XIX
əsrin II yarısında Azərbaycan maarifçiliyində
azərbaycançılıq ideyası məsələləri
XIX əsrin II
dövrü Azərbaycan
xalqının həyatında mühüm rol oynayan bir dövr oldu. M.F.Axundzadə
və H.B.Zərdabi ilə yanaşı, bu dövrdə
Ş.C.Əfqani, N.B.Vəzirov, Ə.Heydəri, Ə.Gorani, S.Ə.Şirvani
də azərbaycançılıq milli ideologiyasını
inkişaf etdirdilər.
Akademik Feyzulla Qasımzadə XIX əsri “Azərbaycan
xalqının iqtisadi və mədəni
inkişafı tarixində ziddiyyətli bir
dövr kimi” qiymətləndirərək
yazmışdır: “Bu
dövrdə bir tərəfdən məfkurə
və mədəniyyət sahələrində köhnə feodal qalıqları hökm
sürür, o biri tərəfdən qabaqcıl rus və Avropa mədəniyyəti,
demokratik fikirlər, azadlıq ideyaları
yayılmağa başlayır. Azərbaycan
Rusiya tərkibinə daxil
olduqdan sonra yeni şəraitlə əlaqədar olaraq elm və mədəniyyətdə,
ictimai və fəlsəfi fikirdə, ədəbiyyatda
müasirlik meyilləri getdikcə daha da güclənir, həyatla
bağlılıq, xalqla əlaqə telləri
artmağa başlayır. Bədii ədəbiyyatda,
elmin müxtəlif sahələrində yeni xarakterli əsərlər
meydana çıxır... Azərbaycan ədəbiyyatında
yeni realist demokratik xətt yaranır və inkişaf etməyə başlayır”.
Realizmin qanunauyğun, əsas yaradıcılıq metodu və ədəbi cərəyan kimi meydana gəlməsi obyektiv şəraitlə əlaqələndirilir.
Realizmin
bədii surətlər vasitəsilə həyatın həqiqi tarixi məzmununu, mahiyyət və mənasını
açdığını, həyatı doğru,
düzgün və tipikliyi
ilə əks etdirdiyini, onun
dərin iqtisadi, ictimai
və fəlsəfi ideya əsaslarına malik olmasını qeyd
edirlər.
Azərbaycanda
meydana gələn yeni
kapitalist münasibətləri ənənəvi
köhnəlmiş həyat tərzi, sosial-mədəni adət-ənənələr
sistemi, ehkamçı təfəkkürü,
bədii yaradıcılıqdakı hökm
sürən prinsipləri dəyişdirdi.
Yeni
dövr mədəniyyətin bütün sahələrini, o
cümlədən, ədəbiyyatı və incəsənəti,
bədii fikri həyata
yaxınlaşdırır və tələb edir
ki, cəmiyyətdə hökm
sürən gerilik və nöqsanlara
qarşı mübarizəni gücləndirsin, millətin
maariflənməsində vaxtında iştirak
etsin. “Bu isə öz növbəsində, bədii təfəkkürün
özünü yeniləşdirmək, ədəbiyyatın
həyatı dərk etmək imkanlarını genişləndirməklə
bilavasitə, əlaqəli idi. Sosial-siyasi,
tarixi-mədəni şərait bədii təfəkkürü
yeniləşdirməyi, hər şeydən əvvəl, yeni tarixi şəraitin tələblərinə
cavab verə bilməyən ənənəvi
ədəbi-estetik prinsipləri yeniləri ilə əvəz
etməyi, yeni yaradıcılıq metoduna, yeni ədəbi
janrları keçməyi və s. nəinki
zəruri edir, eyni zamanda, buna şərait də
yaradırdı. İctimai inkişafın
keçid mərhələsilə əlaqədar
olan bu yeniləşmə
mürəkkəb və uzun müddət
davam edən proses olmuşdur. Cəmiyyətin keçid
mərhələsini səciyyələndirən dəyişikliklər
və kəskin sosial-siyasi
ziddiyyətlər özünəməxsus bədii təfəkkür
tipi meydana gətirdi.
