Dünya
Xocalı soyqırımını tanımalıdır
XX əsrin ən dəhşətli və qanlı faciələrindən
biri olan Xocalı soyqırımından 20 ili ötdü. Bir
gecənin içində erməni hərbi birləşmələri
keçmiş sovet ordusunun 366-cı motoatıcı
alayının iştirakı ilə mühasirədə
saxlanılan Xocalı şəhərini yerlə yeksan etdilər.
Xocalı sakinlərinə qarşı törədilən qətliam
hər bir azərbaycanlı üçün tarixin ibrət dərsi
olmaqla yanaşı, onun yaddaşından silinməyəcək
bir iz saldı. Belə bir tarixi soyqırımı aktı ilə
əlaqədar ardıcıl olaraq ölkə daxilində, eləcə
də, xarici dövlətlərdə tədbirlər
keçirilir. Xaricdə formalaşmış diaspor
qurumları bu sahədə hakimiyyət strukturları ilə
birgə tədbirlər, aksiyalar və s. təşkil edir.
Aparılan təbliğat işlərinin nəticəsi olaraq,
artıq Xocalı həqiqətləri dünya ictimayyəti tərəfindən
birmənalı olaraq, qəbul olunur.
Elə soyqırımı ilə
bağlı Azərbaycan diasporu üzvləri
tərəfindən Kaliforniya ştatı
senatının binası qarşısında keçirilən
aksiyada görülən işlərin
davamıdır. Belə ki, aksiya ABŞ-ın Kaliforniya
Ştatının Azərbaycan icması, Azərbaycan-Amerikan
Şurası və San-Fransisko ərazisində
yaşayan azərbaycanlıları öz ətrafında birləşdirən
NACSA təşkilatı Kaliforniya
senatı qarşısında baş tutub. Aksiya Kaliforniya
parlamentində ACR-96 adlanan qətnamənin
baxılmasına etiraz olaraq
keçirilib. Kaliforniya parlamentinin
üzvləri Felipe Fuentes,
Katço Aşadjian
və Mayk Qatto tərəfindən
təqdim olunmuş ACR-96 adlı qətnamədə
ermənilərin növbəti təxribatı - “Ermənilərin
Sumqayıt, Kirovabad və Bakıda
soyqırımının Kaliforniyada
anılması günü”nün
keçirilməsi nəzərdə tutulub.
Amerika ermənilərinin xüsusi
maraq qrupu tərəfindən
irəli sürülən ACR-96 qətnaməsi Kaliforniya qanunvericilərində Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı birtərəfli mövqe
formalaşdırıb. Aksiya iştirakçıları 1988-ci il
Sumqayıt hadisələri zamanı 26 erməninin heç də azərbaycanlılar tərəfindən
qətlə yetirilmədiklərini Kaliforniya
ictimaiyyətinin diqqətinə çatdırıb, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə
erməni cəlladlarının Azərbaycanın Xocalı
şəhərində əsil soyqırımı törətdiklərini
bildirib və qanunvericilərin məhz bu faciəyə diqqət yetirmələrinin vacibliyini vurğulayıblar.
Kaliforniya
ştatının qanunvericilərinə ünvanlanmış
müraciətdə bildirilir ki, ACR-96 qətnaməsinin mətni, Ermənistan
tərəfindən, zəbt olunmuş Azərbaycan
torpaqlarında etnik təmizləmə
aparıldıqdan sonra
yaradılmış, qeyri-qanuni və
tanınmamış “Dağlıq Qarabağ
Respublikası”nın məlumatlarına əsasən
hazırlanıb. ABŞ Dövlət Departamentinin
özünün belə
tanımadığı bir qondarma, separatçı qurumun
məlumatlarına inanaraq hər hansı bir addım atmağın özü
belə ABŞ-ın rəsmi siyasəti ilə ziddiyyət təşkil
edir. Aksiya
iştirakçıları qətnaməni pisləyən, Kaliforniya senatorlarını Xocalı
soyqırımını tanımağa və Azərbaycan
torpaqlarının işğaldan azad olunmasına çağıran şüarlar səsləndiriblər.
