Azərbaycançılıq və aşıq sənəti

Xalq yaradığıcılığının əhəmiyyəti haqqında vaxtilə klassik alman filosofu deyirdi: “Bədii əsər hamının var-dövlətidir, elə bil, hamının əsəridir. Hər nəsil onu gözəlləşdirib, sonrakı nəslə çatdırır, beləliklə, mütləq (ümumi) şüurun azadlığı üçün çalışmağı davam etdirir. Kimlər dahi adlandırılıbsa, elin birgə obrazlarını özlərinə əsər eləməkdə xüsusi sənətkarlıq qazanıblar... onların yaratdıqları özlərinin uydurması deyil, bütün xalqın uydurmasıdır, bu nailiyyət xalqın öz mahiyyətini qazanması deməkdir”.

Professor Camal Mustafayev göstərir ki, bizim bədii varlığımızın tarixində kollektiv mahiyyətli el yaradıcılığını yaşatmaqda öncə ozanlıq şöhrətlənib, aşağı tarixi prototipi olan yüz illər elin istedadını özündə cəmləşdirib. Qopuz çalıb, dastan bağlayıb, söz qoşub, mahnı oxuyub, dinləyicilərinin qəlbini, zehnini işıqlandırıb. Ozanlıq özünün yetkin mərhələsini Dədə Qorqudun timsalında tapdı. Dədə Qorqud özündən əvvəl yaşamış ozanların bədii nailiyyətlərini, başlıcası isə, dastançılığı sistemləşdirdi. Qopuzçu, dastançı, şair, el müdriki kimi tarixə düşdü. Dədə Qorqud ozanlığın yolunu yaxşını yamandan seçməkdə, həyatı təsdiqləməkdə, insanları sevdirməkdə gördü: “Qolça qopuz götürüb, eldən-elə, bəydən-bəyə ozan gəzər, ər comərdin, ər nakəsin ozan bilir elinizdə çalıbaydan ozan olsun, azıb gələn qazayı Tanrı sovsun...”.

Ozan adı sonralar aşıq adı ilə əvəz oldu. Bu isə müsəlman Şərqində geniş yayılmış eşq fəlsəfəsi aşılayan lirikanın təsirindən gəlirdi. Şərq lirikasında “aşiq” anlayışı özlüyündə eşq yolçusu, ilahi eşqə tapınan mənası daşıyırdı.

Aşiq üçün varlığın canı, vəhdəti Tanrı eşqinə bağlıdır. Varlığı qəlbin gözüylə sezmək onda Tanrını sezmək deməkdir. Öz “mən”ilə Tanrının vəhdətini bu yolla anlamaq deməkdir. Belə sevgi ötəri həvəslərdən uca dayanmağı tələb edir. Bunun üçün eşqin dönməz yolçusu, cəfakeş olmaq gərəkdir. Aşıq aşiqlərin qəlbini, yolunu işıqlandıran Tanrı işığı sayılırdı. Aşiq, eşq, işıq anlayışlarının qarşılıqlı bağlılığı təsadüfi deyildi. Cəfakeş aşiqlərin obrazı yandıqca ətrafına işıq saçan şam obrazına bənzədildiyi yaxşı bəllidir. Şərq şairlərinin bu bənzətməsinin Hegel estetik baxımdan çox maraqlı ümumiləşdirmiş, gözəl mənalaşdırmışdır. “Şam gəlmək, həm ağlamaq öyrədir, o, alov içində sevinc işığı ilə gülür; ancaq, bununla belə, o, qaynar göz yaşlarında əriyir, yana-yana öz ətrafına sevinc nuru saçır”.

