Azərbaycançılıq
və qədim milli musiqi alətləri: səntur,
müğni, şeştay
Səntur haqqında
Şamil Hacıyevin qeyd etdiyi kimi, vaxtilə Azərbaycanda
geniş yayılmış, sonralar isə öz mövqeyini
itirmiş musiqi alətlərindən biri də sənturdur.
Son vaxtlar Azərbaycan Dövlət Konservatoriyasında
yaradılmış elmi-təcrübi laboratoriyada başqa
musiqi alətləri ilə birlikdə səntur alətinin də
bərpasına başlanılmış və artıq bir
neçə alət yaradılmışdır.
Bilirik ki, təbiətdə mövcud olan bitki və
canlılar aləminin
böyük bir hissəsi qızıl bölgü nisbətini
özündə saxlayır. Bu, onlara həm möhkəmlik; həm
dəyanət, həm də gözəllik verir. Bir çox məşhur
rəssamlar (məsələn, Leonardo da Vinçi), heykəltəraşlar
arxitektorlar öz əsərlərini qızıl bölgü
nisbəti əsasında yaratmışlar.
Qızıl bölgü nisbəti musiqi və musiqi alətlərində
də özünü büruzə verir. Artıq hamıya məlumdur
ki, bir çox musiqi əsərlərinin kulminasiya anları
vaxt nöqteyi-nəzərdən qızıl bölgü nisbətini
xarakterizə edən yerə (nöqtəyə)
düşür. Bəzi bəstəkarlar bunu bilərəkdən,
bəziləri təsadüfən edirlər. Hər halda,
musiqi əsərində belə bir
halın olması, onu daha da sevimli edir, dinləyiciyə
xoş hisslər bəxş edir.
Bir çox musiqi alətlərində
də qızıl bölgü nisbəti özünü
göstərir. Buna əyani misal olaraq müasir Azərbaycan
tarını göstərmək olar. Beləliklə,
hər şeydə olduğu kimi, musiqi alətlərində də
qızıl bölgü nisbətinin saxlanılması səsin
daha xoş və təmiz alınmasına xidmət edir və
eyni zamanda, alətə gözəllik verir, insanın
gözünü oxşayır.
Səntur musiqi alətində
qızıl bölgü nisbətinin
olub-olmadığını öyrənmək
üçün bir neçə sənturun ölçüləri
üzərində hesablama işləri
aparılmışdır.
Unudulmaqda olan digər musiqi alətləri
haqqında da məlumatlara rast gəlirik. Müğənni
mizrabla çalınan, unudulmuş simli alətdir. Onu XIII əsrdə
azərbaycanlı alim S.Urməvi icad edib. O, “Kitab əl-ədvar”
əsərində müğənni aləti haqda məlumat
verir. Bəzi mənbələrdə müğənni aləti
əl müğənni və ya muğni kimi də təqdim
olunur. XIV əsrdə yaşamış Ə.Marağalı
müğənni aləti haqda, onun quruluşu, simlərinin
düzülüşü barədə məlumat verir.
Müğənni bir növ qopuzabənzər alətlərlə
nüzhətin qarışığı, sintezidir.
Müğənni ərəbcə
oxuyan deməkdir, ərəblər qırmızı
ağacı da müğənni adlandırırlar. Bəlkə
də qırmızı ağacdan
hazırlandığından alət belə adlanıb.
Başqa ehtimala görə, o dövrlərdə hər bir
oxuyan mütləq bir alətdə çalmağı
bacarmalı idi. S.Urməvinin bu səbəbdən aləti
müğənni, yəni oxuyanın aləti
adlandırması da ehtimal olunur.
A.Nəcəfzadə bir sıra
qədim musiqi alətləri haqqında məlumat vermişdir.
Onlar aşağıdakılardır:
Şeştay unudulmuş simli,
mizrablı alətdir, adına XII əsrdə
yazılmış “Dastani Əhməd Nərami”də, Ə.Marağalının
(XIV əsr) elmi əsərlərində, Nəbibinin (XV əsr)
şeirlərində rast gəlirik. Ə.Marağalı 3
cür şeştay haqda məlumat verir. I-II növ
şeştaylar qolunun ölçüsünə görə
fərqləniblər. III növ şeştayın isə
gövdəsi üzərində 15 cüt sim olub və əsasən,
Anadoluda istifadə edilib. Şeştayların bütün
növlərinin udabənzər çanağı, 6 simi olub.
Bu simlər cüt köklənib. Alətin kəlləsində
6 aşıx yerləşdirilib. Çanağın üzərinə
ağacdan nazik üzlük vurulurdu. Fikrimizcə, III növ
şeştay daha maraqlı alət olub, 15 cüt aşıx
isə, sitar alətində olduğu kimi, qolda yerləşdirilib,
yəni qol boyu aşıxlar düzülüb.
Şeştay sözündə
şeş - altı, tay isə bir neçə hissə,
ümumi halda altı hissəli alət mənasını
verir.
Şeştayın rəsmini
Seyran Bədəloğlu çəkib.
