ULU
ÖNDƏR HEYDƏR ƏLİYEV - DAHİ ŞƏXSİYYƏT,
UNUDULMAZ LİDER
Dünən
“Səs” qəzetinin redaksiyasında Ulu
Öndər Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. Ənənəvi olaraq keçirilən dəyirmi masada Yeni Azərbaycan Partiyası
İdarə Heyətinin üzvü Kərim
Kərimov, Milli Məclisin Aqrar-Siyasət
Komitəsinin sədri, YAP Siyasi
Şurasının üzvü Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvü,
YAP Qaradağ rayon təşkilatının
sədri Aydın Hüseynov, YAP beynəlxalq əlaqələr
şöbəsinin müdiri, millət vəkili
Asəf Hacıyev, YAP Siyasi
Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iştirak
edirdilər. Dəyirmi masada Ulu Öndərin hakimiyyətə gəldiyi
dövrlərdə Azərbaycanda baş
verən sıçrayışlar diqqətə çəkilərək,
Onun şəxsiyyəti ətrafında
maraqlı fikirlər səsləndi.
Tədbiri
giriş sözü
ilə açan “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd etdi
ki, “Səs” qəzeti cəmiyyətin maraq dairəsində olan ən
aktual mövzular
çərçivəsində dəyirmi masalar
təşkil edir. O, Heydər
Əliyevin istər sovet məkanında
yaşadığımız illərdə - 1969-cu ildən başlayaraq Azərbaycanın birinci
katibi vəzifəsində
çalışdığı zamanda,
istərsə də 1993-cü ildə hakimiyyətə
qayıdışından sonra ölkənin
ictimai-siyasi, mədəni həyatında baş verən dönüşü,
inkişafı, eləcə də, Azərbaycanın
dünya məkanında özünəməxsus
yer tutmasını Ulu
Öndərin məqsədyönlü fəaliyyətinin məntiqi
nəticəsi olduğunu vurğuladı.
Müstəqillik dövrünün ilk illərində, eləcə də, 1980-ci
illərin sonunda ölkənin
yaşadığı ictimai-siyasi
böhranın, ölkə daxilində baş
verən hərc-mərcliyin Heydər Əliyevin
qayıdışı ilə qarşısının
alındığını qeyd edən B.Quliyev bugünkü tədbirdə
məhz belə İNSANIN - Ulu Öndərin
10 may doğum
gününə həsr olduğunu bildirdi: “Bugünkü dəyirmi
masa iştirakçıları Heydər Əliyevin
hakimiyyəti dövründə yaşayan
və ölkənin ictimai-siyasi və mədəni
həyatında baş verən
olayların şahidi olan
nümayəndələrdir. Eldar müəllim,
ilk olaraq, sualı sizə
ünvanlamaq istərdim. Heydər Əliyevin
hakimiyyətə qayıdışı, eləcə də, ondan əvvəlki illərdə Ümummilli Liderlə təmasda olan simalardansınız. Ulu
Öndərin fəaliyyəti, ölkənin çətin
anlarında Onun atdığı
addımlar və qərarlar ətrafında fikirlərinizi
bölüşməyi istərdik.
ÖLKƏMİZDƏKİ
YÜKSƏLİŞ İLLƏRİ MƏHZ HEYDƏR ƏLİYEVİN
ADI İLƏ BAĞLIDIR
Eldar İbrahimov:
- Ümummilli
Lider Heydər Əliyev hələ sovet dönəmində Azərbaycan Mərkəzi
Komitəsinin birinci katibi
vəzifəsində çalışdığı illərdə
mən gənc bir kadr
kimi - mühəndis olaraq
fəaliyyət göstərirdim. Gənc bir
kadr kimi Heydər Əliyevin
bütövlükdə hərəkətlərinə, onun davranışına və geyiminə belə
pərəstişkar olaraq diqqət yetirərdim.
