Süfrə
mədəniyyəti və azərbaycançılıq
Süfrə mədəniyyətimiz
xalqımızın əsrlər boyu formalaşan milli-mənəvi mədəniyyətinin
və azərbaycançılıq ideyasının
ayrılmaz tərkib hissəsidir. Süfrə mədəniyyəti,
xüsusilə, sevincini
yaşadığımız Novruz süfrəsi öz
qeyri-adiliyilə fərqlənir.
Tədqiqatçı İradə
Məmmədbəyova Novruz mərasimlərinin
qədim vaxtlardan
indiyədək bayram gününə bir ay qalmışdan
başlandığını qeyd edir: “Təntənələrin zirvəsini isə
il təhvili və ya
təhvil saatı təşkil edir. Həmin
gün bayram mərasimi
təhvil süfrəsinin hazırlanması ilə
başlanır. İlin başa
çatmasına bir neçə saat qalmış təhvil süfrəsi
açılır. Ta qədimdən bu süfrədə şirni,
şam, ayna, göy, noğul,
narınc, lumu, gülab,
qırmızı yumurta və içərisində
balaca balıq salınmış bir qab su
olurdu. Bunlardan əlavə,
bayram süfrəsinə zeytun,
heyva, nar və söyüd ağacının budaqlarından qoyurdular. Azərbaycan
xalqının mənəvi mədəniyyət tarixini tədqiq edərək, “Azərbaycan
xalqının orta əsr mənəvi mədəniyyəti”
adlı əsərində M.Dadaşzadə yazır ki, bayram süfrəsinə
qoyulan şeylər orta
əsr mənbələrində həft sin
adı ilə məşhurdur. Bayram
süfrəsinə düzülən yeddi
şeyin adı “S” hərfi ilə başlanan söz
olmalı idi. Bu
şeylər sumaq, sarımsaq, sirkə və
sairədən ibarət idi. Orta əsrdən başlanmış, bu günə kimi bayram süfrəsinə yeddi
növ meyvə, şam
və qırmızı yumurta ilə bəzədilmiş
xonça qoyulur. A.Nəbiyev
yazır ki, Novruz
süfrəsi xalqın ən milli süfrəsi
hesab edilir. Buraya, əsasən,
milli yeməklər, aş,
şirniyyat, qovurğa,
ləpə və s. qoyular,
süfrədə şam
yandırılardı. Bayram süfrəsi
Novruz şamları
yandırıldıqdan sonra
açılardı. Ailənin bütün
üzvləri süfrə qırağında əyləşər,
bayram xörəklərindən yeyərdilər.
H.Sarabski
“Köhnə Bakı” əsərində yazırdı ki, ailə başçısı süfrəyə
əyləşməmiş xonçaya əl
uzatmağa kimsənin ixtiyarı olmazdı.
O, ilin təhvil olmasına bir
neçə dəqiqə qalmış süfrə
başında salınmış döşəkçə
üstünə oturaraq, arxasına qoyulmuş nazbalışa söykənir. Hamı
xonçanın başına toplaşdıqdan sonra bir qədər bayram yemişindən yeyir,
anaları südlü plov
qazanını yerə qoyur, hər uşağın
payını öz boşqabına tökərək
verir. Südlü plov yeyilib bitdikdən sonra süfrə yığılır.
İran
türklərinin il dəyişməsini təsvir
edən Zeynalabdin Makas
isə “Türk milli
kültüründə Novruz” əsərində
yazır ki, bayrama qədərki
şənliklərdə coşqunluq, bayram günündə isə təmkinlilik və
ağır başlılıq əsasdır. İranın hər
tərəfində
olduğu kimi, Ərdəbildə
də il təhvil olduğu
zaman hər kəs yeddi
sin süfrəsində olmalıdır. Bu yeddi sin,
baş hərfi “S” ilə başlayan
sirkə, sarımsaq, səbzi, sumaq, sikkə,
saat və sudan ibarətdir
ki, bunların da hər
birinin öz mənası
vardır. Bu arada bir qab içərisində balıq başı ilə toyuq köksünün
süfrədə bulundurmaq da adətdir.
