Nəriman
Nərimanovun bədii yaradıcılığında və siyasi fəaliyyətində azərbaycançılıq
ideyası
Görkəmli Azərbaycan dövlət xadimi,
yazıçı, publisist, dramaturq Nəriman Nərimanov azərbaycançılıq
ideyasını milli dil, xalqın azadlığı, milli
dövlətçilik məfkurəsilə vəhdətdə
göstərirdi. Professor Nizaməddin Şəmsizadə N.Nərimanovun
azərbaycançılıq ideyasının
inkişafında oynadığı rola toxunaraq yazır: “Bu,
sonrakı nəsillər üçün çox ibrətli bir taledir”.
XX əsrdə milli mənlik şüurunun
oyanmasında, milli ideologiyanın - azərbaycançılıq
təmayülünün (türkçülüklə
paralel!) formalaşmısında həkim, dramaturq, publisist və
dövlət xadimi N.Nərimanovun böyük xidmətləri
olmuşdur. Hələ XIX əsr maarifçilərinin
başladığı təmiz ana dili ilə yazmaq məramı
XX əsrin önlərində “ana dili” problemi səviyyəsinə
qədər yüksəldi, ana dili uğrunda tarixi-ədəbi
mübarizəyə çevrildi. Burada iki mühüm cəhəti
qeyd etməliyik: birincisi, milli ideologiyanın həm
türkçülüyün (məhz ideologiya olaraq!) həm
də azərbaycançılığın, konsepsiya səviyyəsində
formalaşması milli mətbuatın yaranması ilə
bağlı idi. Beləliklə, 1875-ci ildən “Əkinçi”nin
nəşrindən 1920-ci ilə Azərbaycan Demokratik
Cümhuriyyətinin süqutuna qədərki təqribən
yarım əsr Azərbaycanda milli oyanışın və
onun nəzəri-təməli olan ideologiyaların formalalaşma
dövrü idi.
İkincisi, XX əsrin önlərində böyük
realist ədib Mirzə Cəlil, türkçü romantik
şair A.Şaiq, realist-demokratik tənqidin
başçısı F.Köçərli, Ü.Hacıbəyli
və “bolşevik” N.Nərimanov “ana dili” uğrunda mübarizəyə
birgə başladılar. Tezliklə “Ana dili” uğrunda
mübarizə tarixi-ideoloji yön alaraq “ana Vətən”
uğrunda mübarizəyə çevrildi.
N.Nərimanov hələ 1906-cı ildə
türkçü “Həyat” qəzetinin 15 avqust tarixli
sayında “Nər” imzası ilə çap olunmuş “Bu
gün” adlı məqaləsində yazırdı: “Ana dili! Nə
qədər rəfiq, nə qədər ali hissiyati - qəlbiyyə
oyandıran bir kəlmə! Nə qədər möhtərəm,
müqəddəs, nə qədər əzəmətli bir
qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini,
şəfqəti-mərdanəsini sənə o dildə bəyan
edirdı. Bir dil ki, sən daha beşikdə ikən bir layla
şəklində öz ahəng və lətafətini sənə
eşitdirib, ruhun ən dərin guşələrində nəqş
bağlayıbdır! Bir dil ki,
həyat və kainat
haqqında dil sayəsində bir fikir hasil edilibsə,
cism və ruhun olunduğu mütəvadi o dildə tələb
eləyibsən...
Bir dil ki, ibtida o dildə yaxşı-yamanı bilibsən,
səni yaradanı tanıyıbsan, haman dil, diyari-qürbətdə,
biganələr içinə düşəndə, ona həsrət
qalırsan. Lakin ittifaqən onu eşidəndə ürəyin
döyünməyə, üzün gülməyə
başlayır, cəmi əsabın təhəyyüc edir,
beynin fikrin, xəyalın işləməyə
başlayır”.