Faiq Ələkbərov
XIX əsrdə azərbaycançılıq
ideyası və milli dövlətçiliyin
qarşılıqlı münasibətlərindən bəhs
edərkən ikinci amilin
Azərbaycan xalqının milli şüurunda zəiflədiyini göstərir:
“Azərbaycanın şimalı zorla Rusiyaya birləşdirildikdən sonra, imperiya ideoloqları
xalqın şüurunda yaşanan
milli dövlətçilik ənənəsini
aradan qaldırmaq üçün
əllərindən gələni etmişdilər. Bunun nəticəsi idi ki, Şimali Azərbaycan
xalqı, zaman keçdikcə, həmin
dövlətlərin onlara, yaxud başqalarına aid olduğunu müəyyənləşdirə
bilmirdilər. Onlar üçün yaxın tarixdə
yalnız Azərbaycan xanlıqları mövcud
olmuşdur ki, həmin
xanlıqlar da dövlətçilik ənənələri
baxımından zəif nöqtə idi. Əgər
bu xanlıqların birləşməsi mümkün olsaydı, onda
Azərbaycanda qədim və orta əsrlərdə
mövcud olan dövlətçilik ənənələri
yeni nəslə daha tez ötürülə bilərdi. Lakin bu, baş
vermədiyi üçün XIX əsrdə Azərbaycanın
şimalında, demək olar ki, milli dövlətçiliyə
bağlılıq ənənəsi aradan
qalxmaq üzrə idi.
Hətta iş o yerə gəlib çatmışdı ki, XIX əsrdə yaşamış bəzi
mütəfəkkirlərimiz (M.F.Axundzadə, S.Ə.Şirvani
və b.) Şimali Azərbaycanın
Rusiyanın işğalına qədər Osmanlı Türkiyəsinin və İran
şahlarının əsarəti altında olduğunu
yazırdılar.”
Bu
baxımdan, XIX əsrin II
yarısında M.F.Axundzadə, Ş.C.Əfqani, H.Zərdabi və
b. indi bizim
üçün milli
ideyalar hesab olunan bu işləri həyata
keçirərkən, ola bilsin
ki, onlar heç də milli Azərbaycan
dövləti qurmaq iddiasında olmamışdılar və
bunu, bəlkə də heç xəyallarına
belə gətirməmişlər. Hətta M.F.Axundzadə,
Ş.C.Əfqani və b. bu işləri
görərəkən, Azərbaycanın
deyil, ancaq İranı düşünmüş,
İranın xoşbəxtliyindən və
azadlığından bəhs etmişlər. Lakin zaman elə
gətirdi ki, konkret M.F.Axundzadə və Ş.C.Əfqaninin
timsalında onların ideyaları İrana-farslara
deyil, Azərbaycana-türklərə xidmət
etmiş oldu.
Hər halda,
Azərbaycanda köhnə ictimai
münasibətlərə qarşı mübarizə aparmaq və yeni ictimai münasibətlər qurmaq,
yəni çağdaş dövrün
tələblərinə uyğun cəmiyyət,
dövlət yaratmaq asan
olmamışdır. Bütün
bunları doğru əks etdirmək üçün, fikrimizcə, XIX əsrin ictimai-siyasi
və fəlsəfi mühitinə, həmin dövrdə
yazıb-yaratmış ziyalılarımızın
yaradıcılığına obyektiv qiymət
verilməlidir. Belə ki, hələ
də həmin dövrün mənzərəsi
və bu dövrdə
yaşayıb-yaratmış ziyalılarımızla
bağlı ziddiyyətli fikirlərə və ideyalara rast gəlirik. Ən
çox təəssüf doğuran
hal odur ki, SSRİ dövründə möhr
vurulmuş “ideyalar”,
“mülahizələr” və s. bir qədər kosmetik dəyişikliklərlə
hələ də öz statusunu
qoruyub saxlayır. Məsələn, sovet dövründə Azərbaycanda
inqilabi-demokratiyanın banisi, materializmin görkəmli filosofu
sayılan M.F.Axundzadə bu gün “milli-demokrtatiya”nın banisi,
eləcə də, milli ideyaların banisi və ideoloqu hesab olunur.
XIX əsrin II yarısında S.Ə.Şirvani, N.Vəzirov, Ə.Heydəri, Ə.Gorani və
b. da Bakıxanov, Axundzadə, Zərdabi və
başqaları tərəfindən bünövrəsi qoyulmuş milli məsələləri
inkişaf etdirməklə, milli ideologiyanın təşəkkülünün
ilk mərhələsində müəyyən yer tutmuşlar. Əgər
S.Əzimdə, əsasən, Zərdabinin təsiri duyulursa, N.Vəzirov daha çox Axundzadənin ideyalarını davam etdirməyə çalışmışdır.