Azərbaycanda hər bir zonanın xüsusiyyətindən
asılı olaraq, süfrəyə
düzülən şeylər də müxtəlif olurdu. Bayram axşamı bütün ailə üzvləri bir yerə toplaşırdılar. Səfərə
getməli olanlar isə bu
işi təxirə salırdılar. Bu axşam heç
kəs başqasının evinə getməzdi.
M.Dadaşzadə yazır ki, hələ orta əsrlərdə
ilin təhvilinə az
qalmış bütün ailə üzvləri
süfrə başında səbirsizlikə təhvil
saatının gözləyərdilər. Kənd, qəsəbə
və şəhərlərdə hakimin əmri
ilə yüksələn top, təbil, şeypur, tütək səsləri ilin təhvil olunduğunu
xəbər verirdi. Bu
xəbərdarlıqdan sonra ailə
başçısı hər bir ailə
üzvünə üç parça nabat və ya şirni, üç xırda pul və
üç qaşıq bal
verirdi. Süfrəyə təzə pendir və qatıq da qoyulurdu. İl təhvil olunduqda hakimin
yaşadığı binanın damı üstündə böyük tonqal
yandırılırdı. Bu, eyni zamanda, yeni
ilin başlandığını xəbər
verirdi.
Z.Makaşın fikrincə, il təhvil olunan zamanı
ailə üzvlərindən biri Quran oxuyardı. Digərləri sevinclə onu dinlərdilər. Quran oxuma fəsli bitincə, balıq atılar. Sonra evdəkilər bir-birinin
bayramını təbrik edərlər və yaxın qohum-qonşusunun ziyarətinə gedərlər.
Bu arada ailə
başçıları toplanıb köhnə ili evindən cənazə
çıxanların evlərinə gedərdilər. Beləcə
onların acılarını bir daha paylaşmış olurdular.
Azad Nəbiyev Novruz süfrə mədəniyyəti
haqqında “Novruz” toplusunda
geniş məlumat vermişdir. Novruz günlərində
yaxın adamlar, qohum-qardaş
bir-birinə qonaq gedər əziz
adamlarına bişirdikləri bayram
şirnilərindən aparardılar.
Nişanlı qızlara Novruz
payı göndərmək dəbdə idi.
Oğlan evinə də Novruz
süfrəsi qaytarılardı. Novruz mərasimi
zamanı süfrəyə qoyulan şirniyyat və bişirilən xörəklər
Azərbaycan milli mətbəxinin əsas qolunu təşkil edir.
Şirniyyat: Şirniyyata əsasən şəkərbura, paxlava, şəkərçörəyi, halva və s. aid edilir. Bunlardan
ən çox növü
olan paxlavadır. O, 3-4 növdə
hazırlanır. Bunlar Bakı
paxlavası, riştə paxlavası və Kəncə
paxlavasıdır. Bakı paxlavası üçün
xəmir - un, yağ, yumurta və bir çimdik duzun südlə
yoğrulmasından hazırlanır. Sonra xəmir kündələnib
yayılır, tavanın dibinə yağ sürtülür və həmin qat sərilib üstünə iç
tökülür. İçi
hazırlamaq üçün badam və ya qoz ləpəsini maşından keçirib şəkər tozu
ilə qarışdırırlar. Üzərinə ikinci xəmir qatı salınır, yağ sürtülür,
yenidən iç tökülür
və bu qayda ilə
6-7 qata qədər davam
etdirilir. Sonra paxlava romb şəklində
kəsilib, üzərinə zəfəran qatılmış yumurta sarısı çəkilir. Hər
paxlavanın ortasına fındıq ləpəsi və yaxud badam qoyulur.
Bişənə yaxın üstünə şərbət tökülür.
Gəncə paxlavası və
riştə laxlavası da eynən bu cürdür. Lakin Gəncə paxlavasında iç
hər üç qatdan
bir tökülür
və paxlava iyirmi üç qatdan ibarət
olur; on səkkiz qat xəmir, beş qat iç. Riştə
paxlavasında isə axırıncı üst
xəmir layı əvəzinə rnştə qoyulur.
