Bəşəri və ülvi dəyərlərin davamçısı olan şair

 

Azərbaycan klassikasının nadir nümunələrini yaşadıb və bu səpkidə əsərlər yaradanlar fərdi düşüncədən doğan anlayışlarını nəzm və nəsr dili ilə ifadə edib çağdaş ədəbiyyatımızın zəngin irsinə yeni əsərlər əlavə edirlər.

Uzun illər ədəbiyyat sahəsində çalışan, bir-birindən fərqli məzmun və ideyada əsərlərin müəllifi olan qələm sahibləri söz ustadlarının ənənələrinin davamçısıdırlar. İstər şifahi xalq ədəbiyyatından gələn ənənə, istərsə də yazılı ədəbiyyat nümunələri neçə-neçə dövrün zamanı üçün seçilən və əsərləri oxunan yaradıcı nəsli yetişdirib. Məhəmməd Füzuli, Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Molla Vəli Vidadi, eləcə də, yaxın keçmişimizin nümayəndələri olan Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid və onlarla belə ədib və şairlərin yaradıcılıq irsindən bəhrələnən gənc nəslin nümayəndələri bu gün fərdi üslubda yazıb-yaradaraq milli ədəbiyyatımızın zənginləşməsinə, onun kamilləşməsinə, eləcə də, insanşünaslığa xidmət edərək, ali dəyərlər aşılayırlar. Bu gün çağdaş ədəbiyyatımıza dəsti-xətti, yaradıcılıq üslubunun fərdiliyi, deyim tərzi ilə seçilən şair Bünyamin Ülvi imzası daxil olub. Qısa bir vaxt ərzində özünün istedadı, cəmiyyətə baxış tərzi və əxz etdiyi nümunələrin fövqündə ətrafında yüksək fikir formalaşdırmağa nail olub. Cəsarətli addımla ədəbiyyata gələn Bünyamin Ülvi Azərbaycan klassikasının böyük şairi, dünyaşöhrətli filosof Nizami Gəncəvi yaradıcılığına müraciət edib və bu xəttin davamçısı kimi yaradıcılıq nümunələrini oxucularına təqdim edir. XII əsrə qədər Azərbaycan və dünya ədəbiyyatında “Xəmsə” yaradıcısı olan şairə təsadüf edilmir. “Xəmsə” yaradıcısı bilvasitə Nizami Gəncəvinin adı ilə bağlıdır. Nizami Gəncəvi “Xəmsə”yə imza atdıqdan sonra dünya ədəbiyyatında belə beşlik yaratmağa cəhd göstərən bir neçə şairə rast gəlirik. Etiraf edək ki, son əsrlərdə buna təsadüf edilməyib. Bünyamin Ülvi Nizami Gəncəvi ənənələrindən silahlanıb belə bir beşliyi yaratmağı qarşısına məqsəd qoymuşdur.

Qeyd edim ki, B.Ülvi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, daha sonra isə filologiya fakültəsini bitirib. Valideyninin arzusu ilə o, jurnalistika fakültəsini bitirsə də, sonradan öz arzusunun arxasınca getmişdir. O, ixtisaslı mütəxəssis olsa da, özünəməxsus hobbisi ilə - musiqi ilə məşğul olur. Belə ki, o, gitara ifaçısıdır. B.Ülvi “Gənc gitaristlər” qrupunda çalışır. O, Azərbaycan milli musiqisini - muğamı gitarada ifa edərək, dünya ölkələrində bunun təbliğinə nail olmaq arzusu ilə də yaşayır. Onun sözlərinə görə, yaxın gələcəkdə ermənilərlə bağlı araşdırmalar aparıb, kamil bir nümunəni ərsəyə gətirmək istəyindədir. Belə ki, “erməni xəstəliyi”, onların yaşam tərzi ilə bağlı elmi araşdırmaları ədəbiyyat tariximizə həkk etmək qərarındadır. Radikal mövqedən çıxış edən ermənilərin niyyətlərinin obyektiv olaraq işıqlandırmağa çalışacaq. Bir vətəndaş kimi qarşısına qoyduğu bu və ya digər öhdəlikləri qısa zamanda həyata keçirəcəyinə inamlıdır.

