Şeyx Cəmaləddin
Əfqani və milli ideologiya
məsələləri
XIX əsrdə milli ideologiyamızın
formalaşmasında mühüm rol oynayan
ziyalılarımızdan biri də Şeyx Cəmaləddin Əfqani
olmuşdur. Millətçilik, türkçülük, azərbaycançılıq,
islamçılıq ideyalarının beşiyi olan Azərbaycanda
milli-mənəvi dəyərlərimizin təsiri ilə
formalaşan milli Azərbaycan ideyasına öz töhfəsini
verən Şeyx Cəmaləddin Əfqani XX əsrin əvvəllərində
milli ideologiyamızın gerçəkləşməsi
üçün zəngin mənəvi irs qoymuşdur. Cənubi
Azərbaycanda Həmədan yaxınlığındakı Əsədabad
qəsəbəsində azərbaycanlı ailəsində
dünyaya göz açan Ş.C.Əfqani sonralar ailəsilə
Əfqanıstana-Kabula köçmüşdür.
Ş.C.Əfqaninin
yaradıcılığında milli
ideologiyanın süqutu olan
dil birliyi və milli birlik vəhdət təşkil
edir: “Dünyanın sultanı elmdir...Millətdən kənarda səadət yoxdur. Dilsiz millət ola bilməz. Dil birliyi olmasa, milli vəhdətin həqiqi mahiyyəti və
həyat gücü ola
bilməz. Dil insanlar
arasında əsas əlaqə vasitəsidir. Dil - müxtəlif məzhəbə
qulluq edən tayfaları, müxtəlif arzularla yaşayan qəbilələri
vahid bir millət
bayrağı altına səsləyən, onların
gücünü-qüvvəsini birləşdirib, bir məqsədə doğru
yönəldən, ictimai qüsurları
birlikdə dəf etməyə, milli çətinlikləri
birlikdə aradan qaldırmağa
çağıran, ümumxalq səadətinə
nail olmaq, müsibət
və bədbəxtliklərdən nicat
yolları arayıb tapmaq üçün
hamını yekdil, həmrəy olmağa dəvət edən, gözəl
yaşayışdan ibarət təzə həyata qovuşduran, vətəndaşlarının
əyinlərinə istiqlal paltarı
geydirən əsas vasitədir... Dil birliyi bütün bu məziyyətlərə ancaq
o zaman sahib
ola bilər ki,
ayrı-ayrı fərdlərin dilindən təşəkkül
tapmış milli dilin
qorunması və zənginləşməsi üçün
lazım olan hər şey
edilsin... Milləti yaşatmaq istəyən alimlərin birinci vəzifəsi budur ki, onlar öz ana dilinin inkişafına laqeyd
olmasınlar, həmin təbəqələrin sənət və
peşə tələbinə uyğun olaraq, sözləri müxtəlif mənalarda
- onun həqiqi mənasına uyğun bir tərzdə - bəzən iki sözü, ya üç sözü
birləşdirərək zərurət məqamında
işlətsinlər. Öz dilləri ilə
münasibətdə olan xarici
dillərdən də lazım olduğu qədər
sözlər ala bilərlər. Bir şərtlə
ki, alınmış sözlər öz dillərinin libasına geydirilsin
və onların xarici söz
olduğu bilinməsin...aralarında
möhkəm müamilə və mübadilə əlaqələri
olan bir millət insan cəmiyyətinin möhkəm əsaslarını
təşkil edən bütün təbəqələrə
malik olmadıqca, heç
vaxt öz milliliyini, məziyyət və
hüquqlarını qoruyub saxlaya bilməz. Hər bir millətin içərisində
aşağıdakı təbəqələr
olmalıdır: faydalı elmləri yayan
ziyalılar, cəmiyyət üçün
xeyirli fənləri təsis edən yaradıcı
fazil və alimlər, insan
hüququnu mühafizə edən siyasi xadimlər, fəzilət və ədalətin
keşikçiləri olan
qanunşünaslar, xalqın əxlaqını
saflaşdırmağa çalışan nəsihətçilər,
lətif və şairanə kəlamlarla yatmış
insanları oyadan və xalqın xarakterini qüvvətləndirən ədiblər
və şairlər, öz sənətlərini
elmi əsaslar üzrə inkişaf
etdirən sənayeçilər, iqtisadiyyat
qanunları əsasında millətin ticarət
yollarını arayıb tapan tacirlər. Əgər
bu təbəqələr hər hansı bir millətdə mövcud
olmasa, əlbəttə, o
millətin fərdləri arasında məişət və həyati
əhəmiyyətli əlaqələr get-gedə
qırılar və millət məhv olar.
