Hacı
Zeynalabdin Tağıyev və azərbaycançılıq
Azərbaycançılıq
ideyasına ürəkdən
xidmət etmiş milli
burjuaziyanın ən görkəmli nümayəndələrindən
biri Bakı milyonçusu
və xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyev olmuşdur.
Ulu
Öndər Heydər Əliyev qeyd edirdi ki, XX əsrin əvvəllərində
Azərbaycan Xalq Cümhuriyyəti yaranarkən
“Azərbaycanda müasir burjuaziya
təbəqəsi formalaşıb ölkənin ictimai həyatında mühüm
rol oynamağa
başlamışdı. Bu dövrdə
Azərbaycan ziyalılarının müxtəlif sahələrdə
göstərdiyi fəaliyyət milli dirçəliş,
milli oyanış, milli
ruhun aşılanması proseslərinə
xidmət edirdi... yeni
mühitdə formalaşan görkəmli ictimai-siyasi xadimlərimiz əsrin
çağırışına və tələblərinə
layiqincə cavab verməyə qadir oldular”.
Professor Nizaməddin
Şəmsizadə göstərir ki, Azərbaycançılıq
ideologiyasının formalaşması, Azərbaycanda milli burjuaziyanın fəaliyyəti sayəsində
mümkün oldu.
Bakı təkcə iqtisadi qüdrətinə
görə yox, həm də ictimai-siyasi nüfuzuna
görə Qafqazda yeganə dünya şəhəri səviyyəsinə
yüksəldi.
İmperiyaçı ideologiyaya xidmət edən bolşevik
təfəkkürü onilliklər boyu
belə bir yalanı təbliğ etdi ki, guya
kütlə tarixin
yaradıcısıdır. Sovet quruluşuna ədalətli hökm
oxuyan tarix özü bu yalana son qoydu.
Tarix həmişə böyük
şəxsiyyətlərə möhtacdır. Çünki
tarixi şüursuz
kütlə yox, düşünən və
yaradan şəxsiyyətlər hərəkətə
gətirib. Tarix yaratmağın birinci şərti əməlin və
ağlınla vətənə xidmət etməkdir. Ulu peyğəmbərimiz Məhəmməd əleyhüssəlamın
belə bir müdrik kəlamı
var: “Vətənə xidmət etməyənin
imanı olmaz”. Xoşbəxtlikdən tariximiz vətənə xidməti iman hesab edən qüdrətli
əməl sahibləri ilə zəngindir. Azərbaycan tarixi yalnız dahilər doğan
bir anaya bənzəyir.
Tariximizin iftixarı olan,
öz ömrü və
əməlləri ilə tarixə daxil olan, tarix yaradan
belə şəxsiyyətlərdən biri
iki əsrin - XIX və XX əsrlərin qovuşuğunda yaşamış Hacı Zeynalabdin Tağıyev idi.
Qılman İlkin
“Hacı Zeynalabdin Tağıyev” əsərində
bu böyük şəxsiyyətin
Vətənə, millətə xidmət etdiyini
göstərmişdir: Hacı Zeynalabdin
Tağıyev bütün Rusiyada,
birinci növbədə, öz
mesenatlığı və maarifpərvərliyi ilə
tanınmışdır. Maarif və mədəniyyət
sahəsində onun misilsiz
xidmətləri barədə son illərdə
çox yazıldığından, biz yalnız bir neçə
məsələ üzərində dayanırıq. Onun maarifçilik
xidmətləri əsasən XX əsrin əvvəllərindən
başlayır. Bu da təsadüfi deyil. 1905-ci il
inqilabından sonra hökumətin oktyabr bəyannaməsi ölkədə mədəni-maarif
işlərinin canlanmasına səbəb oldu.
Ölkənin hər yerində xeyriyyə məqsədi ilə
bir sıra cəmiyyətlər
yarandı. Qəzet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin
yaradılması, qəzet və jurnalların çap
edilməsi, birinci növbədə,
Tağıyevin adı ilə bağlıdır. Bu işdə
Tağıyev bir növ
təşkilatçı rolunu
oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər
ya Tağıyevin şəxsi
iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi
ilə yaradılmışdı. İlk
xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış
“Müsəlman Xeyriyyə Cəmiyyəti”
idi. Tağıyev onun
sədri, Əhməd bəy Ağayev isə
katibi seçilmişdi.
“Müsəlman Xeyriyyə Cəmiyyəti” əsasən
Bakı varlılarının və varlı
ziyalılarının cəmiyyəti idi.
