Həsən
bəy Zərdabi və azərbaycançılıq
XIX əsrdə azərbaycançılıq
görüşlərilə Azərbaycan cəmiyyətində
əsaslı dönüş yaradan ziyalılardan biri də
Həsən bəy Zərdabi idi. XIX əsrdə
islam ideologiyasının mövqeyi
möhkəm olsa da, sonralar o öz
yerini türkçülük
və azərbaycançılığa verdi.
Lakin bu milli ideyalar islamı inkar etmədi, əksinə, ona
özlərinin tərkib hissəsi kimi
baxdılar. Azərbaycan milli
ideologiyasının nəzəri və əməli
yaradıcılarından biri olan Həsən bəy Zərdabi
yazırdı ki, dil kimi din də millətin
sütunlarından birini təşkil edir. Müasir Azərbaycanşünas
alim fransız F.Jorjon
yazır: “Zərdabi geniş xalq kütlələrinin müraciət etmək
arzusunun aydın ifadə olunduğu
xalq danışığına yaxın,
sadə dildə “Əkinçi” qəzetini nəşr etdirir. İlk vaxtlar çar hərəkatı
dəstəkləyirdi”.
F.Jorjoq qeyd edir ki,
Azərbaycan ziyalıları öz maarifçilik ideyalarını ənənəvi
metod kimi şeirlərlə
yanaşı mətbuat, teatr kimi müasir ideyalar vasitəsindən də istifadə edirlər.
O, XIX əsrin 70-ci illərində heyrətamiz dərəcədə
inkişaf etmiş mətbuatı
müasir vasitələrə aid edirdi. F.Jorjon
Azərbaycan dilində Zərdabi tərəfindən nəşr
olunan “Əkinçi” ilə yanaşı
“Ziya”, “Ziyayi-Qafqaz”, “Kəşkül”
məcmuələrinin də adını çəkir. O, sonralar Azərbaycan ziyalılarının öz maarifçilik
ideyalarını “Kaspi” kimi
mətbuat orqanında da ifadə etdiklərini
göstərir. Görkəmli tədqiqatçı Sona xanım Vəliyeva Zərdabinin mətbuat
və teatr vasitəsilə azərbaycançılığın
kütləviləşməsində oynadığı roldan bəhs edir: “XIX əsrin
sonlarına doğru “Əkinçi” qəzetinin
simasında milli mətbuatımızın
yaranması ilə maarifçilik və milli özünüdərk prosesinin
yeni mərhələsi başlanır. Həsən bəy Zərdabinin milli
şüurumuzun oyanışına verdiyi bu töhfə vasitəsilə,
əslində, xalqın inkişafında yeni
eranın başlanğıcı qoyulur, milli və ictimai məsələlər
minlərlə azərbaycanlının fikrinə və
duyğularına hakim kəsilir, “Əkinçi”
milli düşüncə sahiblərini milli problemlər ətrafında
düşünməyə, millətin dərdlərini mətbuat
səhifələrində bölüşməyə səfərbər
edir. Bununla
yanaşı, “Əkinçi” məktəbində milli mədəniyyətimiz üçün
həyati önəm kəsb edən ikinci
bir hadisə də baş
verir: Həsən bəy Zərdabi və
Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə
müasir Azərbaycan
teatrının təməli qoyulur və bu da milli
ruhun düşüncənin daha da kütləviləşməsinə
səbəb olur. Azərbaycançılıq
ideyasının inkişafında kütləvililiyin
oynadığı rol haqqında Yaşar Qarayev
yazırdı: “Azərbaycançılıq milli
özünüdərkin, etnik şüur intibahının fəlsəfədə,
elmdə, ideya ifadəsidir. Lakin bu ideya, bu
fəlsəfə də nəzəriyyədən təcrübəyə,
milli ideyadan milli şüura tam halda yalnız o zaman çevrilir
ki, ayrı-payrı ziyalılar, təklər
yox, kütlələr əməldə,
işdə ona sahiblik
şüuru nümayiş
etdirirlər”.
