Y.V.Çəmənzəminli yaradıcılığında azərbaycançılıq ideyaları

 

Azərbaycan idealını təsəvvüründə canlandıran ziyalılar içərisində Y.V.Çəmənzəminlinin öz yeri, öz rolu və dəsti-xətti olmuşdur. Bunlar da, əsasən, onun Azərbaycan tarixi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti və mənəviyyatı ilə bağlılığında təzahür edir. Yusif Vəzir hələ tələbəlik illərindən vurğunu olduğu doğma xalqına, millətinə çatdırmaq istədiyi ideyaları özünün hekayələrində, məqalə və risalələrində, romanlarında təsbit etmiş, ziyalılarımızı tariximizi və dilimizi öyrənməyə çağırmışdır.

Lakin hər şeydən öncə, mütəfəkkir Azərbaycan idealı uğrunda düşündüklərini ümumiləşdirmək, xalqı geniş şəkildə maarifləndirmək məqsədi güdürdü. Burada da mütəfəkkirin başlıca diqqət yetirdiyi məsələlərdən biri yenə də “əfkari-ümumiyyətə”, Azərbaycanı tanıtmaqla əlaqədardır. Y.V.Çəmənzəminli yazırdı: “Dünyada ən böyük qüvvələrdən birisi əfkari-ümumiyyədir. Topdan, tüfəngdən və zirehlilərdən də bu növ böyükdür, odur ki, hər kəs istər ki, bu növü əldə saxlasın: istər məhkum, istər hakim. Avropa şəhərlərindən birində bir erməninin bir çocuğa güllə atdığını qəzetlərdən oxumuşdum. Ermənidən cinayətin səbəbini soruşduqda demişdi: “Bu cinayət ilə erməni çocuqlarının halından sizi xəbərdar edirəm onları Osmanlıda qırırlar”. İştə əfkari-ümumiyyə cəlbi üçün qəribə bir hərəkət. Lakin bu, adətdən  kənar bir işdir. Amma bundan da istifadə edirlər.

Yusif  həmin əsərində  ermənilik əleyhinə çıxaraq, milli ideyaya yiyələnməyə çağırırdı: “Hankı millət yaşamaq istərsə, öz dərdini söyləməlidir, səsini çıxarmalıdır. Səsini çıxarmağı bilməyən və bağırmağı bacarmayan bir millət həmişə əzilər. Səs vasitəsi də qəzetlər və məcmuələrdir. Qonşularımızdan bağırmaları ilə məşhur ermənilərdir. Bu millət dərdini və tələbini bildirməkdə böyük istedad sahibidir. Dünyada bir qəzetə yoxdur ki, erməni məsələsini yazmasın. Bundan başqa, özlərinə məxsus bir çox qəzetə və məcmuələri var. Müharibə əsnasında Moskvada rus dilində “Armyanski vestnik” məcmuəsi verilirdi. Bu məcmuə başdan-başa erməniliyi təqdir (qiymətləndirmə) və tərvic (hərəkətə gətirmək) etmək ilə məşğul idi. Odessada dəxi eyni fikirdə bir qəzetə çıxırdı. Bu gün İstanbulda fransızca qəzetələri var. Tələblərini Avropanın qulağına söyləməkdən çəkinmirlər”. Göründüyü kimi, milçəyi fil boyda edən ermənilər hər sahədə özlərinin üstün olmalarına çalışırlar. Bəzən yalanı elə uydururlar ki, kənardan baxan buna həqiqət, gerçəklik kimi baxır.

