Azərbaycançılıq
ruhunun aşılanmasında sazın rolu
Azərbaycançılıq ideyası milli musiqi alətlərilə,
onların milli hissləri cuşa gətirən saz alətilə
sıx bağlıdır. Simli musiqi aləti olan saz azərbaycanlılar
arasında geniş yayılmışdır. Mənbələr
göstərir ki, qədimdə olduğu kimi, orta əsrlərdə
Tiflisdən tutmuş Gəncənin şimalında yerləşən
Alabaşlı stansiyasınadək sazdan, şəhərin cənubi
Kürək (Kür) çayından tutmuş Ovlaxa (Yevlaxa) qədər
olan sahələrdə isə tardan istifadə olunmuşdur.
Akademik T.Ə.Bünyadov “Əsrlərdən gələn
səslər” əsərində yazır ki, Şərq aləmində
sazın tarixi çox qədimdir. Bu cəhətdən
şumerlərə məxsus
Nipurdakı Belu məbədində gil parçası
üzərində rəsm xüsusilə qiymətlidir. Həmin
rəsmdə başı çalmalı bir çoban sinəsində
simli musiqi aləti tutub oturmuşdur.Onun qarşısında isə
it təsvir edilmişdir. Bu musiqi aləti körkəmcə
kiçik sazı xatırladır. Abidənin tarixi təxminən
eramızdan əvvəl II minilliyə aiddir. Deməli, Şərqdə
hələ 4 min il bundan əvvəl saz aləti
qoyunçuluqla məşğul olan əhali arasında
inkişaf tapmışdır. Təxminən 3 min illik tarixi
olan və xetlərə aid edilən başqa bir abidənin
üzərində saza oxşar rəsm verilmişdir. Ulu əcdadlarımız
olan mannalılara məxsus bir gümüş piyalə
tapılmışdır. Bizim eradan əvvəl VIII əsrə
aid olan həmin piyalənin üzərində babil geyimində,
ayaq üstə duran şəxsin əlində saza oxşar bir
simli musiqi aləti təsvir edilir. Təxminən 2800 il
yaşı olan bu simli musiqi aləti şumer və xet musiqi alətilə
yaxınlıq təşkil edir. Haqqında
danışılan musiqi alətləri müasir sazın əcdadı
sayıla bilər.
Əsəd Əliyevin fikrincə, sazın adına bir
sıra klassik şairlərin, o cümlədən, Nizami Gəncəvinin
əsərlərində də rast gəlirik. Şair “İsgəndərnamə”
əsərində yazır.
Müğənni, sazını sən cuşa gətir,
Çünki bülbül bağda sakit
oturmamalıdır,
Bəlkə mənim də ürəyimi cuşa gətirəsən,
Bəlkə mən lalı xuruşa gətirəsən.
Deməli, Nizaminin dövründə
(XII əsr) qədim bir musiqi aləti kimi sazdan istifadə
edirdilər. Hətta şair o dövrdə sazın yeddi pərdəsi,
beş simi olduğunu da göstərmişdir. Sazın beş
simli olduğunu XX əsrin əvvəllərində P.Vostrikov
da “Azərbaycanlılarda musiqi və mahnı” əsərində
qeyd etmişdir. Haqqında danışdığımız
sazın hazırlanma texnologiyası çox maraqlıdır.
Sazı xüsusi sazbəndlər, bəzən də
aşığın özü düzəldirdi. Bir sıra
Borçalı aşıqlarının - Aşıq Sadığın,
göyçəli Aşıq Əsədin, qazaxlı
Aşıq Məhəmmədin, tovuzlu Aşıq Mirzənin və başqalarının
sazlarını milli mənsubiyyətinə görə hasoru
olan məşhur qarayazılı sazbənd
bağlamışdır.
Xatırladaq ki, sazın əsas
hissələri tut, qolu isə qoz ağacından olurdu. Saz haqqında
yaxşı məlumatı olan adamların dediyinə görə,
sazı xurma ağacından da düzəldirdilər.
Aşıq Qurbaninin (XVI əsr) şeirinə istinadən demək
olar ki, onun sazı da xurma ağacından
hazırlanmışdır. O, bir şerində yazır:
Sazım, gəl mənimlə
danış,
Sənin əslin
ağacdandır,
Ağac dedim, bikef oldun,
Xurmadakı ağacdandır.
