Dünya
musiqisevərləri Odlar Yurdunun
dostluq məşəlinin ətrafında
cəmlənəcək
“Eurovision-2012” Mahnı Müsabiqəsində
iştirak edəcək 43
ölkənin təmsilçilərinin Bakıya səfərinə
qısa bir zaman qalır. Bir neçə aydan sonra bu günə
qədər yaşanılan həyəcan sona yetəcək.
Şounun yeni səhifəsini yazacaq təmsilçi gələcək
mərhələnin təməlini qoyacaqdır.
Bakı səhnəsində Albaniya, Kipr, Danimarka,
Macarıstan, İslandiya, İsrail, Latviya, Monteneqro,
İsveçrə, Bosniya və Herseqovina, Xorvatiya, Makedoniya,
Gürcüstan, Malta, Norveç, Türkiyə, Ukrayna və
Almaniya kimi onlarla ölkələrin təmsilçiləri
öz şoularının göstərəcəklər.
Ölkəmizdə aparılan hazırlıq işləri,
planauyğun həyata keçirilən layihələr
müsabiqənin sivil şəkildə təqdiminə gətirib
çıxaracaq. Azərbaycana səfərini səbirsizliklə
gözləyən təmsilçi və qonaqlar
üçün lazımi şəraitin yaradılması
istiqamətində işlər görülüb və davam
etdirilməkdədir.
Artıq bu günlərdə maraqla gözlənilən
biletlərin satış qaydası və qiymətləri də
açıqlandı. May ayında Bakıda keçiriləcək
“Eurovision-2012” Mahnı Müsabiqəsi şousunun biletləri
fevralın 29-dan etibarən eurovision.tv saytında online sistemdə
satışdadır. Fevralın 29-dan yalnız mayın 22-də
keçiriləcək birinci yarımfinal və onun əsas məşqinin
biletləri satışda olacaq. Qeyd edək ki, ikinci
yarımfinal və onun əsas məşqinin biletləri
martın 5-dən, jüri finalının biletləri
martın 12-dən, finalın biletləri isə martın 15-dən
satışda olacaq.
Eurovision.tv-nin məlumatına istinadən bildirək
ki, 2012 şousunun təşkil olunacağı arena - “Bakı
Kristal Zal”ında məhz bu konsert üçün 20 minədək
tamaşaçı yeri nəzərdə tutulur. Avropa Yayımları Birliyinin
qaydalarına əsasən, biletlərin bir hissəsi
iştirakçı ölkələrin nümayəndə
heyətləri, şounun sponsorları, Avropa Yayımları
Birliyinin nümayəndələri üçün nəzərdə
tutulur. Bundan sonra biletlərin digər hissəsi satışa
çıxarılır. Satışdakı biletlər
ölkələr arasında proporsional sayda bölünəcək.
Alınan hər bilet həmin bilet sahibinin adına olacaq.
Belə bir möhtəşəm layihəni seyr etməyə
gələn qonaqlar ölkəmizin tarixi, mədəniyyəti,
onun sərvətləri, inkişafı ilə də
yaxından tanış olmaq imkanını qazanacaq.
Dünyanın ecazkar diyarı Azərbaycan təkrarsız təbiəti,
çoxəsrlik mədəniyyəti ilə zəngin ölkə
oduğunu təsdiqələyir. Bəşər tarixinə nəzər
saldıqda, ölkənin tarixi,
onun mədəniyyətlər və sivilizasiyaları
özündə birləşdirən adət və ənənələri
diqqəti çəkir. Bəli, belə bir məkan bu gün
mübaliğəsiz desək, dünyaca məşhurdur.
“ODLAR YURDU” DÜNYAYA SƏS SALAN MƏKANA
ÇEVRİLİB
Dünya xəritəsində kiçik bir ərazini əhatə
edən diyar dünyaya səs salan dövlətə
çevrilib. Müstəqil dövlətin nailiyyətləri əsasında
ölkə iqtisadiyyatı, mədəniyyəti, inkişaf
edib, sosial sahədə uğurlar əldə olunub. Fərqli əsrarəngiz
flora və faunaya malik diyarımız artıq dünyada məşhurlaşıb.