Yusif Vəzirin bu məqaləni yazdığı hələ 1919-cu ildə “ermənilərin milli məsələ ilə bağlı doqquz yüz əsər çap etdirdiklərinə” dair məlumatı olmuşdur. “Əfkari-ümumiyyə” məqaləsinin ideyası ilə Y.V.Çəmənzəminli bir daha millətimizə, xalqımıza üz tutub onların qəflətdən ayılmasına təsir göstərən vasitələrlə Azərbaycan idealı üzərində dayanır və məmələkətimizin bütün dünyaya tanıdılması işində hər bir vətəndaşın mübariz olması tələblərindən, əzəli torpaqlarımızın haradan başlayıb haraya qədər uzanması, qonşu dövlətlərlə Azərbaycanın sərhəd zolaqları barədə onlardakı bilik və məlumatların daha da zənginləşməsi istəyindən çıxış edirdi.

N.İsayev və Ə.İbrahimov “Azərbaycan idealı yaranışı və təfəkkürü” məqaləsində göstərirlər ki, “Azərbaycan”, “azərbaycançılıq”, “Azərbaycan və sərhədi”, “türkçülükkimi problemlər Yusif Vəzir Çəmənzəminlini daim düşündürən və məşğul olduğu məsələlərdən olmuşdur. Biz kimik” məqaləsində Azərbaycan tarixinin yazılması tələbini irəli sürürdü. Bu, ondan irəli gəlirdi ki, hələ o zaman Kiyev İmperator Universitetində oxuyarkən Azərbaycan dilində kitablar buraxmağa başlamış, ana dilini bilməyənlər üçün kurs təşkil etməklə mühazirələr oxumuşdur. Yusif Vəzir hələ o zamanlar qarşısına qoyduğu məqsədi tam dərk edərək, slavyan xalqlarının , optimal yollarının müəyyən milli ideologiya ilə bağlı, xalqın ümummilli dəyərlərinin və sərvətlərinin inkişaf etdirilməsini və bütövlükdə, milli maraqları ifadə edən milli siyasətin, milli şüurun yüksək səviyyəsində görürdü.

1917-ci ildə Ukraynanın bütün şiddət və həyəcanla doğulan milli hərəkatı bütün Rusiya daxilində yaşayan qeyri-rus millətlərə nümunə oldu. Çəmənzəminlinin təşəbbüsü ilə 1917-ci ilin noyabrında Türk Ədəmi Mərkəziyyət firqəsi “Müsavatın Kiyev şöbəsini” yaratmışlar. AXC və milli istiqlaliyyət elan olunduqdan sonra Azərbaycanın Ukraynada siyasi nümayəndəliyi təsis edilmişkonsul vəzifəsini yerinə yetirməyə başlamışdır. Şöbənin sədri Y.V.Çəmənzəminli isə, eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin Ukraynada səfiri olmuşdur. Bu illərdə Ukraynada milli hərəkat güclənmişdi. İmperiya zülmünə və siyasətinə son qoymaq üçün kiçik millətləri öz ətrafında birləşdirməyə çalışan Ukrayna milli hərəkat rəhbərləri “millətlər qurultayı” çağırmaq qərarına gəlmiş və bu münasibətlə icraiyyə komitəsi yaratmışdılar. Xüsusi jurnal nəşr edən komitədə Azərbaycanın dörd nəfərdən ibarət nümayəndə heyəti fəaliyyət göstərmişdir. Yusif Vəzir yazırdı ki, “biz bu jurnalda fəal iştirak edirdik. O vaxtlar Rusiyada Azərbaycanı tanımazdılar. Bakı bir şəhər, paytaxt kimi tanınsa da, Azərbaycan tanınmırdı. Azərbaycanı yalnız İranın bir hissəsi kimi tanıyırdılar. Bizim vəzifəmiz və qayəmiz bu oldu ki, birinci olaraq Rusiya əfkari-ümumiyyəsinə Azərbaycanı tanıdaq”. Bu gün üçün də aktuallıq kəsb edən Azərbaycanı tanıtmaq, onun haqqında-əfkari-ümumiyyə doğurmaq ideyası o illərin ziyalıları içərisində ən çox Çəmənzəminlini narahat və məşğul etmişdir. Onun məruzələrinin birində oxuyuruq: “Bir Azərbaycan xəritəsi cızdıq. O zamandan Azərbaycan haqqında, onun tarixi, ədəbiyyatı, mədəniyyəti, ticarət və iqtisadiyyatı barəsində bir çox məsələlər yazdıq. Yavaş-yavaş Azərbaycan şöhrət tapmağa başladı”. Məruzədən öyrənirik ki, bundan sonra Ukrayna milli hökuməti Azərbaycana xüsusi əhəmiyyət vermiş, onu təmsil edən nümayəndəliyinin hər xahişinə xüsusi diqqətlə yanaşmış, müxtəlif köməkliklər vəd etmişdir.

