A.A.Bakıxanov
və azərbaycançılıq
Azərbaycanşünaslığın
inkişafında mühüm rol oynamış A.A.Bakıxanov
azərbaycançılıq ideyasının təşəkkülünə
öz töhfəsini bəxş etmiş görkəmli
mütəfəkkir və tarixçi
ziyalılarımızdan biridir.
Tədqiqatçı Zöhrə xanım Əliyevanın
“Azərbaycan maarifçiliyi və dünya ədəbi-nəzəri
fikri” əsərində düzgün olaraq göstərdiyi
kimi: Azərbaycan ədəbi-bədii fikri və mədəniyyəti
Şərq və Qərbin səmərəli və mənəvi
dəyərlərinin sintezidir. Şərq ölkəsi kimi
islam mədəni-mənəvi dəyərlərini mənimsəmiş
Şimali Azərbaycan Rusiya imperiyası tərkibində yeni mədəni-mənəvi
dəyərlər sistemilə əlaqəyə girmiş,
Rusiya vasitəsilə qabaqcıl Avropa ictimai-siyasi, ədəbi-bədii
və maarifçilik ideyalarını mənimsəmiş,
özündə Qərb və Şərq dəyərlər
sistemini birləşdirmişdir. XIX əsrdə
yaşayıb-yaratmış Azərbaycan
ziyalılarının əksəriyyəti Şərq və
Qərb sivilizasiyaları arasında mənəvi körpü
rolunu oynamışlar. Beləliklə, “Bir milli ideoloji hərəkat
kimi maarifçilik öz böyük tarixi-tipoloji
funksiyasını Yaxın və Orta Şərqdə, eləcə
də, Azərbaycanda da icra etmiş olur. İctimai və bədii
təfəkkürün məhz maarifçilik mərhələsində
Azərbaycanda da antifeodal məfkurənin və realist metodun
müstəqil milli tipi yarana bilir. Məhz bu zaman - XIX əsrin
ortalarından ümummilli ədəbi dilin təşəkkülü
prosesi başa çatır, demokratizm ideologiya kimi
formalaşır, rus və Qərb mədəniyyəti ilə
əlaqələr güclənir, klassik romantik poeziyanın, həmçinin,
Vaqif, Zakir, Vazeh və Bakıxanovun timsalında “yeni dövr” ədəbiyyatının
təşəkkülü üçün bilavasitə bədii-estetik
ənənələr də öz tarixi keçid və zəmin
rolunu icra etməyə başlayır.
Maraqlıdır ki, bədii fikrin həm tam müstəqil,
xalis milli realist təfəkkür mədəniyyətinin
ümumi sistemindən (regionlar və ədəbi məhəllələr
müstəvisindən) kənara çıxaraq, daha
böyük genişliyə qədəm qoyması XIX əsrin
ikinci yarısına təsadüf edir.
Professor Yaşar Qarayevin dediyi kimi, maarifçiliyin həmişə
və hər yerdə həll etdiyi tarixi vəzifə -vətəndaşlıq
qüruru və azadlıq hissinin tərbiyəsi XIX əsrin məhkum
və asılı Şərqində daha qabarıq meydana
çıxır və Azərbaycanda maarifçilik təkcə
fatalizmdən, dini və dünyəvi qəflətdən yox,
həm də milli qəflətdən xilas olmağın təliminə
çevrilə bilir”. A.A.Bakıxanovun maarifçiliyə, o
cümlədən, azərbaycançılığa
münasibətinə dair elmdə müxtəlif mülahizələr,
yanaşmalar mövcuddur. Tanınmış Azərbaycan
filosofu Zümrü Quluzadənin Azərbaycan maarifçiliyində
A.Bakıxanovun müstəsna rol oynadığı fikirləri
daha inandırıcıdır.
