Azərbaycançılıq
və milli nəfəs alətləri: Azərbaycan
tütəyi
Azərbaycan xalqının milli musiqi mədəniyyətində
milli nəfəs alətlərinin - tütəyin, neyin,
zurnanın, balabanın, tulumun və s. öz yeri, öz ifa tərzi,
öz funksiyası vardır. Bunlardan ən dəyərlisi
yanıqlı ifa tərzilə seçilən Azərbaycan
tütəyidir.
A.Nəcəfzadənin verdiyi məlumata görə,
tütək peşəkar nəfəs alətidir. E.ə.
yaranan tütəyin ilkin formasının adı düdük
olub. Onun adına “Kitabi -Dədə Qorqud” dastanında rast gəlirik.
Düdük ilk fitli səsoyadıcısı olan alətimizdir.
Belə alətlərin borusu üzərində
çalğı dəlikləri olmayıb, onda yalnız
yalançı səslər çıxarılıb,
ovçuluqda istifadə edilib. Düdüyün borusu üzərində
bir neçə çalğı dəliyi
açıldıqdan sonra onda müəyyən musiqilər
ifa etmək mümkün olub. Alət bir müddət düdək,
daha sonralar tütək adlanıb. Ə.Xaqani, N.Gəncəvi
(XII əsr) şeirlərində tütəyi vəsf ediblər.
Tütək
1938-ci ildə xalq çalğı alətləri
orkestrinin tərkibinə daxil
edilib, böyük və
kiçik (pikkolo)
tütəklərdən istifadə edilir.
Əsasən, qamışdan hazırlanan tütəyin borusu üzərində 7 çalğı dəliyi,
arxada bir dəlik
açılır. Alət transpozisiyalıdır, in H (si) köklənir.
Tütəyin notları kaman
açarında yazılır, diapazonu kiçik oktavanın si səsindən
III oktavanın re səsinə qədərdir.
Professor
Səadət xanım Abdullayeva göstərir
ki, tütəyin (bəzi rayonlarda
düdük, tüttək, sümsü, blül,
Naxçıvan MR-in Ordubad
rayonunda şüvə deyirlər) silindr şəkilli gövdəsinin uzunluğu 280-350 mm, diametri isə 20 mm təşkil
edir. Gövdə qarğı (daha yaxşı səslənir) və ya ərik, qoz, tut ağaclarından hazırlanır. Gövdənin
yuxarı ucu çəpinə kəsilir
və ona söyüddən hazırlanan
30-35 mm uzunluqda
tıxac - dil keçirilir.
Dilin üst tərəfi
bir qədər yonulduğundan
gövdənin daxili divarı ilə onun arasında seqment şəkilli
boşluq qalır. Baş
hissənin üst tərəfində dilin aşağı ucunun
qurtaracağında səs alınması üçün
kvadrat şəkilli dəlik
açılır. Beləliklə, dil və
dəlik fit verən xüsusi
bir quruluş təşkil
edir.
Azərbaycan xalq
çalğı alətləri orkestrinin
tərkibində, həmçinin, tütəyin kiçik (pikkolo)
növündən də istifadə olunur.
O adi tütəkdən bir
az kirik
ölçüləri ilə fərqlənir (uzunluğu 265 mm-ə qədər, diametri isə 18 mm-ə çatır).
Tarixi mənbələrə
tütək haqqında məlumata təsadüf etmək olar. Alman alimi
və səyyahı Adam Oleari
(1603-1671) 1636-ci ilin sonunda
Şlezviq-Holşteyn səfirliyinin katibi, sonralar isə müşaviri kimi Azərbaycana
gəlmişdi. Onun 1638-ci ilin
əvvəlində geriyə yolu yenə də
bu ölkənin ərazisindən keçmişdi. O, əsasən,
Şamaxıda (dörd aydan
çox) və Ərdəbildə olmuş, Azərbaycanın musiqi
alətləri, o cümlədən,
tütək haqqında qiymətli məlumatlar vermişdir.