 Y.V.Çəmənzəminli 1917-1919-cu illərdə Azərbaycanı öyrənib onu tanıtmaq haqqında geniş ictimai rəy doğurmaq sahəsində xeyli əmək sərf etmişdi. O, Bakıda çap olunan “Azərbaycan muxtariyyəti”, “Biz kimik və istədiyimiz nədir?” kitabları, 1918-ci ildə “Millət” qəzetində çıxan “Azərbaycan və azərbaycanlılar” və s.  silsilə məqalələrini məhz bu məqsədlə yazmışdır.

Böyük mütəfəkkir “Qüvvətli istiqlal” adlı məqaləsində dövlətin təşkilinin üç amilini göstərir: torpaq, millət və hakimiyyət. Bu gün Azərbaycanda bu üç amil mövcud olduğu üçün Azərbaycan müstəqil məmləkətdir, - deyən müəllif bütün silsilədə milli istiqlalı qüvvətləndirən cəhətlərdən, xüsusilə də, Azərbaycan Cümhuriyyətinin xarici siyasətinin əsas istiqamətlərindən geniş bəhs edir. Türkiyədə yaşadığı illərdə, özünün yazdığı kimi, “Azərbaycan və azərbaycanlılar” silsilə məqalələrinin hər bölməsinə dair daha geniş və müfəssəl tədqiqat aparmış, “Azərbaycan və azərbaycanlılar” adlı böyük bir əsər yazmaq fikrində olmuşdur.

Belə bir böyük kitabın daxilində “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi, coğrafiiqtisadi Azərbaycan” kitabları, “Azərbaycan və azərbaycanlılar” silsilə məqalələri olmalı imiş.

Azərbaycan idealı müsəlman Şərq dünyasında birinci demokratik respublika sayılan Azərbaycan Xalq Cümhuriyyəti ilə özünün tarixi təcəssümünü, təsdiqini tapmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti illərində Yusif Vəziri ən çox narahat edən Azərbaycanın faktik, həqiqi milli sərhədlərinin qorunub saxlanmasına millətdəki təəssübkeşliyin kifayət qədər olmamasıdır. Çəmənzəminlişünas professor T.Hüseynoğlunun üzə çıxarıb tədqiq etdiyiTarixi, coğrafiiqtisadi Azərbaycan” adlı əsərlə tanış olarkən milli məsələnin mühüm tərkib hissələrindən biri kimi milli ərazimizə xüsusi təqdimat aspektindən yanaşan Çəmənzəminlinin həqiqi vətəndaşlıq mövqeyi, vətənpərvərlik duyğulan, azərbaycançılıq ideyaları ilə üzləşir, bunlarla təmasda oluruq. Müasir həyatımız üçün bu sanballı mənbənin bir daha əhəmiyyəti ondadır ki, əzəli torpaqlarımızın, yurdumuzun ərazi bütövlüyünü bir daha təsdiqləyən növbəti bir əşyayi-dəlilin, arqumentin meydana çıxmasına sübut olmuşdur.