Z.Quluzadə “VII-XVI əsrlərdə Azərbaycan fəlsəfəsi
tarixindən” adlı çox dəyərli monoqrafiyasında
bakıxanovşünasların ciddi tədqiqatlarına
baxmayaraq, “Bakıxanov və maarifçilik” probleminin daha dərindən
tədqiq olunması zəruriliyini qeyd edir. Müəllif
çox düzgün olaraq mədəniyyət tarixinin,
xüsusilə, Azərbaycan mədəniyyəti tarixinin
müxtəlif aspektlərini tədqiq edən müasir elmi ədəbiyyatda
“maarifçilik ideologiyası” anlayışının mahiyyəti
barədə qeyri-müəyyənlik hökm
sürdüyünü göstərir: “Bu məsələyə
dair Azərbaycan elmi ədəbiyyatında iki rəy
mövcuddur: 1) H.Hüseynov və Z.Göyüşova görə,
A.Bakıxanov Azərbaycan maarifçiliyinin nümayəndələrindən
biridir; 2) Ə.Əhmədovun fikrincə, isə Azərbaycan
maarifçiliyinin banisi M.F.Axundzadədir”.
Z.Quluzadə doğru olaraq üçüncü bir rəy
söyləyir: “Bu məsələni yalnız
maarifçiliyin meyarlarını və Azərbaycan maarifçiliyinin
təzahür spesifikasını dəqiqləşdirməklə
həll etmək olar. Bu məsələyə dair indiyədək
dəqiq elmi mövqe yoxdur. Beləliklə, müasir
bakıxanovşünaslıq Bakıxanovun maarifçiliyə
münasibətini aydınlaşdırmaqdan öncə,
ümumiyyətlə, maarifçiliyin, xüsusilə, Azərbaycan
maarifçiliyinin özünün mahiyyətini açıb
göstərməli, bundan sonra maarifçilik və
Bakıxanov irsinin qarşılıqlı münasibətlərini
aydınlaşdırmalıdır. Daha doğrusu, bu problemə
dair bu üç məsələnin dəqiq elmi təhlili tələb
olunur”.
Z.Quluzadə mövcud ədəbi, fəlsəfi,
ensiklopedik ədəbiyyatda və maarifçilik
anlayışının yalnız maarifçilik
dövrünü əhatə etdiyini və burjua sinfinin
feodalizmin siyasi və mədəni sistemi ilə ideya mübarizəsi
kimi səciyyələndirildiyini (bax: Literaturnaya Ensiklopediya, t.
9, Moskva, 1935, s. 323), maarifçiliyin ümumdünya xarakteri
daşıdığı kimi göstərildiyini (Bolşaya
Sovetskaya Ensiklopediya), bəzi ədəbiyyatlarda, xüsusilə,
“Sovet Tarixi Ensiklopediyası”nda keçmiş sovet Şərq
xalqları mədəniyyətinin maarifçilik
ideologiyası daşıyıcısı olmasının
heç xatırlanmadığını təəssüflə
qeyd edir.
Sovet dövrünün “Fəlsəfə lüğəti”ndə
maarifçilik “elə bir ictimai-siyasi cərəyan kimi təqdim
edilir ki, onun nümayəndələri mövcud cəmiyyətin
nöqsanlarını aradan qaldırmağa, onun adətlərini,
siyasətlərini və məişətlərini xeyir, ədalət
ideyaları və elmi biliklərin yayılması yolu ilə dəyişdirməyə
cəhd edirlər”. Burada maarifçilik burjua inqilabı ərəfəsində
“xırda burjuaziyanın ideologiyası kimi göstərilir.
Maarifçilərin daha çox kilsəyə, dini ehkamlara, sxolastikaya
qarşı mübarizə apardıqları qeyd edilir.
Z.Quluzadə doğru olaraq mövcud elmi və
elmi-sorğu ədəbiyyatında maarifçiliyin müəyyənləşdirilməsində
və səciyyələndirilməsində, ayrı-ayrı
ölkələrdə tarixi inkişaf dövrünün
işıqlandırılmasında, xüsusilə, onun
ayrı-ayrı nümayəndələrinin irsinin (Lomonosov və
Bakıxanov və digərlərinin maarifçiliyə
münasibətində) şərhində qeyri-dəqiqliyə
yol verildiyini göstərərək bildirir ki, “Fəlsəfi
ensiklopediya”da maarifçiliyə dair iki nöqteyi-nəzərin
şərhi: maarifçiliyin dar mənada, feodalizmin ya dinc
yolla, ya maarifçilik yolu ilə, ya da inqilabi yolla dəyişdirilməsi.