Tədqiqatçı
R.Məmmədov H.Zərdabinin azərbaycançı
görüşləri haqqında bəhs edərək,
göstərir ki, milləti bir millət kimi səciyyələndirən
cəhətlər cəmiyyətin burjua inkişaf mərhələsinə keçməsi
ilə formalaşmır. Xalqın milli xarakterini müəyyən
edən xüsusiyyətlər uzun əsrlər
boyu xalqın konkret tarixi inkişafı prosesində və bu prosesin özünəməxsus
cəhətlərini əks etdirərək yetişir,
cilalanır və millətin, milli mədəniyyətin,
milli şüurun təşəkkülü
ilə yeni keyfiyyət alır, milli xarakteri müəyyən
edən keyfiyyətə çevrilir.
Milli şüurun oyanışı millətin öz əslini-kökünü, tarixini tanıması problemi
ilə sıx bağlı idi. XIX əsrin
sonlarına doğru “Əkinçi” qəzetinin
simasında milli mətbuatımızın
yaranması ilə maarifçilik və milli özünüdərk prosesinin
yeni mərhələsi başlanır. Həsən bəy Zərdabinin milli
şüurun oyanışma verdiyi bu töhfə vasitəsilə,
əslində, xalqın inkişafında yeni
eranın başlanğıcı qoyulur, milli və ictimai məsələlər
minlərlə azərbaycanlının fikrinə və
duyğularına hakim kəsilir.
Əvvəl “Əkinçi”, sonralar “Kəşkül” və “Ziya” qəzetlərinin səhifələrində
milləti səfərbər edən, ona kimliyini anladan yüzlərlə
yazılar nəşr olunurdu. Bu yazılarda
millətin ağsaqqalı H.Zərdabi milli
mövcudluq uğrunda
ölüm-dirim savaşından - “zindəganlıq
davasından” qalib çıxmaq üçün xalqı kütləvi şəkildə
elmə, maarifə yiyələnməyə və bu yolda öz
haqqını qorumağa
çağırırdı. O, cəmiyyətdə daim mübarizə getdiyini
xatırladaraq yazırdı: “Əvvəllər insanlar zindəganlıq davasını yumruq, sillə, sonra
qılınc, qalxan və dəxi sonra tüfəng və qeyri
əsləhələr ilə edirdi. Elə
ki, sonra vurmaq öldürmək nəhy oldu, insan zindəganlıq
davasını ağıl ilə edir. Hər kəsin ki ağlı çoxdur, qanacağı artıqdır, bu zindəganlıq davasında düşmənə
artıq gəlib, onun ruzusunu
günü-gündən azaldıb, bədənini zəifləndirib,
cürbəcür naxoşluğa düçar edib,
axırda tələf edər. Çünki
ağıl və qanacaq
artıq olmağı elm təhsil etmək
ilədir, ona görə biz
müsəlman qardaşlarımıza “oxuyun,
elm təhsil edin!” -deyəndə
zikr olan zindəganlıq
davasından ötrü deyirik
ki, bu davada
müsəlman qardaşlarımız məğlub olub axırda puç
olmasınlar”. Faiq Ələkbərov
Zərdabinin milli ideologiyanı
formalaşmasına təsirindən bəhs edir.
XIX əsrin ikinci
yarısında milli ideyaların
rüşeymlərinin və milli
ideologiyamızın yaranması prosesində Həsən bəy
Zərdabi (1842-1907) və onun “Əkinçi”
qəzetinin müstəsna əməyi olmuşdur.
Fikrimizcə, əgər biz milli ideyalardan, milli-mənəvi
dəyərlərdən bəhs ediriksə, H.B.Zərdabi və
“Əkinçi” bir-birindən ayrı tutula
bilməz. H.B.Zərdabinin çağdaşlarından
başlıca üstünlüyü də,
milli ideyaları ortaya
qoymaq üçün
daha əlverişli bir
vasitəni - mətbuatı seçməsi idi.