Sazbənd saz üçün,
lazım olan ağac materialını qabaqcadan kəsib gətirir
və qurudurdu. Ağac lazımınca quruduqdan sonra sazın
hissələrinə uyğun şəkildə
ölçülüb kəsilirdi. Demək lazımdır ki,
sazın çanağı əsas olduğuna görə, ilk
növbədə, onu hazırlayırdılar.
Saz sənətinin bilicilərinin
məlumatına və mənbələrə əsaslanaraq,
deyə bilərik ki, sazbəndlər də sazı bağlamaq
üçün onun qabırğasını yonub
hamarlayırdılar. Sonra isə həmin qabırğanı
suda qaynadırdılar ki, əyib-düzəltmək çətin
olmasın. Onu da qeyd edək ki, qabırğanın
ölçüsünə uyğun dəmirdən qəlib
düzəldirdilər və həmin qabırğanı qəlibə
salırdılar. Qabırğa bir müddət qəlibdə
quruyurdu. Bundan sonra qabırğa qəlibdən
götürülür və bir-birinə
quraşdırılırdı. Onları bərkitmək
üçün ağac çüydən və simlərdən
istifadə edirdilər. Əvvəlcədən
hazırlanmış qolu çanağa birləşdirir,
müəyyən temperaturda qurutduqları üzü isə
çanağa yapışdırırdılar. Sonra sazın
sinəsinə simlər düzülür, simlərin bir ucunu
sinə xərəyinə bənd edir, digər ucunu isə qol
xərəyindən keçirərək, aşıxlara
dolayardılar. Bütün bu prosesdən sonra saz
qayışdan asılırdı. Bununla da saz tam hazır
olurdu.
Bu, bir həqiqətdir ki,
sazın dil-dil ötməyində onun pərdələrinin
özünəməxsus yeri vardır. Borçalının adıbəlli
azman aşığı Hüseyn Saraclı sazın pərdələrinə
Azərbaycanın bu və ya digər bölgələrinin
aşıqlarından fərqli olaraq başqa cür adlar
vermişdir: 1. Sim pərdəsi-sim bağı, sim
sarığı; 2. Divani pərdə; 3. Lal-yetim pərdə;
4. Vəzir pərdə; 5. Vəkil pərdə; 6. Şah pərdə;
7. Xacə pərdə; 8.Çuxur pərdə; 9. Məsləhət
pərdə; 10. Cəllad pərdə; 11. Beçə pərdə;
12. Birinci tifil pərdə; 13. İkinci tifil pərdə; 14.
Dördüncü tifil pərdə.
Saz sənətinin biliciləri
və aşıqlar üçün üç cür saz
olduğunu söyləyirlər. Birincisi, “cürə saz”dır ki, onun 5 simi olur.
İkincisi, “tavar saz”dır. Tavar saz 9 simlidir.
Üçüncüsü isə “ana saz” adlanır ki, onun da
simlərinin say 11-dən artıq olur. Sazı çalmaq
üçün təzanədən istifadə edirlər. Əsrləri,
nəsilləri yola verərək, XIX-XX əsrə gəlib
çıxan saz, yuxarıda qeyd etdiyimiz kimi, azərbaycanlı
əhalisi arasında ən çox sevilən musiqi alətidir.
Xalqımız sevincli anlarında saz çaldırıb
oxutduqları kimi, dərdli-ələmli dəqiqələrində
də saz səsinə diqqət kəsilir, ona üz söykəyirdi.
“Saz dar gündə el-obanın arxası-dayağı,
gen gündə könül xoşluğu, göz
aydınlığı olmuşdur.” Biz bu adəti XVII əsrin
yadigarı olan “Koroğlu” dastanında da görürük.
