Azərbaycan
muğam-caz hərəkatının memarı
Bu gün dünya şöhrətli caz ustası Vaqif
Mustafazadənin doğum günüdür. 16 mart 1940-ci
ildə anadan olan sənətkar ifası, novatorluğu ilə
Azərbaycan caz musiqisinə yeni, orijinal üslub gətirərək,
yaşadığı qısa bir zaman məsafəsində
dünyanı heyrətləndirə bildi.
Yaradıcılığa kiçik yaşlarından
başlayan Vaqif Mustafazadənin sənət uğurları məhz
onun sənət səhifələrini bəzədi. Belə
ki, sənətkar musiqisi ilə dünyaya səs saldı. Onun
adı Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin
yaradıcısı olaraq sənət tarixinə həkk
olundu. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz
musiqisi ilə sintezini yaratdı. Onun yeni devizi caz-muğam kimi
qiymətləndirildi. Sənətkarı Azərbaycan
muğam-caz hərəkatının memarı da adlandırırlar.
Vaqif Mustafazadə zaman anlayışına
sığışmayan bir insan idi. O, gözəl pianoçu
olmaqla yanaşı, həm də çoxsaylı caz əsərləri
yaratmış istedadlı bir bəstəkar kimi yaddaşlarda
iz salıb. Tərcümeyi-halında yer alan məqamlarda qeyd
olunur ki, onun atası Əziz hərbçi olsa da, musiqiyə
son dərəcə bağlı insan olub. Gözəl tar
çalmağı bacarıb. Anası Zivər xanım isə
ilk azərbaycanlı pianoçu qadınlardan biri olub.
Üzeyir bəy Hacıbəyli məktəbinin yetirməsi
olan Zivər xanım gözəl pianist olmaqla yanaşı,
muğamı bütün incəliyi ilə bilirdi. Belə bir
ailədə böyüyən Vaqifin istedadı, musiqiyə
olan qeyri-adi bağlılığı qətiyyən təəccüblü
deyildi. Onun bu meylini hamıdan tez anası Zivər xanım
duyur. Bu haqda Zivər xanım xatirələrində belə
yazırdı: “Hələ Vaqifin beş yaşı olanda, bir
dəfə ona Səməd Vurğunun “Vaqif” pyesindən bir
parça oxudum. Üstündən bir qədər keçməmiş
balaca Vaqif həmin parçanı olduğu kimi əzbərdən
dedi. O zaman hiss etdim ki, Vaqif böyüyəndə, qeyri-adi bir
insan olacaq. Sonralar onun piano arxasında saatlarla
çalışması mənim ümidlərimi
doğrultdu”. Uşaq yaşlarından oğlunu musiqiçi
görmək istəyən ananın ümidlərini
doğruldan Vaqif az keçməmiş onu heyrətləndirir.
Özü də pianoçu olan, saatlarla çalmaqdan
yorulmayan Zivər xanım Vaqifin az qala bütün gün ərzində
pianonun arxasından bir dəfə də qalxmamasına təəccübünü,
heyrətini, eyni zamanda, sevincini gizlədə bilmir. Həqiqətən
də, Vaqif görünməyən bir inadkarlıqla işləyirdi.
Bəzən barmaqları keyləşib işləməyənə
qədər pianonun şirmayı dillərindən əl
çəkmirdi. Onun bu inadkarlığı, yorulmadan işləmək
əzmi sonralar onun dadına çatır. Musiqi sahəsində
qazandığı uğurlara görə Vaqif, ilk növbədə,
öz anasına minnətdar idi.
On altı yaşında ikən Vaqifin həyatında ən
unudulmaz və əlamətdar günlərdən biri oldu. Məhz
həmin gün o, Bakı Filarmoniyasının böyük səhnəsində
Mendelsonun fortepiano ilə konsertinin birinci hissəsini məharətlə
ifa edərək, Azərbaycanın görkəmli dirijoru və
bəstəkarı Niyazini valeh etmişdi. Sonralar beynəlxalq
caz müsabiqələri və festivallarının laureatı
olur. Fortepiano və simfonik orkestr üçün konsertin,
“Muğam” simfoniyasının, bir sıra caz
kompozisiyalarının və pyeslərin müəllifidir.
1970-ci ildə “Leyli” vokal kvartetini yaradır. Qısa müddətdə
bu qrup bakılı musiqisevərlərin böyük rəğbətini
qazanır. Bir il sonra 1971-ci ildə bəzi səbəblərə
görə “Leyli” vokal qrupunun tərkibi və adı dəyişir.
