Novruz
bayramı azərbaycançılığın təzahürü
kimi
Azərbaycançılığın təzahür
formalarından biri, qədim xalq mərasimi milli-mənəvi dəyərlərimizdən
olan “yeni gün” mənasını verən “Novruz”
bayramıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev “Novruz bayramı münasibətilə Azərbaycan
xalqına təbrik”ində demişdir: “Novruz
xalqımızı tərəfindən qədim zamanlardan həmişə
barışıq, dostluq, səmimiyyət, təmizlik və
yeniləşmə əhvali-ruhiyyəsi yaradan Bahar bayramı
kimi qeyd olunub. Novruz təbiətin
oyanışı ilə ürəklərdə saf niyyətin,
xoş arzuların yarandığı bir bayram, insanla
bütövləşmənin, haromoniyanın təcəssümü
hesab olunur. Əsrlərin sınağından
çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi
özündə yaşadan Novruz insanlar arasında birliyin və
mehribanlığın möhkəmləndirilməsi,
onların bir-birinə mərhəmət və diqqət
göstərməsi kimi sağlam bir təməl
yaratmışdır. Azərbaycanın müstəqillik əldə
etməsindən sonra Novruz bayramı dövlət səviyyəsində
qeyd olunmağa başladı ki, bu da tarixi köklərə
qayıdışın, milli-mənəvi dəyərlərə
qayğının güclənməsini şərtləndirir”.
Xüsusi qeyd etməyə dəyər ki, Bahar
bayramı kimi Novruz təkcə Azərbaycanda deyil,
dünyanın bir çox ölkələrində
böyük təntənə ilə qeyd olunur. Bu bayrama hər
yerdə yenilik, nikbinlik, arzuların həyata keçməsi və
həmrəylik vasitəsi kimi baxırlar.
Xalq təbiətin oyanmasına səadət və
xoşbəxtlik rəmzi kimi baxmış, onu xeyirin şər
üzərində qələbəsi kimi qiymətləndirmişdir.
Məhz buna görə də, insanlara xoşbəxtlik gətirən
atlaz donlu bahar xalq kütləsi tərəfindən sevinclə
qarşılanmışdır. Bu sevinc milli bir bayramın
yaranmasına səbəb olmuşdur. Xalqımız bu bayrama
Novruz (təzə gün) adı vermişdir. Akademik Məmməd
Arif Novruz bayramı haqqında demişdir: “Novruz xalqın həyata
nikbinliklə baxmasının, təbiətin sevinməsinin
bayramıdır. İndiyə qədər öz qüvvətli
təsirini saxlamış bu ənənəvi bayram məişətlə bağlı kütləvi bir xalq
bayramıdır.”
F.Köçərli, Yusif Vəzir Çəmənzəminli,
Abdulla Şaiq, M.Səttarov və başqaları göstərirlər
ki, Novruz bayramı baharın gəlməsi, təbiətin oyanması
ilə əlaqədar yaranmışdır.
Novruz kütləvi xalq bayramıdır. Onun xalq
arasında geniş yayılması, xalqın məişətinə,
həyatına, dərin nüfuz etməsidir. Bu bayram xalqın
mənəvi aləminə, qanına və iliyinə daxil
olmuşdur. Novruz bayramı hər il martın 21-də bahar fəslinin
gəlməsi ilə başlanır. Lakin bu el bayramına bir
ay qalmış böyük hazırlıq işləri
aparılır. Hər şeydən əvvəl, evdə nə
varsa, hamısını “pak etmək” üçün
onları yuyur, silir, bir sözlə, təmizləyib səliqəyə
salırlar. Bağlar təmizlənir, bellənir, ağacların
quru budaqları, meynənin artıq çöpləri kəsilir.
Hər ailə öz
imkanlarından asılı olaraq uşaqlar, cavanlar, hətta
yaşlılar üçün təzə
paltar hazırlayır. Bayram
süfrəsinin başında hamı təzə və səliqəli
geyimdə əyləşir. Abdulla Şaiq yazırdı: “...Novruz bayramı günü
böyüklər, uşaqlar təzə paltar geyir, süfrələrə
hər cürə şirni düzülür, qohum-qardaş,
dost-aşna on gün bir-birinin evinə bayram görüşünə gedir, bir-birinə bayram
payı göndərməyi özlərinə borc
bilir”.
Hər bir
evdə baharın rəmzi olan
yaşıllığı görmək üçün
səməni göyərdirlər. Bayram günü ayrı-ayrı qablarda
evin pəncələrinə, stol üstünə qoyulan
səməni şənlik məclisinə xüsusi
gözəllik verir. Novruz bayramına azərbaycanlılar
cürbəcür şirin və
yağlı çörək bişirirlər, bunlardan paxalava, qatlama, fəsəli, kömbə və s. göstərmək olar.