Mən hər zaman fəxr etmişəm ki, Heydər Əliyev kimi böyük şəxsiyyət Azərbaycana rəhbərlik
edib və ölkəmizdəki yüksəliş
illəri məhz Onun adı ilə
bağlıdır. Bildiyiniz kimi, 1969-cu ilə qədər Azərbaycan SSRİ-də
ən geridə qalmış respublikalardan
biri idi. O, Mərkəzi Komtənin birinci
katibi seçildikdən sonra
Azərbaycan 12 dəfə SSRİ Keçici
Qırmızı Bayrağını almışdı. Bu nailiyyətlər Heydər Əliyevin məqsədyönlü
fəaliyyətinin məntiqi nəticəsi idi.
İstehsalı aşağı olan Azərbaycan
Respublikasının iqtisadiyyatının yüksəlişinə
nail oldu və aqrar sənayedə, kənd təsərrüfatında
böyük dönüş
yarandı. Neft emalı zavodlarının
yenidən qurulmasına nail oldu. Pambıqçılıq, üzümçülük sahəsində irəliləyişlər
nəzərəçarpacaq dərəcədə özünü göstərdi. Bütün bu və ya digər nailiyyətlər Azərbaycan üçün böyük
uğurlar idi.
Mən Heydər Əliyevin fəaliyyətini
daim izləyirdim. Tale
elə gətirdi ki, 1990-cı ildə Heydər
Əliyev məlum səbəblərdən Moskvadan
Azərbaycana, oradan isə
Naxçıvana üz tutdu. Bu məkanda Onu yüksək
səviyyədə qarşıladılar və həmin zamandan mən Heydər Əliyevin ətrafında olub,
Onun məqsədyönlü siyasətini
ölkədə hökm sürən sərt
iqlimdə izləmiş, potensialımı sərf etmişəm.
Bəhruz
Quliyev:
- Məlum olduğu kimi, 1987-1990-cı illər
arasında Ulu Öndərin həyatı təlatümlü,
gərgin olub. Bu zaman
daxilində baş verən olayların
içində və Ulu Öndərlə
yaxından təmasda olan simalar
yaşanılanların şahidi olmuşdur. Kərim müəllim,
yaxşı olardı ki, bizə həmin
məqamları xatırladasınız.
TARİXİ
ŞƏXSİYYƏTLƏR NƏ VAXT SİYASƏTDƏN ƏL
ÇƏKİRLƏR, SİYASƏT ONLARDAN ƏL ÇƏKMİR
KƏRİM
KƏRİMOV:
- Mənim üçün
çox qürur gətirən
məqamdır ki, Heydər Əliyevin çox sevdiyi və rəğbət
bəslədiyi “Səs” qəzetinin redaksiyasında məhz Onun doğum günü ərəfəsində təşkil
olunmuş diskussiyanın
iştirakçısıyam. Mən ilk olaraq, vurğulamaq istərdim
ki, Heydər Əliyevlə yaxın olmuş və Onun fəaliyyətində
birmənalı olaraq iştirak
etmiş insanlardan biri elə Eldar İbrahimovdur. O, həqiqətən də,
Heydər Əliyevin silahdaşı olmuşdur.
Heydər Əliyev 1991-ci ilin mart ayında Milli Məclisdə
çıxış edərkən vurğuladı ki, Mən Azərbaycanın azadlıq
uğrundakı hərəkatda iştirak
etməyə gəlmişəm. O, hərəkatda məhz Heydər
Əliyevin silahdaşlarından biri də
Eldar İbrahimov idi. Eyni zamanda,
mənim də Heydər Əliyevlə bağlı xatirələrim
kifayət qədərdir. Heydər Əliyevin fəaliyyəti,
obrazlı şəkildə desək, bir dəryadır.
Bir çıxış və diskussiya çərçivəsində bunu tam təfsilatı ilə
diqqətə çatdırmaq qeyri-mümkündür.
Heydər Əliyev Yeni Azərbaycan
Partiyasını yaratdığı ilk
gündən başlayaraq, İdarə Heyətinin
üzvü olmuşam.
