“Sonu olmayan dəhliz” sənədli
filminin təqdimatı keçirilib
Martın 11-də Heydər Əliyev Fondunun dəstəyi
ilə “Nizami” Kino Mərkəzində “Qafqazda sülh” beynəlxalq
layihəsi əsasında Avropa
kinematoqrafçılarının birgə istehsalı olan
“Sonu olmayan dəhliz” sənədli filminin siqnal
variantının təqdimat mərasimi keçirilib.
“Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası
çərçivəsində istehsal edilən film Xocalı
faciəsinin 20 illiyinə həsr edilib.
Təqdimat mərasimində Heydər Əliyev Fondunun
prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban Əliyeva iştirak edib.
Böyük Britaniya, Litva, Estoniya və Finlandiya
kinematoqrafçılarından ibarət yaradıcı qrupun çəkdiyi “Sonu olmayan dəhliz” sənədli filmi
1992-ci ilin 26 fevral gecəsində
baş vermiş insan faciəsindən bəhs edir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq
uğrunda İslam
Konfransı Gənclər Forumunun mədəniyyətlərarası
dialoq üzrə baş
əlaqələndiricisi, “Xocalıya ədalət” beynəlxalq
kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyeva tədbirdə
çıxış edərək, filmin
yaradıcı qrupunun işindən söz açaraq, bu əməyi
yüksək dəyərləndirib. Leyla
xanım Əliyeva bu filmin
Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında mühüm
rol oynayacağını diqqətə
çatdırıb: “Xocalı soyqırımı nəinki Azərbaycan
xalqının, eləcə də, bu faciə
haqqında heç olmasa
bir dəfə məlumat almış və
onun nəticələrini görmüş
hər bir vicdanlı insanın
ağrısıdır. Bu hadisə 20 il bundan əvvəl baş verib, lakin öldürülmüş
günahsız insanların xatirəsi daim
ürəyimizdə yaşayacaqdır. Göstəriləcək
film xarici jurnalistlər
tərəfindən hazırlanıb. Bu film 1992-ci il fevralın
26-da Xocalıda törədilən faciədən bəhs edir. Fikrimcə, bu film həmin dəhşətli hadisələri
dəqiqliyi ilə və faktlarla əks etdirir. Bildiyiniz kimi, bu il
Azərbaycan xalqı Xocalı faciəsinin 20 illiyini
qeyd edir və biz bununla əlaqədar
dünyanın bir çox
yerlərində müxtəlif tədbirlər keçirmişik.
Bu dəhşətli faciədə
günahsız yerə öldürülən və işgəncəyə
məruz qalan qocaların, qadınların
və körpələrin xatirəsi daim
ürəyimizdə yaşayacaqdır. Biz
inanırıq ki, bu dəhşətli
faciə tezliklə beynəlxalq qiymətini alacaq,
hadisənin günahkarları isə cəzalandırılacaqlar”.
Leyla
xanım Əliyeva 2012-ci ildə İslam
Konfransı Gənclər Forumunun xətti
ilə Xocalı faciəsinin siyasi və hüquqi aspektlərdən tanınması, o cümlədən, ədalətin tam bərqərar olması istiqamətində
fəaliyyətin davam etdiriləcəyini
vurğulayıb.
Təqdimat mərasimində
filmin əsasını təşkil edən
müstəqil tədqiqatın müəllifi, litvalı jurnalist Riçardas Lopaytis çıxış edərək, Ağdamda könüllü
kimi yardım etdiyi
vaxtları və daha sonra
münaqişə bölgəsinə etdiyi
səfərləri zamanı şahidi olduğu hadisələri gündəliyinə
yazdığını qeyd edib: “Keçən illər ərzində mən
yazılarıma dəfələrlə qayıdıb “Kim? Niyə? Nə üçün?”
suallarına cavab tapmağa
çalışırdım. Biləndə ki,
mənim həmyerlilərim, kinematoqrafçılar bu suallarla və bir növ şahid
kimi mənim qeydlərimlə
maraqlanırlar, filmdə iştirak etmək
qərarına gəldim”. Filmdə Ermənistan və Azərbaycanda
münaqişəyə dair rəsmi dairələrin
mövqeyinin əksini
tapdığını bildirən Riçardas
Lopaytis onun üçün bütün
dünyanın Xocalı haqqında məlumata malik
olmalarının vacibliyini söyləyib:”Məhz
bu, ədalətin bərpa
olunmasının əsas şərtidir”.
Litvalı jurnalist Leyla xanım Əliyevanın
“Xocalıya ədalət” kampaniyasının fəaliyyətini
yüksək qiymətləndirməklə yanaşı,
kampaniyanın peşəkarcasına aparılması və obyektivliyi, çəkiliş qrupuna
siqnal nümayişinin
məhz kampaniya çərçivəsində
keçirilməsi haqqında qərar qəbul edilməsinə
təsir göstərdiyini
də söyləyib. Daha sonra jurnalist
“Mən çox istərdim ki, bu film Ermənistanda da göstərilsin. Bu, dialoqun
başlanmasına, heç
olmasa, humanitar xarakter daşıyan bu məsələdə ortaq məxrəcin tapılmasına kömək
edərdi” - deyə fikrini yekunlaşdırıb.
Dövlət və hökumət
nümayəndələrinin, Milli Məclisin deputatlarının, tanınmış
elm və mədəniyyət
xadimlərinin iştirak
etdiyi tədbirdə
film nümayiş olunub. Böyük məharət və
zəhmət hesabına
ekranlaşdırılan filmdə
Xocalı dəhşətləri
bir daha tarixi faktlarla əksini tapıb. Faciə zamanı əsir düşmüş
xocalılı musiqi müəllimi, rusiyalı
hərbi fotomüxbir,
ailəsinin əksər
üzvlərini Xocalı
qırğınında itirmiş
və əsir düşmüş qadın,
1992-ci ilin fevralında
öz taleyində dönüş yaratmış
litvalı jurnalist Riçardas Lopaytisin faciədən 20 il sonra başladığı
müstəqil jurnalist
araşdırmalarının iştirakçısı olmuşlar.
Filmdə müxtəlif
insan taleləri ilə bərəbər,
SSRİ-nin süqutu dövrünə və Qarabağ münaqişəsinə
dair şahidlərin xatirələri də əksi
olunub.
Xatırladaq ki, “Xocalıya ədalət” beynəlxalq
məlumat kampaniyası
Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda
İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi
Leyla xanım Əliyevanın təşəbbüsü
ilə 2009-cu ildə irəli sürülüb.
Hazırda faciənin mənəvi
və siyasi-hüquqi cəhətdən tanınmasına
yönələn bu kampaniya dünyanın 35-dən
çox ölkəsində
uğurla həyta keçirilir. Bu ilin yanvarında İKGF-nin təşəbbüsü
ilə 51 ölkəni
özündə birləşdirən
İslam Əməkdaşlıq
Təşkilatı Parlament
İttifaqı Xocalı
faciəsini soyqırımı
aktı kimi tanımışdır. Oxşar qərarlar
Meksika və Pakistan parlamentlərində də
qəbul edilmişdir.
Tədbirin iştirakçılarına
Leyla Əliyevanın ideya müəllifi olduğu, ingilis və rus dillərində
hazırlanmış “Xocalı. 20 il,
10 hekayə. Bunlar həqiqət ola
bilərdi...” kitabları
təqdim edilib.
Zümrüd BAYRAMOVA
Səs.-
2012.- 13 mart.- S.6.