Azərbaycanın modernləşmə  siyasəti uğurla həyata keçirilir

 

Azərbaycanın dövlətinin, xüsusilə, cənab Prezident İlham Əliyevin qlobal inteqrasiya və modernləşmə sahəsində həyata keçirdiyi tədbirlər günü-gündən öz bəhrəsini verməkdədir. Belə ki, Dünya Bankının dəstəyi ilə bir neçə gün əvvəl Bakıda İkinci Yüksək Səviyyəli İqtisadi Siyasət Forumunun keçirilməsində də məqsəd, Azərbaycanın qeyri-neft sektorunun daha çox yer alacağı gələcək iqtisadi siyasətin əsas tərkib hissələrinin ətraflı müzakirəsi üçün platforma yaranması idi.

Tanınmış beynəlxalq ekspertlərin, dövlət və hökumət nümayəndələrin iştirakı ilə belə bir forumun Bakıda keçirilməsi  Azərbaycanın çoxşaxəli iqtisadi siyasətinin istiqamətlərinin təhlilinə səbəb olmuşdur. Təsadüfi deyildir ki, cənab Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında neft-qaz gəlirlərinin qeyri neft sektoruna, xüsusilə, insan kapitalına çevrilməsi üçün lazımi tədbirlərin görüldüyünü və durmadan görüləcəyini bəyan etməkdədir. Əlbəttə ki, belə bir iqtisadi siyasət kursu ölkə vətəndaşlarının daha da yüksək səviyyədə həyat sürmələrinə səbəb olacaqdır.

Qeyd olunmalıdır ki, yaşadığımız dövrdə modernləşmə böyük dəyişiklikləri xarakterizə etmək üçün istifadə edilən əsas məfhumlardan biridir. Modernləşmənin bütün cəmiyyətlər, bütün ölkələr və bütün bəşəriyyət üçün inkişaf, rifah və tərəqqi gətirəcəyi irəli sürülür. Demokratiya, sülh, hürriyyət, bütün bəşəri dəyərlər, universal normaların yer kürəsinə yayılması bəşəriyyətin yeni bir mərhələyə keçməsini simvollaşdırır. Coğrafi və siyasi sərhədlərin əhəmiyyətini itirib cəmiyyətlərin qarşılıqlı əlaqə qurduqları dünyamızda fərdi hürriyyətlər və azadlıqlar da get-gedə genişlənir. Əvvəllər bir ölkə vətəndaşı olan fərdlər özlərini artıq qlobal bir cəmiyyətin fərdi kimi hiss edirlər. Xaricdə təhsil və işləmə fürsəti, informativ və kommunikativ imkanlardan istifadə etmə, modern sivil cəmiyyət fəaliyyətləri və sosial fəaliyyətlərdə iştirak etmə daxili-xarici fərqi əhəmiyyətsiz hala gətirən digər ünsürlərə çevrilir. Məhz modernləşmə prosesi baxımından cənab Prezident İlham Əliyevin iqtisadi və xarici siyasət kursu əsaslandırılmış arqumentlərə istinad edilərək, həyata keçirilir.

 

Daxili iqtisadi siyasət strategiyası

 

Modern siyasət nəzəriyyələrinə görə hər hansı bir ölkənin yüksək səviyyədə inkişafı üçün daxili və xarici siyasət kursunun balanslaşdırılmış şəkildə həyata keçirilməsi vacibdir. Bu zaman sosial sahədəki problemlər daha geniş rakursdan ələ alınaraq həll edilir və ölkənin modernləşməsi uğurla həyata keçirilir. Bu baxımdan həm daxildəki sosial-iqtisadi rifahın yüksəldilməsi, xarici investisiyaların ölkəyə cəlb edilməsi, həm də uğurlu xarici siyasət kursu nəticəsində Azərbaycan gündən-günə inkişaf etməkdədir. Qeyd olunan siyasət kurslarının paralel şəkildə aparılması qlobal-lokal perspektivdən tutarlı siyasət düşüncəsinə malik olmağın analitik təzahürüdür. Prezident İlham Əliyevin hər dəfə mövzu ilə bağlı ifadə etdiyi fikirlər daxili sabitlik və sosial-iqtisadi inkişafın xarici siyasət kursu ilə əlaqəsi baxımından çox əhəmiyyətlidir. Azərbaycanda bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Təsadüfi deyildir ki, cənab Prezident İlham Əliyev  Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafını, eyni zamanda, xarici siyasət rakursundan da ələ alaraq qiymətləndirir.