Koroğlu şad-xürrəm günlərində saz
çaldığı kimi, fikirli olanda və ya savaşa
girdiyi zaman da əvvəlcə saza baş endirirdi. Onun qoluna
qüvvə, dizinə təpər, səsinə nərə
verən saz idi. Saza, sözə, səsə vurğunlıq
Çənlibelin həyatından ayrılmazdır. Çənlibel
dəlisi olmaq üçün fiziki, əxlaqi sınaqlardan
başqa, saz-söz sınağından keçmək də əsas
şərtlərdən biridir. Deməli, musiqi dünyasına
malik olmaq qəhrəmanlığın meyarlarından biri
hesab edilir. Aşıq musiqisinin təsir etmədiyi adım qəhrəman ola bilməz. Professor Camal Mustafayev
“Sənətin milli kökləri” məqaləsində
sazı milli azərbaycançılıq ruhunun
qaynaqlarından bir hesab edir:
“Estetik zənginlik baxımından “Koroğlu” dastanı tarixdə
ən yaxşı epik əsərlərlə yarışa bilər.
Burada epik, dramatik, lirik başlanğıcların birliyindən
geniş üfüqlü, əzəmətli bədii
gerçəklik yaradılmışdır. Bu gerçəkliyin cazibə
qüvvəsi daşıdığı qüdrətli el
ruhundadır. Üç yüz ildən bəri “Koroğlu”
dastanının dillər əzbəri olması, ellərə
yayılması təbiidir. Nəsillər ondan qəhrəmanlıq,
əzəmət, mərdlik, gözəllik dərsi öyrənmişdir.
Bu dastan poeziyamızın, musiqimizin milli xüsusiyyətlərini,
demokratik ənənələrini qidalandıran, yaşadan
güclü qaynaqlardandır. Azərbaycan musiqisinin şah əsərlərindən
sayılan “Koroğlu” milli-epik operası onun əsasında
yazılmışdır. Üzeyir Hacıbəyov Koroğlunu
elsevər bir azadlıq mübarizəsi qəhrəmanı, el
aşığı kimi canlandırmışdır.
Aşıq mahnılarından, saz havalarından operada
yaradıcılıqla istifadə etmişdir. “Mənim opera
üzərində işləməyim” başlıqlı qeydlərində
özü bu cəhəti ayrıca nəzərə
çatdırmışdı: “...Operanı el musiqisinin nəfəsiylə
aşılamaq çox gərəkli idi. Koroğlu
aşıqdır, onu aşıqlar vəsf etmişlər, ona
görə operada üstün üslub aşıqların
üslubudur... Mən muğamlardan, başlıca olaraq,
xanın, onun saray adamlarının obrazlarını səciyyələndirmək
üçün istifadə etmişəm.”
Üzeyir Hacıbəyovun “Koroğlu” operasının
şöhrəti Türkiyədə eyniadlı operanın
yaradılmasına təsir göstərir. Adnan Sayqunun
“Koroğlu” operası 1973-cü ildə İstanbulda
tamaşaya qoyuldu. İlk tamaşanın direktoru Azərbaycandan
çağırılmış maestro Niyazi idi. Beləcə,
“Koroğlu” dastanı milli-bədii inkişafımıza, mədəni
əlaqələrimizə xidmət edən amil oldu. Bu dastanda
başqa yüksək keyfiyyətlərlə yanaşı,
musiqiyə ehtiram aşılanması ayrıca maraq doğurur.
Koroğlunun Çənlibelində igidlər, xanımlar
saz-söz vurğunudurlar, çalıb-oxumağı,
mahnı qoşmağı bacarırlar. Aşıq burada
yüksək nüfuz sahibidir, ağıllı, etibarlı məsləhətçidir,
şənlik yığnaqlarının
yaraşığıdır. Çənlibeldə musiqi
duyuğusu insan təbiətinin, xasiyyətinin
ölçüsü sayılır. Yeri gələndə,
insanın xasiyyətinin irəlicədən bilmək
üçün Koroğlu onu sazla-sözlə sınayır.
Təsirli saz havasından, mahnıdan, səs ahəngindən
həyəcanlanmayan adam onun
gözündə namərd adamdır. Bu deyiləni
“Koroğlunun Bayazid səfəri” qolunda söylənilən
bir əhvalat daha aydın göstərir. O əhvalatı
vaxtilə bu qeydlərin müəllifi “Azərbaycan gəncləri”
qəzetinin müxbiri ilə söhbətdə mənalandırmışdır.
Onu yenidən oxuculara xatırlatmaq, heç şübhəsiz,
xeyirli olar.