Geniş mənada, maarifçiliyin dinc və inqilabi yolla dəyişdirilməsi
kimi anlaşılması tamamilə aydın deyildir.
“Böyük Sovet Ensiklopediyası”nda maarifçiliyin
Azərbaycanda XIX əsrdə meydana gəldiyi nümayəndəsi
kimi isə M.F.Axundzadə “Azərbaycan Sovet
Ensiklopediyası”nda isə Azərbaycan maarifçiliyinin
nümayəndələri kimi A.Bakıxanov və M.F.Axundzadə
göstərilmişdir. Azərbaycançılıq üzrə
tədqiqatçı Sona xanım Vəliyeva “Azərbaycançılıq
milli ideologiya və ədəbi-estetik təlim kimi” əsərində
A.A.Bakıxanovu azərbaycanşünaslığın banilərindən
biri hesab edir: “Abbasqulu ağa Bakıxanovun
“Gülüstani-İrəm” əsərini haqlı olaraq, azərbaycanşünaslığın
ilk elmi qaynaqlarından sayırlar. Bu əsər fars dilində
yazılmış, müqəddimə, beş fəsil və
nəticədən ibarət tarixi, coğrafi və etnoqrafik
traktatdır. Əsərin ən qiymətli cəhəti
müəllifin yerli məxəzlərlə birlikdə yunan,
Roma, rus, erməni, ərəb və fars qaynaqlarından istifadə
etməsidir. Əsərdə Herodot, Strabon, Tatsit, Plutarx, Moisey
Xorenski, Təbəri, Məsudi, İbn-Hövşəl,
İbn-əl-Əsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah
Qəzvini, Mirxond, Xandəmir, Yəzdi, Katib Çələbi.
Məhəmməd Rəfi Şirvani, Qolikov, Karamzin, Ustryalov və
başqa məşhur müəlliflərə istinadən Azərbaycanın
qədim tarixi, coğrafiyası, adət-ənənələri,
mədəniyyət nümunələri haqda ətraflı məlumatlar
verilmişdir.
Azərbaycanşünas alim fransız F.Jarqon milli Azərbaycan
ideyasının əsas amillərindən olan azərbaycandilli
dərsliklərin hazırlanmasında A.Bakıxanovun da
adını hörmətlə çəkmişdir.
Gənc Azərbaycan tədqiqatçısı Faiq Ələkbərov
özünün “Milli ideologiyaya tarixi-fəlsəfi
baxış əsərində Abbasquluağa Bakıxanovun azərbaycançılıq
ideyasının təfəkküründə
oynadığı rolu geniş təhlil etmişdir. Müəllif
yazır: “Fikrimizcə,
A.A.Bakıxanov Azərbaycan elmi
tarixşünaslığının banisi olmaqla
yanaşı, həm milli ideyalılığı ilə
seçilən milli tarixi, həmçinin, milli
ideologiyanın ilk yaradıcılarından biri oimuşdur.
Bizim bu fikrimizi, XX əsr Azərbaycanın görkəmli
ziyalılarından biri, türkçülük
ideologiyasının daşıyıcısı Y.V.Çəmənzəminlinin
A.A.Bakıxanovun tarix əsərinə verdiyi qiymət də təsdiq
edir: “”Gülüstani-İrəm” indiyə qədər
mövzumuza dair (söhbət “Azərbaycan tarixi”
haqqında
yazılmış əsərlərdən gedir-F.Ə.) qələmə alınan əsərlərin ən
qüvvətlisidir. Qüdsi tarixi yalnız siyasi hadisə kimi
deyil, daha geniş olaraq təsəvvür edir. Coğrafiya,
etnoqrafiya və ədəbiyyatımızı belə unutmur.