Daxildəki iqtisadi siyasət kursunu konseptuallığı baxımından 29 noyabr 2011-ci ildə cənab Prezident İlham Əliyevin  “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar imzaladığı Sərəncamı təhlil etmək yerində olacaqdır. Bu Sərəncam strateji-iqtisadi siyasət kursunu dolğun şəkildə əhatə etməkdədir. Eyni zamanda, Sərəncamın məzmun və məqsədi bir çox cəhətdən aktual problemlərin həllini özündə ehtiva etdiyinə görə, çox böyük əhəmiyyət kəsb edir. Məhz Sərəncamda qarşıya qoyulan məsələlər və onların həlli yollarının layihələşdirilərək həyata keçirilməsi həm dövlətimiz, həm də xalqımız qarşısında duran ən ali vəzifələrdəndir. Bu baxımdan, Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Belə ki, İnkişaf Konsepsiyası layihəsinin 2012-ci ilin sonunadək hazırlanıb təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim edilməsi, layihənin hazırlanarkən müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasının təmin edilməsi, bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədi ilə BMT İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi üçün zəruri tədbirlər görülməsi və vətəndaş cəmiyyəti təsisatlarının iştirakını, habelə, layihənin açıq müzakirəyə çıxarılması üçün müvafiq tədbirlərin görülməsinin təmin edilməsi belə bir strateji layihənin Azərbaycan üçün son dərəcə faydalı olacağını xəbər verir. Sərəncamda qeyd olunduğu kimi, layihə çərçivəsində həyata keçiriləcək işlər çoxşaxəli olduğuna görə də əhəmiyyətlidir. Məhz dünya praktikasında, xüsusilə, elmi və iqtisadi düşüncədə hər hansı bir problemin həlli çox şaxəlilik prinsipinə müvafiq aparılır. Bu mənada, cənab Prezidentin imzaladığı bu Sərəncam müasir elmi və cəmiyyətin yenilənməsində tətbiq olunan meyarlar baxımından da son dərəcə zəngin mövzuları əhatə edir. Məhz dövlət başçımızın son günlərdə regionlara etdiyi səfərlər, regionların inkişafı üçün görülən lazımi tədbirlər və Novruz bayramı münasibəti ilə humanizm prinsiplərinə əsaslanaraq,  azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 55 nəfərin cəzanın çəkilməmiş hissəsindən azad edilməsi ölkənin modernləşmə prosesində həlledici addımlardandır.

 

Xarici siyasət kursu

 