Şamaxıya yaxınlaşarkən
səfirliyin üzvləri əllərində kərənay olan dörd süvari tərəfindən
qarşılanır. Kərənay zahirdən aşağı
tərəfi genişlənən mis borunu xatırladırdı və uzunluğu 4 dirsək (bir
dirsək 0,5 m-dir) idi.
Onlar ardıcıllıqla alətin
aşağı ucunu göyə tərəf
qaldıraraq “hər hansı xoş səsdən
daha çox qorxunc böyürtünü”
xatırladan səs çıxarırdılar. Göstərilən
musiqiçilərdən başqa adi balabançılar (orijinalda
dudoçnik), uzunsov
küpələrə oxşar
barabanları atların belinin
üstündən salladılmış bir
neçə barabançı da vardı.
Daha sonra əyri buynuz və əl barabanları (buben) olan bir
neçə musiqiçi görünürdü.
A.Olearinin
xatırladığı barabanlar yəqin
ki, qoşaköslər, əl
barabanları dəflər, əyri buynuz
isə sahnəfir olmuşdur. Şəhərə
çatmağa dörddə bir mil qalmış
onları qanun və ya
santurda (orijinalda simbal), mis nimçələrdə
(sinc), tütək (dudka)
və digər “qəribə” alətlərdə çalan musiqiçilər dəstəsi
qarşılamışdı. Səfirliyin üzvləri şəhər
divarlarına yaxınlaşarkən divarın üstündə
nağara (baraban), zurna (dudka) və kərənay
(truba) çalanları görürlər.
Belə ansambllar onları Ərdəbildə
və Qəzvində də qarşılamışdı.
İsfahanda, şah iqamətgahında onlar
ud, kamança, ney, tütək (və ya balaban), dəf görmüşlər. Gözəl Dilfəribin
başçılığı altında saray
rəqqasələrinin məharəti nümayiş
etdirilərkən dəflər səslənmiş, balabanlar inildəmiş, böyük
türk barabanı (kus)
gurüldamağa başlamışdı.
Onlar iki kiçik çubuqla yeddi müxtəlif səviyyələrdə su ilə doldurulmuş çini kasanın
lyutnyanın (udun) müşayiəti ilə
səsləndirilməsinin də şahidi
olmuşlar.
İsveç səfirliyinin
nümayəndəsi kimi Azərbaycana gəlmiş
alman təbiətşünası, həkim
və səyyah Engelbert Kempfer
(1651-1716) əvvəl Şamaxıda (1683-cü il dekabrın 19-da), sonra isə
Bakıda (1684-cü il yanvarın 6-9-da) olmuşdur. Onun kitab şəklində nəşr
edilmiş yol qeydlərinin
qiymətli cəhəti odur ki, “XVII əsr Şərq musiqi
mədəniyyəti” fəslində o
özündən əvvəlki səyyahlardan fərqli olaraq 23 musiqi alətinin, o cümlədən, tütəyin rəsmini verir. Bu rəsmlərə
əsasən onun təsvir etdiyi
alətlər haqqında əyani təsəvvür
yaranır. Qeyd etmək yerinə
düşər ki, o,
bu alətlərin səslərinin müxtəlifliyinə
heyran olmuşdu.
Tütək haqqında məlumata
XIX-XX əsrlərdə də rast gəlirik.
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələri Mirzə Fətəli
Axundov (1812-1878), Abbasqulu
Ağa Bakıxanov (1794-1847), Mirzə
Şəfi Vazeh (1792-1852), Qasım bəy
Zakir (1784-1857), Seyid Əbdülqasım
Nəbati (1812-1873), Seyid Əzim Şirvani, Abbas Səhhət
(1874-1918), məşhur aşıqlardan Musa
(təxminən 1795-1840), Alı
(1800/1801-1911), Hüseyn Şəmkirli
(1811-1891), Ələsgər (1821-1926), Molla
Cümə (1845-1920) və Ağdabanlı Qurbanın
(1895-1925) əsərlərində müxtəlif
çalğı alətlərinin (saz, ud, bərbət, çəng, rübab,
qanun, tar, setar, çəğanə, ərğənun,
santur, kamança, tənbur,
nay, musiqar, ney, tütək, balaban, zurna, kərənay, nəfir,
şahnəfir, şeypur, dəf dairə,
qaval, təbil, kus, nağara, zəng, cərəs, xəlxal, qumro) adları çəkilir.
