Bu il “Zirvə”də Musiqili Komediya Teatrı oldu
Mədəniyyət və Turizm Nazirliyinin teatr sahəsində
2011-ci il üçün “Zirvə” mükafatı Musiqili
Komediya Teatrına təqdim edilib. Respublikanın teatr ictimaiyyəti
tərəfindən böyük maraqla qarşılanan
N.Qoqolun “Evlənmə” komediyası ötən ilin ən
yaxşı səhnə əsəri kimi bu yüksək
mükafata layiq görülüb.
Mükafatı alarkən
teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə
doktoru Əliqismət Lalayev bildirib: “Ötən il 200 illiyi
qeyd edilən rus yazıçısı Nikolay Qoqolun Azərbaycan
peşəkar teatr səhnəsində ilk dəfə
oynanılan “Evlənmə”
komediyası dövlət tetarları tarixində ilk antrepriz
tamaşa kimi yadda qaldı. Bu tamaşada Azərbaycanın
müxtəlif teatrlarının aktyorları bir araya gəldilər.
Tamaşaya əməkdar incəsənət xadimi Bəhram
Osmanov quruluş verdi. “Evlənmə”, ümumiyyətlə,
bütünlükdə milli teatrımızın uğurudur.
Tamaşa çox uğurlu alınıb və onun bir sıra
məziyyətləri var ki, teatrımız, doğurdan da,
bununla öyünə bilər. Məsələn, ilk dəfə
bizim teatrda Qoqol qoyuldu. Bu, Azərbaycan səhnə sənətində
öz yeri olan əməkdar incəsənət xadimi Bəhram
Osmanovun bizim teatrda ilk işi oldu. Dramatik aktrisa kimi
tamaşaçı qəlbində öz yeri olan xalq artistləri
Şükufə Yusupova və Məleykə Əsədova, ilk
dəfə olaraq, heç nədən qorxmadan, çəkinmədən
Musiqili Komediya Teatrının səhnəsinə gəldilər.
Tanınmış gülüş ustaları Arif Quliyevlə,
Elçin Həmidovla, Emma Məlikova ilə, Ramiz Məmmədovla,
Çingiz Əhmədovlə, Ülviyyə Əliyeva ilə eyni tamaşada
çıxış etdilər. Mən deyim ki, bu addım,
doğrudan da, hər iki aktrisadan böyük cəsarət tələb
edirdi və onlar bunu bacardılar. Onların ətrafında
yaranan stereotipləri, sərhədləri tamamilə
qırdılar. Səhnə tərtibatındakı səliqə-sahman
diqqətləri çəkdi. Və ümumiyyətlə,
Musiqili Komediya Teatrı da “yalnız musiqili komediya” qoymaq kimi
“böyük boyunduruqdan” qurtuldu. Bu gün dünyanın
Musiqili Komediya və ümumiyyətlə, operetta
teatrlarında ən müxtəlif janrlarda tamaşalar qoyulur.
Biz isə bu çərçivələrdən
çıxa bilmirdik. Nəhayət ki, bunu bacardıq. “Evlənmə”nin
uğuru hamını düşünməyə vadar etdi ki, sən
demə belə də olarmış”.
Ə.Lalayev onu da vurğulayıb ki,
yazıldığı 130 ildə “Evlənmə”nin
dünyanın ən müxtəlif səhnələrində
tamaşaya qoyulmasının əsas sirri, ilk növbədə,
pyesdəki parlaq, bir-birlərindən fərqli obrazların
olmasındadır. Özünün rejissor istedadını,
aktyorlarla işləmək məharətini dəfələrlə
sübut etmiş Bəhram Osmanov tamaşanın
hazırlanmasında təkcə Azərbaycan Dövlət
Musiqili Komediya Teatrının deyil, eyni zamanda, Akademik Milli Dram
Teatrı və Gənc Tamaşaçılar Teatrının
aktyor qüvvəsindən istifadə edərək,
istedadına, statusuna, ad-sanına, aktyor imicinə, nəhayət,
səhnə ampluasına görə tamam fərqli
aktyorları bir araya gətirdi, bütöv bir ansambl yarada
bildi.
Qeyd edək ki,
tamaşanın musiqi tərtibatçısı əməkdar
incəsənət xadimi Yalçın Adıgözəlov,
dirijoru Fəxrəddin Atayev, baletmeysterləri isə Zakir
Ağayev və Yelena Ağayevadır.
Sənət
adamlarının Azərbaycanın “Oskar”ı kimi dəyərləndirdikləri
“Zirvə” mükafatı bu dəfə Musiqili Komediya
Teatrının oldu. Direktorun sözlərinə görə,
bu mükafat teatrın kollektivi üçün, hələlik,
başlanğıcdır. Uğurlar isə hələ
qarşıdadır.
Zümrüd
Səs.- 2012.- 10 mart.- S.12.