M.F.Axundzadənin
əsərlərində azərbaycançılıq
ideyaları
XIX əsrdə Azərbaycan mədəniyyətinin, azərbaycançılıq
milli ideyasının inkişafında mühüm xidməti
olan nəhəng şəxsiyyətlərdən biri
M.F.Axundzadədir. Sona xanım Vəliyevanın təbirincə
desək: “Mirzə Fətəli Axundov bu dövrdə Azərbaycan
xalqının mütərəqqi ideallara inteqrasıyası
baxımından, əsil tarixi
və müstəsna əhəmiyyətli
xidmətlər göstərirdi. O, yeni, Avropa tipli ədəbiyyatın
dram, bədii nəsr, ədəbi tənqid,
publisistika kimi janrlarını anadilli ədəbiyyatımıza
daxil etməklə, xalqla canlı ünsiyyətin yeni
metodlarını tapır və xalqını zamanın ruhunda
düşünməyə, fəaliyyət göstərməyə
səsləyirdi.
Axundov öz komediyalarında milli həyatımızın
gerçəkliklərini, adət-ənələrini, ictimai
davranış normalarını güzgü kimi əks etdirir,
bu həyatın gerilikçi tərəflərini tənqid
etməkdən çəkinmir, xalqa şirin yalanlar söyləməkdənsə,
əsil maarifləndirmə - acı gerçəkləri
göstərmək yolunu tuturdu”.
Başda Azərbaycan xalqı olmaqla, bütün
türk-müsəlman xalqlarının dünya
sivilizasiyasının müasir dəyərlərinə
qovuşmaq məqsədi ilə latın qrafikalı yeni əlifba
uğrunda sonradan geniş vüsət tapmış hərəkatını
da məhz Mirzə Fətəli Axundov
başlamışdı.
Akademik F.Qasımzadənin fikrincə, 50-60-cı illərin
maarifçiliyi isə əvvəlki maarifçilikdən
özünün daha mübariz və təsirli olması ilə,
demokratik ideyalarla daha çox çulğalaşıb
qarışması ilə, nəhayət, azadlıq hərəkat
ilə bilavasitə bağlı olması ilə seçilir.
Bu sonrakı, kamil maarifçiliyin əsas fərqləndirici cəhətidir ki,
öz əksini daha
dolğun şəkildə
M.F.Axundzadənin yaradıcılığında
tapmışdır. Belə ki, XIX əsrin 50-60-cı illərində
feodalizmin dağılması posesinin sürətlənməsi,
xalq azadlıq hərəkatının genişlənməsi
realist ədəbiyyatın
inkişafını sürətləndirdi. Xalqın millətə
çevrilməsi prosesi başladı. Xalq şüuru
inkişaf edib milli şüura çevrilirdi. Milli
şüurda ictimai həyata
qarşı oyanan fəal münasibətin
getdikcə artması ədəbiyyatın həyatla olan əlaqəsini möhkəmləndirdi. Ədəbiyyat
həyat həqiqətini nisbətən daha
geniş və daha dərindən
əks etdirməyə başladı: onun
mövzuları əhəmiyyətli dərəcədə
ictimailəşdi. Ədəbiyyatın əsas aktual mövzuları feodal
ətalət və süstlük, cəhalət
və nadanlıq, gerilik və irtica, mənəvi boşluq,
mütləqiyyət və zorakılıq əleyhinə
mübarizə milli şüurun,
milli ruhun dirçəldilməsi
oldu.
M.F.Axundzadə bu
barədə özü yazırdı ki, məqsədi bundan ibarətdir
ki, xalqın içərisində bütün siniflərə mənsub olan adamlar elmlərin və
sənayenin tərəqqisinə nail olsunlar. M.F.Axundzadə öz ideya mübarizəsində
təkamülə üstünlük verdiyini belə ifadə etmişdi
ki, əsas məqsəd azadlıq və ədalət
bayrağını yüksəklərə qaldırmaqda xalqa öz
yaşayışının dinc yolla qurmağa, firəvan
və xoşbəxt həyata gəlib çıxmağa imkan verməkdir. M.F.Axundzadə milli şüurun
oyanmasında əsas əngəl olan
müstəbid, zalım, despotik dövlət
quruluşuna qarşı mübarizə
aparırdı.
