Azərbaycançılıq və Novruz adətləri

 

Qeyd edildiyi kimi, Azərbaycanda ilin başlanmasının-yazın gəlməsinin bayram kimi qeyd edilməsi qədim bir tarixə malikdir.  Yaz bayramının zərdüştlərin daha geniş və təntənə ilə qarşılaması dini etiqada görə, Ahuraməzdənin Anqramanyu üzərində qələbə əldə etməsi ilə izah edilirdi. Yaz bayramının Novruz adlanması  ilk orta əsrlərdən məlumdur. Qədim məlumatlardan bu bayram çəşn-bahar bayramı adlandırılmışdı. Ömər Xəyyamın “Novruznamə” əsərində Novruz bayramının tarixindən söhbət gedərkən deyilir: “Novruzun yaranmasının birinci səbəbi odur ki, həmin gündə Günəş dövrə vurub 365 gün altı saatdan sonra öz yerinə qayıdır.” Yaz bayramı haqqında yazılı məlumat e.ə. 505-ci ildə məlum olmuşdur. Novruz bayramı mərasimi haqqında bəhsə başlamazdan əvvəl icra edilən şənlik və bəzi adətlərdən danışmaq lazımdır. Bu adətlər çərşənbə axşamı və xüsusi ilə axır çərşənbə axşamı  mərasimində qabarıq şəkildə əks etdirilir.  Bu mərasimdə əsas yeri odla əlaqədar adət və ayinlər tutur. İlin axır çərşənbəsində xalq arasında müxtəlif adətlər olmuşdur. Həmin adətlərdən biri də həyətlərdə tonqal qalamaqdan ibarətdir. Tonqal yandırılarkən ailə üzvləri onun ətrafında toplanıb şadlıq edər, tonqalın üstündən tullanardılar. Tonqal mərasimi qurtardıqdan sonra qulaq falına çıxardılar.

Şal sallamaqbunun digər forması olan qaşıqla kasa çalmaq axır çərşənbə ilə əlaqədar olan adətdir. Bu, axır çərşənbə ilə əlaqədar olan adətlərin içərisində ən qədimlərindən biridir.

Bayram günlərində müxtəlif əyləncələr, o cümlədən, zorxana səhnələri, çofgən, çərəq oyunları, oxatmas. yarışlar da keçirilirdi. Novruz bayramı nəinki orta əsrlərdə, hal-hazırdı xalqımızın həyatında özünəməxsus yer tutmuşdur.

Doğma torpaqlarımızdan uzaqlaşdıqca, onları alıb getdikcə, elə bil birliyimiz və mehribanlığımız pozuldu. Öz keçmişimizdən, gözəl adət və ənənələrimizdən uzaqlaşa-uzaqlaşa özümüz də dəyişdik, başqalaşdıq. Amma atalar yaxşı deyib, ziyanın yarısından da qayıtmaq xeyirlidir. Gəlin, hələ nə qədər gec deyil, nə qədər ki, hələ yaddaşımızda qalanların hamısını itirməmişik, qayıdaq yaddaşımıza, özümüzü özümüzə qaytaraq. Bunun üçün adət-ənənələrimizi, mərasimlərimizi bərpa etmək bizə bu gün nə qədər fayda verərdi. Bu mərasimin sıralarında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Özübu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu Zərdüştün dini təlmində qeyd olunan yeddi bayramın ən təntənəlisi, fars mənbələrində “Novruz” (Yeni gün) adı ilə qeyd olunanıdır. Bu bayramda varlı-kasıb, eyni şəkildə, eyni hüquqla iştirak etmiş, umu-küsünü unudub dostluq münasibətlərini möhkəmləndirməyə çalışmışdır. İstər qədim, istər orta əsrlər, istərsə də sonrakı dövrlərdə xalqımız Novruzu on əziz gün kimi gözləmişdir. Novruz ənənəsi xalqımızın ruhuna o qədər hopub ki, hətta 70 illik imperiya dəhşəti də onu sarsıda bilmədi. Şükürlər olsun ki, xalqımız bu günNovruz sevinclərini yaşamaqdadır.

Folklorşünas alim, professor Azad Nəbiyev Novruz adətlərinin azərbaycançılıq hissinin aşılanmasında oynadığı roldan bəhs edərək yazır: “Xalq özünün həyat, sağlamlıq, təmizlik, əmək vərdişi ilə bağlı bir çox ayin, etiqad və mərasimini Novruzla bağlamış, beləliklə də, onların el içərisində geniş yayılmasına və kütləviləşməsinə nail olmuşdur. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Bu bayramda hamı özünə təzə paltar alar, təzə paltar tikdirər, qız-gəlinə təzə çəkmə, qırmızı don geydirərdilər.