Azərbaycan
MEA-nın Memarlıq və İncəsənət İnstitutunun arxivində mühafizə olunan C.Bağdadbəyovun “Xatirələri”, Məhəmməd
Füzuli adına Əlyazmaları İnstitutunda saxlanılan Ağalar
bəy Əliverdibəyovun “Rəsmli musiqi
tarixi” və Əlihüseyn
Dağlının “Ozan Qaravəlli”si diqqətəlayiqdir.
A.Əliverdibəyovun
yarıməsrlik dövrü əhatə
edən (1896-1944-cü illər) əlyazmasında qədim mədəni
millətlərin musiqi tarixi,
o cümlədən, çalğı alətləri,
məşhur musiqiçilərin və sazəndə
ansambllarının ifaçılıq fəaliyyəti təsvir
olunur.
A.Əliverdibəyovun əlyazmasında
göstərilir ki, ayrı qrup təşkil edən qaraçı musiqisi kamança və
dairə ilə ifa olunurdu.
Çobanlar isə qamış
düdükdə (tütəkdə) qoyun
sürüsünü idarə edirdilər.
Onlar bir yerdə durub “Yaylımı” mahnısını
çaldıqda, qoyunlar çəmənlərə
dağılıb otlayırdılar. Günorta
vaxtı “Yığımı” adlanan nəğməni
çaldıqda, qoyunlar bir
yerə cəm olub, su
içməyə gedirdilər. Axşamçağı isə
“Qayıtma” nəğməsini çalanda,
qoyunlar öz “evlərinə”
qayıdırdılar.
Tarixçi-etnoqraf
Əsəd Əliyev (Təhləli) tütək haqqında qeyd edir ki,
yaşlı adamların dediyinə görə, əvvəllər
tütəyi arx, gölməçə, çay qırağında bitən içi boş
qamışın hər iki tərəfini
və üstünün müəyyən
hissəsini kəsməklə düzəldirdilər. Ancaq üstünü elə
kəsib götürürdülər ki,
pərdəsi yerində qalırdı. Bununla
da tütək hazır olurdu.
Sonralar xalqımız ağacdan,
sümükdən, metaldan və s. tütək düzəltmişdilər. Buna baxmayaraq, qamış
tütək ərik, qoz, tut
və s. ağaclardan
düzələn tütəkdən daha üstün sayılmışdır. Xalq biliciləri bunu
qamış tütəyin daha
yaxşı səs çıxarması ilə əlaqələndirirlər.
Məlumdur ki,
qamış və ağac materalı torpaqda uzun müddət olduğu kimi qala bilmir və çürüyüb gedir.
Ona görə də bu
musiqi alətinin dəqiq tarixini
vermək çətinlik törədir. Lakin
buna baxmayaraq, arxeoloji qazıntı zamanı Azərbaycan ərazisindən
təxminən yaşı iki min ildən artıq olan üzük tapılmışdır. Üzüyün üzərində tütəyə
oxşar musiqi aləti
də təsvir olunmuşdur.
Bundan başqa, akademik Teymur Bünyadov “Əsrlərdən
gələn səslər” əsərində yazır ki, eramızın IV-V əsrlərinə aid edilən və albanlara
məxsus zərif naxışlarla bəzədilmiş bir tunc cam
tapılmışdır. Qabın üzərində rəqqasə
və çalğıçı rəsmləri arasında
tütəyə oxşayan nəfəsli musiqi aləti də təsvir edilmişdir.
Bu musiqi alətinin adına Xaqani
Şirvaninin əsərlərində də
rast gəlirik. Şair
yazırdı:
Bir körpə
zəncirdir tütək, on dayəsi var, ağ, qəşəng,
Doqquz
gözüysə şux-şəng, yüz
gözsə heyran onda,
gör.
