Azərbaycan
diasporuna fəlsəfi baxış
Azərbaycanlılar min illər boyu özlərinin qədim
torpağında yaşayaraq, dünya mədəniyyətinə
böyük töhfələr vermişlər. Müharibələr,
inqilablar, hərbi münaqişələr, dünyada gedən
müxtəlif ictimai-siyasi proseslər Azərbaycanı
parçalamış, əhalisinin bir qismini yurd-yuvalarından
didərgin salmış, deportasiyalara məruz qoyaraq, bir-birindən
ayırmışdır. İş tapmaq, təhsil almaq məqsədilə
doğma yurdu tərk edib dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar da çox olub. Hal-hazırda
dünyanın bir çox ölkəsində Rusiyada, Ukraynada,
Baltikyanı dövlətlərdə,
Avropada, Amerikada, müsəlman Şərqində iri Azərbaycan
icmaları fəaliyyət göstərir.
Qədim və orta əsrlərdə azərbaycanlı
mühacirətinin kökündə siyasi, iqtisadi və mədəni
səbəblər dayanırdı. Ötən əsrin əvvəllərindən
indiyədək müəyyən fasilələrlə davam edən
bu köçmələr, hətta xaricdə mühacir ədəbiyyatının
yaranıb inkişaf etməsinə səbəb olmuşdur.
Lakin müəyyən sosial, siyasi və mənəvi amillər
ucbatından Azərbaycan mühacirləri öz lobbilərini
istənilən səviyyədə formalaşdıra bilmirdilər.
Hətta indinin özündə də məsələ
yüksək səviyyədə deyil. Və onun ürəkaçan
olması üçün zəhmət çəkib çox
iş görmək lazımdır.
XX əsrin ilkin ziyalı mühacirlərindən olan Əli
bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məmmədəmin
Rəsulzadə milli şüurun oyadılmasında, xalqın
öz mənliyini dərk etməsində böyük təsiri
olan dilin, ədəbiyyatın, mədəniyyətin
inkişaf etdirilməsində böyük rol oynamışlar.
Onların milli məsələ problemləri sahəsindəki
tədqiqatları sonrakı ictimai-siyasi fikir tariximiz
üçün böyük əhəmiyyəti oldu.
Azərbaycan
mühacirlərinin bütövlükdə milli-azadlıq hərəkatına
verdikləri töhfələr də, şübhəsiz ki, az olmadı. Əvvəllər
Rusiya ərazisində milli
muxtariyyətə nail olmaq
uğrunda gedən azadlıq mübarizəsi
az da olsa
məhz mühacirlərin müəyyən fəaliyyəti nəticəsində
müstəqillik uğrunda mübarizəyə
çevrildi. Azərbaycan
diasporlarının fəlsəfi-politoloji təhlili göstərir
ki, XX əsrin axırlarında
respublikamızın müstəqil dövlət kimi dünya birliyinin üzvü
olmasında onların da müəyyən
rolu olmuşdur.
Mühacirət irsi
ümumazərbaycan mədəni irsinin tərkib
hissəsi olduğu kimi,
mühacirət mətbuatı da Azərbaycan
mətbuatının bir hissəsidir. Mətbuatımızın
hərtərəfli öyrənilməsi mühacir
mətbuatının da
araşdırılmasını zəruri edir.
Şübhəsiz ki, mühacir mətbuatının
tədqiq etmədən, bütövlükdə, Azərbaycan ədəbiyyatının
araşdırıldığını iddia
etmək mümkün deyil.
Mühacirət mətbuatı onun tarixi, ayrı-ayrı nəşrləri, ideya istiqaməti, dil, üslub, sənətkarlıq məsələləri
barədə yazanlar ancaq
hörmətə layiqdir.
Yurdunu
başqa bir ölkə
ilə dəyişdirən andan istənilən
şəxsin həyatında yeni dövr başlayır. Çünki
onda yeni cəmiyyətdə
yaşamaq üçün
çətin psixoloji anlar
keçirmək, həmin ölkənin hüquqi,
iqtisadi və mədəni həyatını
dərindən bilib, dərk etmək tələb
olunur. Psixoloji cəhətdən
buna hazır olmayanlar yeni daxil olduqları cəmiyyətə
adaptasiya oluna bilmir, çətinliklərlə
qarşılaşmalı olur. Xüsusən,
gendən-gələn daxili “mən”i və
mədəniyyəti olmayanlar nəinki həmin
ölkədə uğur qazana
bilmir, hətta bütün
ümidləri boşa çıxaraq
oranı tərk etmək məcburiyyəti
qarşısında qalır.