Novruz adətlərində ulu babalarımızın ən müdrik dünyagörüşü-humanist baxışları, həlim, qayğıkeş təbiəti özünü göstərir. Bu nümunələrdə xalq gigiyenasının əhəmiyyəti, onun təbliği, yaxşılıq, xeyirxahlıq, Vətəni sevmək və s. kimi yüksək mənəvi-əxlaqi keyfiyyətlər əks olunmuşdur.”

Novruz adətləri aşağıdakılardır:

Novruza hazırlıq görərlər.

Novruzda həyət-bacanı təmizləyərlər.

Novruzda evləri şirələyər, paltar-palazı təmiz suya çəkərlər.

Novruza qədər ağacların dibini bellərlər.

Novruza qədər ağacların quru budaqlarını kəsib atarlar.

Novruzda səməni göyərdərlər.

Novruzda unnuq çəkərlər.

Novruzda səməni halvası bişirərlər.

Novruzda niyyət eləyərlər.

Novruzda Novruz süfrəsi açarlar.

Novruzda tonqal yandırarlar.

Novruzda  üzərrik yandırıb tüstüsünü mal-qaraya, oğul-uşağa, ev-eşiyə verərlər.

Novruzda təzə paltar alarlar.

Novruzda qız-gəlini təzə donla sevindirərlər.

Novruzda ox atmağa hazırlaşarlar.

Novruzda at çapmağa tədarük görərlər.

Novruzda şənliklərə gedərlər.

Novruzda Novruz xonçası bəzəyərlər.

Novruzda yumurta boyayarlar.

Axır çərşənbədə uşağa beşik düzəldərlər.

Axır çərşənbədə gün çıxmamış su üstündən atlanarlar.

Axır çərşənbədə tonqal yandırarlar.

Axır çərşənbədə qorxanların başından su töküb qorxuluğu alarlar.

Axır çərşənbədə kəlin buynuzuna qırmızı bağlarlar.

Axır çərşənbədə sağmal malın buynuzuna qırmızı bağlarlar.

Axır çərşənbədə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlarlar.

Axır çərşənbədə evdən pul verməzlər.

Axır çərşənbədə qonşuya ələk verməzlər.

Axır çərşənbə günü borc  un verməzlər.

Axır çərşənbə günü şam yandırarlar.

Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər.

Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırarlar.

Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər.

Axır çərşənbə günü evdən ağartı verməzlər.

Axır çərşənbə günü zahı üstünə getməzlər.

Axır çərşənbə günü evdən çörək verməzlər.

Axır çərşənbə gecəsi tez yatmazlar.

Axır çərşənbə gecəsi evdə qazan asarlar.

Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.

Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamların adını çəkib “filankəslərin adına qazan asdım” deyib qazana bişmək üçün ət, yaxud düyüs. tökərlər.

Axır çərşənbə günü ertədən lampa yandırarlar.

Novruzda qəmgin oturmazlar.

Novruzda Novruz süfrəsi açarlar.

Novruzda noğul, şəkər düzəldib süfrəyə qoyarlar.

Novruzda qoz, fındıq alar, xonçayaya süfrəyə qoz ləpəsi ilə armud qaxı qoyarlar.

Novruzda səməni göyərtmək düşməyən evə səməni apararlar.

Novruzda damlarda çalğı düzəldərlər.

Novruzda qız seçməyə çıxarlar.

Novruzda qıza mətləb açarlar.

Novruzda təzə paltar geyinərlər.

Novruzda küsülü qalmazlar.

Novruzda qohum-qardaş yığışıb qonaq gedərlər.

Novruzda nişanlı qıza bayram payı apararlar.

Novruzda söyüş söyməzlər.

Novruz axşamı qarğış eləməzlər.

Novruz günü ata-ananın qəbrini ziyarət edərlər.

Novruz axşamı evdə ailə üzvlərinin sayına görə şam yandırarlar.

Novruzda qeybət qırmazlar.

Novruzda qohum-qardaşa, tanış-bilişə mehribanlıq eləyərlər.

Novruz günü alver eləməzlər.

Novruz günü başqası barədə pis söz danışmazlar.

Novruzda şirni paylarlar.

Novruzda atı-iti vurmazlar.

Novruz günü mollaya getməzlər.

Novruz günü dua yazdırmazlar.

Novruz günü evə nərgiz gətirməzlər.