Və yaxud:
Şahlıq tacın var ikən nə lazım həsir papaq?
Sənin Barbud
sazın var, qoy
tütək çalsın çoban.
Deməli, Xaqaninin
dövründə tütəyin doqquz gözü var imiş və bu musiqi alətini çobanlar
çalırmış.
Uzun
müddət çobançılıqla məşğul olmuş Qarayazı bölgəsinin Ağtəhlə
kənd sakini, 69 yaşlı Tanrıverdi Əsəd
oğlu Əliyevin və Tatyanovka
kənd sakini, 79 yaşlı İsrafil İsmayılovun verdiyi
məlumata görə, Qarayazı və azərbaycanlılar yaşayan başqa bölgələrin
əhalisi
tütək çala bilməyən
çobanı “əfəl”, “fərasətsiz”
adlandırırdı. Hətta xalqımız tütəklə
bağlı “sürü köpəksiz, çoban tütəksiz olmaz”
kimi məsəl də
yaratmışdır. Onun dediyinə
görə, tütəyi çobanların özləri
düzəldirdi.
Qoyun sürülərinin
yaxşı otlaması, bölünüb-itməməsi üçün tütəyin böyük
əhəmiyyəti olmuşdur. Onu da deyirlər ki, tütək gənc çobanların sevgisinin danışan dili
idi. Bulaq
başında, çay
qırağında görüb sevdikləri
qıza onlar dillə deyə bilmədiklərini
bu musiqi alətinin dili ilə deyirdilər. V.Əzizin
yazdığı misralar da
sanki bu fikrin təsdiqi kimi səslənir:
Sədalar çəmənin, çölün həyatı,
Ürəyin sözünü
tütək yayıbdır.
Qəzəbli şimşəklər
yaran qayanı,
Tütək bayatıyla
sığallayıbdır.
Yaxud Ç.Əlinin
şeirinə diqqət yetirək:
Bir tütək
nədir ki, adi bir çubuq,
Di gəl ki, hər səsi bir mənzərədir.
Barmaqla
öpüşən hər kiçik oyuq,
Dünyaya
açılan bir pəncərədir.
Xatırladaq ki,
sonralar tütəyi təkmilləşdirərək,
onun üzərindən yeddi
deşik açmışdılar. Bu isə onun müxtəlif
səslər çıxarmasına imkan
yaradır.
Haqqında
danışdığımız tütək bu
gün xalq
çalğı alətləri ansambllarında istifadə olunmaqla bərabər, çobanlar
arasında öz əhəmiyyətini
saxlayır.
Azərbaycan xalqının
milli-mənəvi tərbiyəsində, o
cümlədən, azərbaycançılıq ideyalarına
qovuşmasında milli musiqi
mədəniyyətimizin, musiqi alətlərinin
rolu haqqında Fikrət Əmirov demişdir: “Musiqi folklorumuzu toplamaq, nəşr
etdirmək, onlardakı sadəliyin, güclü
emosiyanın sirlərini öyrənmək böyüklü-kiçikli
hamımızın əsas vəzifəmiz olmalıdır. Bu misilsiz xəzinəyə
xor baxanlar heç vaxt sevilməmişlər.
Novator olmaq o demək deyildir ki, milli
musiqiyə arxa çevirəsən. Əsil
yenilikçi o bəstəkardır
ki, öz
xalqının musiqi folklorunu
mütləq gözəl bilmək, ürəkdən sevmək,
ondan faydalanmaqla
yanaşı, qardaş xalqların, habelə,
dünya xalqlarının da
yaratdığı ən yaxşı musiqi
əsərlərini öyrənir və yeri gələndə, onlardan
yaradıcılıqlı istifadə edə bilir,
cəmiyyəti düşündürən mühüm
məsələlərə vaxtında cavab
verir, bu günün qəhrəmanlarının səmimi
hisslərini, təmiz duyğularını, böyük
ideallarını musiqinin ecazkar
dili ilə tərənnümə
çalışır”.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.- 2 may.- S.14.