Nəticədə, o millətin
üzvləri digər millətlə birləşər və
yeni milli libasda həyat səhnəsinə qədəm
qoyar, buna görə
də alimlər millətin mahiyyətini, ariflər onun məziyyətlərini o
zaman yaxşı aşkar
və zahir edərlər ki,
təhsil, təlim, tədris, milli təbəqələrin
fənlərdən və sənətlərdən istifadəsi
o millətin öz
dilində olsun. Onda millət möhkəm, sabit və əbədi ömür
sürə bilər, millətin əsas gözə
görünən səadət və xoşbəxtlik kimi əlamətləri isə onun
bütün üzvlərinin nəsibi olar... elm, maarif,
bütün sənət növləri hər
millətin öz ana dilində tədris olunarsa
və bu şərt həyata keçirilərsə,
həmin millətin əsasları daha
möhkəm, daha sabit
olar, beyinlərə daha
tez həkk olunar, daha gec unudular,
elmlərin dəqiqliyinə daha artıq vaqif olunar, elmin
mahiyyəti və mənfəəti daha
yaxşı aydınlaşar. Bununla da sənaye sahəsində fəzilətli
adamların, alimlərin, fənn sahiblərinin sayı çoxalar, millətin üzünə səadət
qapıları açılar... insanları bir-birinə bağlayan qüvvə iki
vacib şeyi tələb
edir: bunlar olmasa birlik də ola bilməz. Bunlardan biri məhz həmin dil birliyidir ki, buna milli dil
birliyidir ki, buna milli vəhdət də
deyirlər. Digəri din birliyidir.
Heç şübhə yoxdur
ki, dil birliyi,
yəni milli birlik dini birlikdən daha
möhkəm və sabitdir. Çünki dil az müddət ərzində dəyişməyi
və ya başqası ilə əvəz
olunmağı qəbul etmir. Din isə belə deyil. Tarix göstərir ki, eyni bir dildə
danışan bir millət min il ərzində
öz dilinə ciddi xələl
gətirmədən dinini dəyişir,
başqası ilə əvəz edir. Buna görə də dil
birliyindən yaranan əlaqə və
ittifaqın təsiri dini əlaqələrin
təsirindən daha güclüdür”.
Şeyx
Cəmaləddin Əfqani dildən sonra
insanları birləşdirən ikinci amilin din olduğu
fikrini irəli sürürdü.
İslam və dünya
fəlsəfəsini, dinlərini mükəmməl bilən Şeyx Cəmaləddin Əfqani başqa din xadimlərindən
fərqli olaraq tərəqqinin, təkamülün əsasını
elmdə görür və göstərirdi
ki: “Elm haqqında
danışmaq çox çətindir, çünki elmin
hüdudları sonsuzdur. Onun
üstünlük və gözəlliklərini
tam əhatə etmək mümkün
deyil... Bununla
yanaşı, elmin fəziləti haqqında
heç danışmamaq da
olmaz. Mənim fikrimcə, elmin
tədqiqi ilə məşğul
olanların hamısı yəqin edir ki, dünyanın sultanı həmişə elm olmuşdur, elmdir və elm olaraq qalacaqdır...
Dünya elm üzərində bərqərar olur. Elmi bəşəriyyətin
əlindən alsan, daha
dünyada insan qalmaz. Elm bir
nəfərin gücünü on nəfərə, yüz
nəfərə, min və on min nəfərə bərabər
edir... Onu nəzərə
almaq lazımdır ki,
hər bir elmin öz vəzifəsi var...
elmlərin hər birinin mövzusu
ümumi elmin bədəni
üçün bir üzv kimidir və
bunların heç biri
ayrı-ayrılıqda yaşaya bilməz.
Bu elmlərin hər biri
başqa bir elmlə
bağlıdır... Tənha qalan elmdə
heç bir tərəqqi
və inkişaf ola
bilməz. Deməli, elə bir elm gərəkdir ki, bütün elmlərin ümumi
ruhu kimi olsun və onların hər birini
qoruyub saxlasın, onların hər birinin tərəqqi və inkişafına zəmin
yaratsın. Bu, fəlsəfə elmidir. Bir millətdə fəlsəfə
yoxdursa, əgər o
millətin hamısı alim olsa da, o
millətdə elmlər intişar tapa bilməz və həmin millət
ayrı-ayrı elmlərdən lazımi nəticə
çıxarmaqda çətinlik çəkər.
Osmanlı dövləti, eləcə də, Misir
altmış ildir ki,
elmlərin təlimi üçün məktəblər
açmışdır və hələ də ondan bir xeyir
götürməmişdir. Səbəb aydındır, çünki o məktəblərdə
fəlsəfə tədris olunmur və fəlsəfə
ruhu
olmadığından, lazımi nəticə də
alınmamışdır. Tədqiqatçıların
əksəriyyəti, o cümlədən,
Rəfael Əhmədov göstərir ki, Şeyx Cəmaləddin
panislamizm məfkurəsinin islam fundamentalizminin əksinə
olaraq, milli
düşüncədə milli mənlik şüuruna xidmət edən mənəvi-əxlaqi
tutumunu qəbul etmiş,
onun siyasi-milli təfsirini
vermişdir. Şeyx Cəmaləddinin panislamizmini qəbul
edən cəmaləddinçilərə avropalılaşmaq
və məhz bu zərurətdən doğan düşüncə tərzi sonradan onları milli
intibahımızda üç devizli - İslamlaşmaq,
Türkləşmək və Avropalılaşmaq kimi bir fəaliyyət
platformasına gətirib çıxarmışdır. Bu milli-liberal
islamçılıq cərəyanı özündən əvvəlki
mövcud islamçılıqdan,
xüsusilə, ictimai-siyasi gerçəkliyin
böyük təsiri və təzyiqi əsasında
meydana gəlmiş ifrat
panislamizmdən ciddi şəkildə fərqlənirdi.
