Azərbaycan:
Avropanın ən çox ehtiyac duyduğu ölkə
Azərbaycanın təşəbbüsü ilə həyata
keçirilən neft-qaz layihələrinin
etibarlılığını və əhəmiyyətini
qat-qat artırır
Son dövrlərdə Avropa
dövlətlərinin rəhbərləri, rəsmi nümayəndələri,
eyni zamanda, Avropa Birliyinin enerji siyasəti üzrə
komissarları Azərbaycana olan səfərlərini intensivləşdiriblər.
Həmçinin, rəsmi Bakının nümayəndələrinin
beynəlxalq neft-qaz konfranslarına dəvət edilməsi və
rəsmi Bakı ilə bu sahədə sövdələşmə
aparılması işi də sürətləndirilib. Elə bir vəziyyət yaranıb ki, avropalılar
özləri belə Azərbaycanın qitə dövlətləri
üçün son ümid yeri olduğunu etiraf edirlər.
Çünki geosiyasi və geoiqtisadi situasiya Avropanın
mövcud potensialını tükədib və enerji təhlükəsizliyi
məsələsi “qoca qitəni” daha çox yormağa
başlayıb. Dünya miqyasında isə enerjiyə olan tələbatın
sürətlə artması qlobal enerji xəritəsinin
mütəmadi dəyişməsinə və siyasi-hərbi
oyunların daha aqressiv xarakter almasına gətirib
çıxarıb.
Dünya
enerji xəritəsində ümumi vəziyyət...
Məlum olduğu kimi, dünya
enerji bazarında istehsalçı və istehlakçı
faktorlar üz-üzə durublar. Burada hasilatçı
dövlətlərin təqdim etdikləri neft-qaz məhsullarını
istehlakçı ölkələr tələb olunan miqdarda
alırlar.
Bu, təkzibolunmaz faktdır ki,
hazırda dünyanın enerji xəritəsində əsas
rolu Rusiya, ərəb dövlətləri və Xəzər
hövzəsi ölkələri oynayırlar. Dünya
miqyasında kəşfi məlum olan neft ehtiyatı proqnozlara
görə, 800 milyard ton qiymətləndirilir. Ən çox
neft ehtiyatları Səudiyyə Ərəbistanı-25,4%,
İraq-11%, BƏƏ-9,4%, Küveyt-9,3%, İran-9,1%,
Venesuela-6,8%, Rusiya-4,8%, Çin-2,4%, ABŞ-2,4% və s. kimi
ölkələrdədir. Qaz ehtiyatlarına görə,
Səudiyyə Ərəbistanı və Rusiya xüsusi rol
oynayırlar.
Xəzər dəniz hövzəsində
olan neft ehtiyatı isə cəmi ehtiyatların 3-4 faizindən
artıq deyildir. Burada Qazaxıstan 6,5 milyard, Türkmənistan
20,8 milyard, Azərbaycan isə 6 milyarddan çox neft
ehtiyatına sahibdir. Həmçinin, Qazaxıstan 1,82 trilyon,
Türkmənistan 24,6 trilyon, Azərbaycan isə 2,2 trilyon kubmetr
qaz ehtiyatlarına malikdir.
Qeyd edək ki, analitiklərin
hesablamalarına görə, Çinin və Hindistanın
enerji tələbatı bu dövlətlərin inkişafda
olan ölkədən inkişaf etmiş ölkəyə
keçidi ilə əlaqədar sürətlə artmaqda davam
edir. Gəlirlərin artması, mənzil və tikinti sektorunda
yüksək artım, enerji cihazlarından geniş istifadə
tələbatı nəzərə çarpacaq dərəcədə
artırır. Asiya “əjdahası” və “fili” ağır sənayedə
presedentsiz tikinti bumunun mərkəzindədir və bu,
böyük miqdarda neft tələb edir. Həmçinin, iri
infrastruktur və tikinti layihələri ötən əsrdə
Amerika Birləşmiş Ştatlarında, II Dünya
müharibəsindən sonra isə Almaniya və Yaponiyada
olduğu kimi, Çin və Hindistanda da neftə yüksək
tələbat yaradır. Son rəqəmlərə görə,
yol-nəqliyyat vasitələri baxımından da, Çin
2015-ci ildə dünyada ən böyük avtomobil bazarı
kimi ABŞ-ı ötəcək.