Şəkərbura da ən çox
yayılmış şirniyyatdır. Bunun üçün
xama, yumurta, bir çimdik duz, bir az
soda, yağ və bir az süddən ibarət
bərk xəmir yoğrulur. 25-30 dəqiqədən
sonra (xəmir acısın deyə) xəmiri
kündələyib kiçik dairə
formasında yayırlar. İçi
hazırlamaq üçün
qabığı təmizlənmiş badam
və ya fındığı
sürtkəcli maşından keçirib
şəkər tozu ilə
qarışdırırlar. Sonra yayılmış kündələrə iç tökülüb,
örtülüb kənarları
vintvarı bükülür, üzərinə müxtəlif naxışlar vurulur. Şəkərçörəyi
özünəməxsus ustalıq tələb edir. Ərinmiş yağ,
yumurta və şəkər tozu möhkəm çalınıb, üzərinə
un əlavə edilib
xəmir yoğrulur. Həmin xəmirdən
girdə kündələr hazırlanır, üzərinə
yumurta sarısı çəkilib yağ sürtülmüş
listə düzülür və 25-30 dəqiqə bişnrilnr.
Novruz xəmir
bişintilərindən ən çox
yayılanı şorqoğalıdır, buna
bir sıra rayonlarda şorçöryi də deyirlər.
Azərbaycanın
şimal rayonlarında- Şəki-Qəbələ
zonasında şorçörəyi bişirmək üçün teştə müəyyən
çəkidə un ələyib su, duz, xəmrə (maya) qarışdırıb xəmir yoğururlar, 25-30 dəqiqədən sonra xırda kündələyib, nazik yuxalar yayırlar.
13-15 ədəd yuxanın arasını yağlamaqla üst-üstə
yığırlar. Sonra
yığılmış yuxaların sayı qədər 4 sm. enində uzunsov dilimlər
kəsirlər və onları bükürlər. Yuxaların
sayı qədər büküm
hazırlanır. İçi hazırlamaq
üçün müəyyən qaydada yağ, un, duz və ədviyyat - razyana, hal, hind
qozu qovurub, həmin
hazırlanmış bükümlərin arasına
tökürlər. Sonra azca
yayıb üstünə xaşxaşlı yumurta
sarısı çəkib sobada 25-30 dəqiqə
bişirirlər. Bəzi rayonlarda iç yağla birlikdə
yuxaların arasına
yayılır.
Fəsəlinin xəmiri üçün duz, maya, su, yağ
və müxtəlif ədviyyat götürülür.
Kündələnib yayılır və yağlanır.
Yağlanmış yuxanı qatlayıb, yenidən yayırlar
və sacın üzərində hər iki
üzü qızarana qədər
bişirirlər, götürəndən sonra
zövqə görə şəkər tozu
və yaxud balla
süfrəyə verirlər.
Şimal
rayonlarında bişi çörəyi-Bakı
zonasında bişi, Qazax-Gəncə
zonasında qatlama adlandırılan bayram bişintisinin xəmiri üçün
maya, duz, su, un, yumurta
götürülür. Xəmirə ədviyyat
da qatılır. Hazırlanması və
bişirilməsi eynən şorqoğalı kimidir,
lakin içdən istifadə olunmur. Yuxaların sayı 10 ədəd olur.
Külçə
- oma, südlü
çörək, şirin çörək;
Bakıda bu bişinti
növü südçörəyi
adlanır. Şəki zonasında bu oma, Ağdam-Fuzuli və Qəbələ
zonasında külçə, Aran
rayonlarında şirin çörək,
Naxçıvan zonasında, Quba
zonasında tıxma adlanır. Qaba un ələyib həmin unun
ölçüsünə uyğun süd götürüb unla qarışdırırlar. Müəyyən
olunmuş ölçüdə şəkər
tozu, yumurta, sarıkök,
müxtəlif ədvalar, maya və duz əlavə edilərək, xəmir yoğrulur. Xəmirin üstünü isti
bükərək acımaq (əmələ gəlmək) üçün 2 saat saxlamaq lazımdır. İki
saatdan sonra iri kündələyərək, yenidən
yarım saat saxlayırlar. Şişmiş
kündələri yağlayaraq,
üstünə zəfəran, xaşxaş
və yumurta sarısı qatışığı
çəkib isti sobaya
qoyurlar.
30-35 dəqiqədən sonra
külçə hazırdır.