M.F.Axundzadə dövlət məsələsində
islahatlar yolu ilə əldə
edilmiş xalq hakimiyyətini,
onu daha da demokratikləşdirmək, parlament
təsis etmək tərəfdarı idi. Bununla əlaqədar F.Qasımzadə
yazır: “Onun dövlətdə
yaratmaq istədiyi islahatlar
cəmiyyəti dəyişdirmək, xalqı azadlıq və
xoşbəxtliyə çıxartmaq məqsədi güdürdü. İstibdad
quruluşuna qarşı tərəddüd
etmədən amansız mübarizə aparmaq,
çirkinlik və
haqsızlıqların hökm sürdüyü feodalizmi
ədalətli bir cəmiyyətlə
əvəz etmək, xalqa siyasi,
cismani və mənəvi azadlıq vermək,
onu elm və mədəniyyətin
nailiyyətlərilə tanış etmək, kütləni
savadlandırmaq və tərəqqiyə çatdırmaq, xalqa səadət və xoşbəxtlik vermək
Axundzadənin başlıca siyasi
ideyalı mübarizəsinin əsas məqsədidir”.
M.F.Axundzadənin fikrincə, məhz
bu ictimai-siyasi proseslərin
reallaşması, son nəticədə,
bütövlükdə, millətin milli şüurunun dirçəldilməsinə
xidmət edə bilər. M.F.Axundzadə bu
ictimai-siyasi və fəlsəfi
idealını “Kəmallüdövlə məktubları” traktatında
və ondan sonra
yazılmış məqalə və məktublarında əks
etdirmişdir.
M.F.Axundzadə mütərəqqi,
ədalətli maarifçi hökmdar Yusif Sərracı
“hakimiyyətə gətirməklə” cəmiyyəti islahatlar yolu ilə dəyişdirmək
ideyasını müdafiə etmişdir.
XIX əsrin
60-cı illərində M.F.Axundzadə ədalətli hökmdar və parlament,
habelə, konstitusiyaya əsaslanan geniş seçkili
hakimiyyətin olması ideyasını irəli sürur, bu məsələdə
xalqın fəal iştirakından, geniş
rolundan danışırdı. M.F.Axundzadənin
fikrincə, padşahı özünü
vəkili-millət hesab eləsə, xalqın müdaxiləsinə parlamentlər tərtib
etsə, dövlət maddi və mənəvi
mədəniyyətlərin məcmusu olan
sivilizasiya və tərəqqi
qayğısına qalıb onu inkişaf etdirsə xalq
dövləti sevər, vətəninə böyük
məhəbbət bəsləyər, onun yolunda
malını və canını belə əsirgəməz. Əks-təqdirdə,
yəni geniş hüquqlar,
parlament olmadıqda, sivilizasiya
əvəzinə zülm və vəhşilik
hökm sürdükdə xalqın qorxu cəhətindən göstərdiyi itaətin
etibarı və səbatı olmur.
O, bunu “yalançı vətənpərvərlik”
adlandırır və tənqid edirdi.
60-cı illərdə
böyük bir demokrat və azadlıq tərəfdarı kimi çıxış edən M.F.Axundzadə
insan ağlının hər cür ətalətdən, din,
cəhalət və mürtəce quruluşun
bütün buxovlarından azad olması ideyasını irəli sürür. O, Avropada, Asiyada və bütün dünyada ağlın əbədi həbsdən
tamam azad
olmasını bəşəriyyətin xoşbəxtlik və
səadətinin əsas açarı hesab
edirdi.
Akademik F.Qasımzadə
M.F.Axundzadənin ictimai-siyasi, fəlsəfi
baxışlarında, o cümlədən,
maarifçilik görüşlərində
zaman keçdikcə ciddi
dəyişikliklər baş verdiyini qeyd etmişdir. “Aldanmış kəvakib”də
irəli sürülmüş siyasi fikirlər, “Kəmalüddövlə”də
inkişaf etdirilmiş
fəlsəfi və siyasi ideyalar
öz kamil yetkinliyini bu illərdə
yazılmış İranın “Millət” qəzeti münisilə
müsahibə, “Molla Ələkbərlə
mübahisə”, “Yek kəlmə haqqında”,
“Mollayi Ruminin və onun təsnifinin babında”, “Con Stüart milli azadlıq haqqında” digər əsərlərdə
və məktublarda tapmışdır. “70-ci illərdə onun dünyagörüşünün
inkişafı öz yetkin
və kamil həddinə çatır və
inqilabçı-demokrat səviyyəsinə yüksəlir; o, bütün Yaxın
Şərq ölkələrində azadlıq
ideyalarının carçısı olur”.
Fəlsəfə elmləri doktoru, Lomonosov adına Moskva Dövlət Universitetinin
professoru Şeydabəy Məmmədovun
1962-ci ildə nəşr etdirdiyi “M.F.Axundovun dünyagörüşü”
monoqrafiyası yubiley nəşrləri
arasında xüsusilə diqqəti cəlb edir.