Onun tərkibində
Bakı varlılarından Mirzə Əsədullayev, Ağabala Quliyev, İsabəy
Hacınski, Kamil bəy Səfərəliyev,
İsrafil Hacıyev ilə yanaşı, Əhməd
bəy Ağayev, Əli bəy
Hüseynzadə, Həsən bəy Ağayev,
Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov kimi ziyalılar da daxil idi. Bu cəmiyyətin məqsədi
fağır və ehtiyacı olan müsəlmanları
himayə etmək, yoxsul
uşaqlarını sənət məktəblərində pulsuz oxutmaqdı. Birinci Dünya müharibəsi illərində
“Müsəlman Xeyriyyə Cəmiyyəti”nin fəaliyyəti daha da genişlənmişdi.
Qaçqınları və acları yemək və pal-paltarla təmin etmək sahəsində cəmiyyətin
göstərdiyi böyük xidmət onu camaatın nəzərində
ucaltmışdı. Cəmiyyət Nargində saxlanan
əsir türk əsgərlərinə də
öz köməyini əsirgəmirdi. Cəmiyyətin bütün fəaliyyəti
Hacının daimi nəzarəti altında
idi. 1906-cı ildə yaranmış və
tərkibi əsasən Bakı varlılarından və
görkəmli ziyalılardan ibarət olan
“Nəşr və maarif” və yenə həmin
ildə Azərbaycanın görkəmli xadimləri və
ziyalıları Üzeyir Hacıbəyov, Cahangir Zeynalov, Mirzağa Əliyev,
Hüseynqulu Sarabski, Həbib
bəy Mahmudbəyov, Məmmədəmin Rəsulzadə, Hüseyn Ərəblinski, Sidqi
Ruhulla və başqaları tərəfindən
yaradılmış “Nicat” mədəni-maarif,
1910-cu ildə təşkil olunmuş
“Şəfa” cəmiyyətlərinə Tağıyev öz köməyini əsirgəməmişdir.
Aybəniz xanım Kəngərli
Hacı Zeynalabdin Tağıyevin azərbaycançılıq
fəaliyyətini yüksək qiymətləndirərək
yazır: “Bakı milyonçusu, xeyriyyəçiliyi
ilə XX yüzil Azərbaycan tarixinə əbədilik
daxil olmuş Hacı Zeynalabdin Tağıyev Azərbaycanda yeni doğulan türk milli hərəkatının
(azərbaycançılığın - V.Ö.) baş dəstəkləyicisi idi”.
Ə.Kəngərli yazır:
“Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik
missiyasının nə qədər vüsətli olduğunu anlamaq üçün onun ali təhsil almağa
kömək göstərdiyi bir neçə
şəxsin adını çəkmək belə yetərli
görünür. Nəriman Nərimanov
haqqında dəfələrlə bəhs edilmişdir.
Burada
biz türk
dünyasının daha iki
nəhəng şəxsiyyətinin - Şərqin
tanınmış siyasi xadimlərindən
olan Seyid Həsən
Tağızadənin, eləcə də, tanınmış tatar ictimai-siyasi xadimi Sədri Məqsudinin bakılı metsenat Hacı Zeynalabdin
Tağıyevin şəxsi vəsaiti ilə təhsil
almalarını xüsusi vurğulamaq istərdik. Seyid Həsən Tağızadə
Beyrutdakı Amerika mədrəsəsində
Hacı Zeynalabdin Tağıyevin pulu ilə təhsil almışdı. Sədri
Məqsudi isə Fransanın Sorbonna Universtitetini Hacı Zeynalabdin
Tağıyevin yardımı sayəsində bitirmişdi.
Rus hökumətinin İsmayıl bəy Qasprinskiyə
necə düşmən münasibət bəslədiyi məsələsinə
ümumtürk ədəbi dilindən bəhs edilərkən
toxunulacaqdır. Qeyd etmək istəyirik
ki, İsmayıl bəy Qasprinskinin
idealları türk millətinin fədakar
şəxsiyyətləri hesabına reallaşırdı ki, o şəxsiyyətlərin
ən görkəmli nümayəndələrindən biri Hacı Zeynalabdin
Tağıyev idi.
