Azərbaycançılıq
və milli dərili musiqi
alətləri
Digər musiqi alətləri - nağara, dəf, davul və
qoşanağarada ifadə olunan havalar milli hisslərin
aşılanmasına xidmət edir. Nağara membranalı zərb
alətidir. Eramızdan əvvəl yaranmış
nağaranın adına “Kitabi Dədə Qorqud” (VII əsr), “Əhməd Hərami” (XIII əsr) dastanlarında, Qətran Təbrizinin (XI əsr),
Nizami Gəncəvinin (XII əsr), Yusif Məddahın (XIV əsr),
Şah İsmayıl Xətainin, Məhəmməd
Füzulinin (XVI əsr) şeirlərində rast gəlirik.
Cənubi Azərbaycanda, Cığamış şəhərində
tapılmış saxsı qabın üzərində
nağaraçalan təsvir edilib. Mütəxəssislər
bu qabın 8 min illik tarixə malik olduğunu qeyd edirlər.
Lakin o dövrdə alət nağara deyil, başqa cür
adlanıb. Çünki nağara ərəb
sözüdür, dilimizə çox-çox sonralar gəlmə
sözlərdəndir və taqqıldatmaq, döyəcləmək
mənalarını bildirir. Bəlkə də böyük
nağaralar 8-10 min il əvvəl Azərbaycan ərazisində
davul və ya dumbul adlanıb.
XVII əsrdə holland dənizçisi Yan Streys Azərbaycanda
olarkən nağara və zurna alətlərinə qulaq
asdığını qeyd edir.
A.Nəcəfzadənin qeyd etdiyi kimi, nağara peşəkar
alətdir, musiqi məktəblərində və texnikumlarda tədris
olunur. Nağara üçün ilk tədris vəsaitini
professor Fərahim Sadıqov və nağaraçalan Səlim
Quliyev 1988-ci ildə hazırlayıblar.
Nağara 1931-ci ildə Üzeyir Hacıbəyli tərəfindən
yaradılan xalq çalğı alətləri orkestrinin tərkibinə
daxil edilib və orkestrdə zərb alətlərinin
önündə gedir. Bu qrupda nağaradan aparıcı alət
kimi istifadə edilir.
Nağara ölçülərinə və istifadə
qaydalarına görə müxtəlif cür olur:
böyük, orta, kiçik, rəqs nağarası, toxmaq
nağara və s.
Tarixi
mənbələrə əsasən, qeyd
etmək olar ki, Təbrizdə
I Şah Abbasın şəhər sakinləri
ilə görüşü zamanı
(1603-cü il) onu
aralarında müxtəlif üsullarla dəfçalan
2-3 musiqiçinin olduğu
dəstələr qarşılamışdı. Bu vaxtlar aşıq musiqisi çox geniş yayılmışdı və onu hər yerdə sazın müşayiətilə
ifa edirdilər.
Musiqi alətlərinin
düzəldilməsində Təbriz sənətkarları geniş şöhrət
qazanmışdılar. Təbrizdə dümbək, nağara, ney, saz və təbil hazırlanırdı. Tənbur
üçün, adətən, tut ağacı seçilirdi.
Təbrizdə və Ərdəbildə xüsusi
təbil satılan bazarlar vardı.
Ümumiyyətlə, çoxsaylı (50-dən çox) Azərbaycan sənətkarlar,
arasında musiqi
alətlərinin düzəldilməsi ayrıca sahə
təşkil edir.
Müxtəlif ziyafətlərdə
ud, kamança və
dəf səslənir və mahnılar ifa
olunurdu. Küçə
tamaşalarında (ilanın ovsunlanmasında) oxunan
mahnı qamış tütəklə (fleyta)
müşayiət olunurdu.
Adam Olearinin qeyd etdiyi kimi, geniş
şəhər meydanında oyunbaz və
gözbağlayıcıların çıxışı
zamanı carçılardan biri qoltuğundan zurna (rojok) çıxardaraq melodiya
çalır. Sonra dəfin ritmik sədaları altında meydana
boyunlarına dəmir xalta keçirilmiş
canavarlar çıxarılır.