Səməni halvası da geniş
yayılmışdır. Səməni cücərtiləri
sarımtıl rəngdə olduqda
maşından keçirib, şirəsinə
un əlavə edilib xəmir
yoğrulur. Xəmir yağlanmış mis tavaya qoyulur,
zəif alov üzərində arabir çevirməklə (yanmasın deyə)
dörd saat ərzində
bişirilir. Hər dəfə xəmiri
çevirdikdə, altına azacıq yağ
tökülür. Axırda külçəyə
xırdalanmış qoz ləpəsi, ədviyyat
(cirə, darçın, istiot, razyana) və bəhməz vurulub
möhkəm qarışdırılır. Hazır halvadan iri bitoçka
formasında paylar düzəldilir. Qalan şirniyyata isə qozlu Ordubad dürməyi,
badamlı borucuq, Lənkəran külçəsi və s. aid etmək olar.
Xalqımızın gözəl
bir adəti var. Novruz bayramı axşamı aş
bişirilməlidir. Ta qədimdən indiyə
qədər bu, adət halını
almışdır. Novruzda aşın (plovun)
aşağıdakı növləri bişirilirdi:
parça döşəmə plov (buna bəzi
döşəməli plov da
deyirlər, çığırtma plov, səbzi-qovurma
plov, südlü plov və s.
Döşəməli plov üçün
düyü süzülür,
qazanın dibində qazmaq
hazırlanır. Qazmağı iki cür hazırlayırlar: 1) yağlı xəmirlə.
2) yağ, yumurta, düyü və qatıqla. Qazmağın
üstünə ədvalanmış, duzlanmış,
soğanlanmış-qış vaxtı şabalıd, yaz-yay vaxtı zoğal,
gavalı qurusu da əlavə
edilir, - ya qoyun əti, ya da toyuq əti tikələri düzülür,
üzərinə yağ və zəfəran
qatılmış düyü tökülür və dəmə qoyulur. Odda iki saat müddətində
də alır.
Südlü aş- on stəkan südə
5 stəkan düyü tökməklə,
süddə düyünü pörtüb zəfəran, sarıkök əlavə
edib dəmə qoyurlar.
50-60 dəqiqə dəm alır. Süfrəyə verilərkən
qazmağın üzərinə quru
balıq da qoyurlar.
Bayram günlərində
başqa növ polvlar-şüyüd polv,
şirin plov,
dolmalı plov və s.
də bişirilərdi.
Bayram süfrəsində
adlarını çəkdiyimiz xörək və şirniyyatlardan başqa noğul, nabat, püstə,
badam, tut qurusu, kişmiş,
fındıq, qoz, badam
ləpəsi, boyanmış yumurta, alma qurusu, gavalı qurusu, iydə və s.
çərəzlər olur. Bəzi rayonlarda axır çərşənbə həm
də yeddiləvin gecəsi-xalq arasında yeddi
löyün də adlanır- adı ilə
məşhurdur. Bu zaman
süfrədə yeddi növ
çərəz olması şərtdir. Çox
vaxt yeddi sin süfrəsi də açılır. Yeddi sin “s”
hərfi ilə başlayan sirkə (dad və zövqə işarədir)
sarımsaq (sağlamlıq), səbzə (ümid),
sumax (bərəkət), sikkə
(varlılıq), saat (uzun
ömür) və su
(aydınlıq) deməkdir. Süfrənin ortasında
qırağı şamlarla bəzədilmiş
qoyulur.
M.A.Süleymanov “Novruz” (tarixi kökləri)
metodik vəsaitdə yazır: “Son vaxtlara qədər ailə
üzvləri bayram süfrəsi
başında ailə başçısının Novruz duasını dinlərdilər: “Ey qəlbləri və gözləri dəyişdirən,
ey gecəni və gündüzü
təqdir edən, ey hal
və şərtləri başqalaşdıran Allah bugünkü durumumuzu daha yaxşı bir duruma inqilab
etdir”. Xalqımız ən çətin zamanlarda belə bütün
qadağaları aşaraq təhvil
saatını böyük sevinclə
yaşamışdır. Ulu Öndər milli-mənəvi dəyərlərin
xalqın, vətəndaşların milli
birliyinə xidmət etdiyini həmişə
vurğulamış, Novruz
bayramının isə milli həmrəyliyin
təmin edilməsində mühüm rol oynadığını xüsusi
qeyd edərək, bildirmişdir
ki, Novruz bayramı
xalqımızın yüksək ideallar
ətrafında daha sıx birləşməsini
təmin edir, azad,
müstəqil və demokratik Azərbaycan
dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirir.