Xəyalında Tanrı sevgisinə qapılan aşiq bütün iradəsini öz qəlbinin sirli həyəcanlarına cəmləşdirir. Öz mənəvi başlanğıcını - mənəvi sezməkdən zövq alır. Onu gerçəkliyin təzadlarına qarşı qoyur. Onun təsəvvüründə əsil gerçəklik elə öz qəlb dünyasıdır. Ona görə düşüncələrində təbiət, cəmiyyət motivləri zəif səslənirdi. Aşiqin rəmzlərlə dolu mücərrəd eşq fəlsəfəsini çox az başa düşə bilirdi. İndi belə onun mənasını, əsasən, mütəxəssislər yaxşı anlayırdılar. Ancaq “aşiq”in ozanlığa gətirilməsi, “aşıq” kimi sabitləşməsi burada mahiyyətcə dəyişiklik yaratmadı. Doğrudur, aşıq poeziyasında Şərq lirikasının təsir izləri var. Aşıqlardan neçələri eşq fəlsəfəsinin rəmzlərindən bəzən istifadə etmişlər. Bu rəmzlərin mənasını açmaq üçün ayrıca araşdırma aparılmışdır. Bununla belə, kənar təsirlər ozanlığın təbiətini dəyişə bilmədi. “Ozan”ın “aşıq”la əvəz olunmasına baxmayaraq, aşıqlıq elə yaxınlıq baxımından ozanlığın yolunu yaşadırdı. Öz sosial təbiətinə görə aşıq, bir qayda olaraq, kəndli kütlələri içərisindən yetişirdi. Kəndli əməyinin çətinliklərini, torpağın, təbiətin nemətlərini uşaqlıqdan duyurdu. Aşıq yaradıcılığı şifahi xalq ədəbiyyatının ən böyük və zəngin qolunu təşkil edir, aşıq poeziyasının yaradıcıları xalq sənətkarları - aşıqlardır. Dahi bəstəkarımız Üzeyir Hacıbəyov “Aşıq sənəti” məqaləsində yazır: “Aşıq xalqın ən sevimli nəğməkarıdır. Aşıq sənəti... xalqa, kütlələrə daha yaxındır, xalqın həyəcan və arzularını, xalq musiqisinin başqa növlərinə nisbətən daha parlaq əks etdirir; aşıq ictimai mövqeyinə görə kəndliyə, zəhmətkeş xalqa yaxındır...aşıq sənəti xalqın öz yaradıcılığıdır”. Aşıqlar həmişə, hər zaman xalq kütlələrinin ən sıx, ən gur yerlərində yaşamış, xalqın həyat və mübarizəsi onların yaradıcılığı üçün bir mənbə olmuşdur. Bu el sənətkarları əsrlər boyu xalqın kədəri ilə kədərlənmiş, sevinci ilə sevinmişdir. Azərbaycan kəndlərində heç bir məclis toy, şadlıq məclisi aşıqsız keçməmişdir. Folklorşünas alimlər İ.Babayev və P.Əfəndiyev göstərir ki, aşıqlar xalq arasında yalnız qoşma, gəraylı deyən, dastan söyləyən el sənətkarları kimi deyil, həm də humanist, müdrik və zəki ustad, dar gündə yoxsulların dərdinə yanan, yol göstərən məsləhətçilər kimi də məşhur olmuşlar. Həm də aşıqlar ağlı, geniş dünyagörüşü, təcrübəsi, hazırcavablığı ilə də xalqın içərisində hörmət qazanmışlar. Aşıqlarımızın bir çox şeirləri, xalqa ağıl, kamal, yaxşılıq və ədalət təlqin edən gözəl nümunələrdir”. Akademik F.Qasımzadə “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi əsərində yazır: “Xalq aşığı əlində sazı kəndləri dolaşır, toylarda, bayram və ayinlərdə, elin qurduğu keyf və şadlıq məclislərində iştirak edir, saz çalır, nəğmə və dastan qoşur, oxuduğu lirik şeirlərlə xalqın ruhuna və əxlaqına nəcib duyğular aşılayır. Saz aşığı bütün varlığı ilə xalqa bağlıdır. O öz xalqı ilə bir yerdə qaynayıb-qarışır, onun sevinc və kədərinə şərik olur, onunla birgə nəfəs alır”.