Qətiyyətlə demək olar ki, Azərbaycanda
üsuli-cədid hərəkatının genişlənməsi
birbaşa Hacı Zeynalabdin
Tağıyevin adı ilə bağlıdır. O, bu ideala, bu hərəkatın xalqa
fayda gətirəcəyinə ürəkdən
inanmışdı və bu yolda ağlasığmaz işlər görmüşdü. Sonralar
“Türk yurdu”na verdiyi konfransda
İsmayıl bəy Qasprinski üsuli-cədid
hərəkatının geniş vüsət
almasında böyük rolu
olan şəxslər sırasında
Hacı Zeynalabdin Tağıyevin
adını birinci yerdə çəkmişdi:
“Bakılı Hacı Zeynalabdin
Tağıyev, orenburqlu Hüseynovlar,
sibiryalı Hacı Nemətullah kimi yüz, iki yüz
məktəbin məsrəfinə para
vermişlərdən sərfnəzər, Akçura
oğulları, Apanay oğulları, Abdulmənnan
oğulları kibi on
beşər məktəb təsis edən türklər az deyildi”.
Məlumdur ki,
Hacı Zeynalabdin Tağıyev maarif, mədəniyyət və mətbuat sahəsində
geniş xeyriyyəçilik işi görürdü, onun “müsəlmanların qeyri-rəsmi
hökmdarı” “Şərq aləminin ilk
messenatı” adlanması təsadüfi deyildi.
Mənbələrdə, hətta
“Tərcüman” qəzetinin ilk nömrəsindən
İsmayıl bəy Qasprinskinin vəfatına
qədər Hacı Zeynalabdin
Tağıyevin maliyyə yardımı ilə nəşr
olunması barədə məlumatlara da rast gəlinir. Nəzərə alsaq ki, bu
mülahizə Hacı Zeynalabdin
Tağıyevin vəsaiti ilə ali təhsil
almış, onu yaxından tanıyan Seyid Həsən Tağızadəyə məxsusdur,
onda onun həqiqət
olduğunu qəbul etmək lazım gəlir.
Məşhur tədqiqatçı A.Benniqsen
də Hacı Zeynalabdin Tağıyevin “Tərcüman”
qəzetinə maliyyə dəstəyi göstərdiyini xüsusi qeyd edir. Və bu məlumatın
həqiqət sayılması üçün
istənilən qədər əsaslar göstərmək olar. Hacı Zeynalabdin
Tağıyevin əsrin əvvəllərində qələmə
alınmış tərcümeyi-halında göstərilirdi ki, o, “farsi,
türk, ərəbi və rusi firəngi qəzetələrin nəşrinə
yardım göstərirdi” və onun
yardımı hesabına qəzetlər camaata
pulsuz paylanırdı.
Qılman İlkin
Hacı Zeynalabdin Tağıyevin azərbaycançılıq
fəaliyyəti və Azərbaycana
bağlılığı haqqında belə yazır:
“Tağıyev Azərbaycanın adını həmişə
əziz tuturdu. Doğma
vətəni onun üçün
hər şeydən yüksək və müqəddəsdi. Dövlətin, sərvətin çoxluğu
onu heç zaman doğma ölkəsinə
xəyanət etməyə sövq etməmişdi.
1912-ci ildə Tağıyevin Behbudovla olan məhkəməsi ilə əlaqədar
şayiə yayılmışdı ki,
Tağıyev osmanlı Türkiyəsinə getmək fikrindədir.
O, “Qolos Moskvı” və “Utro
Rossii” qəzetləri vasitəsilə bu şayiəni yayanlara
belə cavab vermişdi:
“...O ki qaldı mənim vətəni
buraxıb, Osmanlı torpağına getməyimə, məcburam
qəti surətdə bəyan edim ki, belə bir iş heç vaxt xəyalımdan keçməyib və heç vaxt xəyal etmirəm
ki, öz vətənimi
buraxıb, bu qoca
vaxtımda qürbət vilayətə gedəm, Behbudovla mənim işim nə
yerə müncar olarsa
(amma mən inanıram ki,
axırda ədalət müzəffər və hökmüran olacaqdır) mən öz vətənimi buraxa
bilmərəm. O vətəni ki, mən orada doğulmuşam, mən
orada işləmişəm, mən orada bəqədri qüvvə dövlətə,
vətənə, caamata xidmət eləmişəm.
Mən öz vətənimi sevirəm. Gələcəkdə
keçəcəyim imtahanlar nə qədər
ağır olsa da, mən
öz vətənimdən əl çəkmərəm.
Burada mənim atamın qəbri vardır.