Göründüyü kimi, gələcək
20-30 il ərzində enerjiyə olan tələbat təxminən
10 dəfəyədək artacaq. Bu tendensiya isə, əsasən,
ABŞ, Çin, Hindistan, Yaponiya, Qərbi və Mərkəzi
Avropa ölkələrində müşahidə olunacaq.
Avropa
çıxış yolu axtarır: etibarlı
enerji mənbəyi haradadır?..
Lakin çox zaman karbohidrogen
ehtiyatlara malik dövlətlər neft-qaz amilindən siyasi məqsədlər
üçün istifadə edirlər. Məhz bu zaman beynəlxalq
münasibətlər sistemində yeni problem - enerji təhlükəsizliyi
ortaya çıxır. Karbohidrogen ehtiyatların, əsasən,
inkişaf etməkdə olan ölkələrin ərazisində
yerləşməsi isə yeni bir müstəvidə
qarşıdurmaların başlanmasına yol açır. Belə
bir qarşıdurmanı isə biz Rusiya ilə Avropa ölkələri
arasında görmüşük.
Belə ki, dünyanın ən
böyük dövləti olan Rusiya planetin təsdiqlənmiş
resurslarının 21 faizinə sahibdir. Təbii qaz
istehsalında dünyada birinci, neft istehsalında isə ikinci
yerdə olan Rusiyanın təsdiqlənmiş qaz ehtiyatı 47
trilyon kubmetrdir. Rusiya dünya qaz ehtiyatının 27 faizinə
malik olmaqla, həm də, ən yaxın rəqibi İranı
2 dəfə üstələyir.
Reallıq bundan ibarətdir ki,
Rusiya bu gün dünya enerji resurslarının təminatında
həlledici mövqeyə malikdir. Rəsmi Moskva il ərzində 500
milyon tondan çox neft ixrac edir. Şərqi
Avropa ölkələrinin 40, Qərbi Avropanın isə 30
faizi Rusiyanın nefti hesabına yanacaq ehtiyaclarını tənzimləyir.
Bolqarıstan yanacağa görə, tamamilə bu ölkədən
asılıdır. Bütövlükdə,
Avropanın qaz təminatında Moskvanın payı 50 faizə
yaxındır. Neft təminatında isə
bu dövlət ən azı 30 faiz paya malikdir.
Əlbəttə ki, Avropanın bir
sıra dövlətləri enerji təminatlarını
Şimali Afrika resurslarının hesabına da ödəyirlər. Lakin bu, Avropanın enerji təhlükəsizliyini
tam şəkildə təmin etmədiyindən, onlar hələ
də Rusiyadan asılı vəziyyətdə qalırlar.
Moskva isə karbohidrogen ehtiyatlarından siyasi təzyiq
vasitəsi kimi istifadə edir, Avropa dövlətlərini bəzi
hallarda separat danışıqlara da çəkir.
Xatırladaq ki, Rusiya ilə ABŞ
arasında 2000-ci illərin əvvəllərində davam edən
“toyuq-polad müharibəsi” zamanı ən çox itki Qərb
ölkələrinə dəymişdi. Amerikanın rusların ixrac etdiyi polad məhsullarına
əlavə gömrük tarifləri tətbiq etməsi
Rusiyanın sənayesinə müəyyən fəsadlar gətirdi,
əvəzində isə, rəsmi Moskva Amerika
toyuqlarının kütləvi satışına embarqo
qoymaqla əks-tərəfə daha çox ziyan vurmuş oldu.
İndi isə qloballaşan dünyada rəqabət
prinsipləri daha ciddi xarakter alıb və “neft-qaz müharibələri”
Avropanı əməlli-başlı gərgin vəziyyətə
salıb.
Ona görə də, Rusiya ilə Avropa
Birliyi arasında qaz münaqişəsinin gərginləşməsi
Avropa dövlətlərini yeni yanacaq mənbəyi
axtarmağa məcbur etməkdədir. Artıq Avropa ölkələri Kremlin, demək olar ki,
hər il təsadüf olunan “qaz spekulyasiyalarından” bezib və
Rusiyanın öz tərəfdaşları ilə enerji əməkdaşlığında
səmimi olmadığını qəti şəkildə yəqin
ediblər. Avropa Birliyi Rusiya ilə növbəti
yanacaq böhranının meydana çıxmayacağına əmin
deyil, buna heç inamı da yoxdur. İstənilən
vaxt Moskvanın siyasi və iqtisadi təzyiq vasitəsi kimi qaz
amilindən istifadə edəcəyi də şübhə
doğurmur.