Novruz günü evdə nərgiz qoymazlar.

Novruz günü novruzgülü dərərlər.

Novruz günü təzə yarpız yığarlar.

Novruz günü ilanı vurmazlar.

Novruz günü qızlar qırmızı geyinərlər.

Novruz günü evin sahibi evdə olar.

Novruz günü sağmal mal-qaranı oxşayarlar.

Novruz günü dalaşmazlar.

Novruz axşamı bacadan sallanan torbaya pay qoyarlar.

Novruz axşamı qapıya atılan papağı boş qaytarmazlar, ona Novruz xonçasından pay qoyarlar.

Novruz günü xəstə yatanlara pay göndərərlər.

Novruz günü elin ağsaqqallarına Novruz şirniyyatı göndərərlər.

Novruzqabağı qovurğa bişirərlər.

Novruzqabağı xonça tutarlar.

Novruzqabağı tüfəngləri silib təmizləyərlər.

Novruzqabağı yumurta bəzəyərlər.

Novruzqabağı Novruz şənlikləri düzəldərlər.

Qədim dövrlərdən Odlar Yurdunun sakinləri baharın gəlişini, yeni gün - Novruz bayramı kimi qeyd etmişlər. Azərbaycanın ən qədim mədəniyyət dövrünə aid olan Novruz ulu babalarımızın yaşadığı zamanlardan başlayaraq, xalqımızın həyatında unudulmaz bir yer tutmuşdur. Azərbaycan bu bayramı həmişə digər bayramlardan üstün tutmuşdur. Novruz bayramı münasibəti ilə bir sıra rəvayət əfsanələr uydurulmuşdur. Ehtimal ki, bu bayram haqqında İran yazılı mənbələri İran-Yunan müharibələri zamanı məhv olmuşdur. Prof. Neldski qeyd edir ki, “Novruz bayramı, baharın gəlişi ilə əlaqədar xalq bayramıdır”. Ərəblər sasanilərdən sonra bu bayramı yenidən rəsmiləşdirməyə can atmış bəzi adətlərinə dini don geyindirmişlər. Bu da vergi toplanmasını nizama salmaq məqsədi daşıyırdı. Buna baxmayaraq, din Novruz bayramını əvvəlki köklərindən ayıra bilmədi o, sevimli bir bahar bayramı kimi məişətdə bu günədək davam edir.

Alimlərimizdən M.Arif M.Təhmasib sübut etmişdir ki, Novruz bayramı bahar bayramıdır, onun meydana gəlməsi, adətləri islam dini ilə əlaqədar deyildir. M.Arif yazmışdır: “Öz kökləri ilə qədim Aazərbaycanın Midiya mədəniyyəti dövrünə aid olan Novruz adətlərinin Azərbaycan xalqı içərisində uzun zamandan bəri davam edib gəlməsinin səbəbi, hər şeydən əvvəl, onun təsərrüfatla bağlı, xalqın əmək məişəti ilə əlaqədar olmasıdır... Qədim Azərbaycanda yeni il baharın ilk günündən başlayırdı. Mart ayına mütabiq olan Fərfərdin ayının birinci günündə Novruza yeni il deyirdilər ki, bu da baharın ilk günü idi”. Novruz haqqında təkcə bunu qeyd etmək kifayətdir ki, islam dini ilə əlaqədar olan dini bayramlar kədər matəm olduğu halda, Novruz - şənlik sevinc bayramıdır. Novruz bayramı, eyni zamanda, dostluq, xeyirxahlıq. mehribanlıq bayramıdır.

Ölkə Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: “Novruz bayramını hər kəsin öz ev-eşiyində, ocağı başında qeyd etməsi xalqımızın gözəl adətlərindəndir. Təəssüflər olsun ki, torpaqlarından didərgin salınmış qaçqın məcburi köçkünə çevrilmiş həmvətənlərimiz bayramı bu il öz doğma yurdumuzda qarşılaya bilmirlər. Əminik ki, ata-baba ocağından didərgin düşmüş soydaşlarımızın bu bayramı öz doğma torpaqlarında qeyd edəcəyi gün uzaqda deyildir. Mən bayram münasibəti ilə qaçqın məcburi köçkünləri Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda öz sağlamlığını itirmiş əlil olmuş insanları, şəhid ailələrini, habelə, sərhədlərimizin keşiyində duran, ölkəmizin mühafizəsini təmin edən əsgər zabitləri təbrik edir, onlara ən xoş arzularımı çatdırıram”.

 

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

 Səs.- 2012.- 16 mart.- S.14.