Görkəmli maarifçi H.B.Zərdabi 1906-cı ildə “Həyat” qəzetində nəşr etdiyiBizim nəğmələrimiz” məqaləsində azərbaycançılıq ruhunun aşılanmasında aşıq sənətinin müstəsna rol oynadığını qeyd edir: “...Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyilən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz. Ələlxsus, nəğmələr ilə ki, xoş sövt ilə oxunur. Bunun səbəbi odur ki, Qafqaz yerlərinin xüsusiyyəti belədir. Bizim, cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, abu-havası və az zəhmət ilə bol məhsul götürən əhalisini cuşa gətirib bu hala salır.  Aşıqlar toylarda oxuyanda, onlara qulaq asanlara baxın. Bu zaman qulaq asanlar elə hala gəlirlər ki, bəistilahi-türk, ətin kəssən də xəbəri olmaz. Elə ki, sonra toy qurtardı, aşıqlar evlərinə getdi, beş-on gün uşaqlar gecə-gündüz oxuya-oxuya gəzirlər və bir-birinin qələtlərini düzəldirlər”. Aşıq sənəti sinkretik sənətdir. Akademik T.Ə.Bünyadovun fikrincə “Bir neçə sənət növünü cəmləşdirən, uzaqlaşdıran, çarpazlaşdıran və xalqa çatdıran bu sinkretikliyin tarixi çox qədimlərə gedib çıxır. Bu şaxəli, qollu-budaqlı sənətdə musiqi, ifaçılıq, rəqs və şeir bir-birini tamamlayır, tamamlığını sübuta yetirir. Ona görə də aşıq sənəti şərəfli olduğu qədər də çətin, mürəkkəb və son dərəcə ustalıq, həssaslıq, mahirlik tələb edən sənətdir”.