Rud mizrablı, simli alətdir.
Q.Təbrizinin (XI əsr), Ə.Xaqaninin, N.Gəncəvinin (XII əsr),
Həbibinin (XVI əsr) şeirlərində ruda rast gəlirik.
XI-XVI əsrlərdə ruddan Azərbaycanda geniş istifadə
edilib, sonralar tədricən unudulub. Rudun yaranma tarixi haqda təxmini
fikirlər söyləmək olar. N.Gəncəvi Əflatunun
(Platon) ərğanunu ruda istinadən icad etdiyi haqda məlumat
verir. Deməli, Əflatunun yaşadığı dövrdə,
e.ə. V əsrdə rud aləti mövcud idi.
Rud fars sözüdür,
bağırsaq mənasını bildirir və simləri
bağırsaqdan hazırlandığından, rud
adlandırılıb.
Bərpaçı alim M.Kərimov
rudu XX əsrin sonlarında bərpa etmişdir. Ondan peşəkar
alət kimi istifadə etmək mümkündür. Rudun
diapazonu böyük oktavanın mi səsindən II
oktavanın si səsinə qədərdir. Ruhəfza
unudulmuş simli, mizrabla çalınan alətdir. Onun
adına Ə.Marağalının əsərlərində
rast gəlirik.
Ruhəfzanın turuncabənzər
çanağı, 6 simli olub, simlərin 4-ü ipəkdən,
2-si isə metaldan (bürüncdən)
hazırlanmışdır. İpək simlər türk tənburu
kimi cüt-cüt köklənirdi. Yəni bir cüt sim unison
köklənərək, bir səs hökmündə olurdu. Məsələn
I cüt ipək simlər I oktavanın do səsinə, II
cüt ipək simlər isə kiçik oktavanın sol səsinə
köklənirdi. Digər metal simlər isə “sərbəst”
köklənir.
Ruhəfza ruh (ərəb) və
əfza (fars) sözlərindən yaranıb, ruh-can, əfza isə
artıran mənalarını bildirir. Ruhəfza sözü
dilimizə “könül açan”, “ruh qaldıran” mənalarında
tərcümə olunur.
Şaxnəfir unudulmuş,
qeyri-peşəkar nəfəs alətidir. Cənubi Azərbaycanın
Cığamış şəhərində (indiki İran ərazisi)
tapılan saxsı qabın üzərində şaxnəfirəbənzər
çalğı alətinin rəsmi çəkilib. Mənbələrdə
bu alət qara zurna, mizmar və ya buğ kimi təqdim edilsə
də, daha çox şaxnəfirə bənzəyir. Lakin o
dövrlərdə bu alət şaxnəfir deyil, başqa
cür adlanıb. Maddi tapıntının (saxsı qabın)
8 min illik tarixi və şaxnəfirin ərəb-fars mənşəli
söz olduğundan bu qənaətə gəlirik. Yəni 8 min il öncə Azərbaycan ərazisində
farslar və ya ərəblər məskunlaşmayıblar.
Şahrud mizrabla çalınan simli alətdir. Ə.Fərabi (IX əsr)
onun fərqli növünü təqdim edir. Ə.Marağalı (XIV əsr) isə tamam başqa
formalı şahrudu IX əsrdə Səmərqəndli
İbn Əxvəsin icad etdiyini yazır. O, aşhrudun
uddan 2 dəfə böyük, 5 cüt (10 dənə) simi
olduğunu və uddan bir oktava bəm səsləndiyini qeyd
edir. Fikrimizcə, şahrud rud alətinin
böyük, bəm (bas) formasıdır. Alətin
sözaçımı da bu fikirləri təsdiqləyir.
Şahrud - rudun şah növü, ən irisi
deməkdir.
Şahrud IX əsrdə icad edilsə də,
sonralar unudulub, XIV əsrdə Ə.Marağalı tərəfindən
bərpa edilib. Təəssüf ki, bundan sonra şahrud yenidən
unudulub və dövrümüzə gəlib çatmayıb.
Ə.Marağalının bərpa etdiyi
şahrudun rəsmini Seyran Bədəloğlu çəkib.
Qopuz mizrabla çalınan simli alətdir. “Kitabi Dədə-Qorqud” (VII əsr), “Əhməd
Hərami” (XIII əsr) dastanlarında, M.Füzulinin (XVI əsr),
Məsihinin (XVII əsr) şeirlərində qopuzun adına rast gəlirik.
Qopuz türk dünyasının ən qədim
simli çalğı aləti sayılır. Tarixçi alim Əbülfəzl
Hüseyni (Cənubi Azərbaycanın Cığamış
şəhərində tapılmış qaba istinadən)
qopuz alətindən Azərbaycanda ən azı 8 min il bundan əvvəl istifadə edildiyini bildirir.