M.F.Axundzadənin fəlsəfi, ictimai-siyasi
maarifçilik görüşlərini əhatə
edən bu əsər, ilk
növbədə, axundzadəşünaslıq üçün əhəmiyyətli olan bir sıra yeni faktlar üzə
çıxarılmışdır. M.F.Axundzadənin
dünyagörüşünün
formalaşması və inkişafını şərtləndirən
amilləri düzgün müəyyənləşdirmiş,
qoyulan məsələlər yüksək
elmi-nəzəri səviyyədə təhlil olunmuş,
elmi cəhətdən obyektivliyi
ilə seçilmişdir (63).
Professor
S.Məmmədovun əsərində M.F.Axundzadəni
yetişdirən mühitin - XIX əsrin birinci yarısı və ortalarında Azərbaycanın
iqtisadi-siyasi və mədəni həyatının
xülasəsi verilmiş, ədibin dünyagörüşünün nəzəri
mənbələri - Şərq fəlsəfəsinin mütərəqqi
ənənələri, mütərəqqi rus
mədəniyyəti, Qərbi Avropa fəlsəfəsi
kimi mühüm
problemlər haqqında dəyərli fikirlər söylənmişdir.
Ş.Məmmədov
M.F.Axundzadənin dünyagörüşünün
formalaşması və inkişafında Şərq ədəbi-fəlsəfi
fikrinin roluna xüsusi diqqət vermişdir.
Əsərdə M.F.Axundzadənin rus və
Qərb fəlsəfi fikrinə münasibəti məsələsi,
M.F.Axundzadənin Şərq, rus, Qərb fəlsəfi və ictimai-siyasi fikri ilə əlaqəsi problemi
geniş
işıqlandırılmışdır. Əsərdə
M.F.Axundzadənin fəlsəfi görüşləri,
M.F.Axundzadə tərəfindən Şərq sxolastikası və
mistisizminin, Şərq panteizminin
tənqidi, onun dini-sxolastik
Şərq fəlsəfəsinə zərbə vuran və Azərbaycanda mübariz
materializmin əsaslarını qoyan bir filosof
kimi böyük rolu açılıb göstərilmişdir.
Monoqrafiyada M.F.Axundzadənin
fəlsəfi görüşləri bir
sıra Şərq və Avropa
filosoflarının fəlsəfi görüşləri ilə
müqayisə edilmişdir. Professor Şeydabəy Məmmədov XIX əsrdə
M.F.Axundzadənin mərkəzi yer tutduğunu qeyd edərək,
onu “Azərbaycan ədəbiyyatı və
fəlsəfəsinin klassiki”
adlandırmışdır: “Azərbaycan xalqının mənəvi
mədəniyyətinin inkişafında bütöv
bir xətt onun adı
ilə bağlıdır. M.F.Axundzadə görkəmli maarifçi-demokrat, feodal quruluşu və islam dini-mistik ideologiyasının qatı əleyhdarıdır.
O, ilk dəfə olaraq,
ərəb əlifbasının latın əlifbası ilə
əvəz olunmasını irəli sürmüşdür,
dini fanatizmə və Şərq
despotizminə qarşı öz güclü səsini qaldırmışdır”
(63, 16).
Ş.Məmmədovun fikrincə,
M.F.Axundzadənin fəlsəfi-siyasi ideyaları Azərbaycan və
İranın ictimai və fəlsəfi fikrinin sonrakı inkişafına daha güclü təsir
göstərmişdir. Ş.Məmmədov M.F.Axundzadəni Azərbaycanın ictimai-siyasi fikir tarixində “ilk maarifçi-demokrat” kimi
qiymətləndirmişdir.
Professor Şeydabəy
Məmmədov İran, Azərbaycan və
Yaxın Şərq xalqlarının milli
şüurunu oyatmaq və
inkişaf etdirmək sahəsində M.F.Axundzadənin ictimai-siyasi və
fəlsəfi
görüşlərini
aşağıdakı kimi qruplaşdırmışdır:
1. M.F.Axundzadə tərəfindən
feodal quruluşu və
Şərq despotizminin tənqid edilməsi;
2. Hüquq
və azadlıqların müdafiə edilməsi;
3. Feodal cəmiyyətinin
yenidən qurulması zərurəti haqqında;
4. İnqilabi-demokratik
ideyalara doğru;
5. İctimai
tərəqqiyə doğru yolda
Ş.Məmmədov
da Heydər Hüseynov
kimi M.F.Axundzadənin müasiri
olduğu hökmdarları və despotizmi tənqid etmək üçün
tarixi keçmişə müraciət etdiyini, tarixdəki müdrik
hökmdarları xatırlatmaqla, onların mütərəqqi
idarəçiliyi vasitəsilə müasiri
olan despotik hökmdarlara təsir etmək istədiyini
göstərmişdir.