Xalq yazıçısı Mirzə İbrahimov doğru qeyd edir ki, “Aşıq poeziyası xalq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında bir keçiddir, möhkəm bir körpüdür. O, bir tərəfdən xalq yaradıcılığına bağlıdır. O biri tərəfdən yazılı ədəbiyyata, həm bununla, həm də onunla qarşılıqlı əlaqə və təsirdə inkişaf etmişdir. Onun kökləri, budaqları, qol-qanadları həmişə ədəbiyyatla qovuşur, ona təsir edirondan qüvvət alır”. Folklorşünas alim, professor Vaqif Vəliyev “Azərbaycan folkloru” əsərində göstərir ki, aşıq poeziyası ağızdan-ağıza, əsrdən-əsrə keçərək, bu dövrə qədər gəlib çatmışdır.  Bu müddət ərzində həmin şeirlər xalq yaradıcılığının başqa nümunələri kimi həm ideya, həm də forma-sənətkarlıq nöqteyi-nəzərindən işlənib dəyişdirilmiş, onu yaşadan xalqın, xalq aşıqlarının arzu, dilək və əməlləri ilə yoğrulmuşdur. Ona görə də, əsrlər boyu xalqın məclisini bəzəyən hər bir aşıq şeiri son bənddə imzası yazılsa belə, ümumi xalqın malı kimi yaşamış və böyümüşdür. Doğrudur, şeirlər folklorun başqa janrlarına nisbətən az dəyişikliyə uğramışdır. Ancaq hər halda, dörd-beş əsr şifahi dildə dövr edən əsərlər, əsrin, zamanın hadisələri ilə əlaqədar olaraq müəyyən dəyişikliyə uğramamış deyildir. Aşıq poeziyasının bu xüsusiyyəti ilə əlaqədar böyük ədibimiz C.Cabbarlının hələ nəşr olunmamış məqalə-tezislərində verilən aşağıdakı maddələr xüsusi ilə diqqətəlayiqdir. Ədib göstərir ki, aşıq kənddə toydadır, el onu alqışlayır, sonra o, teatra gəlib çıxır. Burada konsert zamanı “Əsli və Kərəm” operasından bir ariyaya qulaq asır, bütün tamaşaçılar beynəlxalq nömrəni alqışladığı halda, aşıq hirslənir və musiqinin düz çalınmadığını söyləyir, dava edir ki, o, havanı mən yaratmışam, düz çalmırlar, özü də başqasının adına çıxırlar. Aşıqdan soruşanda ki, sən kimsən, o belə cavab verir: mən aşığam, mən xalqam! C.Cabbarlı aşığın dili ilə “mən aşığam, mən xalqamdeyir. Bu, çox diqqətəlayiqdir. Aşıq elin sənətkarıdır. Xalq içərisinə keçən hər bir aşıq şeiri, bayatı, dastan və melodiyası dildən-dilə düşmüş, işlənmiş, təmizlənmiş, xalqın arzu və ideyalarının gözəl ifadəsinə çevrilmiş, beləliklə də, xalqın malı, xalqın yaradıcılığı kimi yaranmış və yaşamışdır.Koroğlu” dastanında aşıq sənətinə aşağıda daha böyük və hörmət bəslənir. Koroğlunun başçılığı altında xalqın müdafiəçiləri-qəhrəman dəlilər öz cəmiyyətini yaratmışlar. Burada onlar mərdlik, kişilik qanunları şəraitində yaşayırlar, bu cəmiyyətdə düzlük, həqiqət hökm sürür, yalana, ikiüzlülüyə, qorxaqlığa yer yoxdur. Burada yalnız fiziki deyil, mənəvi qüdrətin artırılmasına da qayğı göstərilir. Onların qəhrəmanlığı təbii istedadlarından ayrılmazdır. Onlar, hər biri sinədən şeir deməyi, yaxşı mahnı oxumağı, sazda çalmağı bacarırlar. Xalq qəhrəmanı Koroğlunun özü, eyni zamanda, görkəmli şair və aşıqdır (o, bunlarla həmişə də çox öyünür). Təsadüfi deyildir ki, məşhur türk tədqiqatçısı M.Fuad Körpülü özününTürk saz şairləri XVI və XVII əsr saz şairləri” əsərində yazır: “XVI əsrin sonlarında Koroğlu adlı bir az şairi böyük bir şöhrət qazanmışdır. Şeirlərini dolduran səmimi əda, coşğun lirizm Cəlali dövrünün ümumi təmayüllərinə uyğun xüsusi bir qəhrəmanlıq ruhu onun əsərlərini əsrlərcə yaşatmış və tarixi şəxsiyyəti unudularaq dastani bir mahiyyət almışlar”.

Koroğlunun aşıqlığının və şairliyinin məzənnəsinin onun qəhrəmanlığından heç də “yüngül” gəlmədiyinə görədir ki, bəzi tədqiqatçılar səhv olaran şair Koroğlunu qəhrəman Koroğludan ayırmağa cəhd edirlər. Məsələn, türk tədqiqatçısı P.N.Boratavın fikrincə, XVI əsrdə biri cəlalilər hərəkatının iştirakçısı, digəri isə şair olan iki nəfər Koroğlu adını daşımışdır. Nizhət və Agah Sirri, Ləvənd Mithət Sədullah Səndərin kimi müəlliflər isə düzgün olaraq şair Koroğlunu yenilməz cəngavər Koroğludan ayırmamışlar.

Folklorşünas alim A.Nəbiyev sonuncuların fikrilə razılaşmış və bu fikri əsaslandırmaq üçün tarixə müraciət edərək, Şərqdə bir çox sərkərdələrin, o cümlədən, Şah İsmayıl Xətainin də həm döyüşkən bir dövlət başçısı, həm də şair olduğunu xatırlatmışdır.

Bizcə, bu fikirlə razılaşmaq olar, şair Koroğlunun qəhrəmanlıq şeirləri dastanın ümumi ruhuna elə hopmuşdur ki, bunu əsərin qayəsindən, qəhrəmanlıq ideyalarından ayırmaq olmaz, qəhrəman Koroğlu ilə şair Koroğlunun vəhdəti məhz bu dastanın 300 ildən bəri şöhrət qazanmasının əsas səbəblərindən biridir.