Möhtərəm Prezident İlham Əliyev bütün çıxışlarında və əməli siyasi fəaliyyətində Azərbaycanın iqtisadi gücünün qlobal arenada müsbət şəkildə əks olunmasına, qlobal iqtisadi və siyasi güc balansından istifadə edərək lokal, yəni milli dəyərlərin inkişaf etdirilməsinə çalışmaqdadır. Məhz Prezident İlham Əliyevə görə modernləşmə prosesi kontekstində coğrafi mövqe baxımından Azərbaycan, İpək Yolunun üstündə Avropa ilə Asiyanın kəsişməsində çox əlverişli məkanda yerləşir. Belə ki, bu yaxınlarda Davosda Dünya İqtisadi ForumundaMünhen Təhlükəsizlik Konfransında möhtərəm Prezident modernləşmə və qlobal inteqrasiya prosesində Azərbaycanın geopolitik mövqeyini  ciddi şəkildə əsaslandırmışdır.Yeri gəlmişkən beynəlxalq səviyyədə Azərbaycanın günbəgün artan əlaqələrini də burada qeyd etməliyik. Bu mənada, dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən təşəbbüslərin çoxu beynəlxalq birlik tərəfindən dəstəklənir. Məhz bu dəstəyin ən yaxşı göstəricisi Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilərkən özünü göstərdi. Cənab Prezidentin aşağıdakı fikirləri xarici siyasət strategiyamızın əsas məqamlarını da açıqlayır: “2011-ci ildə xarici siyasətdə çox yaddaqalantarixi hadisələr baş vermişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, bizim böyük siyasi qələbəmizdir. Bu qələbə müstəqilliyimizin 20 illik yubileyinə təsadüf etmişdir. Bu da rəmzi xarakter daşıyır. 20 il ərzində Azərbaycan dünya xəritəsində nəinki özünə layiq yerini tuta bilmişdir, dünya birliyinin mütləq əksəriyyətinin rəğbətini, hörmətini, inamını qazana bilmişdir. Əks təqdirdə, heç vaxt 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləməzdi. 155 ölkənin etimadını, inamını qazanmaq çox çətin və eyni zamanda, məsuliyyətli işdir. Azərbaycanın uğurlu siyasəti, müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, etibarlı tərəfdaş kimi özümüzü təqdimetmə imkanlarımız, bax, bu vəziyyətə gətirib çıxarmışdır. Biz bu qələbəni rəqabət şəraitində əldə edə bilmişik və növbəti iki il ərzində dünyanın bir nömrəli, ən mötəbər təşkilatında üzv kimi öz prinsipial mövqeyimizi göstərəcəyik. Mən bu barədə artıq demişəm, bir daha demək istəyirəm ki, biz bu qurumda, ilk növbədə, ədaləti müdafiə edəcəyik. Buna böyük ehtiyac vardır. Ədalət bəzi hallarda pozulur, beynəlxalq hüquq normalarına hörmətsizlik edilir, onlara riayət edilmir. Azərbaycan öz imkanları daxilində ədaləti və beynəlxalq hüququ bu mötəbər təşkilatda müdafiə edəcək, əlbəttə ki, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də daim gündəlikdə saxlayacaqdır. Bir daha demək istəyirəm ki, BMT Təhlükəsizlik Şurasına üzv olmağımız bizim tarixi qələbəmizdir. Biz haqlı olaraq fəxr edirik ki, bu qələbəyə nail ola bilmişik. Eyni zamanda, bu qələbə bizim məsuliyyətimizi də artırır və biz bu məsuliyyətə hazırıq. Qarşı tərəf də bunu bilir. Ona görə də bizdə olan məlumata görə, qarşı tərəfdə - Ermənistanda Azərbaycanın hərbi imkanları ilə əlaqədar böyük təlaş və təşviş vardır. Biz bu məlumatları müxtəlif mənbələrdən alırıq və bizim imkanlarımıza cavab vermək üçün onların heç bir imkanı yoxdur. Necə ki, BMT Təhlükəsizlik Şurasına seçkilərdə onlar döyüş meydanından qaçmışlar. Çünki bilirsiniz ki, vaxtilə, yəni əvvəlki dövrdə Ermənistan da orada namizəd idi. Sonra sakitcə oradan çəkildilər. Çünki bilirdilər ki, Azərbaycanla mübarizə apara bilməyəcəklər. Eləcə də, biz əsil döyüş meydanından da onların qaçmalarını dəfələrlə görmüşük. Ermənilər, nəhayət, dərk etməlidirlər ki, onlara aid olmayan torpaqlardan öz xoşları ilə çıxsalar, sülh bərpa oluna bilər.

Bakıda 2-3 mart tarixləri arasında İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Beyin Mərkəzlərinin III Bakı Forumunun keçirilməsi xüsusilə konfrans iştirakçılarına möhtərəm Prezident İlham Əliyevin ünvanlandığı müraciət analitik siyasət nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir. Belə ki, dövlət başçımız müraciətdə islam sivilizasiyanın humanist ideyaları təbliğ etdiyini və Azərbaycanın da bu mədəniyyət hövzəsi daxilində qiymətli töhfələr verdiyini ifadə etmişdir.

Nəticədə, deyə bilərik ki, dövlət başçımızın siyasi strategiyası sayəsində Azərbaycanın daxilixarici siyasət kursu həm Qərb, həm də Şərqin mütərəqqi dəyərlərini özündə sintez şəklində əks etdirməklə müvəffəqiyyətli şəkildə həyata keçirilir.

 

 

Rəşad İlyasov,

fəlsəfə doktoru

 

Səs.- 2012.- 29 mart.- S.5.