Bu gün Avropada yalnız Fransa
özünün neft və qaz ehtiyatlarına güvənə
bilər. Almaniya
isə həm zəngin kömür mədənlərini
alternativ yanacaq üçün səfərbər edir, həm
də Rusiya ilə özünün enerji təhlükəsizliyini
təmin edən layihələr reallaşdırır. Yaranmış vəziyyət ondan ibarətdir ki,
Avropadakı 40 artıq dövlət Rusiyadan energetik
asılılığı hələ də qalmaqdadır.
Bütün bunlarla yanaşı, mütəxəssislər
Sankt-Peterburqda Qaz OPEK-nin yaradılmasına dair forumun
keçirilməsindən sonra Rusiyanın
açıq-aşkar yanacaq bazarında
inhisarçılığı artıracağını da
güman edirlər. Təbii ki, bu ideya bu gün o qədər də
aktual olmasa da, ekspertlərin fikrincə, rəsmi Moskva yeni
karteli yaratmaqla, əslində, Avropada siyasi məqsədlərini
diqtə etmək niyyəti güdür. Bu
isə normal əməkdaşlıq prinsiplərinə ziddir.
Rusiyanın enerji mübadiləsi fonunda siyasi-hərbi-iqtisadi
güc mərkəzinə çevrilmək planı qorxulu
tendensiya yarada bilər.
Bu səbəblərdən də, Avropa
ölkələri mövcud problemi birdəfəlik həll etmək
üçün daha etibarlı və təminatlı yanacaq
marşrutu üzərində tədbirlərə
başlamağa qərar veriblər və onlar “Etibarlı
enerji mənbəyi haradadır?” sualına cavab axtarırlar.
Dünyanın nüfuzlu ekspertləri
etiraf edirlər ki, son dövrlərdəki hadisələr
Avropanın qaz konsepsiyasının düzgün
olmadığını ortaya qoyur. Əgər Avropa Birliyi vaxtında
“NABUCCO”-nu dəstəkləsəydi, indi Rusiyadan bu qədər
asılı olmazdı. Hətta avropalı
rəsmilər belə deyirlər ki, onlar Rusiya ilə
uzunmüddətli əməkdaşlığı məqbul
görmürlər. Çünki vəziyyətin
daha da pisləşəcəyindən çəkinirlər.
Avropa ölkələri çıxış
yolu kimi isə ümidlərini Xəzər hövzəsinə
bağlayıblar.
Avropa enerji təhlükəsizliyi ilə
bağlı strategiyasını “NABUCCO”-suz dəyişə
bilər
Qeyd edək ki, ABŞ-ın nüfuzlu
“Stratfor” analitik mərkəzi Avropanın Rusiyadan enerji
asılılığının aradan qaldırılması
üçün 4 alternativ variant təklif edib. “Stratfor”un təqdim
etdiyi birinci seçim Adriatik dənizində İtaliya və
Yunanıstanı bağlayan və illik 8-10 milyard kubmetr gücə
malik “Poseydon” sualtı qaz kəməridir. “Poseydon”
Türkiyədən Yunanıstana gedən boru kəmərinə
bağlı olacaq. Bu kəmər Yaxın
Şərq və Xəzər hövzəsidən qazın
İtaliyaya çıxarılmasını təmin edəcək.
Əlbəttə ki, bu layihə
bütövlükdə, Avropanın enerji təhlükəsizliyinə
böyük töfhə verə bilər. Amma
hal-hazırda Şimali Afrikada və Yaxın Şərqdə
siyasi-hərbi vəziyyətin qeyri-stabil olması təchizatda
müəyyən əngəllərə də gətirib
çıxarır. Burada yeganə
etibarlı mənbə yenə də Xəzər hövzəsi,
xüsusilə də, Azərbaycan çıxış edir.
“Stratfor”un ikinci təklifi nüvə
enerjisinin inkişaf etdirilməsi ilə bağlıdır. Mərkəzin təhlilçiləri hesab edirlər
ki, nüvə enerjisi Avropanın enerji təchizatında
mühüm rol oynaya və enerji
asılılığının müəyyən dərəcədə
azaldılmasına şərait yarada bilər.
Bəli, bu gün Avropanın bir çox
iri dövlətlərində nüvə enerjisindən
geniş şəkildə istifadə olunur. Bu günə qədər də
nüvə enerjisindən istifadə edən avropalılar
Yaponiyanın Fukusima fəlakətindən sonra enerjinin bu
növündən istifadəyə ehtiyatla yanaşmağa başlayıblar.