Xoş səsli alətlər
sırasına E.Kempfer dairəsinin diametri 4 qarış olan dəfi
aid edir və onu xarici
görünüşünə görə xəlbirlə
müqayisə edir. Dəfin bir tərəfinə nazik
dəri çəkilir, digər tərəfi isə
açıq qalır. Ağac
sağanağın ətrafında üz
tərəfinə görə eninə yerləşən ox üzərində dörd
və ya beş misdən
düzəldilmiş və azca əyilmiş
kiçik lövhə olurdu.
Onların arasındakı məsafə bir
qarış idi. Bəzən lövhələrin
əvəzinə sağanaqda çöl və iç
tərəfdən məftildən halqalar
asılırdı. Bu halda
alət dairə adlanırdı. Onun səsi
dəfin səsi ilə müqayisədə zəif və daha yumşaq idi. Lakin o
xalq arasında çox
məşhur idi və şənliklərdə,
mahnı və rəqslər ifa olunarkən,
istifadə edilirdi.
Zahirən dəfə və dairəyə
oxşar qaval xalq müğənnilərinin - xanəndələrin
əlində səslənilirdi. Xanəndə
barmaqlarını membrana vuraraq,
müxtəlif zəif səslər alırdı, kulminasiya məqamlarında isə kəskin hərəkətlərlə
sağanağa iç
tərəfdən bərkidilmiş halqaları cingildədirdi.
Sonra membranlı
alətlər qrupu (E.Kempferə görə
təbil və ya timpan)
- kus (kuus), qoşanağara və təbil-bas təsvir olunur.
Qoşanağara qədim zərb
alətidir və zoğal
ağacının düz budağından
hazırlanan qoşa çubuqlarla
səsləndirilir.
Cənubi Azərbaycanın
Cığamış şəhərində
tapılmış saxsı qaba istinadən
qoşanağaradan Azərbaycanda ən
azı 8 min il bundan əvvəl istifadə edilib.
Belə ki, həmin qabın üzərində
qoşanağaraçı təsvir edilib.
Lakin həmin dövrdə bu
alət tamam başqa cür adlanıb. Qoşanağara sözünün II hissəsi ağara
(nəqərə) ərəb sözüdür,
dilimizə zərbə kimi tərcümə
edilir. 8 min il əvvəl Azərbaycan ərazisində ərəblər
yaşamadığından, alət qoşanağara
adlana bilməzdi. Bəzən qoşanağaraya el
arasında qoşadumbul da
deyilir. Bəlkə də
qoşanağaranın qədim adı elə qoşadumbul
olub. Qoşadumbulda hər
iki söz - qoşa və dumbul türk sözləridir. “Qoşa”
- yanbayan, bir yerdə,
cüt və s. mənalarını,
“dumbul” isə alətin səsinin sözlə
təqlidini, daha doğrusu,
hay-küylü çalğı aləti
mənalarını bildirir.
Qoşanağara 1959-cu ildə
peşəkar xalq çalğı alətləri
orkestrinin tərkibinə daxil
edilib. Onun notları
(ardıcıl səs yüksəkliyi olmadığından) bir xətt üzərində yazılır və
notların xətləri (nağaradan fərqlənmək
üçün) yuxarı çəkilir.
Qoşanağaranın qazançaları kvarta
və ya kvinta
intervalında köklənir.
Qoşazərb zərblə
çalınan müasir alətdir. Azərbaycan
ərazisində orta əsrlərdə təbilbaz
(və ya təbləkbaz) adlanan
(Şərqdə onu darbuka
adlandırırlar) zərb alətindən geniş
istifadə olunub. Son
illər sənətkarımız ifa
zamanı səslənmə palitrasını zənginləşdirməkdən
ötrü qoşazərbdən geniş istifadə edirlər.