Bu günə qədər o, “Nə üçün qocalırsan, ay ana”, “Xoş istəklər, xoş arzular”, “Doğma ocağım” kitablarını oxucuların ixtiyarına verib. Bu günlərdə isə onun növbəti kitabı “Xəmsə” çapdan çıxıb. Kitaba ön sözü xalq şairi Nəriman Həsənzadə yazıb. “Xəmsə”yə 5 poema daxxil edilib. Onun poemalarını adı N.Gəncəvinin “Xəmsə”sinə daxil olan poemalarına uyğunlaşdırılıb. Belə ki, “Sirlər xəzinəsi” - “Sözlər xəzinəsi”, “Xosrov və Şirin” - “Şirin və acı günlər”, “Leyli və Məcnun” - “Leyla və Mehman”, “Yeddi gözəl” - “Səkkiz guşəli ulduz”, “İskəndərnamə” - “Allahnamə” kimi verilib. Poemaların adından göründüyü kimi, gənc şair öz əsərlərini Nizami Gəncəvi dünyasına yaxınlaşdırıb. “Sözlər xəzinəsi”nə 13 hekayəti daxildir. Belə ki, bu hekayətlər sırasına “Allahın tərifi”, “Nizami Gəncəvinin tərifi”, “Zeynalabdin və bir cavanın hekayəti”, “Ərdoğanın hekayəti”, “Atatürkün hekayəti”, “Salvador Dalinin hekayəti” və başqaları daxildir. Nizami Gəncəvi yaradıcılığında əsas ana xətt olaraq ədalətli hökmdar elm və sənətin kamilliyi, İlahi eşq kimi bəşəri və ülvi dəyərlər davamlı olaraq əhatəli bir şəkildə təqdim olunduğundan, gənc yazıçı da bu ənənənin davamı olaraq bu və ya digər məqamlara nəzər salaraq, yüksək hisslərin təzahür olunmasına diqqət ayırıb.

Onu da qeyd edim ki, hər mövzunun ideyasına uyğun olaraq foto və rəsmlərdən istifadə olunub. Dünyanın yaranışından və onun sirli- soraqlı qatlarından söz açan şair Tanrının hökmü ilə bərqərar olan dünyanın müəmmallı tərəflərini belə özünəməxsus ifadə tərzi ilə oxucusuna çatdırır:

 

Sonluğun başlanğıcdı, başlanğıcın son deyil,

Nə üçün məhz fəsillər yeddi, səkkiz, on deyil.

Sən bu boyda dünyadan fəsli dörd yaratdın,

Ürəklərdə sevinclə bərabər dərd yaratdın.

Sənin mənə verdiyin məntiqdir bunu deyən,

Ən böyük məna da Sən, ən böyük məntiq də Sən

 

- deyən şair, Allahı bu və ya digər fikirləri fonunda vəsf edərək, Tanrının bütün yoxluqların, varlıqların sahibi kimi qələmə alır. Yaradıcılıq təxəyyülündən doğan və həyat ilə zaman anlayışları çərçivəsində fikirlərinin birmənalı olaraq böyük həqiqətlərə, İlahi hisslərə ünvanlayan şairin görüşləri maraqlı və ifadəli şəkildə meydana çıxır. “Xəmsə”yə daxil olan hər bir poemasında şair müasirlik çərçivəsində zamanımzın, yaxın keçmişimizlə sıx əlaqəsi olan insanların görüş və düşüncələrini, azərbaycançılıq meyillərini, vətənə xidmət amallarını bu və ya digər bədii ifadə vasitələri ilə diqqətə çəkib, Azərbaycan xalqının qüdrətindən, onun yetkin insanlarının maarifləndirici mövqeyindən məqsəd yolunda canından keçməkdə belə qərarlı olmalarından söz açır. “Qəmlonun hekayəti”ndə şair Azərbaycan xalqının cəsur oğlu, el içində Qəmlo kimi tanınan - igid Qəmbəralnın əziz xatirəsini nəzmə çəkir. “Çingizin hekayəti”ndə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin xatirəsi anılır. Azərbaycanın məhz bu qəhrəman övladlarından söz açan şair Salatın Əsgərovanın da həyat yolunu bədii təsvirini diqqətdən kənarda qoymur. Hər bir poemasında müəllif bugünümüzlə bağlı olan dəyərləri işıqlandırıb, zamanın fövqündə onlara öz baxışı çərçivəsində qiymətini verməyi bacarmışdır. Allaha şükr edən şair “Xəmsə”ni bitirməklə böyük bir məsuliyyətin üzərindən götürüldüyünü zənn edir. Allahın izni olmasaydı, bitməzdi şeiri, misrası, vəzni. Bütün ucalardan uca olan Allahın qüdrətini özünəməxsus misralarla oxucusuna təqdim edir. Bu kainatı, həyatı duyan və sevən şair, məhz Allahın varlığında buna nail olduğunu səmimi etiraf edir:

 

Yazdım yavaş-yavaş bu beş əsəri,

Vallah, can qoydum ki, olsun kəsəri.

Düz səkkiz yüz yetmiş yaşlı Nizami,

Yenə söz mülkünün mütləq hakimi.

Var olsun Nizami, Nizami yurdu,

Xəmsəölkəmizdən parlayan nurdu.

 

Qeyd edim ki, gənc şair bu əsəri məhz bu il dövlət səviyyəsində keçiriləcək Nizami Gəncəvinin 870 illiyinə həsr edib.

 

 

 Zümrüd

 

 Səs.- 2012.- 1 may.- S.12.