Ona görə də, avropalılar ənənəvi
enerji resursları ilə yanaşı, təbii ehtiyatlara daha
çox ümid edirlər.
Üçüncü təklif maye qaz
istehsal edən zavodların inşasını nəzərdə
tutur. Çox bahalı
texnologiyaların tətbiqinə baxmayaraq, maye qaz ehtiyatının
yaradılması daha səmərəli hesab olunur. Hazırda Yunanıstan və Xorvatiya bu cür
zavodlara malikdir.
Qeyd edək ki, hal-hazırda bu vasitədən
istifadə geniş yayılmasa da, müəyyən dövlətlər
var ki, maye qazdan geniş istifadəyə yer veriblər. Qətər dövlətinin maye qaz
satması faktı ilə yanaşı, Azərbaycanın da
Avropanın bəzi dövlətlərilə bu cür
satışların həyata keçirilməsi haqqında
müqavilələri var. Təbii ki, yüksək xərc tələb
edən maye qaz ixracı və idxalı qısa müddət ərzində
enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli
rol oynaya bilər.
“Stratfor” mərkəzinin təqdim etdiyi
dördüncü təklif isə “NABUCCO” boru kəməri
layihəsidir. Burada, ilk növbədə, qeyd olunmalıdır ki,
avropalılar “NABUCCO”-nu Rusiyadan enerji
asılılığını azaldacaq xilaskar layihə kimi
başa düşürdülər. Çünki
Cənubi Qafqazdan keçməklə Mərkəzi Asiyanın
zəngin qaz ehtiyatlarını Avropa dövlətlərinə
çatdırmalı olan bu layihə çərçivəsində
ilkin mərhələdə 30 milyard kubmetr həcmində qaz nəql
edilməliydi. Lakin əsas məsələ layihənin
maliyyə tərəfilə bağlı olduğundan, 10 il ərzində “NABUCCO”-nun
reallaşdırılması üçün hər hansı əməli
addım atılmadı və razılaşmalar elə
kağız üzərində qaldı. “NABUCCO” kəmərinin
inşa edilməsi üzrə yaradılmış konsorsium nə
“Şahdəniz” yatağının verməyə hazır
olduğu 10 milyard kubmetrdən əlavə qaz mənbələri
tapa bilib, nə də “NABUCCO” kəmərinin tikintisi
üçün maliyyə vəsaiti. Xərclər
büdcəsinin artması ehtimalı öz yerində,
konsorsium, hətta 8 milyard avro məsələsini də
heç cür həll edə bilməyib. Gözlənildiyinə
görə, zəruri məbləğin təqribən
yarısını maliyyələşdirməli olan Avropa
bankları təminatlı resurs bazasının
olmadığı şəraitdə bunu etməyə tələsmirlər.
Vəsaitlərin ikinci yarısı ilə əlaqədar
müəyyən problemlər də yaranıb. Nəticədə,
konsorsiumun ən iri iştirakçılarından biri olan
Almaniyanın RWE şirkətinin baş direktoru Yurgen Qrossman
“The Wall Street Journal Deutschland”ə verdiyi müsahibəsində
söyləyib ki, layihənin baş tutmaması səbəbindən,
çox güman ki, şirkət həmin konsorsiumdan
çıxacaq. Vurğulanıb ki, Almaniyaya məxsus RWE
şirkətinin əsas prioriteti indi mümkün qədər
az pul xərcləməklə qazdan istifadə
imkanı əldə etməkdir. Almaniyanın
hakim dairələrinin nüvə energetikasından imtina etmək
xətti RWE şirkətinin maliyyə vəziyyətini zəiflədib,
onu ciddi qənaət yolu seçməyə və hətta
öz aktivlərinin bir hissəsini satmağa məcbur edib.
Çünki qaz ilə yanaşı, atom
energetikası da bu şirkət üçün mühüm
gəlir mənbəyidir. WSJ yazır ki,
Qrossmanın bəyanatı “NABUCCO”nun təsisçilərindən
biri tərəfindən ilk real siqnal olub, Avropanın Rusiya
qazından asılılığını Xəzər
yanacağı hesabına azaltmalı olan layihədən imtina
edə bilər. Qrossman RWE şirkətinin başqa
kanallar vasitəsilə də yanacaq almağa şad
olacağını qeyd edərək deyib: “Xəzər
qazı Avropaya bizə lazım olan miqdarda və bizə
lazım olan yerə gəlməlidir”. “Bu qaz kəmərinin
“NABUCCO”, yoxsa, “Turandot” adlanacağı bizim üçün o
qədər də vacib deyil”, - deyən top-menecer
sözünü belə tamamlayıb: “Əksinə, bizdən
ciddi maliyyə vəsaiti tələb etməyən
bütün variantlara şad olacağıq”.