Tarixi mənbələrdən bizə bəllidir ki, Azərbaycan
ərazisində eradan çox-çox əvvəl yaşayan əhalinin
əksəriyyətinin atəşpərəst olması onun
coğrafi adının yaranmasına əsas verir. “Azər”-
od, atəş deməkdir. Əbədi yanar od qədim
zamanlardan paytaxt Bakının yerləşdiyi Abşeron
yarımadasının simvolu hesab olunub. Çünki bu ərazidə
təbii olaraq yanan məşəllər var. Təbiətdəki
bu möcüzələrdən biri də Abşeron
yarımadasındakı “Yanar dağ”dır. Suraxanıda isə
heç vaxt sönməyən odun üzərində “Atəşgah” adlı qədim abidə var. Bu
fenomen Azərbaycanın dünyada “Odlar Yurdu” kimi
tanınmağına səbəb olub. Digər mənbələrdə
isə onun Azərbaycan ərazisində qədim zamanlardan
yaşayan türksoylu “Azər” tayfalarının adından
götürüldüyü ehtiva olunur. Deməli, “Azərbaycan” bu ərazidə
yaşayan qədim türkdilli qəbilənin adından əmələ
gəlib.
AZƏRBAYCAN AVROPADA ERKƏN İNSANIN
YAŞAYIŞ XƏRİTƏSİNƏ DAXİL
EDİLİB
Mahnı yarışmasının
iştirakçıları və təmsilçilər Odlar
diyarı ilə bağlı çox maraqlı dəlilləri
öyrənə biləcəklər. Bu ölkənin tarixi
onun cəlbedici füsunkarlığı qədər orijinal və
zəngindir. Azərbaycan ərazisində aparılıan
arxeoloji qazıntılar zamanı Qarabağda Azıx
mağarasında 2 milyon il əvvəl insan
sivilizasiyasının izlərinin aşkarlanması nəticəsində
Azərbaycan Avropada erkən insanın yaşayış xəritəsinə
daxil edilmişdir. Bu və ya digər amillər Azərbaycanın
hər zaman dünya ölkələrini diqqətində
olduğunu göstərən dəlildir. Azərbaycanda
dövlətçilik tarixinin isə beş min illik
yaşı var. Bu ərazidə ilk dövlətlər bizim
eradan əvvəl 4-3-cü minilliklərdə yaranıb.
AZƏRBAYCAN DİNİ TOLERANTLIQ VƏ
MÜXTƏLİF SİVİLİZASİYALARIN MƏSKƏNİDİR
Qədim daş kitabələr, əlyazmalar, əsrlərin
dərinliklərindən yadigar qalan xalça
naxışları bizə çox şeylərdən xəbər
verir. Azərbaycanı tanımaq, onun haqqında həqiqəti
bilmək üçün bu torpağa gəlmək, onu
qarış-qarış gəzmək, onunla və xalqı ilə
yaxından tanış olmaq gərəkdir. Bütün bəşəri
dəyərlərə burada rast gəlmək
mümkündür. Qədim mədəniyyət ölkəsi
kimi tanınan Azərbaycan xalqının istedadı və
yaradıcılıq qüdrəti olan “Kitabi-Dədə
Qorqud”, “Oğuznamə”, “Koroğlu” və bir çox başqa
epik abidələrdə özünü təsdiqləyir. Bu əsrarəngiz
məmləkət filosofların, alimlərin, şairlərin,
memarların, musiqiçilərin, rəssamların,
tanınmış elm və ictimai xadimlərin vətənidir.
Azərbaycan qədim zamanlardan xalq sənətinin bir
qolu olan memarlıq əsərləri ilə də zəngindir.