N.Vəzirovda milli
məsələ ilk olaraq
özünü köhnəpərəstliyə,
mühafizəkarlığa, bir sözlə,
sxolastik dünyagörüşünə
etirazda öz əksini
tapmışdır. Buna səbəb isə, Moskva
institutlarının birində təhsil alan
N.Vəzirovun, yeni mühitdə gözü açıldıqdan sonra, rus və başqa millətlərlə müqayisədə
soydaşlarının avamlığı və millət təəssübkeşliyindən
uzaqlığı ilə tanışlığı olmuşdur. Məhz düşdüyü yeni
şəraitin təsiri altında Vəzirov “Əkinçi”də
yazdığı məqalələrində başqa
millətlərlə müqayisədə xalqının
geriliyinə səbəb kimi köhnəpərəstliyi,
xurafatçı adət-ənənələri göstərmişdir.
N.Vəzirov Qafqaz müsəlmanları
arasında mövcud olan
köhnəpərəstliyin aradan
qalxması ilə millətin nicat
tapacağına inanırdı.
O, hesab edirdi ki, ifrat
mühafizəkarlıqla millət inkişaf
edə bilməz və köhnə adət-ənənələrdən
imtina edib elm öyrənməyin vaxtıdır: “F.Ələkbərovun
qeyd etdiyi kimi, XIX əsrin
II yarısında milli özünüdərk yolunu davam etdirən
ziyalılarımızından Seyid Əzim
Şirvaninin mənəvi dəyərlərə
bağlılığında və Qərb mədəniyyətinə
meyil etməsində M.F.Axundzadənin “Təmsilat”ı,
H.Zərdabı və onun “Əkinçi”
qəzetinin rolu olmuşdur.
S.Ə.Şirvanidə “türk”
anlayışı, Zərdabidə olduğu
kimi, daha çox “türk dili” məfhumunda öz əksini
tapmışdır. Yəni S.Ə.Şirvani
“müsəlman”, “islam milləti”, “əhli-islam”,
“əhli-Qafqaz” anlayışlarından isə Qafqazda
yaşayan türk
müllətinə müvafiq olaraq istifadə etmişdir.
S.Ə.Şirvaninin
yaradıcılığında mill-məsələyə
münasibət iki halda:
1) Qafqaz müsəlmanlarının-türklərinin
savadsızlığı, avamlığı, başqa
millətlərlə müqayisədə geridə qalmasına
münasibətdə; 2) Bütün bunlardan çıxış yolu
tapıb, millətinin tərəqqisinə nail
olmaq üçün
dünyəvi elmlər öyrənməkdə, məktəblər
açmaqda və s. özünü büruzə verir.
Tədqiqatçıların gəldikləri qənaətinə görə, təzadlı XIX əsrdə Azərbaycan tarixində
yeni dövrə başlanır. Bu, hər
şeydən əvvəl, Azərbaycanın ikiyə
parçalanması və nəticədə, xalqımızın
iki müxtəlif yadelli
dövlətin tabeçiliyində bir-birindən fərqli
ictimai-mədəni mühitdə yaşamağa
məhkum olması ilə bağlıdır. Bu haqda çox
yazılıb. Lakin bu
günümüzün tələbindən
irəli gələrək, bu istiqamətdə
yeni əsasda elmi tədqiqatların
aparılmasına həmişəkindən daha
çox ehtiyac
vardır. Bizə kimliyimizi olduğu kimi dərk etmək
olduqca vacibdir, ələlxüsus,
böyüyən nəsil üçün.
İndiki qloballaşma
şəraitində milli mənliyimizin qoruyub inkişaf etdirmək.
Düşünən zəkalar yetişdirmək sosial-mənəvi
sahədə qarşıda duran ən əsas
vəzifələrdəndir. Bu baxımdan, soykökümüzə, keşməkeşli
milli tariximizə və ən
başlıcası, XIX əsrin ikinci
yarısı -XX əsrin əvvəllərinin nəzəri bəhrəsi
olan Azərbaycan ideallığı ilə
bağlı mövzuya dərindən bələd
olmağın müstəsna əhamiyyəti vardır.
XIX əsrin ikinci
yarısında milli ideologiyanın əsas
prinsiplərinə
çevrilən ideyaları, sözün
həqiqi mənasında, millətin gündəliyinə gətirən
M.K.Axundzadə, H.B.Zərdabi və Ş.C.Əfqanidir.
