hadisələr
durur. Bu mənada, dastanda
xalqın milli ideal haqqında təsəvvürləri əks
olunmuşdur. Digər dastanlardan fərqli olaraq
bu dastanda tarixilik ünsürləri daha güclüdür.”
“Koroğlu” dastanında Azərbaycan xalqının ən
yaxşı xüsusiyyətləri mənəvi və fiziki cəhətdən
gücü və məğlubedilməzliyi xalqın sosial və
əxlaqi idealları öz ifadəsini tapmışdır.
Bu dastanda epik qəhrəmanın prototipi və tarixi şəxsiyyəti
arasında oxşarlıq aydın nəzərə
çarpır. Koroğlu xalqın mənafeyini və şərəfini
silah gücünə qoruyan bir tarixi şəxsiyyət olduğundan,
xalq bu tipli qəhrəmanların adları ətrafında
şöhrət oreolu yaratmışdır. Xalq qəhrəmanlarının
simasında həm folklor yaradıcısının arzu və
istəkləri, həm də böyük bəşəri
idealları əks olunmuşdur. Dastanın ana xəttini xalq
kütlələrinin ictimai əxlaqı təşkil edir.
Burada təsvir edilən ideal cəmiyyət - Çənlibel
qəhrəmanlığın təntənəsinə xidmət
edir. Bu cəmiyyətdə mərdliklə qəhrəmanlıq
qovuşmuşdur. Koroğlu yalnız xalq səadəti
uğrunda mübariz-qəhrəman deyil, həm də saf,
ülvi məhəbbəti tərənnüm edən aşiqdir.
Dəlilərin hərbi yürüşlərinin əsas məqsədlərindən
biri məhəbbətdir. Dəlilər əxlaqının əsasını
xalq əxlaqının norma və tələbləri təşkil
edir. Bu əxlaq zorakılıq əxlaqının inkarı
kimi meydana gəlmişdir. Dəlilik əxlaqındakı
qabarıq şəkildə aşkara çıxan qüvvət
və müqavimət ünsürləri məhz buna xidmət
edir. Koroğlunun poetik aşıq
yaradıcılığı xalqla sıx bağlı olub
öz tərəfdarlarına güclü estetik və mənəvi
təsir göstərir. Bu poeziya insanları sosial ədalətsizliyə
nifrət, xalq işinə sədaqət, onun
azadlığı uğrunda mübarizə ruhunda tərbiyələndirir.
“Dəlilər əxlaqı” ictimai tərəqqiyə mane olan
nə varsa, hər şeyə qarşı mübarizəyə çağıran yüksək əxlaq olub hər cür alçaqlığı
inkar edir. Bu inkar xalqa məhəbbətlə,
onun azadlığına cəhdlə dolu olub xalq kütlələrinin
azadlıq hərəkatının yüksəlişilə səsləşir
(Dastandakı “dəlilik” anlayışı
qoçaqlığın, güc və əzəmətin, mərdlik
və qəhrəmanlığın sinonimi kimi başa
düşülməlidir). Koroğlu öz vəzifəsinin
mənəvi əhəmiyyətini onda görürdü ki, o
öz xalqının azadlıqsevər arzularını ifadə
edirdi. “Çənlibel cəmiyyəti” və onun əxlaqi
sosial ədalətsizliyə xalq etirazlarının ən
yüksək formasıdır. Xalq hərəkatının
doğurduğu yeni inqilabi təsir gücünə malik olan
bu əxlaqi ideal keçmişin kor-koranə idealizə edilməsi
demək deyildir, bu ideal o dövr üçün xalqı
öz qüvvələrinə inanmağa çağıran
yeni qabaqcıl humanist idealların təzahürünə səbəb
olur.
“Koroğlu” qəhrəmanlıq
dastanının əxlaqi idealı xalq kütlələrini
sosial ədalətsizlikı doğuran qaydalara qarşı
etiraz etməyə ruhlandırır. Bu idealda insanların mənafeyinə
uyğun olaraq cəmiyyətin daha da inkişafına olan
ümid və cəhdlər ifadə olunmuşdur. Bu ideal
keçmişdə mövcud olan gələcəyə istiqamətləndirmişdir.
Əxlaqi
ideal özündə ən yaxşı əxlaqi sərvətləri
cəmləşdirib ümumiləşdirərək yalnız
əxlaqi cəhətdən mükəmməl keyfiyyətləri
əks etdirmir, eyni zamanda, onları o şəkildə inikas
etdirir ki, bu nümunə ən ümumi kimi qəbul edilə
bilsin, ideal şəxsiyyətin ləyaqəti və məziyyətləri
daha çox adamın malına çevrilsin.
