Bəşəriyyətə
qarşı erməni vəhşiliyi - 31 Mart
Soyqırımı
1998-ci ildən 31 mart Azərbaycan Respublikasında
dövlət səviyyəsində Azərbaycanlıların
Soyqırımı Günü kimi qeyd edilir. Bu
soyqırımı Azərbaycan xalqı və dövlətçiliyinin
tarixində baş verən faciəli hadisələrə
münasibətdə milli yaddaşın təzahürüdür.
Azərbaycanlıların kütləvi surətdə
qırğını, repressiyalara məruz qalması, doğma
yurdlarından sürgün edilməsi və didərgin
salınması XX əsr tarixinin ən faciəli və dəhşətli
səhifələrindəndir.
Tarixin səhifələrini
vərəqlədikcə ermənilərin zaman-zaman
azərbaycanlılara qarşı törətdikləri fitnə-fəsadların
şahidi oluruq. Son iki yüz
ildə xalqımızın başına gətirilən bəlaların
əsas səbəbkarı xəyanətkar və iblis xislətli daşnaklar
olmuşdur. “Dənizdən-dənizə
böyük Ermənistan” yaratmaq
xülyası ilə yaşayan daşnaklar qan tökmək,
ədavət toxumu səpmək üçün həmişə məqam
gözləmiş və fürsət düşən kimi öz məkrli məqsədlərini
həyata keçirməyə çalışırdılar.
1918-ci ilin mart-aprel
aylarında da belə olmuşdur.
Şaumyanın, Arakelyanın, Saaksyanın, Əmiryanın və
digərlərinin dirijorluğu ilə
1918-ci il martın 30-31-də tarixə 31 Mart Soyqırımı kimi
daxil olan
qırğınlar törətmişlər.
İlk həyəcanlı
xəbərlər mart ayının əvvəllərində
Şamaxı şəhərindən gəlməyə
başlamışdır. Yaxşı
silahlanmış ermənilər şəhərdə və kəndlərdə
əsil qətlamlar düzəldir, insanlığa yaraşmayan vəhşiliklər törədirdilər,
Şahidlərin yazdıqlarına görə ermənilər
evlərə soxulur,talançılıq edir,
uşağa, qocaya,
qadına aman vermir,
hamını güllədən keçirirdilər. Həmin
günlərdə təxminən 7 min azərbaycanlının
həyatına son qoyulmuşdur.
Ermənilər Şamaxıda başladıqları qətliamı
mart ayının son
günlərində Bakıda və Bakıətrafı kəndlərdə
eyni amansızlıqla davam
etdirmişlər. Daşnaklar Bakıdakı “Metropol”
mehmanxanasının yaxınlığında, “ermənikənd”,
“Qanlı təpə” deyilən yaşayış sahələrində
azərbaycanlıları güllə yağışına tutur, günahsız insanları yerindəcə
qətlə yetirirdilər. 1918-ci ildə Bakıda və Azərbaycanın
digər bölgələrində ermənilərin törətdikləri
qırğınlardan 94 il ötməsinə
baxmayaraq, bu vəhşiliklər
xalqın qan yaddaşında əbədi iz buraxıbdır.
1918-ci ildə
erməni bandaları insanlara qarşı
vəhşi amansızlıq etdikləri kimi,
mədəniyyət abidələrini və tarixi
abidələri də vəhşicəsinə
dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə yeksan edirdilər. Mart
qırğını haqqında olan mənbələrdə
göstərilir ki, ermənilər bir çox qədim
binaları, o cümlədən, Cümə
məscidini, İsmailiyyə binasını top
atəşinə tutaraq
dağıtmışlar. Həmin dövrü
əhatə edən, 1918-ci ildə Bakının
dağıdılmasını əks etdirən tarixi fotoşəkillər də tarixçilərin
yazdıqlarını əyani şəkildə təsdiqləyir.
Belə ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində
11 min nəfərədək
türk-müsəlman öldürülmüşdür.
Onların çoxunun meyitləri
tapılmamışdır. Çünki
şahidlərin dediklərinə görə, ermənilər
meyitləri od-alova bürünmüş
evlərə, dənizə və quyulara
atırdılar ki, cinayətin izini itirsinlər. Bakının şəhər
camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunmuşdu. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb
yerlə-yeksan edilmişdir. Uzaqvuran topla Təzəpir
məscidi zədələnmişdi. Daşnaklar
Bakıda dünya
memarlığının incilərindən sayılan
“İsmailiyyə” binasına od vurub yandırmışdılar. Bakıda baş vermiş faciəli
hadisələr şəhərə olduqca
böyük ziyan vurmuşdu. Qədim Azərbaycan
şəhəri Şamaxı da dəhşətli
talan və vəhşiliklərə məruz
qalmışdı. Şamaxı şəhəri və
Şamaxı qəzası üzrə ermənilərin törətdikləri
vəhşiliklər haqqında 7 cild, 925
vərəqdən ibarət materiallar
toplanıb. Şamaxının müsəlmanlar yaşayan
hissəsinin hamısına od vurulmuşdu, 13 məhəllə məscidi və
məşhur müqəddəs ocaq
Cümə məscidi yandırılmışdı. Erməni
quldurları minlərlə dinc adamı qətlə
yetirmişdir. Şamaxı qəzasının
53 kəndində ermənilər 8077 azərbaycanlını qətlə
yetirmişdilər. Onlardan 4190 nəfəri
kişi, 2560 nəfəri qadın və
1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə
dəyən ümumi maddi
zərər o dövrün
qiymətləri ilə 339,8 milyon manat olmuşdur. Ermənilərin
vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində
üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və
şahidlərin dediklərinə əsasən,
qırğın zamanı 12 minədək ləzgi, 4 mindən
çox azəri türkü
öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi
dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud
deyildir. Azərbaycanın tarixindən məlumdur
ki,1918-ci ilin yazından başlayaraq,
Ermənistanda (Qərbi Azərbaycan) yaşayan
azərbaycanlılar da erməni bolşevik dəstələri tərəfindən
soyqırıma məruz qaldılar. Erməni cəlladları
“böyük Ermənistan” yaratmaq
üçün, ilk
növbədə, Qərbi Azərbaycandakı müsəlman əhalisini
buradan çıxarmağa və bu məkrli planın reallaşmasına
çalışırdılar. Təkcə aprelin
sonunda bu ərazidə
dağıdılmış müsəlman kəndlərinin
sayı 199-a çatırdı.
1918-ci il mart qırğınları, ermənilərin
azərbaycanlılara qarşı törətdikləri
soyqırımı aktlarına ilk siyasi-hüquqi qiymət Ümummilli
Lider Heydər Əliyev tərəfindən
verilmişdir. Ulu
Öndər Heydər Əliyevin 1998-ci il
martın 26-da imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” Fərmanı bu
baxımdan mühüm tarixi
əhəmiyyətli sənəddir. Bununla
ilk dəfə olaraq, mart qırğınlarına siyasi
qiymət verilmiş bu
sənəddə 31 mart tarixinin
hər il Azərbaycanlıların
Soyqırımı Günü kimi qeyd edilməsi öz əksini tapmışdır.
Dünya ictimaiyyəti
artıq təcavüzkarı və təcavüzə məruz
qalan ölkəni yaxşı
tanıyır. Bütün Azərbaycan
xalqı inanır ki, Prezident
İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycan
torpaqları tezliklə işğaldan azad olunacaq və
soydaşlarımız öz tarixi torpaqlarına geri
qayıdacaqdır.
RƏFİQƏ KAMALQIZI
Səs.-
2012.- 28 mart.- S.4.