Əslində, təkcə almanlar deyil,
eyni zamanda, Avropanın digər dövlətlərinin nümayəndələri
də artıq “NABUCCO” ilə bağlı ümidlərini
itiriblər. Onlar düşünürlər ki, həddindən
artıq baha və rentabelliyi sual altında olan bir layihəyə
dəstək vermək perspektivli olmaz. Biz
sözlə, Avropa dövlətləri ümumi enerji
strategiyasına dəyişiklik etməlidir. Çünki təhlillər də göstərir
ki, Avropanın enerji təhlükəsizliyinin təmin
olunması üçün nə “NABUCCO” layihəsi, nə
Rusiyanın qaz kəmərləri, nə də nüvə
obyektləri faydalıdır. Bu səbəbdən
də, avropalılar üçün ən sərfəli və
səmərəli yol Azərbaycanın təşəbbüsü
ilə reallaşmış layihələrə
qoşulmaqdır. NABUCCO-nun layihə rəhbəri
Raynhard Miçek mətbuata açıqlamasında bildirib ki,
gec-tez Rusiyanın addımlarının müqabilində Avropa
ölkələri ondan imtina edib, özlərinə
etibarlı tərəfdaşlar tapmağa məcbur olacaqlar.
Həmin tərəfdaşlar isə Azərbaycan,
Türkmənistan və Qazaxıstan hesab olunur.
Azərbaycan enerji xəritəsində ən
etibarlı təchizatçıdır
Azərbaycan enerji siyasətini həyata
keçirərkən, neft və qaz amilindən heç vaxt
siyasi məqsədləri üçün istifadə etməyib
və tərəfdaşları ilə
qarşılıqlı səmimiyyət prinsiplərinə
söykənən münasibətlər qurub. Bunu daha açıq şəkildə
ölkəmizin neft və qaz ixrac etdiyi dövlətlərə
olan münasibətlərinin fonunda müşahidə etmək
olar. Azərbaycan Gürcüstan, Türkiyə və
Yunanıstanı qazla təmin edərkən, həmin ölkələrə
qarşı humanizm nümayiş etdirərək,
yanacağın dəyərinin digər tədarükçülərlə
nisbətdə güzəştli qiymətlərlə ödənilməsinə
də razılıq verib. Hətta xatırladaq
ki, Gürcüstan 2005-ci ildə Rusiyanın qaz təchizatını
dayandırdığı vaxt qışda donmaq təhlükəsi
ilə üzləşmişdi. Bu vəziyyətdə
Azərbaycan qonşu ölkəyə yardım əlini
uzatdı. Həmin çətin günlərdə
ölkəmizin xeyirxahlığını unutmayan
Gürcüstanın dövlət başçısı
Mixail Saakaşvilinin fikirləri də maraq doğurmaya bilməz:
“Biz unutmamalıyıq ki, 2005-ci ilin yanvar ayında
Gürcüstana təbii qazın verilməsi
dayandırılmışdı. Bu, çox
müəmmalı bir şəraitdə baş vermişdi.
O zaman Azərbaycan böyük bir xeyirxah addım atdı,
öz əhalisinin ehtiyaclarını tam ödəmədiyi
halda, qaz ehtiyatının yarısını Gürcüstana
ötürdü və Gürcüstan sakinlərini
qışda donmaqdan xilas etdi. Bu xeyirxahlıq
bizim insanların yaddaşından heç vaxt silinməyəcəkdir”.
Bəli, neft amili ilə dünya
iqtisadiyyatında öz mövqeyini möhkəmləndirən
Azərbaycanın enerji siyasətində artıq qaz faktoru
ön plana keçib və ölkəmiz dünyada qaz ixrac edən
dövlət statusunu qazanıb. Xüsusilə də, “Abşeron” və
“Ümid” qaz yataqlarının kəşf olunması
respublikamızın diversifikasiya siyasətinin genişləndirilməsi
yeni ixrac marşrutlarının yaranması üçün əlverişli
zəmin yaradıb. Məhz ötən ilin
sonlarında Azərbaycanla Türkiyə arasında təbii
qazın satışı və nəqli üzrə sazişin
imzalanması da bu qəbildəndir. Bununla
da, regionda əməkdaşlıq və təhlükəsizlik
dəhlizinin möhkəmlənməsi işinə daha
mühüm töhfələr bəxş edilib. Saziş, xüsusilə də, Avropa Birliyi tərəfindən
böyük sevinclə qarşılanıb və yeni enerji əməkdaşlığı
ilə bağlı sənəd qlobal miqyasda mühüm əhəmiyyət
daşıyan iqtisadi-siyasi hadisə kimi səciyyələndirilib.