AZƏRBAYCAN
GƏNCLƏRİ TƏRƏFİNDƏN RUMINİYA SENATINA
MÜRACİƏT
Azərbaycan gəncləri
Xocalı soyqırımını törədənlərin
pislənilməsi üçün
Rumıniya senatına müraciət ediblər. Xocalı
qırğınının insanlıq əleyhinə cinayət
kimi tanınması, onu
törədənlərin qınanması və pislənilməsi
üçün Rumıniya-Azərbaycan Gənclər
və Mədəniyyət Assosiasiyası Rumıniya senatorlar palatasının sədrinə və bütün senatorlara
müraciət ünvanlayıblar. Müraciətdə
1992-ci il fevralın 25-dən 26-na keçən
gecə erməni silahlı qüvvələri tərəfindən
Azərbaycanın Xocalı şəhərində dinc və günahsız mülki
əhaliyə qarşı törədilmiş
qırğın barədə təfərrüatlı məlumat
verilib. Müraciətdə
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
və onun nəticələri, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı BMT-nin Təhlükəsizlik
Şurası, ATƏT, Avropa Şurası
və s. beynəlxalq təşkilatların
qətnamə və qərarlarına istinad
edilərək təcavüzkar ölkənin beynəlxalq
ictimaiyyətin çağırışlarına indiyədək
məhəl qoymaması diqqətə
çatdırılıb.
Azərbaycanlı gənclər qətliamı
törədənlərin niyyətinə və məqsədinə
görə diqqəti Xocalı qırğınının sadə
cinayət kimi deyil, əslində,
soyqırımı kimi
tanınmasının vacibliyinə çəkiblər. Rumıniya senatından dünyanın gözü qarşısında baş vermiş
soyqırımına göz
yummamağı, dünya ictimaiyyətinin
gələcəkdə bir daha
bu cür amansız qəddarlığa
məruz qalmaması üçün erməni
qoşunlarının insan ləyaqətini
alçaldan qanlı əməllərini
qınamağa və ədalətin bərpası
üçün dəhşətli
soyqırımı nəticəsində Azərbaycan
xalqının iztirablarını yüngülləşdirmək
məqsədilə həm Rumıniya senatından, həm də
beynəlxalq təşkilatlardan müvafiq
qərarlar qəbul etməyi xahiş ediblər.
Beynəlxalq mətbuat və təşkilatların Xocalıda
törədilən vəhşilikləri təsdiqləyən
bəyanatları və qeydləri müraciətə əlavə
olunub.
SERBİYADA
ANIM MƏRASİMİ
Fevralın 26-da Serbiya
Respublikasında Xocalı faciəsinin 20-ci ildönümü
ilə bağlı anma mərasimi keçirilib. Tədbirdə Belqradda fəaliyyət göstərən Azərbaycan
Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan Ticarət-İqtisadi
Palatasının rəhbərliyi ölkədə yaşayan Azərbaycan icmasının üzvləri,
burada təhsil alan azərbaycanlı
tələbələr, Serbiya ictimaiyyəti,
KİV və Belqrad şəhərinin
müsəlman icmasının nümayəndələri iştirak ediblər.
Serbiyada Azərbaycan
səfirinin müşaviri Qabil
Köçərli tədbirdə çıxış edərək,
erməni millətçilərinin vaxtaşırı dövlətimizə
və xalqımıza qarşı ərazi iddiaları irəli
sürərək, həyata keçirdikləri cinayətlərdən
danışıb, 1918-ci ildə Bakı, Salyan,
Lənkəran, Xaçmaz, Quba, Şamaxı və digər bölgələrdə
törətdikləri qırğınları diqqətə çkib. Eyni zamanda, sovet
rəhbərliyi tərəfindən azərbaycanlıların
1948-1953-cü illərdə Ermənistandan
köçürülməsi, 1988-ci ildə Ermənistan ərazisində
yaşayan soydaşlarımızın zorla öz ata-baba
yurdlarından didərgin salınması, Dağlıq Qarabağ və ona bitişik 7 rayonumuzun
işğalı, 1992-ci ildə Xocalıda törədilmiş
soyqırımı barədə məlumat verilib.
O, Xocalı faciəsinin Azərbaycan tarixində
ən qanlı hadisələrdən biri olduğunu söyləyərək, erməni
silahlı dəstələri tərəfindən
xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən
danışıb.