A.Nəcəfzadə göstərir
ki, qoşazərb üçün
xüsusi
açılıb-yığılan qurğu
hazırlanır və alət bolt vasitəsi
ilə bu qurğuya bərkidilir.
Qoşazərbin cüt dəriləri
müxtəlif yüksəklikdə köklənir: böyük zərb bəm, kiçik
zərb isə zil səslənir.
Professor
S.Abdullayeva yazır ki,
rus rəssamı Q.Q.Qaqarin
(1810-1893) Qafqazda hərbi xidmətdə
olarkən (fasilələrlə 1840-1850-ci illərdə)
çəkdiyi etnoqrafik rəsmlərində
azərbaycanlıların həyatına aid
çoxlu sayda məişət
səhnələrini məharətlə əks etdirmişdir. Onların arasında
Şamaxı rəqqasələri” tablosu
(Sankt-Peterburqda Rus
Dövlət Muzeyində saxlanılır) daha
məşhurdur”. Tablonun mərkəzində
o vaxt ad
çıxarmış rəqqasə Sonanın oynaması təsvir
edilir. Ətrafda gənc rəqqas Hikmət,
Sonaya əl çalan
rəqqasələr Rəna və Nisə, daha
sonra Səkinə, İzzət və Məleykə
oturublar. Musiqiçilərin arasında
çırtma ilə rəqsin ritmini nəzərə
çatdıran Qəndixanımdır. Musiqiçilər
donqarda, sümsü-balabanın (dodaqlara dayaq üçün dairəvi lövhəciyi və
aşağıya doğru genişlənən
gövdəsi var) müxtəlif növlərində,
dəfdə (bu, sağanaq
dövrəsində dairəvi lövhələrin və alətin
daxili tərəfində dəri boyu iki cərgə ipdən asılmış
zıngirovların olması ilə təsdiqlənir) və qoşanağarada çalırlar. Sonuncunun yanında döşəmənin
üstündə ucluğu və
qayışı olan təbil-bas, həmçinin,
uzun ucluqları olan iki kaman aləti - çəğanə
görsənir.
Çoğur
və dəf Q.Q.Qaqarin Dövlət Rus Muzeyində saxlanılan “Nisə” və “Rəqs”
etüdlərində təsvir olunub. Çoğur, daha doğrusu, böyük olmayan növünün
(cürə çoğur) məhz çoğura aid edilməsi,
onun gövdə və kəlləsinin xarici görünüşü ilə təsdiqlənir.
Belə alət hazırda Gürcüstanda
“çonquri” adı altında istifadə olunur.
1842-ci il
sentyabrın əvvəlində Abşeron
yarımadasının kəndlərindən birində olmuş rus şərqşünası
İ.N.Berezin (1818-1896) dördsimli
saz, balaban, qoşanağara və qavaldan
ibarət ansambl görmüşdür.
Məşhur
fransız yazıçısı Aleksandr
Düma-Atanın (1802-1870) verdiyi məlumata
görə, Şamaxıda Mahmudağanın təşkil etdiyi qəbul vaxtı (1858-ci il
noyabrın 24-də) tar, kamança,
tütək, nağara və dəmir
ayaqcıqlar üstündə qoyulan təbildə
çalan beş musiqiçi iki rəqqasəni
və bir rəqqası müşayiət
edirdi. Rəqqas barmaqları arasında mis kastanyet - zil tutmuşdu.
Azərbaycan rəssamı Mirzə
Qədim İrəvaninin (1825-1875) R.Mustafayev
adına Azərbaycan Dövlət İncəsənət
Muzeyində saxlanan rəsmində rəqqasə
dümbəklə təsvir olunmuşdur.
P.Vostrikovun məlumatına
görə, qoşanağara (o, bu aləti “dəf”
adlandırır) Asiya mənşəlidir;
ağacdan və ya
gildən hazırlanırdı. Gövdələrə keçi dərisi çəkilirdi. Onların
arasında cingiltili səs almaq
üçün bəzən zəng və
ya polad üçbucaq şəklində, yaxud da hər hansı bir metal lövhə yerləşdirilirdi.
