Tamilla Hacıyeva - 80

 

Hər kəs öz ömrünü yaşayır və hər kəs onu özünün mənalandıra bildiyi kimi yaşamağa çalışır. Kimi ötən illəri təəssüf hissi ilə, kimi də şərəflə xatırlayır. Ötən illərin boş, hədər getmədiyini gördükdə, ona təkcə özü deyil, başqa adamların da, geniş ictimaiyyətin də yüksək qiymət verdiyini gördükdə, ömrün qalan payını da maraqlı, məzmunlu etməyə, şərəflə yaşamağa çalışır. Belə şəxslərin əməyi, fəaliyyəti təkcə özü üçün, öz ailəsi və yaxınları üçün deyil, başqaları, xüsusən, gənc nəsil üçün də böyük bir məktəb, nümunə və örnək olur.

İnsan doğulduğu andan öz həyatına başlamaqla yanaşı, həm də şəxsiyyət kimi formalaşmağa başlayır. Təbii ki, bunun üçün kiçik cəmiyyət hesab edilən ailə tərbiyəsindən başlayaraq, ictimai həyatın da rolu mövcuddur. Və bu kimi əhəmiyyətli məqamlarda insanlar arasında sayılıb-seçilmək elə də asan iş deyil. Belə bir çətin işin öhdəsindən gələnlərdən biri də, qocaman ictimai-siyasi xadim, uzun illər yorulmadan fəaliyyət göstərən və hazırda da Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin bölmə müdiri Tamilla xanım Hacıyevadır.

Bu gün o öz həyatının 80-ci baharını qeyd etməklə ətrafındakı insanlara bir örnəkdir. Bu örnəyin arxasında keşməkeşli yollar, yorulmaz fəaliyyət və dövlətə xidmət kimi əhəmiyyətli amillər dayanıb. O, özünəməxsusluğu, dəqiqliyi və məzmunluluğu ilə diqqəti cəlb edir. Tamilla xanımı fərqləndirən başlıca xüsusiyyətlərdən biri də hər bir işçiyə diqqət və qayğı ilə yanaşmasıdır. Mübaliğəsiz demək olar ki, o, bunların hər birinə doğma ailə üzvləri kimi yanaşır, onların ən xırda problemləri ilə maraqlanır, bunları öz problemi kimi həll etməyə çalışır və əksər hallarda buna nail olur. Elə buna görədir ki, hər bir işlərində ondan məsləhət və yardım istəyən kollektivin hər bir üzvündə onun düzələcəyinə böyük əminlik yaranır. Bu keyfiyyət Tamilla xanımın nüfuzunu kollektivin təkcə rəhbəri yox, ağbirçəyi kimi artırır.

Əbəs yerə deyil ki, Tamilla xanım xatirələrini danışarkən, onun ürək sözləri tükənmək bilmir. Tanınmış ictimai-siyasi xadim kimi onun əqidəli həyat yolunun əsas istiqamət verdiyi məqam isə Ulu Öndər Heydər Əliyev ideologiyası, Heydər Əliyev yoludur. Məhz bu barədə bəhs edərkən Tamilla xanım fəxrlə xatırlayır: “Mən bu gün Yeni Azərbaycan Partiyasında çalışmağımla fəxr edirəm. Çünki bu partiyanın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevlə çiyin-çiyinə çalışmış, dövlətçiliyimizin inkişafında mənim də az-çox xidmətlərim olmuşdur.

Bu gün həmin xidmətlərimi möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında keçirməyimlə məndə yeni ruh, yeni güc yaranır ki, bu gücümü Azərbaycan dövlətçilyinin inkişafına, tərəqqisinə sərf edirəm və ən əsası da odur ki,  mənim bu gücüm tükənmir”.

Əlbəttə ki, bu sözlərə diqqət verdiyimiz zaman bizlər bir daha dönməz əqidəni, vətən, xalq sevgisinin təzahürlərini görür və bu amilləri ibrətamiz faktor kimi yüksək dəyərləndiririk. Məhz 80 illik yubileyini qeyd edən T.Hacıyeva kimi şəxsiyyətlərin həyat təcrübəsi gənclərə, yenicə siyasi məqamlara addım atan insanlara örnək olur. Uzun illər müxtəlif dövləti vəzifələrdə çalışdıqdan sonra Tamilla xanımın Yeni Azərbaycan Partiyasında fəaliyyətə başlaması onun həyatında xüsusi və əvəzsiz rol oynadı. O, bu təşkilatda böyük hörmət qazanmağı ilə yanaşı, gənclərə ana və ağbirçək oldu. Onun dəyərli fikirləri zaman-zaman öz müsbət çalarları ilə gənclərin həyatında müsbət rol oynadı. Bu gün də T.Hacıyeva öz möhtəşəm iş qabiliyyəti ilə yorulmadan YAP sıralarında ictimai-siyasi fəaliyyətini uğurla davam etdirir.

Eyni zamanda, T.Hacıyeva partiyada Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədovun da göstərdiyi diqqət və qayğıdan bəhs edərək bildirir ki, bu gün partiyada onun digərlərinə örnək kimi, ağbirçək kimi təqdim olunması oradakı mühitin səmərəliliyinin göstəricisidir. Çünki Tamilla xanımın hər zaman öndə olması həm praktiki, həm də əməli cəhətdən özündə bir məktəb təsiri formalaşdırır. Bu gün həmin həyat məktəbinin uğurla davam etdirilməsi də, bu çərçivədəndir. Daşıdığı məsul vəzifəsinin öhdəsindən daima uğurla gəlməyi bacaran T.Hacıyeva özündə daha çox potensial olduğunu nümayiş etdirməklə həmin potensialını reallaşdırır, gerçəkləşdirir.

Bütün bu deyilən amillərdən əminliklə nəticə çıxarmaq mümkündür ki, Tamilla xanım, sözün həqiqi mənasında, gözəl xanımdır, nəcib insandır. Ən nəhayəti isə, gözəl anadır, nənədir. Bir sözlə, dəyanətli, xeyirxah və humanist Azərbaycan qadınıdır.

Biz də “Səs” qəzetinin kollektivi  olaraq, Tamilla xanım Hacıyevanı 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona həyat və işində uğurlar diləyir, yeni-yeni nailiyyətlər arzulayırıq. 80 yaşınız mübarək, Tamilla xanım!

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2012.- 30 mart.- S.7.