Azərbaycanın abadanlığı haqqında bütün müəlliflər həmrəydilər, bağ-bağça, abad kənd və şəhərlər hər kəsin nəzərini özünə cəlb eləyir. Bu bolluqdan dolayı Əl-Müqəddəsi Azərbaycanı “Əlrəhab” (məkan) deyə təsmiyə eləyir: (qərar verir). Azərilər haqqında Yaqut Həməvinin rəyi şayani-diqqətdir. Y.V.Çəminzəminli “Tarixi, coğrafiiqtisadi” Azərbaycan əsərində yazır: “Əhalisi yumşaq təbiətli, hüsn-müamilə (rəftar gözəlliyi) sahibi olub, yalnız təbiətlərinə bəxl (paxıl, simic) qalib gəlmişdir, yəni bir az bəxldirlər, - deyir”. Y.V.Çəmənzəminlinin kitabında təsvir edilən Azərbaycan ərazisinin, onun sərhədlərinin hüdudlarındakı şəhərlər, qonşu İran, İraq, Türkiyə ərazisinin müəyyən hissəsi, Ermənistan və Qara dənizdəki bəzi adalar da daxil olmaqla, vahidbütöv Azərbaycan idealı uğrunda mübarizə səyini artırır və bunu deməyə əsas verir ki, haçansa bir gün doğacaq, Şimali Azərbaycanla Cənubinin birləşməsinə real şərait yaranacaq. Professor Əlikram Tağıyev  Milli ideyamilli ideologiya” əsərində göstərir ki, artıq bu bir tarixi faktdır ki, Şərqi Almaniya ilə Qərbi Almaniyanın, hər iki Vyetnamın birləşməsi, hazırda Koreya dövlətinin birləşmək üzrə səyləri və bunlara bənzər digər intiqrasiyalara doğru tarixi inkişaf meyilləri olduğu kimi, Cənubi Azərbaycanla Şimali Azərbaycanın gələcək inteqrasiyası da reallıq olacaqdır.

İndiyənə kimi, həm İrandakı daxili rejim, həm də bir sıra xarici ölkələr hər iki Azərbaycanın birləşməsinin əleyhinə olmuşlar. Azərbaycan üçün indiki şəraitdə xalqının qarşısında əsas strateji xətt hər vasitə ilə Şimali Azərbaycanın müstəqilliyini və vəhdətini inkişaf etdirib möhkəmlətmək və cənub ilə birləşmək üçün əlverişli tarixi şəraitin yetişməsini gözləməkdən ibarətdir. Cənubun özündə şimalla birləşməyə can atan qüvvələr az deyildir. Lakin səbəblər çoxluğu üzündən hər iki Azərbaycanın bu tezliklə birləşə biləcəyini zənn etmək, sadəcə, sadəlövhlükdən başqa bir şey deyildir. Tarixi şəraitin yetişməsi sayəsində biz yeni, bütöv və müstəqil Azərbaycanın tarix səhnəsinə çıxmasının şahidi və iştirakçısı ola bilərik. Azərbaycan idealı bu gün azərbaycançılıq ideyası əsasında formalaşan milli ideologiyamızın başlıca rəhni və zəngin mənəvi mənbəyidir.

Fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyev özününMilli ideyamilli ideologiya: problemlər və onların şərhi” kitabında çox sanballı və etibarlı mənbələrə əsaslanaraq azərbaycanlılığın, azəri türklərinin yaranması və formalaşmasında Azərbaycan milli ideya və ideologiyasının ümumdövlət mənafelərinə uyğun siyasi xətti əvəz etməli olan doktrinanın təmsilçisi kimi xidmət göstərməsini, onun müxtəlif milli, etnik ideyaları məcmusundan təşəkkül tapmasını qeyd edərək belə əsaslandırmışdır: “Bizdəki millətçiliyi bütün azərbaycanlıların - Azərbaycandakı türkdilli, irandilliqafqazdilli xalqların vahid və bölünməz Azərbaycan vətəni hissilə birləşdirilməsi təşkil etməlidir”.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

 Səs.- 2012.- 13 mart.- S. 14.