Bakıdakı Qız Qalası və Şirvanşahlar
Sarayı Kompleksi, Memar Əcəminin Naxçıvanda
yaratdığı Möminə xatun və Yusif ibn Küseyir
türbələri, Şuşadakı Pənahəli xanın
sarayı, Natəvanın evi, Şəki xanları sarayının
divarındakı rəsmlər və digərləri
memarlıq sənətinin nadir inciləridir. Dünyaya
qapı açan Azərbaycanın müasir
dövrümüzdə rəssamlarının,
heykəltəraşlarının əsərləri
dünyada tanınır və sərgilənir. Parisin, Neapolun,
Vyananın, Havananın, Berlinin, Dəməşqin, Beyrutun,
Bağdadın və digər ölkələrin sərgi
salonlarında nümayiş olunur. Londonun Viktoriya və Albert,
Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın,
Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey
kolleksiyalarında Təbriz, Naxçıvan, Gəncə,
Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ
ustalarının sənət nümunələri yer alıb.
Azərbaycanın qədim milli-mənəvi dəyərləri,
təbiətinin füsunkarlığı sanki musiqiyə, sənət
əsərlərinə hopub. Azərbaycan incəsənəti
təbiəti kimi rəngarəng, dolğun və zəngindir.
Qədim milli-mənəvi dəyərləri, ənənələri
özündə yaşadan Azərbaycan bu gün dünyada
müxtəlif sivilizasiyaların qovşağı kimi
tanınır. Müsəlman Şərqində operanın,
baletin təməli Azərbaycanda qoyulub. İlk müsəlman
qadın opera müğənnisinin vətəni Azərbaycandır.
Təbii ki, onun mədəniyyəti, dəyərləri
ilə yanaşı, əsas sərvəti olan nefti də beynəlxalq
məkanda çox həqiqətləri söyləyir. Neft təkcə
sərvət yox, həm də şöhrətdir. Azərbaycanda
hasil olan neft təkcə yandırmaq üçün yox, həm
də bir çox xəstəliklərdə qiymətli dərman
kimi istifadə edilib. Əsrlər bir-birini əvəz etdikcə
neftə olan tələbat artıb və bu gün də Azərbaycan
region və Avropa ölkələrinin əsas neft təchizatçılarındandır.
Dini tolerantlıq və müxtəlif
sivilizasiyaların məskəni olan Azərbaycan öz tarixi
missiyasını davam etdirir və Qərblə Şərqi
mükəmməl şəkildə bir arada tutur və
doğmalaşdırır.
Dünya miqyasında məşhur olan Azərbaycanla
bağlı bu və ya digər reallıqlar dövlətin
varlığını, dəyərləri özündə
ehtiva edir. Bütün bunlar Azərbaycana səfər edəcək
minlərlə xarici vətəndaşın vətənimizin
hər daşı və qayası, zənginliyi, təbiətinin
möcüzəsinə valeh edəcəyi şübhə
yaratmır. Artıq Euravisin.az saytı vasitəsi ilə
dünyaya yayımlanan məlumatlarda Azərbaycanın milli-mənəvi
dəyərlərinə, maddi aləminə qarşı böyük
maraq yaranmışdır. Elə bir sıra dünya mətbuatında
dərc olunan məqalələrdə, müsahibə və
televiziya verilişlərində bu münasibət təzahür
edilir. Bu gün həqiqətlər, reallıqlar zaman və məkan
hüdudlarını aşaraq, Azərbaycandan
çox-çox uzaq ölkələrə gedib yol
açıb.
Odlar Yurdu Azərbaycan bu il “Eurovision-2012” Mahnı
Müsabiqəsinə özünə layiq formada ev sahibliyi
edir və bütün dünyanın musiqisevərləri bu
qonaqpərvər xalqın dostluq məşəlinin
başına toplaşır.
ZÜMRÜD
Səs.- 2012.- 7 mart.- S.7.