Daha sonra tədbir
iştirakçılarına Xocalı faciəsinin dəhşətlərini
əks etdirən sənədli film təqdim
olunub. Tədbir
iştirakçıları Azərbaycan Prezidenti
cənab İlham Əliyevin Xocalı
soyqırımının 20-ci ildönümü
ilə əlaqədar Azərbaycan xalqına, həmçinin,
Xocalı əhalisinin dünya
xalqlarına, BMT, Avropa Şurası və
ATƏT-ə, eyni zamanda,
Azərbaycanda yaşayan dini
icmaların rəhbərlərinin dünya
xalqlarına, dövlət başçılarına,
parlamentlərə və beynəlxalq təşkilatlara
müraciətlərinin mətni ilə tanış olublar.
Xocalı faciəsinin 20-ci ildönümü
ilə bağlı səfirlik tərəfindən
hazırlanmış press-reliz, həmçinin,
yuxarıda qeyd olunan
müraciətlərin mətnləri Serbiyanın dövlət
və hökumət orqanlarına, parlamentinə, qeyri-hökumət
təşkilatlarına, ölkədə fəaliyyət
göstərən səfirliklərə və beynəlxalq
təşkilatların nümayəndəliklərinə
göndərilib.
MURMANSKDA
“XOCALISIZ...” ADLI SƏRGİ
Ümumrusiya Azərbaycanlılar
Konqresinin Murmansk regional bölməsinin ofisində Xocalı
soyqırımının 20-ci ildönümünə həsr
edilmiş kitab və
fotoşəkillərin “Xocalısız...” adlı sərgisi təşkil
edilib.
Sərginin
ekspozisiyasında tanınmış fotojurnalistlərin 100-dən
çox işi nümayiş etdirilir. Murmansk sakinləri
bu sərgidə Qarabağ
münaqişəsi və onun ölkəmiz
üçün ağır nəticələri
mövzusunda fotoşəkillər, nəşrlər,
disklər, qəzet və jurnal məqalələri
ilə, “Qarabağ reallıqları”
seriyasından Mirkazım Seyidovun “Azərbaycan”,
“Şuşa. Qrafika”,
“Gül və işıq” albomları, Yuri Pompeyevin “Qarabağ gündəliyi”, Elmira
Axundovanın “Şəxsiyyət və zaman”
kitabları və başqa eksponatlarla
tanış olublar.
Ekspozisiyanın mərkəzində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Xocalı
soyqırımının iyirminci ildönümü haqqında” 17 yanvar 2012-ci il tarixli Sərəncamının mətni yerləşdirilib.
KANADADA
YÜRÜŞ-MİTİNQ
Xocalı
soyqırımının 20-ci ildönümü
ilə əlaqədar Kanadanın Ottava
şəhərində yürüş-mitinq
keçirilib. Yürüş-mitinq
Kanada Azərbaycan Gəncləri Şəbəkəsi,
Toronto və Vaterloo
universitetlərinin Azərbaycanlı Tələbələr
assosiasiyaları tərəfindən təşkil edilib.
Qarlı və şaxtalı hava şəraitinə baxmayaraq,
bir neçə saat davam edən yürüş-mitinqə
çoxsaylı insan qatılıb.
Əllərində
Xocalı hadisələri zamanı erməni faşistlərinin
dinc sakinləri amansız işgəncələrlə
qətlə yetirmələri, ümumiyyətlə, Ermənistanın
Azərbaycana qarşı işğalçılıq siyasəti
ilə bağlı faktların əks olunduğu
plakatlar tutan yürüş iştirakçıları
faciənin günahkarlarının cəzalandırılması,
bu soyqırımına beynəlxalq səviyyədə
obyektiv siyasi-hüquqi
qiymət verilməsi barədə çağırıblar. Tədbirdə
“Dünya Xocalı
soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”,
“Rədd olsun erməni terrorizmi!”,
“Biz ədalət tələb edirik”, “Biz öz
torpaqlarımızı istəyirik, “Sarkisyan
terrorçudur” şüarlarını səsləndiriblər.
Kanada Parlamentinin
qarşısından başlanan yürüş Ermənistanın bu ölkədəki səfirliyinin
qarşısında mitinqlə davam etdirilib.
ZÜMRÜD
Səs.- 2012.- 2 mart.- S.7