Mənim qəbrim də burada
olmalıdır”.
Vətənə
belə bağlılıq nəticəsindədir ki, Tağıyev başqa
Bakı milyonçuları kimi, inqilab zamanı xaricə qaçmadı, ya da inqilab
düşmənlərinə qoşulmadı. Sovet
hökuməti də ona toxunmadı. Bu işdə Nəriman Nərimanovun
Tağıyevə qarşı humanist
münasibəti xüsusilə qiymətləndirilməlidir.
Tağıyev özünün Mərdəkandakı
bağında 1924-cü il sentyabrın 1-də,
axşam saat səkkizin
yarısında vəfat etdi və
sentyabrın 4-də dəfn edildi.
Tağıyevin
canı zəhmətdən yoğrulmuşdu,
hətta Mərdəkanda yaşadığı son illərdə, qoca
yaşlarında belə çalışmaq və xalqına
xidmət etmək fikrində idi. 1922-ci il yanvarın 20-də N.Nərimanova
yazdığı məktubunda öz arzu və istəyini belə ifadə etmişdi: “Böyük
tarixi hadisələr nəticəsində
ölkəmizin iqtisadi həyatında izi indiyədək qalan mən
qocanın əmək fəaliyyətimdən
uzaqlaşdırıldığıma baxmayaraq,
indiki dövrdə, xüsusilə, xalq marağı və yeni
iqtisadi siyasət yoluna
qədəm qoymuş olan
hökumət bütün
canlıları xalq təsərrüfatının
və sənayenin bərpa edilməsinə
çağırdığı bir vaxtda fəaliyyətsiz qala
bilmərəm. Güman eləyirəm ki, ömrümün qalan hissəsində bütün
təcrübəmlə bu sahədə xalqa və hökumətə hələ də
real xeyir verə bilərəm”.
Tağıyev bu
ərizəsi ilə kətan fabrikinin, Xəzər
balıq vətəgələrinin və dəyirmanların ona konsesiyaya verilməsini
hökumətdən xahiş edirdi. Nədənsə Tağıyevin, bu xahişi cavabsız
qalmışdı.
H.Z.Tağıyev milli burjuaziyanın nümayəndəsi idi. Kapitalistliyi onun maarifpərvərlik və humanizmini,
maarifpərvərliyi və humanizmi ilə
kapitalistliyini rədd və inkar etmirdi. Bu iki keyfiyyət onun fəaliyyəti
ilə ayrılmaz surətdə
bağlı idi.
Bununla belə,
Tağıyevin şəxsiyyəti barədə istər inqilabdan qabaq və istərsə
də inqilabdan sonra, ta bizim günlərədək,
çoxlu rəy və mülahizələr
yayılmışdır. Onu idealizə edənlər
də olmuşdur və yenə də
vardır. Ancaq dərin obyektiv
araşdırmalar nəticəsində biz
Tağıyevin ictimai fəaliyyətini düzgün qiymətləndirə bilərik.
Qılman İlkin haqlı olaraq
göstərir ki, H.Z.Tağıyevin xatirəsinin
dövlət səviyyəsində əbədiləşdirilməsi
respublikamızın həyatında çox
mühüm bir mərhələ
olmuşdur. İndən belə
Hacının xatirəsi şəhərimizdə yeni yaranmış Qızlar
Gimnaziyasının, Bakı Maliyyə-İqtisadiyyat Kollecinin, qəsəbənin (keçmiş
Nasoslu), Mərdəkandakı küçə
və məktəbin adlarında, Bakıda Hacı Zeynalabdin Tağıyev adı verilmiş
küçədə yerləşən mülkündə, qoyulmuş büstündə və lövhəsində
əbədi yaşayacaqdır. Qədirbilən xalqımız
Hacı Zeynalabdin Tağıyevin xatirəsini
həmişə əziz tutub. Çünki Hacı bu günün, sabahın yox,
bütün zamanların insanıdır.
Hər gün onun qəbri
üstə qoyulan hər çiçək
dəstələri Azərbaycan türklərinin bu xeyirxah şəxsiyyətə
olan sonsuz minnətdarlığının
parlaq ifadəsidir. Doğma
Vətənimizə - Azərbaycana, azərbaycançılıq
ideallarına xidmət edən Hacı Zeynalabdin
Tağıyevin adı nəsillərdən-nəsillərə
bir Azərbaycançı kimi
keçəcəkdir.
Vahid
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.-
2012.- 22 may.- S.14.