Heydər Hüseynov mədəniyyət və ictimai fikir tariximizdə ilk dəfə olaraq, XIX əsr
Azərbaycan fəlsəfi tarixinin ümumi inkişaf yolunu izləmiş, bu dövrün görkəmli nümayəndələrinin
ictimai-siyasi və fəlsəfi
görüşlərini ətraflı şərh etmişdir. Əsərin M.F.Axundova həsr olunmuş hissəsində
müəllif M.F.Axundovun “Kəmalüddövlə
məktubları” fəlsəfi traktatı ilə
yanaşı, ədibin digər fəlsəfi və publisist məqalələrini, eləcə də,
o zaman hələ çap üzü
görməmiş bir sıra məktublarını
tədqiq etmiş, onun
dünyagörüşünü bütün ziddiyyətləri
ilə açıb təhlil etməyə
çalışmışdır (65, 22).
H.Hüseynov vətənpərvər
mütəfəkkir-filosof haqqında Ə.Haqverdiyevin
1928-ci ildə “Maarif və mədəniyyət”
jurnalının 3-cü sayında çap
olunmuş “M.F.Axundzadə haqqında”
adlı məqaləsindən obrazlı bir
sitat gətirmişdir: “Epoletli,
mükafatlar, medallarla
bəzədilmiş mundirlər altında hisslərilə yanan odlu bir
ürək döyünürdü”. Bu ürək sahibi Azərbaycanın
milli varlığı, milli
ləyaqəti, milli şüurunun
formalaşması, milli mədəniyyəti
və maarifi uğrunda
mübarizə aparan alovlu
inqilabçı-demokrat, filosof, mütəfəkkir,
yazıçı, dramaturq M.F.Axundzadənin
ürəyi idi”.
H.Hüseynov “Kəmalüddövlə
məktubları”nda M.F.Axundzadənin cəmiyyəti dəyişdirmək,
yeni mütərəqqi dövlət idarəçiliyi
formalarının müəyyənləşdirilməsi
ideyasını şərh etmişdir. H.Hüseynov
göstərmişdir ki, M.F.Axundzadənin
demokrat kimi xalqın
idarəetmədə iştirakını, hökmdarın öz xalqının qayğısına
qalmasını, idarəçilikdə itaət və qorxunun aradan
qaldırılmasını, millətin maariflənməsi və
sivilizasiyaya qovuşmasını, dövlət
müəssisələrində, məhkəmələrdə
xalqın qayğısına qalan təmiz,
ləyaqətli adamların işləməsini arzulayır,
insanın üç növ
tələbata - mövcudluğa, əqli
və mənəvi tələbata malik olduğunu bildirirdi.
H.Hüseynov M.F.Axundzadənin
pessimist olmadığını, demokrat kimi öz
xalqının gücünə inandığını bildirir: “Vaxt gələcək,
indi istismar altında
inləyən xalq despotizmə
qarşı çıxacaq, fanatizmdən və despotizmdən
xilas olacaq,
dünyanın sivilizasiyalı xalqları ilə bir səviyyədə duracaq”.
H.Hüseynov
M.F.Axundzadənin insan şəxsiyyətinin azadlığı fikrinə xüsusi diqqət ayırdığını
(“Con Stüart milli azadlıq haqqında” məqaləsındə)
qeyd edirdi. M.F.Axundzadə
göstərmişdir ki, heç
bir bəşər tərəqqisi, o cümlədən, milli-mənəvi dəyərlərin,
milli şüurun
inkişafı da, düşüncə və
təfəkkür azadlığı olmadan
mümkün deyildir. Bizim tərəqqimizin nəticələrini əsrimizdə
ümumi anlayış olan
sivilizasiya adlandırmaq olar.
Sivilizasiya anlayışı incəsənəti,
elmi, dövlətin qüdrətini, millətin
rifahını və mədəniyyətin digər əsaslarını
əhatə edir. Sivilizasiya
və tərəqqi üçün cəmiyyətin
və millətin hər bir prosesində, o,
heç bir məcburiyyət
hissi keçirməsin, nə fikirləşdiyini
və nə edəcəyini sərbəst deyə bilsin. Belə hallarda
mütərəqqi ideyalar digər fərdlərin
gözündə qalxacaq, bütün
cəmiyyətin xeyirinə olan ideyalar kimi qəbul ediləcək.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-
2012.- 8 mart.- S.13.