Maraqlıdır ki,
bir çox məşhur
adamlar öz vətənlərində
deyil, başqa ölkələrdə
şöhrət
qazanmışlar. Filosoflar
onların buna bəşəriliyi - başqa xalqlara olan məhəbbəti,
daxili gücü, qazandıqları
biliklər hesabına nail
olduqlarını qeyd edirlər.
Assimilyasiya digər
xalqın dilini, mədəniyyətini qəbul
edərkən hər hansı bir xalqın
özünü itirməsi deməkdir. Tədricən
assimilyasiyaya uğrayan
xalq yaşadığı cəmiyyətin
millətinə çevrilərək, öz
milli adət-ənənələrindən
məhrum olur.
Milli dilin hər hansı bir
icmanın yaşaması üçün
həlledici rolu inkaredilməzdir. Bir-birindən
ayrılmaz olan bu iki anlayışın davam
etməsi üçün milli
ideyanın, tarixi yaddaşın və dini baxışın da
müəyyən təsiri vardır.
Təbii və məcburi
formaları mövcud olan
assimilyasiya çox da sadə deyildir. Təbii
assimilyasiya etnik cəhətdən
müxtəlif millətlərin əlaqələri, xüsusən,
qarışıq nikahlar vasitəsilə baş verir. Məcburilər
isə bir dövlətin digər bir dövləti işğal
etməsi nəticəsində olur. Və bu milli hüquqların
qeyri-bərabər olduğu ölkələrə
xasdır. Azərbaycan təbii və öz
torpaqlarında məcburi assimilyasiyaya uğrayan xalqlardandır. Qürbətdə yaşayan soyadlarımız yerli
millətlərə assimilyasiya olunmağa meyillidir. Və
xüsusən, keçmiş SSRİ
dövründə başqa xalqlarla sıx əlaqədə
yaşadığımızdan, bu proses Rusiyada özünü indi də
göstərməkdədir.
Səbəblərini
yaxşı bildiyindən, bəzi soydaşlarımız
çalışdıqları diasporda əhəmiyyətli
işlər ortaya qoymaqla,
assimilyasiyanın qarşısını qismən də olsa ala bilirlər. Müstəqil
Azərbaycan dövləti yaranandan sonra azərbaycançılıq həm
ölkəmizdə, həm də dünyada
yaşayan həmvətənlərimiz üçün əsas ideya
olub. Beynəlxalq münasibətlər sisteminin aparıcı istiqamətlərindən
olan diasporçuluğun
Azərbaycan və azərbaycanlılar üçün
cəmi on iki il tarixi var.
Azərbaycan diasporu və lobbisi
məsələsindən danışarkən, onlar
arasındakı sərhədlərin politoloji
cəhətdən müəyyən edilməsi üzərində
dayanmaq lazımdır. Diaspora
yaradılmır, amma içərisində
iş aparmaq
lazımdır, onu “təşkil etmək”,
yəni üzvləri arasında milli şüuru gücləndirmək tələb
olunur. Onların içərisindən
seçilmiş və maraqlarının
müdafiəsinə çevrilmiş lobbi isə, əslində, təzyiq qrupu olub mövcud
ölkənin hakimiyyət orqanlarına müəyyən məqsədəuyğun
təsir göstərmək yolu ilə diasporun mənafelərini
müdafiə edir.