XX əsrin digər mütəfəkkirlərinin
əsərlərindən də bu məzmunlu
mülahizələri misal gətirmək olar. Elə təkcə N.Nərimanovun bu fikrində ana dili təkcə milli mənliyin
deyil, həm də, milli
yaddaşın, milli özünüdərkin
ən ali simvolu, kodu və açarı kimi
təqdim olunur. Müasirləri, o cümlədən, türkçülüyün
böyük mütəfəkkirləri
N.Nərimanovu yaxşı başa düşür, həqiqi tarixi
dəyərini düzgün qiymətləndirirdilər.
N.Nərimanov sovet hakimiyyətinin ilk illərində Azərbaycana rəhbər təyin
olunanda - 1922-ci ildə Türkiyədə
mühacirətdə olan Əhmədbəy
Ağayev (Ağaoğlu)
yazırdı: “Sizin kimi
doğru və səmimi bir
şəxsin bütün türk
aləminin keçirməkdə olduğu
fəci böhran zamanı Azərbaycanın
başında olması bütün türk aləmi üçün
faydalı bir əlamətdir. Siz orada qüvvətli bir məqam
sahibi kimi iş başındasınız, mən də Ankara rəislərinin qulluğundayam
və ikimiz də
daşıdığımız fikir və
qənaətlər içərisində hər şeydən üstün olan
türklüyə xidmətdəyik”.
Digər
müasirlərindən fərqli olaraq N.Nərimanovu
bir ideoloq və
dövlət xadimi kimi
səciyyələndirən bu idi ki, çox
çətin bir zamanda
o öz şəxsiyyətində
və əməlində türkçülük
və azərbaycançılığı üzvi
şəkildə birləşdirir, uğrunda
mübarizə apardığı “Müstəqil Azərbaycan”ın
mümkünlüyünü bu iki ali
fikrin vəhdətində görürdü.
N.Nərimanov
Azərbaycan xalqına xidməti bəşəriyyətə
xidmətlə vəhdətdə götürürdü.
Azərbaycan dövlət başçısı kimi N.Nərimanovun imzaladığı ilk dekretlərdən biri
azərbaycançılığın əsas
atributlarından biri olan
Azərbaycan türkcəsinə dövlət statusu
verilməsi və rus dili ilə paralel işlənməsi
oldu.
Nərimanov insanları
panislamizmdən qorxmamağa
çağırmışdır. Onun
fikrincə, panislamizm dini
düşüncənin deyil, ziyalı
düşüncəsinin məhsuludur. N.Nərimanov deyirdi ki, bu
yolda bizim əsas vəzifəmiz
siyasətimizin mahiyyətinin aydın olmasıdır. O,
müsəlman dövlətlərinin ilk
növbədə müstəmləkəçilikdən azad olunmasının tərəfdarı olmuşdur. N.Nərimanov belə fikirləşirdi
ki, müsəlman dövlətləri olan Türkiyə, İran,
Əfqanıstan və Azərbaycan öz milli hökumətlərindən başqa heç kim tərəfindən idarə
olunmamalıdır.
N.Nərimanovun
milli dövlətçilik
düşüncəsinin mahiyyəti ondan
ibarətdir ki, “hər xalq
öz ərazisində dövlət suverenliyini və milli
maraqlarını qorumalı, xalqların bərabərliyini
tanımalı, bütün xalqlara və dinlərlə hörmətlə
yanaşmalıdır”. O, maarifçilik, ictimai-siyasi,
inqilabi və dövlətçilik fəaliyyətində,
ədəbi və püblisistik
yaradıcılığında dar millətçilik
düşüncəsindən çox uzaq olaraq, xalqlar
arasında dostluq və qardaşlıq
ideyalarını tərənnüm etmiş,
öz xalqının inkişafını dünya sivilizasiyasından bəhrələnməkdə,
inqilabi fəalliyyətinin mənasını
bütün xalqların
azadlığında görmüşdür.
Rəşad Ələsgərovun
fikrincə, N.Nərimanov da xalqın,
ölkənin tərəqqisin, dininin, dilinin, mədəniyyətinin
inkişafını hürriyyətlə bağlayırdı.