Ulu Öndər Novruzun
milli həmrəyliyin yaranmasında olan müstəsna əhəmiyyəti
haqqında danışarkən demişdir:
“Bu bayram
bir də onunla fərqlənir
və səciyyələnir ki, bayramda siyasi
baxışlarından, siyasi
dünyagörüşündən asılı olmayaraq, hamı bayram edir. Əgər bu günümüzü götürsək, iqtidar da, müxalifət də
bayram edir, bir-birini sevən də bayram
edir, bir-birinə düşmən olan da. Amma
bayramın bizə bəxş etdiyi ən
gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar
kin-küdurəti unudur, küsülülər
barışır, ziddiyyətlər aradan
götürülür. Demək, bu, dostluq, həmrəylik,
yüksək mənəviyyat bayramıdır. Ona görə də, Novruz bayramını
hər il böyük el bayramı kimi, hər
bir insanın şəxsi bayramı kimi qeyd edərək, biz istəyirik, arzu edirik və bu, Azərbaycan
vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə
milli həmrəylik, vətəndaş həmrəyliyi,
birliyi olsun. Bu ali məqsədləri,
ali fikirləri ulu
babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan
onun xüsusiyyətiləri insanları həmişə
dostluğa, həmrəyliyə,
qarşılıqlı anlaşmaya dəvət
ediblər.”
Ulu
Öndər Heydər Əliyev türkdilli
ölkələrin mədəni əlaqələrini həyata
keçirən Türksoy təşkilatının
fəaliyyətinin genişlənməsinə və Azərbaycanın
bu təşkilatın işində fəallıq
göstərməsinə həmişə xüsusi
diqqət yetirmişdir. Novruz bayramının YUNESKO-nun
qeyri-maddi irs
siyahısına daxil edilməsində Türksoyun müəyyən rolu
olmuşdur. Sevindirici hal bundan ibarətdir ki, Türksoy 2010-cu ildə
Novruz bayramını Parisdə YUNESKO-nun mənzil-qərargahında qeyd etdirmişdir.
Ulu Öndər
milli bayramlar
arasında Novruzun xüsusi
çəkisinin olmasını qiymətləndirərək demişdir: “Novruz
bayramı Azərbaycan xalqının, azərbaycanlıların
ən əziz bayramıdır. Hər xalqın tarix boyu yaranmış və
ənənəyə çevrilmiş
bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bunların bir qismi dövlət
bayramlarıdır, bir qismi
xalq, din bayramlarıdır.
Bütün bu
bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir
azərbaycanlı üçün ən əziz,
ən doğma, ən sevimli
bayram Novruz
bayramıdır.
Ulu Öndərin
layiqli siyasi varisi ölkə Prezidenti
cənab İlham Əliyev Novruz
bayramı münasibətilə Azərbaycan xalqına
müraciətində demişdir: “Ağrılı problemimiz
olan Ermənistan - Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində səyləri
artırmışıq, bütün daxili imkanlardan, beynəlxalq
hüququn gücündən istifadə edirik. Bizim mövqeyimiz qəti və prinsipialdır: Azərbaycanın
suverenliyi, ərazi bütövlüyü
təmin edilməli, regionda sabitlik və təhlükəsizlik
qorunmalı, vətəndaşlarımızın pozulmuş hüquqları bərpa
olunmalıdır. Dövlətimizin və xalqımızın
gücü, birliyi,
insanlarımızın əzmi və iradəsi məqsədlərimizə
çatacağımıza bizdə tam əminlik
yaradır. Bu əziz bayram
günündə hər bir azərbaycanlıya,
hər bir ölkə vətəndaşına,
onların ailələrinə bir daha səadət, firavanlıq,
cansağlığı arzu edirəm və
uğurlar diləyirəm”.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.-
28 mart.- S. 6.