Mətbuat xalqın kütləvi şəkildə
maariflənməsi, türk millətinin
oyanışı, milli və dini birlik ideyasının
yayılması baxımından çox
önəmli idi. Ən vacib
məqam odur ki, “Əkinçi”nin
dövründə köhnəpərəstlərə
qarşı bütöv bir
yenipərəstlər cəbhəsi
yarandı. Artıq Azərbaycan ziyalıları tək-tək
(A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov
və b. kimi) deyil, sxolastik
dünyagörüşə və mühafizəkarlığa
qarşı, müəyyən mənada, bir
mövqedən mübarizə aparmışdılar. Bu
baxımdan, Zərdabi yalnız milli mətbuatın
banisi deyil, o həm də, milli ideologiya əsasında, 1918-ci ildə yaranan Azərbaycan Cümhuriyyətinin
qurucularının ideoloqudur. Ümumilikdə,
Zərdabinin Qafqaz müsəlmanlarının-türklərinin
maariflənməsi, oyanışı və milli
birliyi uğrunda
apardığı mübarizə iki
başlıca amilə: 1) Azərbaycan
türklərinin millət kimi
formalaşmasına, yəni siyasi-ideoloji mənada,
milli birliyin-millətin yaranmasına; 2) Qafqaz müsəlmanları arasında, başda türklər olmaqla
milli birliyin
yaranması yolunda islamın müsbət rol oynaya bilməsi işinə
xidmət etmişdir. Fikrimizcə, bu iki məsələ -
millətin formalaşması və milli birliyin yaranmasında islamın rolu
Zərdabinin yaradıcılığında vəhdət təşkil
etmişdir. Bu baxımdan, Zərdabinin “müsəlman”, “müsəlman
milləti” və s. ifadələri “türk”, “Qafqaz türkləri”,
“türk
milləti”
anlayışlarının sinonimi kimi başa
düşülməlidir. Əslində, ana
dilinin və millətinin adının “türk” olduğunu bildiyi, üstəlik, “Əkinçi”də tez-tez doğma dilini “türk dili”
adlandırdığı halda, yalnız
“millət” məfhumu baxımından Zərdabinin “Qafqaz müsəlmanlan”, “müsəlman”, “islam milləti” anlayışlarından istifadə
etməsi təsadüfi deyildir.
Zərdabi “Əkinçi”yə
yazdığı məqalələrinin birində bu məsələyə müəyyən qədər aydınlıq gətirməyə çalışmışdır. Onun fikrinə görə, qədim dövrlərdə
Qafqaz Asiya ilə Avropa arasında bir körpü rolunu
oynamışdır. Asiya qitəsində əhali
çoxaldıqca Qafqazdan köçüb
Avropaya gedirmiş. Ancaq bununla yanaşı, həmin
tayfalardan bəziləri Qafqazda
məskunlaşmışlar. Zərdabiyə
görə, sonra
Qafqaza ərəblər gəlib və
buranın əksər əhalisini
islamlaşdırmışdır. Lakin Qafqaz millətlərinin əksəriyyəti
islamı qəbul etsələr də, etnik
tərkibin rəngarəngliyi onların bir
millət kimi birləşməsinə əngəl
olmuşdur. Bu
baxımdan, Zərdabi də Bakıxanov kimi
Qafqazda yaşayan
xalqların etnik müxtəlifliyini nəzərə
alaraq, daha çox “müsəlman” anlayışından
istifadə etmişdir. Eyni
zamanda, bu dövrdə
türklərin özlərini müsəlman kimi
qələmə vermələri, həddən artıq islam təəssübkeşliyi ilə
bağlı idi. Zərdabi də
XIX əsrdə, “müsəlman”, “islam
milləti” anlayışının cəmiyyət daxilində
hökm sürdüyü
bir zamanda, birdən-birə
Azərbaycan türk millətindən söz aça bilməzdi.
Əlbəttə, bu dövrdə Zərdabi,
Axundzadə, Bakıxanov, Zakir və başqa ziyalılarımız sadə rəiyyətdən
fərqli olaraq, Qafqaz
müsəlmanlarının əksəriyyətinin türk mənşəli olmasını daha yaxşı anlayırdılar. Bu baxımdan Zərdabinin bir
türk kimi, türkcə
qəzet nəşr etməsi və burada türk dilini özünə
doğma sayması təbii idi. Zərdabi “Əkinçi”nin ilk sayındaca rus dilində
olan hökumət qərarlarının, fərmanlarının
doğma türk dilinə
tərcümə edildiyini bildirmişdir:
“Məzkur qərardadı biz öz türk dilimizə tərcümə
etmişik”.