Hər bir ictimai sistem öz ideal şəxsiyyətini
formalaşdırır.
İnsan nəsilləri tərəfindən yaradılan mənəvi-etik
sərvətlər cəmiyyətdəki sosial-iqtisadi dəyişiklər
baş verdikcə, keçmişin irsi adı altında gərəksiz
bir şey kimi kənara atılmamış, əksinə, hər
bir yeni nəsil bu irsin mütərəqqi ünsürlərindən
istifadə edərək, onu zənginləşdirir və daha
da inkişaf etdirir.
Çənlibel burada vətən
anlayışı ilə eyniləşdirilmiş və onu
göz bəbəyi kimi qorumaq hər bir igidin borcuna
çevrilmişdir. Namərdlik (“müxənnətlik”), alçaqlıq
və xəyanət, qorxaqlığa nifrət bəsləmək
bu ideal cəmiyyətin sosial-mənəvi həyatının
ayrılmaz cəhətləri hesab edilir, Çənlibeldə
sənətə və sənətkara hörmət qəhrəmanlıq
qanunlarından irəli gəlir. Çənlibeldə
aşıqlıq sənəti özü də qəhrəmanlıqla
sıx əlaqədardır. Məlumdur ki, xalqın
ağıl və zəkasını özündə birləşdirən
Koroğlu Vətənin istiqlaliyyəti uğrunda
qılınc çalan qəhrəman bir sərkərdə
olmaqla yanaşı, həm də xalqını yadelli
işğalçılara qarşı üsyana səsləyən
saz-söz sənətkarı kimi də məşhur
olmuşdur. Koroğlunun aşıqlığı, şairliyi
onun qəhrəmanlığı ilə vəhdət təşkil
edir. Koroğlunun aşıqlığı bəzən onun qəhrəmanlığının
davamı olub bu qəhrəmanlığı tamamlayır:
aşıqlıq sayəsində Koroğlunun qəhrəmanlığı
reallaşır, yüksək nöqtəsinə çata
bilir. Aşıq şair Koroğlunun hünəri qəhrəman
Koroğludan geri qalmır.
Çənlibel sosiumunda azadlıq anarxiya, hərc-mərclik
doğurmur, əksinə, burada müəyyən nizam-intizam,
qayda-qanun hökm sürür: “Çənlibelin öz
qayda-qanunları vardı. İş zamanı hamı işdə,
məşq zamanı hamı məşqdə, keyf zamanı
hamı keyfdə olardı”.
Burada dəli həm əsgər, həm də azad vətəndaşdır.
Dəli azad əsgərdir. Koroğlunun
başçılıq etdiyi ordu, 7777 azad dəli, keyfiyyətcə
ətraf aləmdən fərqlənir. Koroğlunun ordusunda
bacarıqlı sərkərdələr yalnız savaş
zamanı sərkərdəlik edirlər, dinc vaxtlarında isə
sıravi dəlilərdən çox da fərqlənmirlər.
Başçılarla dəlilər arasındakı
(vuruşma vaxtı) münasibətlər rəis və tabe
münasibətləri deyil, mərdlər arasındakı
qardaşlıq münasibətləridir. Hərəkətlər
(hücum, yaxud müdafiə tədbirləri) əmrlə yox,
məsləhətlə, ümumi rəyə əsasən icra
olunur. Dastanda ümumən itaət ruhunun inkar edilməsi burada
da özünü göstərir. Qarşılıqlı
münasibətlərdə bütün prinsiplər demokratik
ruhla əvəz olunmuşdur. Demokratik əhval-ruhiyyənin həm
dinclik, həm də hərb zamanı hökmran olması dəlilərə
daha da qol-qanad verir, Çənlibelin varlığı
üçün əsas şərt olan azadlıq əxlaqi
azadlığın, davranış azadlığının təzahürüdür
- çünki burada cəmiyyətin hökmü ziddinə
heç bir hərəkətə yol verilmir. Xüsusilə,
azadlıq qəhrəmanlıqla vəhdətdə ideal cəmiyyətin
daha sıx birləşməsinə və vahid mübarizə
istiqamətini təmin edir və daha geniş məna
daşıyır. Çənlibel icmasının rəhbəri
Koroğlu obrazı sosial həyatın obyektiv xüsusiyətlərini,
eləcə də, insan təbiətinin fərdliyini
özündə əks etdirən obrazdır. Çənlibellilərin
qəhrəmanlığı onların nail olduqları, əldə
etdikləri azad həyatın mühafizəsini qüvvətləndirir.