Bu dəfə “Sevil” adlanan qrup tamaşaçılara daha
doğma, daha yaxın olur. Bu dövrdə müxtəlif
mahnı və melodiyaların caz üslubunda
yazılışları və videokliplərin təşkili
işləri üzərində işləyən Vaqif
Mustafazadə özünün həm də bacarıqlı,
öz işini gözəl bilən və düzgün yol
göstərən musiqi rəhbəri olmasını sübut
etdi. O öz kompozisiyalarında tez-tez dünya və Azərbaycan
klassiklərinin yaradıcılığına müraciət
edir və onlardan bəhrələnirdi. Azərbaycan bəstəkarlarının
əsərlərinə hədsiz rəğbət bəsləyən
Vaqif Mustafazadə dahi Üzeyir Hacıbəyovun sənətkarlığı
qarşısında baş əyir, Qara Qarayev, Fikrət Əmirov,
Niyazi kimi peşəkar bəstəkarların
yaradıcılığına böyük hörmətlə
yanaşırdı. Xüsusən,
ona dəstək verən, heç vaxt öz köməyini əsirgəməyən
unudulmaz bəstəkar Tofiq Quliyevin, eləcə də, Rauf
Hacıyevin və Pərviz Rüstəmbəyovun respublikada
caz musiqisinin yayılması sahəsində misilsiz fəaliyyətlərinə
görə, onlara minnətdar idi.
1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq
Caz Festivalında “Əzizəni gözləyirəm” musiqisinə
görə birinci mükafatı almışdır. 1979-cu ildə
Azərbaycanın əməkdar incəsənət xadimi
adına, 1982-ci ildə isə ölümündən sonra Azərbaycan
Dövlət Mükafatına layiq görülmüşdür.
O, fortepiano konsertlərinin, “Muğam” simfoniyası və
başqa fortepiano şedevrlərinin müəllifidir.
Lakin bütün bunlar Vaqifin öz övladlarından -
iki qızından ötrü həqiqi sənət
adamının nümunəsi və etalonu olmasına, onlara
gözəl tərbiyə və əla musiqi savadı verməsinə
mane olmadı. Gürcüstanda keçirilən “Tbilisi 78”
Ümumittifaq Festivalında Vaqif kiçik qızı Əzizə
ilə birlikdə çıxış edirdi. Bu festivalda
Vaqifin laureat adına layiq görülməsi, səkkiz
yaşlı Əzizəyə isə festivalın xüsusi
mükafatının verilməsi hər ikisinin qəlbində
hədsiz qürur və sevinc hissləri oyatdı. O vaxt Vaqif bəlkə
heç təsəvvür də edə bilməzdi ki, gənc
Əzizə onun arzularını həyata keçirəcək,
dünya şöhrətli musiqiçi olacaq. Təəssüf
ki, Vaqif dünya caz səhnəsində çıxış
edib öz məharətini göstərə bilmədi.
Dövrün sərt qanunları çoxlu maneçilik və
çətinliklər törədirdi. Yalnız bir dəfə,
1979-cu ildə Vaqifin Monakoda keçirilən Ümumdünya
Caz Musiqi Müsabiqəsinə göndərdiyi “Əzizəni
gözləyərkən” adlı kompozisiya, müəllifinin
bütün dünya musiqiçiləri ilə rəqabət
apara biləcəyini sübut etdi. Vaqif kompozisiyasının
müsabiqədə birinci yer tutması, özünün isə
dünya miqyaslı musiqiçilər arasında ən
yaxşı ifaçı adına layiq görülməsi xəbərini
alanda, bəlkə də ömrünün ən həyəcanlı
və xoşbəxt anlarını yaşadı. Müsabiqədə
qalib gəldiyinə görə ona hədiyyə kimi, sülh
və həyat eşqinin rəmzi, sırf musiqi rəmzi olan
“Ağ royal” verilmişdi. Azərbaycanda sosializm siyasətinin və
sərt qaydaların hökm sürdüyü, heç də
asan olmayan o illərə bu günümüzün
prizmasından baxanda, başa düşürük ki, Vaqif
Mustafazadə kimi qeyri-adi, heç kəsə bənzəməyən
pianoçu və bəstəkar üçün o dövrdə
yaşamaq və işləmək heç də asan
deyilmiş. Vaqif şəxsiyyətinin ətrafında həmişə
çoxlu mübahisə və polemikalar olub, onun
sağlığında da, ölümündən sonra da. O, zəmanəsinin
inqilabçısı və görkəmli şəxsiyyət
idi.
1979-cu il dekabrın 15-də Vaqif “Muğam” qrupu ilə
birlikdə Daşkənd şəhərində növbəti
qastrolda idi. Konsertin birinci hissəsi zamanı hiss etdi ki,
barmaqları sözünə baxmır, nəfəsi təngiyir.
Həkimlər konsertin davam etdirilməsini məsləhət
görmədilər, lakin Vaqif öz fikrindən dönmədi
və ikinci hissədə çox gözəl ifa edib,
çıxışını sona çatdırdı. Bu,
Vaqif Mustafazadənin, həyat eşqi və enerjisi ilə dolu
insanın, Azərbaycan caz musiqisinin əfsanəsi olan musiqiçinin
son konserti oldu.
Zümrüd
Səs.- 2012.- 16 mart.- S.12.