Şübhəsiz ki, bu
nemətlər keçən ilin məhsulundan
hazırlanır, demək gələn ilin
bayramına daha yaxşı hazırlaşmaq
üçün bu il böyük qüvvə
və zəhmətlə işləmək lazımdır. A.O.Makovelski “Avesta” əsərində Zərdüştün
etdiyi tövsiyələrdən yazır:
“...yüz sədəqədən, on min qurban
verməkdən daha əfsəl olan taxıl əkmək - “qüdsiyyət əkmək”,
yəni Yer üzündə divlərin kökünü kəsmək, sağ
və sol əl ilə işləyib,
divləri qaçmağa məcbur etmək
lazımdır.”
Bu
ilin nemətini baharın ilk
günündə görmək istəyən babalarımız
hələ Novruz bayramına az qalmış “səməni bayramı” şənliyini
keçirirdilər, Vaxtilə Novruz
bayramı üçün göyərdilən
səməninin bir hissəsi bayram süfrəsinə qoyulurdu.
Novruz
bayramının islamiyyətdən çox-çox
əvvəl, qədim azərbaycanlıların həyat və
məişətində mövcud
olmasından bütün tədqiqatçılar
bəhs etmiş, onu əsil
milli bayram
adlandırmışlar. Novruz bayramı
haqqında müxtəlif rəvayət və əfsanələr
vardır... Bayram günlərində
keçirilən bir çox
mərasim atəşpərəstlərin adətləri ilə
əlaqədardır. Böyük Nizami “İskəndərnamə” poemasında, Novruz bayramı günü
İskəndəri qonaq edən
Nüşabənin tonqal
qaladığını, süfrəyə hər çeşid şirni qoyduğunu qeyd edir. Lakin sonralar
əsrlər keçdikcə ruhanilər və sərvətdarlar
bu bayrama başqa rəng verməyə, onu
hakim sinfin zövqünə
xidmət edən bir bayrama
çevirməyə çalışmışlar.
Novruz bayramında
qədim azərbaycanlıların etiqadları ilə
bağlı olan adətlərdən biri şam yandırmaq, tonqal qalamaq və fişəng
atmaqdır. Xüsusilə, qoca, cavan və uşaqların alovun
üstündən atılaraq, “ağırlığımı
yer götürsün,
mətləbimi Allah versin”
ifadələri odun müqəddəs hesab edilməsi ilə əlaqədardır. Alov şənliyi əsasən Novruz
bayramı axşamı (axırıncı çərşənbə
gecəsi) keçirilirdi. Bu
gecə yeddi meyvə qurusu
alıb boşqablara qoyur
və dövrəsində şamlar
yandırırdılar. Bayram axşamı
tüfəng atır, tonqal qalayıb
üstündən atılar, üzərlik yandırıb tüstüsünü uşaqlara
qoxladarlar.
Professor Vaqif Vəliyev “Azərbaycan folkloru”
əsərində göstərir ki,
axırıncı çərşənbə gecəsi xalq arasında Novruz
bayramının ən əziz dəqiqələri hesab olunurdu. Bu mərasim Novruz
bayramının başlanğıcı deməkdir. Qədim əcdadlarımız
baharın qış üzərində qələbəsinə,
xeyirin şərə, Hörmüzün
Əhrimənə qalib gəlməsi kimi baxmışdır. Ona
görə də, qışın son dəqiqəsi,
yəni onun məğlubiyyəti,
baharın isə qalib kimi
dünyaya hakim
olması böyük şənliklə
qarşılanmışdır. Xalq bu mərasimə “Danatma”
adı vermişdir (Yəni dan yerinin
ağarmasını, günəşi görmək,
qarşılamaq). Xalq bu
gecəni maraqlı rəvayət və əfsanələrlə
bəzənmiş, onu ziynətləndirməyə
çalışmışdır. Bu əfsanələrdən
birində deyilir ki, “bu gecə (axır çərşənbə
bir saatlığa çaylar
dayanıb istirahət edir, ağaclar
budaqlarını əyib torpağa tökülür, yenidən budaqlarını
qaldırır, uzun müddət bir yerdə həyat sürən, lakin sonralar bir-birindən
küsən Marsla Venera
yalnız bu gecə birləşir,
qucaqlaşır və öpüşür,
Novruz gecəsinə kimi
vüsal həsrəti ilə yanırlar. Kim Marsla Veneranın görüşdüyü anı görsə,
Hörmüz onu bütün arzularına çatdırır, o, ən xoşbəxt adam
olar. Odur ki, həmin gecə heç
kəs yatmır, hamı sabahı, günəşin doğmasını,
həsrətdə olan Marsla
Veneranın görüşməsini görmək istəyir. Hətta bk gecə “qulaq falı” açar, hərə
ürəyində bir niyyət tutub başqa evlərə
gedər, qapını pusub ilk eşitdiyi sözlə
öz bəxtini, aqibətini müəyyənləşdirməyə
çalışardı. Vaxtı ilə arzu
etdiyi bir iş başa
çatdığı üçün dan atardılar. Bu zaman hər kəs yatmaz, səhər
günəşini qarşılayardı.