Onların milli əməlləri sayəsində
milli özünüdərk prosesi milli ideyaların
yaranmasına səbəb oldu. Başqa sözlə, Qafqaz
Azərbaycanında milli
ideologiyanın təzahürlərinin meydana
çıxmasında və Qərb mədəniyyətinin bu bölgədə yayılmasında
onların böyük rolu
oldu. Bu ziyalılar həm nəzəri ideyaları, həm
də novatorluqları ilə milli
ideologiyanın təşəkkül prosesinə təkan vermiş və Qərb mədəniyyətinin
müsbət cəhətlərini vaxtında görərək
müsəlmanlar, o cümlədən, Azərbaycan
türkləri arasında yaymışlar. Son dövrlərdə
aparılan elmi araşdırmalarda da A.A.Bakıxanov, Mirzə Kazım bəy,
M.F.Axundzadə, H.Zərdabi və C.Əfqaninin adının milli ideologiyanın, milli
azadlıq, milli oyanış hərəkatının
təşəkkülünün baniləri kimi
çəkilməsi, bu fikrimizi
bir daha təsdiq
edir. XIX əsrin II yarısı maarifçilik fəlsəfəsində azərbaycançılıq
ideyası məsələsinə toxunan Ənvər
Əhmədov və Nizaməddin
Şəmsizadə göstərirlər ki,
Azərbaycanın tarixi taleyində
sonrakı əsrlərdə baş verən
parçalanmalar istər-istəməz vahid milli cəmiyyətin
təşəkkülünə imkan
vermədi və bu proses
özlüyündə milli
ideologiyanın formalaşmasını XX əsrə qədər
ləngitdi. Azərbaycanın Rusiya tərəfindən
işğalından sonra
ideologiyamızın təşəkkülündə yeni bir proses
- Şərq və Qərb dəyərlərinin sintezi başlanır. Bunu maarifçi ideologiya
adlandırmaq olar. Mifdən,
zərdüştizm işraqilikdən gələn işıq
(nur), hürufizmdə ürfan
və kamal vəhdətindən gələn
zəka və intibahın bayrağına iri
hərflərlə yazılmış insan
maarifçi ideologiya
konsepsiyasında vəhdət təşkil edir.
...Orta əsr ideoloji sistemlərindən
fərqli olaraq Azərbaycan maarifçi ideologiyası insan
və cəmiyyət problemini ön plana çəkir.
özündə Şərq-Qərb dəyərlərini uğurla sintez etmiş Azərbaycan maarifçilərini
müəyyən bir sinfin
ideoloqları kimi
qələmə vermək cəhdləri əbəsdir.
Tarixi təcrübədən
bəllidir ki, hər bir
xalqın azadlıq istəyi, tərəqiyyə meyili onun özünü
dərk etməsi prosesində qərarlaşır və müəyən
ideyalar əsasında aydın yönüm kəsb edə bilir.
Məhz bu prosesin zəruri
ifadəsi kimi yaranan milli ideal və bunun gerçəkləşməsinə xidmət
edən ideyalar getdikcə milli
hərəkatı şüurlu cəhətdən
istiqamətləndirməyə mühüm
təkan vermişlər. Doğrudur,
XIX əsrin yarısından Azərbaycanda
başlanan, demokratik maarifçilik hərəkatı milli azadlıq
hərəkatı səviyyəsinədək yüksələ
bilməmişdi. Lakin bu
mədəni-maarifçilik hərəkatı XX əsrin əvəllərində
milli istiqlalçılıq mübarizəsinin
formalaşmasında böyük rolu olmuşdur.
Tədqiqatçı
Sona xanım Vəliyeva azərbaycançılığın
XIX əsrdə
formalaşdığını göstərərək
yazır, zəngin doktrina kimi
azərbaycançılıqdan bəhs ediriksə, onun ilk yaranış və
formalaşma dövrü
XIX əsrin son illərinə və XX əsrin
əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan
xalqının milli
varlığını dərindən dərk etdiyi
və bir daha təsdiqlədiyi
dövrdür.
Müşahidələr
göstərir ki, milli
ideyanın kütləviləşməsi, çoxsaylı
insanların əqlinə hakim kəsilməsi
üçün Azərbaycan milli elitasının geniş
və məqsədyönlü hərəkatını məhz
XIX əsrin sonlarında Azərbaycan maarifçiləri
başlamışlar. Kapitalist münasibətlərinin Azərbaycanda həmin
dövrdə yaranıb inkişaf etməsi
və Bakının Qafqazda ən iri iqtisadi mərkəzə çevrilməsi, bütövlükdə,
iqtisadiyyata təsir göstərmiş və
milli burjuaziyanın meydana
gəlməsinə səbəb olmuşdur.
Bu isə, son nəticədə,
milli şüurun
yüksəlməsinə, milli
oyanışa təkan vermişdir.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.-
13 mart.- S. 12.