C.Əfqaninin dünyagörüşündə islam və Qərbin demokratik
ideyaları bir yerdə götürülür
və hər ikisi milli
ideologiyanın əsasını təşkil edir.
Onun fikrincə, islam və
Qərbin mütərəqqi ideyaları sanki
bir-birini tamamlayır: “Quranın həqiqi
ruhu azadlıqdır və həm də müasir fikirlərə uyğun
gəlir. İndiki
nizam-intizamsızlığın islam
qanunlarına qətiyyən dəxli yoxdur.
Bunlar nadan və cahil təfsirçilərin islama
etdikləri əlavələrdir. Tarixi təkamül
və inkişaf onların bu
səhvini islah edəcək. Demək, bir müsəlman ziyalısı və alimi Avropa demokratik
məfkurəsinə tamam aşina
olsa, o, Quranın təlimlərinə
əsaslanaraq, xalqı müasir mütərəqqi
demokratik məfkurələrlə
tanış edə bilər”.
F.Ələkbərov
göstərir ki, Ş.C.Əfqaninin fikrinə
görə, milləti yaşatmaq istəyən
alimlərin birinci vəzifəsi odur ki, ana
dilinin inkişafına laqyed
olmasınlar, milli dilini
qorusunlar və ən əsası “təhsil,
təlim, tədris, milli təbəqələrin
fənlərdən və sənətlərdən
istifadəsi o millətin öz
dilində olsun.... elmlər, maarif, bütün sənət
növləri hər millətin öz
dilində tədris olunarsa və bu şərt həyata keçirilərsə,
həmin millətin əsasları daha
möhkəm, daha sabit
olur və uzun müddət
zavala uğramaz, hətta
həmin millətin elmi və maarifi müəyyən bir
dövrdə zavala uğramış olsa belə, bu millətin
övladları və nəvələri öz
sələflərinin kitablarından və əsərlərindən
faydalanaraq, dübarə özünün
məhv olmuş millət və qövmünü dirildəcək, onu yeni şan-şöhrətə
çatdıracaqdır”.
Ş.C.Əfqaninin dünyagörüşü, xüsusilə, “islam imanlı, türk
qanlı və Avropa qiyafəli” devizi milli ideologiyanın əsas
prinsiplərinin yaranmasında çox mühüm rol
oynamışdır. Deməli, bugünkü
üçboyalı bayrağımızın ilk
əlamətləri Ş.C.Əfqani tərəfindən irəli
sürülmüş, Ə.Hüseynzadə
tərəfindən “türkləşmək, islamlaşmaq
və avropalaşmaq” formasında inkişaf etdirilmiş və
milli ideologiya sahəsindəki
fəaliyyəti nəticəsində Azərbaycan Cümhuriyyətinin
varlığında və onun dövlət
bayrağında öz əksini
tapmışdır. Nəzəri türkçülüyün
ideoloqu Z.Gökalp
yazır: “Türk şairi
Mehmet Emin bəyə türkçülüyü aşılayan, özünün söylədiyinə görə,
- Şeyx Cəmaləddin Əfqanidir”.
Fikrimizcə, yalnız milli
ideologiyanın, Azərbaycançılığın
formalaşmasında da Ş.C.Əfqaninin rolu
danılmazdır. Xüsusilə, Ə.Ağaoğlunun
islamçılıq dünyagörüşünün yaranmasında,
ümmətçilikdən millətçiliyə,
ideologiyanın islamçılıqdan
türkçülüyə keçməsinə Ş.C.Əfqaninin
rolu böyük olmuşdur.
Şeyx
Cəmaləddin Əfqaninin ideyalarını mənimsəyən
bütün
yaradıcılıqlarında ondan istifadə
edən, onu özlərinin müəllimi
hesab edən Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Yusuf Akçura, Ziya Gökalp, Məmməd
Əmin Yurdagül, Məmməd Akif Ərsoy və “Türkləşmək,
İslamlaşmaq, Müasirləşmək”
kimi ideoloji sistemi qəbul edən bütün
mütəfəkkirlərlə yanaşı onun
“islamçılığını” bütün
reformist islamçılar da
qəbul etmişlər.
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 10 mart.- S.10.