Partiyanın Sədri kimi, O, İdarə
Heyətinin iclasında təkcə partiyanın məsələlərini
deyil, eyni zamanda, ictimai-siyasi həyatla
bağlı olan hadisələri gündəmə
gətirirdi. Xalqın yaşadığı
acınacaqlı vəziyyət, ölkədə hökm sürən ağır siyasi proseslər Onun diqqətindən
kənarda qalmırdı. Bir sıra
yazılı mənbələrdə, kitablarda
müəlliflər, eləcə də,
çıxışlarda Heydər Əliyevin fəaliyyətini
yüksələn xətt kimi təsvir
edirlər. Heydər Əliyev dünya səviyyəli
siyasətçi idi. Onun
həyat fəaliyyətində yüksələn xətlə
inkişaf prosesi özünü göstərirdi. Sözsüz ki, bu, həyatın eniş-yoxuşu,
acısı da belə müşhidə olunur. Sovet məkanında
yaşadığımız illərdə Heydər Əliyev
SSRİ-də hakim dairədə mövqe tutan insanlar sırasında üçüncü
şəxs idi. Belə ki,
O, həm siyasi büronun
üzvü, həm də Nazirlər Kabineti sədrinin birinci müavini vəzifəsində
çalışırdı. Qorbaçov
və Rıjkovdan sonra üçüncü
şəxs idi. Bu vəzifələrdə
çalışdıqdan və təqaüdə
çıxdıqdan sonra Heydər Əliyev
maddi çətinliklər də
yaşayıb. Onun belə
acınacaqlı yaşadığı illər 1987-1993-cü
illər çərçivəsində olmuşdur.
Heydər Əliyevin hakimiyyətə qayıdışı çox çətin zamana
təsadüf edilir. 1987-ci ilin
may ayının
10-da Onun doğum
günü bazar
gününə təsadüf etmişdi.
Həmin gün Heydər Əliyevi Siyasi Bürodan və
Nazirlər Kabinetindən təbrik edən olmadı. Yalnız ikinci dərəcəli şəxslər Ona təbrik ünvanlamışdılar. Heydər
Əliyevin Özünün
danışdığı fikirləri diqqətə
çatdırmaq istəyirəm. Səhəri gün O, işə gəlib səhər poçtunda Ona ünvanlanan təbriklərin olacağını
zənn etmişdir. Əfsuslar olsun ki, Onun
kurasiyasında olan Nazirlər Kabinetində
20 nəfər nazirdən və komitə sədrindən heç biri Ona təbrik göndərməmişlər.
Həyat elə gətirdi ki, həmin gün ürəyində
narahatçılıq yarandı və Onu
Kremlin xəstəxanasına apardılar.
Xəstəxanada olduğu müddətdə
- üç ay ərzində
belə Onunla nə Nazirlər Kabinetindən,
nə də Siyasi Bürodan
kimsə maraqlanmamışdı. Rıjkov və nəqliyyat naziri bir dəfə Ona baş çəkmişdi.
Xəstəxanada olduğu müddətdə
Özünün dediyinə görə, çox götür-qoy etmiş, Kommunist
Partiyası və onun rəhbərliyi
haqqında fikirləri köklü olaraq dəyişmişdir. Onda
belə bir sistemə, Kommunist
Partiyasına yeni baxışlar
yaranmışdır. Onu müalicə edən
həkimlər belə Heydər Əliyevə səhhətinə
görə artıq tutduğu vəzifələrdə
çalışa bilməyəcəyini bildirirdilər. Sözsüz ki, həkimlərin
söylədiyi bu fikirlər
yuxarıların tapşırığı əsasında
yerinə yetirilirdi. Həmin həkimlər
də “KQB”-nin agentləri idilər. Eyni zamanda, bu
tapşırıqların hər biri Mixail Qorbaçov tərəfindən
verilirdi. Heydər Əliyev belə bir vəziyyətdə müdrik
addımlar atırdı. Xəstəxanadan
çıxdıqdan bir müddət sonra oktyabr ayında
SSRİ Ali Sovetinin
sessiyası keçirilirdi. Heydər Əliyev
də bu sessiyada
SSRİ Siyasi Bürosunun
üzvləri ilə bir sırada əyləşmişdir.