“Danatma” mərasimində
əsasən gənclər iştirak etmiş, onlar dan yeri ağarana
kimi oturmuş, ürək
açan lirik nəğmələr
oxumuşlar. Dan yerinin ağarmasını, axar su, dəniz və s. üzərində
qarşılamışlar. Çox hallarda suda çimərək
“ağılığım, uğurluğum
dağlara, daşlara”
deyərkən, güman
etmişlər ki, Hömüzün
Əhriman üzərində qələbəsi
qışın məğlub olması baharın təntənəsi anında, bu əziz
gündə, insan bədənində gizlənən
fənalıq divlərini də məhv etməyin mümkün olduğuna, eyni zamanda, ürəklərində
tutduqları niyyətin hasil
olacağına (ancaq vahid
bir şey etmək
şərtilə) inanmışlar.
İnsanlar dan yerinin ağarması,
günəşin çıxması ilə öz
arzularının həyata keçməsi arasında məntiqi
bir əlaqə və bağlılıq
görərdilər. Bu etiqadın
yalnız baharın daxil olduğu
gecədə mümkün olduğuna
inanan qədim azərbaycanlılar
“danatmanı” böyük dəbdəbə
və şənliklə keçirirdilər. “Danatan” ailə həmin məclisə yaxın
adamlarından, qohumlarından toplayır, öz
şənliklərini qohum və
dostları ilə şərikli keçirirdilər. İlin axır çərşənbə günü cavanlar bir yerə toplaşır, bir
nəfəri Kosa kimi kimi bəzəyib çala-çala
evləri gəzdirirdilər. Kosanın özündən
başqa bir də
köməkçisi olur. Bunların
hər ikisi keçədən
hazırlanmış gülüş doğurucu paltar geyərdilər.
Əvvəlcədən təyin edilmiş
müəyyən həyətlərdə və meydançalarda Kosa,
köməkçisi və camaatın iştirakı ilə
belə bir oyun
oynanılırdı. Kosa gülməli hərəkətlərlə
əlini qarnına vurub, paltarını
göstərərək, camaata müraciət
edib, pay istəyirdi. Camaat gülərdi, çünki
onun paltarı çox
köhnə və cırıq olardı. Bundan
sonra oyunda iştirak edənlər
əl vurardılar. Bu tərifdən ruhlanan Kosa şit
hərəkətlər edər, məğrur gəzər və
camaatı güldürər, oxuyar və
tamaşaçılardan pay istəyərdi.
Lakin heç kəs ona pay verməz, Kosa pərt olaraq, kənarda
dayanardı. Caamat sakitləşərdi. Bundan sonra Kosa
ilə köməkçi arasında belə bir
səhnəcik göstərilərdi. Kosa ağlayardı, köməkçi
onun nə üçün
ağladığının səbəbini soruşardı. Kosa uzun səfərə
gedəcəyini, lakin bunun
üçün pulu
və yeməyi olmadığını camaatın isə ona yardım etmək istəmədiyini söyləyərdi.
Kosa uzun səfərə gedəcəyini söyləyir
və ona xərc toplamağı
keçidən xahiş edir.
Keçi ağzına balaca
bir çubuq alır,
bəyirə-bəyirə adamlara
yaxınlaşır və hərənin əlinin üstünə
bir dəfə vururdu.
Hərə bacardığı qədər pul
və pay verirdi. Keçi yığdığı şeylərin
hamısını Kosaya verərdi. Kosa bunları köməkçisi ilə
bölüşərdi. Keçiyə heç
nə verməzdilər. İndi də keçi ağlamağa
başlardı, uşaqlarının ac və
çılpaq olduğunu söyləyərdi.
Bu tərəfdən də məclisə
mələyə-mələyə iki keçi balası gələrdi. Onlar, doğrudan da, çox yoxsul bir geyimdə
olardılar. Keçinin balaları və özü Kosaya yalvarardılar, təzədən camaatdan pay toplayardı, Kosa bunları da onun əlindən alardı. Nəhayət, Kosa ilə keçi dalaşardı.