Bunun üçün
isə o, ilk növbədə,
istibdadın kökündən məhv edilməsini zəruri
sayırdı. İstibdad kökündən
yox olmayınca, bu,
mümkün deyildir. Çünki istibdad harada olursa-olsun, millətin
qaranlıqda, nadanlıqda, zülmdə yaşamağına səbəb
olur. İstibdad
altında yaşayan bir
millətin dini də istibdad
tələb etdiyi ruhda
intişar tapır. Bu
fikrin davamı olaraq Nəriman
Nərimanovu tədqiq edən Arzu
Hacıyeva yazır: “Fəsadlar törədən istibdadı
yıxmaq və hürriyyətə çatmaq
yolunda mübarizə zəruridir. N.Nəriman
yəqin etmişdi ki,
müsəlman kütlələrinin həyatında bir mənəvi inqilab olmasa, tərəqqi və inkişafa
ümid bəsləmək çətindir.
O, həmişə qeyd edirdi ki, müsəlman
kütlələri hələ orta əsrlərin
qaranlıq mirasından xilas
olmamışlar, əsarət və zülm
onların şüurunda o
qədər dərin kök
salmışdır ki, onlar
müstəqil düşünməyi bacarmır və
mühafizəkar ruhanilərin sözü
ilə oturub-dururlar. Bütün
bəla burasındadır ki, hələ müsəlman kütləsində mənəvi inqilab
olmamışdır.
Sonralar
Nərimanov cəmiyyətin həyatında gedən böyük təbəddülatları, kapitalizmin inkişafı ilə əlaqədar
yaranan milli intibah və dirçəlişi təhlil edərək,
qəti şəkildə gələcək tərəqqiyə
inanırdı. O, cəmiyyətin həyatında böyük bir çevriliş, bir inqilab
olacağını hiss edirdi.
Elə buna görə də
siyasi şüur cəhətindən
hələ yaxşı tərbiyə olunmamış Şərq
xalqlarını bu çevrilişə
hazırlamağı böyük vəzifə
sayırdı. N.Nərimanov bir çox məqalələrində millətin ümumi rifahı və tərəqqisi məsələlərinə
toxunur, xalqın milli qürur və mənlik hisslərini oyatmaq istəyir, Azərbaycan xalqını öz hüquqları və heysiyyəti uğrunda mübarizəyə
çağırırdı.
Professor Musa Qasımovun fikrincə, hələ sovet dövründə Heydər Əliyev tarixi abidələrin yalnız mühafizi
deyil, eyni zamanda, yenilərinin də qurucusu
idi. Onun bilavasitə təşəbbüsü,
göstərişi və rəhbərliyi altında Azərbaycanın
görkəmli dövlət xadimlərinin heykəlləri
yaradılır və qoyulurdu. Məsələn, Azərbaycan KP MK bürosunun
1972-ci il 24 may tarixli iclasında Azərbaycanın görkəmli
dövlət və ictimai xadimi,
sağlığında milli təmayüllü
kommunist kimi müxtəlif
təqiblərə, təzyiqlərə məruz qalan, ölümündən sonra
isə unutdurulan Nəriman Nərimanovun
Bakı şəhərində heykəlinin
açılması barədə qərar qəbul edildi. Lakin Moskvada
bu heykəlin qoyulmasına mane
olanlar var idi. Heydər Əliyev sovet
rəhbərliyi ilə danışaraq, məsələni həll
etdi. Qərara müvafiq
olaraq 1972-ci il iyun ayının 6-da Bakı şəhərində
N.Nərimanovun abidəsinin açılışı oldu. Açılış mərasimində iştirak edən Heydər Əliyev geniş nitq söylədi.