Heydər Əliyev deyirdi ki,
Qorbaçov sessiyadan durub çıxarkən Liqaçova
göz etdi. Bir neçə dəqiqədən sonra Liqaçov onun arxasınca getdi. Sonra bir nəfər gəlib
Rıjkovu çağırdı. Həmin şəxs Məni
də çağırdı ki, Sizi istirahət otağında gözləyirlər.
Həmin otaqda Qorbaçov,
Rıjkov və Liqaçov oturmuşdular. Qorbaçov
söhbətə birbaşa keçərək,
Heydər Əliyevə istefaya getməlisiniz,
deyib. Ona müraciət
olunub ki, ya səhhəti ilə bağlı, ya da təqaüdlə əlaqədar
istefaya getməlidir. Onu
da qeyd edim
ki, həmin illərdə Siyasi
Büronun üzvləri 90 yaşa
qədər belə tutduqları vəzifələrdə
çalışırdılar. Buradan
çıxıb evə gedən Heydər Əliyev ailə
üzvləri ilə məsləhətləşib.
Qarşısına qoyulan şərti
övladlarına bildirib və hər ikisi İlham Əliyev və
Sevil Əliyeva sevincək şəkildə
istefa verməyini Ona məsləhət
veriblər. Artıq Heydər Əliyevin səhhəti ilə
bağlı vəziyyətlə bir nəfər
də olsa maraqlanmamışdı. Ona olan münasibət
artıq hiss olunurdu.
Heydər Əliyev təqaüdə çıxmaqla
bağlı razılığını onlara
bildirmişdi. İstefaya
çıxdıqdan sonra bütün
vəzifələrindən azad olundu. Bu və ya digər vəzifələrdə
çalışan Heydər Əliyevin istefadan
sonra işsiz
qalmaması üçün Ona Nazirlər Kabinetində dövlət müşaviri vəzifəsi təklif olundu. Heydər Əliyev sonralar deyirdi ki, bir il
həmin vəzifədə çalışdım, amma bu müddət ərzində
bir nəfər də olsun
Mənə müraciət etmədi. 1998-ci ilin
noyabr ayında Onu
dövlət müşaviri vəzifəsindən
də azad etdilər. Düşünürdü
ki, bir daha
siyasi aləmə qayıtmayacaq. Belə bir kəlam var. Tarixi şəxsiyyətlər nə vaxt siyasətdən əl çəkirlər,
siyasət onlardan əl çəkmir. Siyasət
məcburi olaraq onları yenidən bu aləmə dəvət edir.
Siyasətdən kənar bir ömür yaşadığı zamanda Moskvanın “Pravda”,
eləcə də, respublikanın qəzetləri onunla bağlı şantaj
xarakterli materiallar dərc
etdirməyə başladılar. Bir növ Heydər Əliyev ev
dustağına çevrildi. Həmin materiallar əsasında bir
çox yoxlanışlar təşkil olunurdu. Heydər Əliyev bu
və ya digər yoxlanışların sonunun yaxşı nəticə verməyəcəyini
bilirdi. Qdlyan adlı
erməni və İvanov Özbəkistanda
Rəşidova qarşı nə qədər işlər
görmüşdülər. Rəşidovun 11 Lenin ordeni var
idi. SSRİ-də bu qədər
sayda Lenin ordeni alan mənə elə
gəlir ikinci bir
şəxs yox idi.
Heydər Əliyev isə 5 Lenin ordeni ilə təltif edilmişdi.
Rəşidovun başına açılan oyunları Heydər
Əliyevin də həyatında yaşatmaq
istəyirdilər. Nəhayət, 1990-cı ildə 20 Yanvar hadisəsindən sonra
Heydər Əliyev qərar verdi ki, mütləq Bakıya gəlməlidir. “Azərbaycan” nəşriyyatının keçmiş direktoru Əjdər
Xanbabayev və Cəlal Əliyev Moskva ilə əlaqə yaratdılar. Çətinliklə
də olsa, telefon
bağlantısı yarandı və Heydər Əliyevə Azərbaycana
gəlməyin vacibliyini söylədilər.