Professor Camal Müstafayev aşıq sənətinin milli ruhu aşılamasındakı rolundan bəhs edərək yazır: “Ozan misilli əsil aşıq hərtərəfli istedadına malik olub. Saz çalmağı, söz oxumağı, şairliyi, dastan düzüb söyləməyi, el ağsaqqallarını ustalıqla bacarıb. Doğma elin qarşısında məsuliyyət duyub, çətinliklərini bölüşüb, toylarını, bayramlarını sazla-sözlə bəzəyib. Sənəti, şəxsiyyəti kamil olan aşığın nüfuzunu baş əyiblər. “Yan duran, aşıq gəldi, elə yaraşıq gəldi”,”Aşıq gəlsin xan dursun, xan əyləşsin, xan dursun”, “aşıq qocalar gəzər, eldə ucalar gəzər”. Bu cür sözlərlə başlayan bayatılarımız elin sevimli aşığına dərin ehtiramını əks etdirirdi.

Aşıqlıq inkişaf etdikcə ədəbiyyatımızın, musiqi mədəniyyətimizin bəhrəli qaynağına, əhəmiyyətli tərkib hissəsinə çevrildi. Təkcə Azərbaycan deyil, başqa neçə-neçə ölkələrin, xalqların poeziyasına, musiqisinə öz təsirini göstərdi. Bu sənətin bir sıra yaradıcı ustaları parlaq şairlik istedadına görə xüsusilə seçilirdi”.

Aşığın estetik idealı dastançılıqda daha geniş bədii gerçəkliyini tapır, daha əyani olurdu. Burada xeyirlə şər, gözəlliklə eybəcərlik, mərdliklə nakəslik öz konkret daşıyıcılarının timsalında toqquşurdu. Əlbəttə, aşıq xeyirxah idealların daşıyıcılarını ucaldır, onlara rəğbət duyğularını oyadır, dinləyicilərinə sevdirir. Dastan danışığı aşıq sənətinin estetik qanuna-sazın, sözün, səsin vəhdətinə tabe edilirdi. Saz havaları üstündə oxunan qoşmalarla müşayiət edilən dastan ahəngdar bir axarla danışılırdı. Musiqinin, şeirin, danışığın həmahəngliyinin özü estetik gözəllik yaradır, dinləyicilərdə bədii təsiri gücləndirir.

Xalq şairi Səməd Vurğunun aşıqlıq sənətini bədii varlığımızda milli ruhu azərbaycançılığı yaşadan sağlam köklərdən sayırdı. Səməd Vurğun aşıq poeziyasından, el yaradıcılığından müasir tələblər səviyyəsində bəhrələnməyi tövsiyə edirdi.

Müasir mədəniyyətin nailiyyətlərini milli-mənəvi zəmində mənimsəməyi bəyənirdi. Gərək sənətkar öz əsərinin hadisələrini xalqın gözü ilə görsün, ürəyi ilə duysun, həyatından, mənəviyyatından, xalqın nəcib ideyalarından ayrı düşməsin. Gərək onun yaradıcılığında doğma torpağın nəfəsi yaşasın. Vurğun bu cür düşünür, bu cür yaşayır, yaradır və yüksək sənətinin müdrik sadəliyi üçün xalq yaradıcılığına, aşıq poeziyasına, aşıqlıq sənətinə borcluydu.

Azərbaycançılıq ruhunun aşılanmasında mühüm rol oynayan aşıqlıq sənətinə Azərbaycanda dövlət səviyyəsində qayğı göstərilir. Ulu Öndər aşıqlıq sənətinə yüksək qiymət verdiyi kimi, onun layiqli siyasi varisi ölkə Prezidenti cənab İlham Əliyev, Heydər Əliyv Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva da onu yüksək dəyərləndirir. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənəti YUNESKO səviyyəsində bəşəriyyətin qiymətli mədəni irsini təşkil edir.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

 Səs.- 2012.- 15 mart.- S.10.