Nitqində o deyirdi: “Nərimanov qəlbinin bütün
hərarəti ilə xalqa xidmət etmişdir”, Nərimanov “...xalqla
daim ünsiyyətdə olmağa
böyük ehtiyac hiss edirdi. İyun
ayının 30-da isə N.Nərimanovun anadan
olmasının 100 illiyi münasibətilə
etdiyi məruzəsində Heydər Əliyev
deyirdi: “N.Nərimanov ədəbi
yaradıcılığa... nadanlığa, dini
fanatizmə və cəhalətpərəstliyə fəal
müqavimət ruhunda tərbiyə etmək
vasitəsi kimi baxırdı”. Heç
şübhəsiz, Heydər Əliyevin bu
fəaliyyəti mahiyyətinə görə yalnız abidə
açılışı anlamında qiymətləndirilərsə,
yarımçıq olar. Əslində,
Heydər Əliyev həmin addımı ilə N.Nərimanova görkəmli
dövlət adamı kimi bəraət verir, onun təbliğinə,
tanıdılmasına başlayırdı. Çünki ölümündən keçən
müddət ərzində N.Nərimanov əsasən
yazıçı-dramaturq kimi təqdim olunur, Azərbaycan xalqının sanki böyük dövlət
adamı yetişdirə bilməməsi fikri
təlqin edilirdi. Belə bir
fakt diqqəti cəlb edir
ki, Sov.İKP MK rəyasət heyətinin hələ 1959-cu il 2 iyul tarixli
iclasında qəbul edilən qərarda Nəriman Nərimanovun
rolunu şişirtməmək barədə
maddə də yazılmışdı. Heydər Əliyev həmin
qərara məhəl qoymayaraq və
yanlış təbliğatı cəsarətlə
darmadağın edərək, yeni şəraitdə N.Nərimanovu dirçəltməklə
özünü daha da ucaldırdı. Beləliklə, Heydər Əliyev
Azərbaycan torpağında azərbaycanlı dövlət
adamına abidə qoymaqla xalqında
dövlətçilik, dövlət adamlarına rəğbət
və hörmət hissini gücləndirirdi.
Ulu Öndər Heydər Əliyev bununla kifayətlənməyərək, N.Nərimanovun
abidəsinin SSRİ-nin başqa
şəhərlərində də qoyulmasına səylər
edirdi. Azərbaycan KP MK bürosunun
1977-ci il 8 dekabr tarixli iclasında Rusiyanın Ulyanovsk
şəhərində N.Nərimanovun abidəsinin
açılması haqqında qərar qəbul edildi. O, Nərimanovun abidəsini
hazırlatdı və həmin ilin dekabr ayında Ulyanovsk
şəhərində qoyulan heykəlinin
açılışında geniş nitq söylədi. Onun nitqi Azərbaycanın sovet
dövrü tarixinə, milli
təmayüllü kommunist olmuş N.Nərimanovun dövlət adamı kimi tanıdılmasına qayğının
nümunəsi idi. Bununla,
eyni zamanda, Heydər Əliyev
azərbaycanlı dövlət adamlarının ölkənin
həyatında mühüm rol oynadığını qabardırdı.
Görülən belə işlər sonrakı illərdə
də davam etdirildi. Azərbaycan
KP MK bürosunun 1980-ci il
10 mart tarixli
iclasında N.Nərimanovun anadan
olmasının 110-cu ildönümünün
bayram edilməsi haqqında qərar qəbul
olundu. Qərara müvafiq
olaraq, həmin ilin aprel ayında təntənəli
yığıncaq keçirildi. Bundan bir neçə il sonra 1982-ci ilin noyabr ayında Heydər Əliyevin şəxsi
təşəbbüsü və rəhbərliyi altında
N.Nərimanovun Moskvada
yaşadığı evə xatirə lövhəsi
asıldı. Heydər Əliyevin N.Nərimanova belə diqqəti
hansı rejimin mövcudluğundan
asılı olmayaraq, Azərbaycan
xalqının dövlətçilik tarixinə və
dövlət adamlarına ehtiramın nümunəsi idi.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.-
2012.- 20 mart.- S. 14.