Kosa keçini məclisdən
çıxarıb qovardı. Kosa süfrə
qabağı dincəlmək üçün
ağacın altında uzanıb yatardı, köməkçisi
isə ya gəzməyə gedər, ya da başqa
işlə məşğul olardı. Onun
bu hərəkətləri gülüş doğrurdı...
Keçi köməkçinin
başının qarışıq olmasından istifadə edərək,
Kosaya yaxınlaşır və qəflətən
onu vurub öldürərdi.
Camaat Kosanın ölümünü,
keçinin intiqamını
alqışlayardı. Keçi yenə
köməkçiyə görünmədən
çıxıb gedərdi. Bundan sonra köməkçi Kosaya
yaxınlaşar, onu oyatmağa
çalışardı. Köməkçinin ölmüş Kosanı oyatmaq
istməsi olduqca gülməli olardı.
Göründüyü kimi, burada
qarşı-qarşıya qoyulan iki surət
vardır: birisi Kosa, o birisi isə keçidir. Kosa
qışın, keçi isə
yazın, baharın rəmzidir. Kosanın çılpaq, tüksüz olması qışda təbiətin
öz yaşıl paltarını soyunması
ilə üzvi surətdə
bağlıdır.
Məişət
nağıllarımızda mənfi qəhrəman kimi tanıdığımız Kosaya münasibət necədirsə, burada da, rəmzi olaraq, qışı təmsil edən Kosa eyni cür
təsvir edilmişdir, insanları soyan, ac qoyan,
istismar edən mənfi bir
tipdir. Məişət
nağılarımızın müsbət qəhərəmanları
olan keçəllə keçi
arasında da müəyyən
yaxınlıq vardır. Hər ikisi intiqam
alandır.
Maraqlıdır ki,
Novruz bayramından sonra
da qışın keçi
üzərinə hücumu, onu məğlub etmək, balalarını ac-susuz qoymaq arzusu davam edir.
Lakin qış əvvəlki kimi açıq-açığına, hucuma keçə bilmir, o, xəyanətə əl atır. Belə ki, Novruzdan on
beş, iyrimi gün sonra xalq arasında “qarının borcu”
adlanan soyuq və çovğunlu gündən
danışardılar. Guya bu, qışın sonuncu
hücumudur... Guya
qış baharı aldadar, ondan üç gün borc alar,
məqsədi də keçinin
balalırını öldürməkdir. Qışın məğlub
olması, onu baharın əvəz etməsi
keçini sevindirir, o, balalarını açıq havaya çıxarır (bəzi rayonlarda keçinin
balaları əvəzinə, qarının oğlaqları, deyilir) bahar günəşi
keçi balalarını sevindir,
hətta qarı nənə “mart
gözünə barmağım, yazı çıxdı otlağım”
- deyir. Bu zaman qış borc
aldığı üç günü “işə salır”, tufan qoparır... keçinin
balarının bir neçəsi çovğuna düşüb
ölür. Məhz buna
görə də, xalq arasında
“qarının borcu” ifadəsi
yaranmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Novruz
bayramının bütün dünya azərbaycanlıları arasında azərbaycançılıq
hissləri yaratdığını göstərərək demişdir: “Novruz həm də
xarici ölkələrdə yaşayan azərbaycanlıların milli birlik
bayramıdır. Ölkə hüdüdlarından kənarda yaşayan bütün azərbaycanlılar bu bayramı böyük sevinc və qürurla qeyd edirlər. Novruz şənliklərində
yaranan xoş
ünsiyyət onları həm bir-biri ilə,
həm də doğma Azərbaycanla daha sıx bağlayır, hər bir soydaşımızda milli
mənlik şüurunu, azərbaycançılıq
hisslərini və duyğularını gücləndirir. Bu bayram şənlikləri
azərbaycanlıları Vətənə, ata-baba
yurdları Azərbaycana, milli köklərə
daha sıx bağlayır.
Xalqımızın Ümummilli Lideri Heydər
Əliyev tərəfindən əsasları yaradılmış
və möhkəmləndirilmiş Azərbaycan dövləti
getdikcə qüdrətlənir. Dövlət və
cəmiyyət həyatının bütün
sahələri qabaqcıl dünya
standartına uyğunlaşdırılır, demokratik
dəyərlər, insan hüquqları daha dolğun təmin olunur. İqtisadi sahədə
inkişaf artır, əhalinin sosial rifahı yüksəlir. Cəmiyyətimizdə
milli birlik, sosial həmrəylik güclənir. Vətəndaşlarımızın
nikbin əhvali-ruhiyyəsi, sabaha inam hissi
artır. Əhalinin ən müxtəlif təbəqələri,
sosial qrupları arasında əməkdaşlıq
və həmrəylik möhkəmlənir.
“
VAHİD
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-
2012.- 14 mart.- S. 14.