Zərdabi “Əkinçi”
qəzeti bağlandıqdan sonra, məcburi
şəkildə uzun müddət ictimai fəaliyyətdən uzaqlaşsa
da, XIX əsrin sonlarına yaxın yenidən
fəal şəkildə millətinə xidmət etməyə
başlamış, “Kaspi”, “Həyat” və
b. qəzetlərdə milli
ruhlu məqalələrlə
çıxış etmişdir. Bu
baxımdan, H.Zərdabinin “Əkinçi”dən sonrakı fəaliyyəti
də millətinin oyanışı və inkişafı ilə
bağlı olmuş, o,
həm bir çox
çağdaşlarının (N.B.Vəzirov, S.Ə.Şirvani,
Əhsənül Qəvaid və b.), həm
də yeni nəslin (Ə.Hüseynzadə,
M.Ə.Rəsulzadə, Ə.Ağa oğlu və b.) milli ruhda
yetişməsində və formalaşmasında müstəsna
rol oynamışdır. Təsadüfi
deyil ki,
çağdaşları ilə yanaşı, XX əsrin əvvəllərində
yaşamış bir çox
tanınmış ziyalılarımız da
- Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.M.Topçubaşov
və başqaları H.Zərdabini özlərinin müəllimi,
ustadı saymışlar.
XIX əsrin ikinci yarısında M.F.Axundzadə və H.Zərdabi
qədər olmasa da, milli ideologiyanın təşəkkülü
prosesində və Qərb mədəniyyətinin təbliğində
bu və ya başqa dərəcədə rol
oynayan mütəfəkkirlərimiz - S.Ə.Şirvani, N.B.Vəzirov, Ə.Gorani, Ə.Heydəri, Ə.Qəvaid,
Cəlal və Kamal Ünsizadə
qardaşları və b. olmuşdur.
Bu ziyalılar öz
yaradıcılıqlarında proqramlı şəkildə milli ideologiya adına
çalışmasalar da, ancaq
onların bəzi əməlləri təşəkkül tapmağa başlayan miili ideyalara xidmət etmişdir. Daha doğrusu, bu
kimi mütəfəkkərlərimizin bəzi
ideyaları Qafqaz və Azərbaycan
türklərinin inkişafında, milli mənsubiyyətlərini
dərk etməsində, bir millət kimi formalaşmalarında istiqamətverici rol oynamışdır. Şübhəsiz,
onların nisbətən milli yol tutmalarında həməsrlərinin, o cümlədən, A.A.Bakıxanov, Q.Zakir, M.Ş.Vazeh,
M.F.Axundzadə və H.Zərdabinin təsiri də çox olmuşdur.
A.A.Bakıxanovun davamçıları - Mirzə Adıgözəl
Qarabağlı, Əhməd Hüseynzadə və b. Azərbaycana aid
yeni tarixi kitablar, Axundzadənin davamçıları -
N.Vəzirov, Ə.Haqverdiyev və b. dram əsərləri, Zakir və Vazehin
davamçıları -S.Ə.Şirvani, Sabir və b. ictimai-satirik tənqidi şeirlər, Zərdabinin
davamçıları - “Həyat”, “İrşad”
və b. mətbu orqanları ortaya qoymaqla, həm
onların üslublarını, həm də ideya
xətlərini davam etdirmiş oldular. Əlbəttə,
burada müəyyən üslublara
uyğun şəkildə milli
özünüdərkin inkişaf etdirilməsi
nisbi idi,
bütövlükdə isə A.A.Bakıxanov, M.F.Axundzadə,
H.B.Zərdabi və başqaları milli ideya cəhətindən onların hər birinə
təsir göstərməyi bacarmışlar.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 7 mart.- S.13.