Dünya
azərbaycanlılarının qurultayı ölkəmiz üçün çox böyük tarixi hadisə
sayılır. Ümummilli Lider
Heydər Əliyevin təşəbbüsü ilə on bir il
bundan əvvəl - 2001-ci ilin
noyabrında keçirilən Dünya Azərbaycanlılarının
I qurultayı tariximizin əlamətdar
hadisəsi kimi yadda
qaldı. Qurultay milli dövlətçiliyimizin möhkəmlənməsində
böyük rol oynayaraq, qərarları ilə dünyada
yaşayan azərbaycanlıları bir-biri ilə daha sıx
birləşdirdi, əlaqələrini möhkəmlətdi. Məhz bu qurultaydan
sonra ölkəmizdə Diasporla
İş üzrə Dövlət Komitəsi
yaradıldı. 2006 və 2011-ci illərin martında
keçirilən Dünya Azərbaycanlıların
II və III qurultayları isə
xarici ölkələrdə qərar tutmuş soydaşlarımızın mövqeyinin daha da möhkəmlənməsinə xidmət
etdi. Əksər Azərbaycan diaspor təşkilatlarının üzvləri
hər üç qurultayda
fəal iştirak edərək vacib qərarların qəbul olunmasında zəhmətlərini
əsirgəmədilər. Qurultaydan sonra geri
qayıdan nümayəndə heyətinin üzvləri bu ali iclaslarda
irəli sürülən müddəaları müxtəlif ölkələrdə
yaşayan soydaşlarımız
arasında daha geniş
təbliğ edərək, böyük işlər gördülər.
Dünyada
ayrı-ayrı dövlətlərin təşəkkül
tapdığı vaxtdan adamlarda
vətənlərinə məhəbbət hissi
yaranmağa başlamış, nəsildən-nəsilə
keçərək, bizə gəlib çatmışdır.
İctimai ədalətsizliyin, hüquqsuzluğun, milli zülmün tüğyan
etdiyi ictimai-siyasi quruluşlarda belə insanlar
öz vətənlərindən
üz döndərməmiş, onun tərəqqisi yolunda əllərindən
gələni əsirgəməmiş, ən çətin vaxtlarda dillərini, dinlərini, adət-ənənələrini
qoruyub saxlamış, hətta
işğalçılara qarşı mübarizədə
canlarını belə qurban vermişlər.
İndi
çoxları vətən məhəbbətinin öz-özünə kortəbii
qaydada
yaranıb təşəkkül
tapacağına ümid bəsləyir. Əslində,
bu arxayınçılıq ziyandan başqa heç nə vermir. Vətənpərvərlik
duyğusunu və şüurunu
insanlara mütəmadi olaraq
aşılamaq, tərbiyə etmək lazımdır.
Vətən məhəbbəti
mücərrəd anlayış deyil, insandan real mənəvi
qüvvə, bacarıq və qəhrəmanlıq tələb
edir. Başqa
xalqların nümayəndələrində olduğu
kimi, Azərbaycan övladlarında da doğma torpağa
bağlılıq hissi və vətən
məhəbbəti böyükdür. Onlar bunu zamanın bütün dönəmlərində canı
və malı ilə dəfələrlə sübut
etmişlər.
Öz vətənini
sevmək - bəşəriyyətin mütərəqqi
ideyalarının həyata keçirilməsinə kömək
etmək deməkdir. “Vətən”, “xalq” sözlərini
tez-tez dilə gətirən kəsi vətənpərvər
adlandırmaq olmaz. Əsil vətənpərvər
vətənə məhəbbətini sözdə deyil, əməli fəaliyyəti ilə nümayiş etdirir.
Qürbətdə yaşadıqlarına baxmayaraq,
hər bir vətən övladının
öz ölkəsi üçün
gördüyü iş
təqdirəlayiq və bəşəri xarakter
daşıyır.
Bu gün inkişaf üçün
atılmış hər bir uğurlu addım, əldə edilmiş
hər bir qələbə müstəqil
Azərbaycanın gələcəyinə nikbinliklə baxmağa imkan verir. Respublikamızın hər bir kiçik uğuru dünyanın hansı ölkəsində
yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizdə qürur və iftixar hissi doğurur.
Ölkəmizin inkişaf və
tərəqqi yolundakı nailiyyətlərində
dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində Azərbaycan
amalını daşıyan bütün həmvətənlərimizin
payı vardır.
Mikayıl
Əkbərov,
AMEA-nın
Fəlsəfə,
Sosiologiya və Hüquq
İnstitutunun
elmi işçisi
Səs.-
2012.- 1 may.- S. 6.