Tariximizin
faciəli səhifəsi
Erməni daşnaklarının
bolşeviklərlə birgə azərbaycanlılara
qarşı həyata keçirdiyi 31 mart
soyqırımından 94 il ötür. Azərbaycan xalqına
qarşı dəfələrlə törədilmiş və
uzun illər boyu öz siyasi-hüquqi qiymətini
almamış 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən
biridir.
Tarixin səhifələrini vərəqlədikcə,
ermənilərin zaman-zaman azərbaycanlılara qarşı
törətdikləri soyqırımların şahidi oluruq. “Dənizdən-dənizə
böyük Ermənistan” yaratmaq xülyası ilə
yaşayan daşnaklar qan tökmək, ədavət toxumu səpmək
üçün həmişə məqam gözləyir və
fürsət düşən kimi öz məkrli məqsədlərini
həyata keçirməyə çalışırdılar.
1918-ci ilin mart-aprel aylarında da belə olmuşdur.
Şaumyanın, Arakelyanın, Əmiryanın və digərlərinin
ideya müəllifliyi ilə 1918-ci il martın 26-dan aprelin 1-nə
qədər qırğınlar törətmişlər.
Qeyd edək ki, ermənilər mənfur
ideyalarını reallaşdırmaq istiqamətində
ardıcıl olaraq hərbi, ideoloji və təşkilati
xarakterli tədbirlər həyata keçirilmişdir. Belə
ki, XIX əsrin birinci yarısında İrandan və
Osmanlı imperiyasından köçürülən ermənilər
hesabına Yerevan, Qarabağ və Zəngəzurda demoqrafik vəziyyətin
zorla dəyişdirilməsi, 1905-ci və 1918-ci illərdə
azərbaycanlı əhalinin kütləvi
qırğınları, 1918-ci ildə tarixi Azərbaycan
torpaqlarında Ermənistan dövlətinin yaradılması və
Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən
biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana
güzəştə gedilməsi, 1920-ci illərdə sovet
hökuməti tərəfindən Zəngəzurun ermənilərə
verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə
azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli
torpaqlarından deportasiyası və sair faktlar
soyqırımı tarixinin faciəli və qanlı səhifələridir.
Azərbaycanlılara
qarşı aparılan soyqırımı siyasətinin uzun
tarixi olsa da, bu barədə əsil həqiqət Ümummilli
Liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində
ictimaiyyətə çatdırılmışdır. 31 mart
ermənilərin həyata keçirdikləri soyqırım
yalnız Ulu Öndərimiz Heydər Əliyevin 1998-ci il 26
mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini
almışdır. O vaxtdan başlayaraq, 31 mart - Azərbaycanlıların
Soyqırımı Günü kimi dövlət səviyyəsində
qeyd olunur, soyqırımı qurbanlarının xatirəsini
anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin
diqqəti bu faciəyə cəlb edilir.
Son illərin təcrübəsi
göstərir ki, erməni
işğalçılarının və onların
havadarlarının imkanları heç də qeyri-məhdud
deyildir və bu imkanlar getdikcə tükənməkdədir.
Bu, belə də olmalıdır. Çünki son illər
geniş iqtisadi potensiala malik qüdrətli Azərbaycan
dövləti, onun beynəlxalq aləmdə getdikcə artan
siyasi nüfuzu, dünya azərbaycanlılarının və
ölkəmizin dostlarının gündən-günə
möhkəmlənən həmrəyliyi, nəhayət,
güclü Azərbaycan Ordusu dayanır. Azərbaycan Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz
dünya siyasətinə ciddi təsiri olan böyük dövlətlərlə
müntəzəm və məhsuldar iş aparır, onilliklər
boyu formalaşmış stereotipləri, yanlış
yanaşmaları dağıtmağa uğurla müvəffəq
oluruq. İkili standartlara və ermənipərəst qüvvələrin
təzyiqlərinə baxmayaraq, beynəlxalq ictimaiyyət
aşkar faktlar qarşısında həqiqəti daha tez-tez
etiraf etməli olur. Soyqırımı qurbanlarının xatirəsini
anma tədbirləri bütün dünyada getdikcə daha
geniş xarakter alır. Bununla ölkəmiz yalnız tarixi ədalətin
və həqiqətin bərpa olunmasını, dünyanın
heç bir yerində belə faciəli hadisələrin təkrarlanmayacağına
təminat verilməsini istəyir. Bunun əksinə,
işğalçı Ermənistanda iqtisadi və mənəvi-siyasi
tənəzzül getdikcə dərinləşir, sosial
problemlər və demoqrafik vəziyyət gərginləşir.
Ermənistan təcavüzkar siyasəti ilə
özünü bütün regional iqtisadi-enerji və nəqliyyat-kommunikasiya
layihələrindən təcrid etmişdir. Ermənistanda
baş verən siyasi böhran, antidemokratik proseslər onun rəhbərliyinin
məhdud, təcavüzkar siyasətinin nəticəsidir, erməni
xalqının geniş dairələrinin hakimiyyətə
etimadsızlığının göstəricisidir.
Bu gün tam əminliklə demək
olar ki, dövlət başçısı İlham Əliyevin
siyasi iradəsi, xalqımızın vətənpərvərliyi,
həmrəyliyi sayəsində qarşıya qoyulan
bütün məqsədlərə, o cümlədən, ərazi
bütövlüyümüzün bərpasına,
soyqırımı həyata keçirənlərin, xalqlar
arasında düşmənçilik salanların
ifşasına nail olacağıq.
RƏFİQƏ KAMALQIZI
Səs.-
2012.- 29 mart.- S.9.