Bizə görə etnoqrafın məlumatı son dərəcə
maraqlıdır...”. XX əsrin başqa bir görkəmli
mütəfəkkiri H.Hüseynov da Bakıxanovun “Tarix” əsərinə
dolğun və oybektiv qiymət vermişdi. H.Hüseynova
görə, bu əsər Azərbaycan xalqının tarxinə
həsr olunmuş ilk böyük tədqiqat əsəridir:
“Azərbaycanda ictimai fikrin, elmi mədəniyyətin və
xüsusilə, tarix elminin inkişafında A.Bakıxanovun
“Gülüstani-İrəm” əsərinin müstəsna əhəmiyyəti
olmuşdur. Bu əsərdə A.Bakıxanov Azərbaycan
xalqının tarixini şərh etmişdir.
“Gülüstani-İrəm”də vətənpərvərlik
hissi olduqca çoxdur. A.Bakıxanov öz vətənini,
öz xalqını sevir və onunla fəxr edirdi. Onun “...bu
ölkədən olmağımla fəxr edirəm” deməsi
heç də təsadüfi deyildi”.
Ümumiyyətlə, fikrimizcə, yeni dövrdə
A.A.Bakıxanov milli ideologiyamızın, Azərbaycan
ideologiyasının ilk nümayəndəsidir.
Çağdaş anlamda ilk millilik, milli özünüdərk,
milli özünəməxsusluq və s. keyfiyyətlər
A.A.Bakıxanovda özünü büruzə vermişdir. Əgər
kimlərsə iddia edirsə ki, milli ideologiyanın
başlanğıcı, ilkin mərhələsi M.F.Axundzadə
ilə başlayır, bu, bir qədər mübahisəlidir.
Doğrudur, M.F.Axundzadə Azərbaycan fəlsəfə və
ictimai-siyasi fikir tarixinə bir sıra reformaları (ilk dəfə
Şərq dünyasında Avropa üslubunda türkcə
komediyalar yazmış, ərəb əlifbasının dəyişilməsi
və latın əlifbasına keçilməsi təklifini irəli
sürmüş, “millət” sözünü siyasi-ideoloji mənada
işlətmiş, konstitusiyalı dövlət
ideyasını müdafiə etmiş və s.) daxil
olmuşdur. Ancaq apardığımız tədqiqatlar əsasında
belə bir nəticəyə gəlmişik ki, M.F.Axundzadədən
öncə və ondan fərqli olaraq yalnız qiyabi deyil, əyani
şəkildə Qərb dünyası ilə yaxından
tanış olan A.A.Bakıxanov öz dövrünün, XIX
yüzilliyin ilk milli ideoloqu və milli maarifçisidir.
Şübhəsiz, burada “milli ideoloq” və “milli
maarifçilik” nisbi xarakter daşıyır. Çünki bu
anlayışlar, ilk növbədə, yeni dövrün,
kapitalist münasibətlərinin mövcudluğu şəraitində
meydana çıxmışdır. Biz də, bu mənada,
A.A.Bakıxanovu ilk milli ideoloq və milli maarifçi hesab
edirik. Tədqiqatçılar azərbaycançılıq
ideologiyasının ideya zəmininin hazırlanmasında
İ.Qutqaşınlı, Mirzə Kazımbəylə
yanaşı, Abbasquluağa Bakıxanovun da adını
çəkirlər.
Azərbaycançılıq ideologiyasının
formalaşmasında A.A.Bakıxanovun da elmi və bədii
yaradıcılığı mühüm rol
oynamışdır. A.Bakıxanovun əsərləri
obyektivliyi, milli ruhu ilə fərqlənmiş və
özündən sonrakı yaradıcı nəsillərə
dəyərli azərbaycançılıq irsi qoymuşdur.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə, fəlsəfə
doktoru
Səs.-
2012.- 6 mart.- S.10.