... Toqatlı Hasan paşanın buyruğu ilə Əhməd
tacirbaşı Koroğluya tələ qurmaq niyyətinə
düşür. “Ərəbistandan alıb gətirdiyi”
İmirzə adlı qara qulu bu işə qoşmaq qərarına
gəlir. Qulun psixologiyası bəllidir: yaltaqlığı,
yaranmağı, xəyanəti yaxşı bacarır. Əhməd
tacirbaşı qulunu öyrədib, casus kimi Çənlibelə
göndərir. Çənlibelə çatanda
keşikçilər onu tuturlar. Koroğlunun yanına gətirirlər.
Koroğlu onun necə adam olmasını sınamağa
başlayır. İlk öncə, ondan kimliyini, nəçi
olduğunu, haradan gəldiyini soruşur. Qul isə hiylə
işlədir:
- Qoç Koroğlu, Ərəbistandan gəlirəm.
Qulam. Adım da İmirzədi. Sənin adını eşidib
gəlmişəm, sənə dəli olam.
Koroğlu qulu təpədən
- dırnağa süzür, onun xarakterini hələ xarici
görnüşündən sezmək istəyir: “Koroğlu
bir onun bazburutuna baxdı. Gördü qollu-bacaqlı yekəpər
bir adamdı. Bir boynu var ki, elə bil kəl boynudu. Özü də qapqaradır. Elə
ikicə gözləri ağarır, bir də dişləri.”
Qulun biçimsiz, eybəcər görkəmi Koroğluda ona
etibar oyatmır. Sonra qulda igidlikdən bir əlamət
olub-olmadığını soruşur:
- Oğul, heç
qılınc-zad oynatmağı, at minməyi, şeşpər
atmağı bacarırsanmı?
Qul dedi:
- Yox... Mən sizə həmişə qul olmuşam.
Onun-bunun qapısında işləyib, dolaşmışam.
Öyrədərsiniz, öayrənərəm.
Nəhayət, qulun ürəyini sazla-sözlə
yoxlamaq üsulunu seçir. Dörd bir yandan ona baxan
yoldaşlarına üzünü tutur:
-Ayə, verin mənim sazımı!
Koroğlunun sazını gətirib verirlər. O,
yaxınlığında dayanmış Dəmirçioğluna
deyir:
- Sən onun (qulun) qollarını al əlinə,
gözlərini də dik gözlərinə. Mən
çalıb-oxuyacağam. Baxarsan, əgər mənim
sazım, səsim, sözüm - ona əsər elədi, bil
ki, mərd adamdı. Halal süd əmib. Yox, əgər əsər
eləmədi, bil ki, namərd adamdı.
Dəmirçioğlu qulun qollarının
qarısını (qara damarını-venasını) alır əlinə, gözlərini
dikir gözlərinə. Koroğlu sazı dilləndirir,
coşur, igidliyə xas olan sifətlərdən xəbər
verən sözlər oxuyur. Ancaq Dəmirçioğlu qulun nəbzində
heç bir dəyişiklik hiss eləmir, müşahidəsini
Koroğluya bildirir:
- Koroğlu, sözlərinin misli-bərabəri yoxdu. Əvəzsiz
sözdü. Amma sən deyən sifətdən bu adamda əsər
yoxdu.
İndi Koroğlu qulun namərd adam olduğunu başa
düşür. Ancaq Koroğlu comərddir, geniş qəlblidir.
Qula Çənlibeldə dəlilərlə qalmağa icazə
verir:
- Oğul, mənim nə sazım, nə səsim, nə
sözüm sənə əsər eləmədi, səndən
Koroğlu dəlisi olmaz. Amma mən namərd deyiləm. Ətəyimdən
tutan əli kəsmərəm. Qal, ye-iç, dolan! Özü
də dəlilərlə gəz, otur-dur, məşq elə! Öyrənərsən,
öyrənərsən, öyrənə bilməsən də
ki heç.
Qul bu qalmaqala qaldı Çənlibeldə. Sonra
Koroğlu Əhməd tacirbaşını tutub Çənlibelə
gətirəndə qul casusluq vəzifəsini yerinə yetirir.
Koroğlunun Ərəb atını oğurlayıb, Hasan
paşaya xəbər aparmağa qaçır. Nəticədə
isə, Koroğludan yaxa qurtara bilmir, cəzasına
çatır.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2012.- 17 mart.- S. 14.