Çünki Azərbaycanda çox ziddiyyətli bir vəziyyət
yaranmışdı. Qarabağ
torpaqları əldən getmişdi, 20 Yanvar hadisələri törədilmişdi, iqtisadi-siyasi böhran
yaşanılırdı. Azərbaycan xanlıqları
parçalanırdı. Heydər Əliyev bu
təklifi qəbul etdi və həmin günün axşamı Əjdər Xanbabayevi maşınında güllələyib
öldürdülər. Heydər Əliyev dərk edirdi ki, bu,
artıq Ona bir
mesajdır. Nəhayət, 1990-cı ilin iyul ayının 20-də Bakıya gəldi. O,
Bakıda qalıb yaşamaq istəsə
də, çox çətin şəraitlə
üzləşdi.
Bəhruz Quliyev:
- Burada vurğulandı ki, 1990-cı ildə SSRİ rəhbərliyi
tərəfindən Ulu Öndərə qarşı təzyiqlər
göstərilir, müxtəlif planlar cızılırdı.
Həmin
illərdə Azərbaycan rəhbərliyi tərəfindən
də bu və ya digər
proseslər həyata keçirilirdi. Məlumdur
ki, 1991-ci ildə yaş
senzinin ortadan
götürülməsi ilə bağlı müxtəlif
müzakirələr, mitinqlər keçirilirdi.
O illərdəki Azərbaycan rəhbərliyi Ulu
Öndərin hakimiyyətə gəlməsinə
qarşı kampaniyalar aparırdı.
Zamanın tələbindən çıxış edən
ziyalılar Ulu Öndər Heydər Əliyevə
müraciət etdilər. Bu
ziyalıların sırasında Vüqar
Rəhimzadənin də imzası var idi. Yaxşı olardı ki,
Vüqar müəllim, bu
reallıqları, ictimai-siyasi həyatda cərəyan
edən olayları xarakterizə edəsiniz.
HEYDƏR
ƏLİYEV AZƏRBAYCAN ÜÇÜN HƏMİŞƏ
YAŞAYAN ƏBƏDİ LİDERDİR
VÜQAR
RƏHİMZADƏ:
- Bu gün Azərbaycan üçün çox əhəmiyyətli
və aktual olan bir mövzu ətrafında
“Səs” qəzeti dəyirmi masa təşkil
edib. 10 may tarixi Ulu Öndərin doğum günü olduğundan, Azərbaycanda, eləcə də,
azərbaycanlıların yaşadıqları dünya
ölkələrində bayram əhval-ruhiyyəsi
yaşanılır. Mən həmişə
vurğulamışam ki, Ulu
Öndərin doğum tarixi
mövcuddur, Onun ölüm tarixi yoxdur. Heydər Əliyev Azərbaycan üçün həmişə yaşayan əbədi Liderdir.
Onun ideyaları hər bir
azərbaycanlı üçün dəyərlidir.
Heydər Əliyevin fəaliyyəti ətrafında Yeni Azərbaycan Partiyasının
qurucularından olan nümayəndələr
Ümummilli Liderin həyat
və fəaliyyətindən ətraflı söz
açdılar. Heydər Əliyev hakimiyyətdə olduğu illərdə ölkənin sənaye
ölkəsinə çevrilməsində, hərbi
potensialın güclənməsində, kadr
potensialının hazırlanmasında və s.
proseslərdə uğurlar əldə olundu.
Etiraf edək ki, 1990-cı illərdə Azərbaycanda ictimai-siyasi vəziyyət elə bir hal almışdı ki, ölkədə məhvolma təhlükəsi
yaranmışdı. Heydər Əliyevin
qurub-yaratdığı Azərbaycan böhran
vəziyyətini yaşayırdı.
(Ardı var)
Zümrüd BAYRAMOVA,
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.- 2012.- 3 may.- S.8-9.