Bu saziş “Cənub dəhlizi” enerji şəbəkəsinin
ən mühüm komponentlərindən biri olmaqla, yeni dəhlizlərin
yaradılmasına və yeni əməkdaşlıq
platformalarının formalaşdırılmasına geniş
üfüqlər açır.
Avropa Birliyinin nüfuzlu analitiklərinin
qeyd etdikləri kimi, artıq bölgədə ən nəhəng
tranzit dəhlizlərinin yaradılması üçün
real zəmin formalaşıb. Onların sırasında isə yeni
onilliyin ən strateji enerji arteriyası olan Azərbaycan-Türkiyə-Yunanıstan-İtaliya
qaz şəbəkəsini göstərmək olar.
Artıq bu dəhlizin tam rentabelliyi üçün zəmin
mövcuddur və tərəflər qaz kəmərinin
yaxın dövr üçün işə düşməsinə
nail ola biləcək. Türkiyə ilə
qaz sazişinin imzalanması, “Trans Anadolu” qaz kəmərinin
2014-2015-ci illərdə istifadəyə verilməsi
haqqında razılığın əldə olunması, həmçinin,
“Abşeron” və “Ümid” qaz yataqlarının kəşfi həm
“Şahdəniz”2” layihəsinə tezliklə
başlamağı zəruri edir, həm də AGRİ layihəsinin
tezləşməsinə zəmin yaradır. Əlbəttə
ki, sadalanan amillər Azərbaycanın dünyanın ən
böyük qaz istehsal edən ölkələr sırasında
mövqeyini daha da möhkəmləndirəcək. Mövcud yeddi neft-qaz kəmərilə Azərbaycan
nefti və qazı müxtəlif istiqamətlər üzrə
Avropa və dünya bazarlarına çatdırılacaq.
Göründüyü kimi, Azərbaycanın
enerji siyasəti və diversifikasiya xətti bir məqsədə
- bütün ölkələrlə qarşılıqlı
sıx əməkdaşlığa, təhlükəsizliyə
xidmət edir. Prezident İlham Əliyev dəfələrlə
vurğulayıb ki, Azərbaycan uğurlu neft-qaz strategiyası
həyata keçirir. Dövlət
başçısı Azərbaycanın çox böyük
qaz ölkəsinə çevrildiyini də xüsusi olaraq qeyd
edir: “Biz dünyada neft ölkəsi kimi şöhrət
qazanmışıq. Növbəti mərhələdə
- XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi
öz sözünü deyəcək və artıq deyir”.
Dünya dövlətləri də açıq şəkildə
etiraf edirlər ki, Azərbaycan hazırda çoxşaxəli
enerji siyasəti yürütməklə, Avropanın siyasi və
iqtisadi təhlükəsizliyinin təminatçısı ola biləcək transenerji
marşrutlarının gerçəkləşməsində
aktiv rol oynayır. Xüsusilə də, Azərbaycan
zəngin enerji resurslarının nəqlində diversifikasiya
siyasətini gücləndirməklə dünya enerji
bazarına öz töhfəsini verməkdədir.
Bütün bunları nəzərə
alaraq deyə bilərik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında əsas rol oynayan faktordur və ölkəmizin
bundan sonra da bu işdə əhəmiyyəti daha da artacaq. Çünki Avropada “NABUCCO”-nun
reallaşmasına olan ümidlərin getdikcə itməsi və
Rusiyanın enerji ehtiyatlarından siyasi alət kimi istifadə
etməsi Azərbaycanın təşəbbüsü ilə
həyata keçirilən neft-qaz layihələrinin
etibarlılığını və əhəmiyyətini
qat-qat artırır. Bu mənada, Azərbaycan
Avropanın ən çox ehtiyac duyduğu ölkədir.
“SƏS”-in Analitik qrupu
Səs.-2012.-
28 mart.- S.8-9.