Çalğı zamanı aləti yerə qovur
və boyundan asırdılar.
Tədqiqatçılar göstərirlər
ki, Azərbaycan xalqı əsrlər boyu özünəməxsus melodiyalar
və müxtəlif musiqi alətləri
ilə müşayiət olunan el-oba oyunlarını, mərasimlərini, xalq tamaşalarını qoruyub
saxlamışdır. Belə ki,
aşıq-ozan sənətinin ən qədim sələflərindən
olan el sənətkarı
- şamanın əlində qaval cingildəyərdi,
özlərində şair, müğənni,
musiqiçi, rəqqas, dastançı sənətlərini
birləşdirən ozanlar həm əmin-amanlıq,
həm də müharibə vaxtı qopuz
və ya çoğur
səsləndirərdi. Qədim “Sayaçı” mərasimdə
tulum və ya tütəklə
müşayiət olunan mahnılarda ev heyvanları təriflənərdi. “Şəbih”
tamaşasında zurna və dəfdən
istifadə edilərdi. “Xərarə” məzhəkə oyununda təbil, qaval və
nağara çalan oyunçu - mütriblər dəstəsi iştirak edərdi. Rəqqasələr qaval və çəngin müşayiəti
altında öz məharətlərini nümayiş etdirərdilər.
Xalq
mərasimləri, oyunları və şənlikləri nəzərdən
keçirilən dövrdə də geniş
yayılmışdı. Azərbaycan Tarix
Muzeyində qorunan qavalın sədəf və
sümüklə inkrustasiya edilmiş dairəvi sağanağının diametri 385 mm, eni isə 50 mm-dir.
İçəri tərəfdən 44 mis
və bürünc halqa asılıb.
Nağaranın hündürlüyü
280 mm və diametri 350
mm-dir. Ağac gövdənin
hər iki açıq tərəfinə
dəmir çəmbərə tikilmiş
dəri deka çəkilib. Yeddi yerdən onlar bir-birinə
keçirilən iplə dartılıb. Gövdədə dörd yerdə rezonator dəlikləri
açılıb.
Qoşanağaranın XVIII əsrdə
dulusçu gilindən
hazırlandığı güman olunur. Alətin gövdəsinin hündürlüyü 215 mm,
ən geniş yerdə eni
210 mm, dekasının diametri
135 mm, oturacağının diametri isə 90 mm-dir. Kiçik gövdənin müvafiq
hissələrinin ölçüləri 212, 82, 115, 72 mm təşkil edir.
Gövdələrin oturacaqlarında dəliklər
açılıb. Hər iki dəri üz bir-birinə keçirilmiş
nazik iplərin köməyilə tarım
çəkilmişdir.
Qoşanağaranın digər növünün hazırlanma tarixi
təxminən XIX əsrə aid edilir. Alət bir-birinə bağlanmış,
bişmiş gildən düzəldilmiş
və qırmızı rəngə boyanmış iki küpədən ibarətdir. Böyük küpənin hündürlüyü
və eni 225 mm-dir. Onun açıq üst
hissəsinin diametri 135 mm,
aşağı hissəsinin diametri isə
87 mm-dir. Kiçik
küpənin hündürlüyü 220
mm-ə, eni 155 mm-ə, dekasının diametri 76 mm-ə, oturacağının diametri isə 71 mm-ə çatır. Küpələrin
oturacaqlarında dəliklər açılıb. Dəri
üzlər küpələrin ağızlarına dəri
qayışla tarım çəkilmişdir. Çalmaq
üçün ucları itilənmiş
ağac çubuqların uzunluqları 235
və 230 mm təşkil edir.
Beləliklə, qeyd etmək
lazımdır ki, dəfdə, nağarada, qoşanağarada
ifa olunan musiqi havaları azərbaycanlılarda mübarizlik, həmrəylik, milli
birlik, döyüşkənlik, azərbaycançılıq
ruhu aşılayır.
Vahid
ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 1 may.- S.14.