Çənlibeldəki azad həyat inkar etdiyi əsarətə
əsaslanan mövcud feodal mütləqiyyət quruluşunu lərzəyə
saldığına görə, onun sosial əhəmiyyəti
daha da artır, itaətə boyun əymək istəməyən
bütün güclü, ləyaqətli, seçmə
oğlanlar bu azad məkana axışıb gəlirlər.
Çənlibel azad və qəhrəman insanların birliyinə
çevrilir. Burada Çənlibelin bütün daxili
qayda-qanunları hər bir dəlinin qəhrəman kimi fəaliyyətini
təmin edir, bu birliyin bərabərhüquqlu üzvü kimi
bütün bacarıq və qabiliyyətlərini aşkara
çıxmasına imkan yaradır, eyni zamanda, onlardan yüksək
qəhrəmanlıq qanunlarına ciddi riayət etməyi tələb
edir. “Koroğlu” dastanında qəhrəmanlığın
sosial məzmunu geniş məna daşıyır.
Dastandakı müxtəlif qollar və epizodlar bu fikrin təsdiqinə
xidmət edən, onu qoruyan bir vasitə olduğu kimi,
Koroğlunun azadlığa ehtiyacı, meyili də qəhrəmanlığın
formalaşmasına imkan yaradaraq, onu gerçəkləşdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev Bakıda
Koroğlu abidəsinin açılışındakı
nitqində “Koroğlu”
dastanının milli Azərbaycan idealının azərbaycançılığın
təcəssümü olduğunu
xüsusi vurğulamışdır: “Gənc nəslin tərbiyə
edilməsində “Koroğlu” dastanı çox mühüm
bir vasitədir. Çünki gənc nəslimiz vətənpərvərlik
ruhunda böyüməli, tərbiyə almalıdır.
Müstəqil Azərbaycanın vətəndaşları
öz Vətənini, xalqını sevməlidirlər.
Koroğlu xalq içərisindən çıxmış,
xalq üçün yaşamış gözəl insan,
böyük sərkərdə idi. Koroğlu, eyni zamanda,
istedadlı insan idi - həm şair, həm aşıq idi. Bir
daha demək istəyirəm ki, Azərbaycan xalqının ən
gözəl xüsusiyyətləri onda var idi və bizim gənclərimiz
keçmişimizdə olan müsbət obrazları da bilməlidirlər,
yaxından, dərindən tanımalıdırlar. Biz keçən
il müstəqilliyimizin 20 illiyini qeyd etmişik. Ancaq bizim
çox böyük, zəngin tariximiz, mədəniyyətimiz
vardır. Şifahi xalq yaradıcılığımız
vardır. Gözəl əsərlərimiz, dahi şəxsiyyətlərimiz
vardır. Bizim vətəndaşlar, xüsusilə, gənclər
o dahi şəxsiyyətləri tanımalıdırlar.
Koroğlu da haqq-ədalətin tərəfində idi.
Koroğlu kasıbların tərəfində idi. Koroğlu ədalətsizliyə
dözməyən və ədalətsizliyə qarşı
vuruşan görkəmli şəxsiyyət, sərkərdə,
gözəl vətəndaş idi. Biz, bir daha demək istəyirəm
ki, gənc nəsli bu müsbət nümunələr əsasında
tərbiyə etməliyik. Mən çox şadam ki, Azərbaycan
gəncləri vətənpərvərdirlər, Vətənə
bağlıdırlar, Vətəni sevirlər. Bizim vətəndaşlar
haqlı olaraq, qürur hissi keçirirlər ki, biz
hamımız Azərbaycan vətəndaşıyıq.
İyirmi il ərzində ölkəmiz böyük və
şərəfli yol keçmişdir, bütün sahələrdə
böyük uğurlara imza atmışdır.
Uğurlarımızın təməlində məhz milli-mənəvi
dəyərlər dayanır. Güclü iqtisadiyyat yaratmaq
olar, bölgədə güclü mövqelərə malik
olmaq olar, - halbuki bunun üçün də çox
çalışmaq lazımdır, - ancaq milli-mənəvi dəyərlər
olmadan heç bir ölkə, heç bir xalq inkişaf edə
bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir
ki, gənc və güclü dövlətimiz möhkəm təməl
üzərində qurulubdur. Çoxəsrlik tarix, mədəniyyət
üzərində qurulubdur. Milli-mənəvi dəyərlər
bizim üçün ən vacib məsələdir. Biz, təbii
ki, ümumbəşəri dəyərləri
bölüşürük. Ancaq bizim üçün
başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir.”
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.-
2012.- 2 mart.- S. 10.