Qopuz müasir aşıqlarımızın sələfi
sayılan ozanların ayrılmaz aləti olub, ondan XVI əsrə
qədər istifadə edilib. Ozanlar Səlcuq
dövlətinin yaranmasından çox-çox əvvəllər
oğuzlar arasında, Hun hökmdarlarının
saraylarında, türk ordularında böyük hörmət
və nüfuz sahibi olmuşlar. Ə.Marağalı (XIV əsr)
eynilə qopuzabənzər
ozan aləti haqda məlumat verir. Fikrimizcə,
ozan qopuzun mükəmməl növüdür.
Qədimdə bütün növlərdən olan
çalğı alətləri qopuz adlanıb: zərb qopuzu,
qıl (yaylı) qopuz, ağız (nəfəs) qopuzu və eləcə
də, simli qopuz. Qolça qopuz deyimi də digər
növlərdən fərqlənmək üçün
deyilib. Qolça qopuz dedikdə, qolu olan
qopuz aləti nəzərdə tutulur. Qopuzun
digər növlərində qol olmur. Həm
də qolça sözü alətin qolunun insan qolu boyda
olduğunu bildirir.
Qopuz sözü ucalıq mənasında
izah olunur. Həmçinin,
bu sözün qopartmaq və uzatmaq fellərindən
yaranması da ehtimal olunur. Yəni qopuz
sözü uzadılmış telləri qopartmaq üsulu ilə
alətin səsləndirilməsinə işarədir. Başqa ehtimala görə qopuz sözü qopan və
oğuz sözlərindən yaranıb. Əvvəl
qopoğuz, sonra isə qopuz kimi tələffüz edilib. Yəni qopuz aləti oğuzdan qopan səs, oğuzun
səsi fikirlərini ifadə edir.
Qopuzu M.Kərimov “Kitabi Dədə-Qorqud”
dastanının 1300 illik yubileyinə hədiyyə olaraq bərpa
edib.
Mübariz Quliyev yazır ki, tarixin
sınaqlarından çıxa bilməyən, zamanın
müxtəlif mərhələlərində bir-bir sıradan
çıxan alətlərimiz də çox olub. Yaxşı ki, bunlardan bir çoxunun
nişanələri qalıb, xüsusilə, orta əsrlər
poeziyasında, elmi əsərlərdə, miniatür sənətində
adlarına rast gəldiyimiz bərbəd, setar, cəganə, gəng,
rübab, Şirvan tənburu, sinəud, dilrübab,
sümsü, neysümsü, sümsübalaban, züm-zümə
və s. musiqi alətləri Dövlət Musiqi Muzeyində
saxlanılır.
Yeri gəlmişkən, qeyd etmək
lazımdır ki, keçmişimizə, milli dəyərlərimizə
biganə münasibətimiz özünü burada da büruzə
verir. Belə ki, orijinalı
göz qabağında olan bu çalğı alətlərinə
baxıb, adlarını saxlamaq şərtilə yenilərini
yaratmaq olmazmı? Axı, bu çalğı alətləri
əcdadlarımızın ruhunu, təfəkkürünü
yaşatmaqdan əlavə, həm də hər birinin
özünəməxsus səsi, ahəngi, intonasiyası,
musiqi dili var. Bunları həyata qaytarsaq, müasir xalq
çalğı alətləri ansambllarımızın tərkibinə
daxil etsək, musiqi mədəniyyətimizi milli koloritlə
daha da zənginləşdirmiş olarıq. Ümumiyyətlə,
bu barədə musiqişünaslığımız,
musiqiçilərimiz, sazbəndlərimiz ciddi
düşünməlidir.
Bildiyimiz kimi, yaşadığımız
yüzilliyə qədər simli, nəfəsli, zərbli
musiqi alətlərinin bir ansamblda birləşib ünsiyyət
tapması halları yox idi. Əsasən, 20-ci illərdən
başlayaraq, yeni-yeni yaradılan orkestr və ansambllarda hər
çalğı alətinin yeri müəyyənləşdi
və onların hər birinin imkanları nəzərə
alınaraq, solo və müşayiətçilik vəzifəsi
tapşırıldı.
Ansamblda hər çalğı alətinin
öz yerini tutması, hər bir ifaçının öz alətini
başqa alətlərin səsi ilə
çulğaşdırması, ümumi ahəngə xidmət
etməsi, obrazlı desək, müxtəlif ürəklərin
bir nəbzdə döyünməsinə nail olmaq kimi çətin,
mürəkkəb məsələdir. Bəs belə birliyə, hər bir alətin
vəhdət halında səslənməsinə necə nail
olurlar? Şübhəsiz ki, bu iş böyük orkestrlərdə
dirijorun, ansambllarda isə bədii rəhbərin öhdəsinə
düşür.
Xatırladaq ki, professional musiqi kollektivləri
üçün musiqi alətləri anlayışı
nisbidir. Azərbaycan
xalq çalğı alətlərinin not sisteminə
keçməsi və bu sahədə görülən işlərin
uğurlu, hər bir milli musiqi alətinin Avropa musiqi alətləri
ilə dil tapması, yəni bir ansamblda birləşməsi
bunu bir daha təsdiq edir.
Amma bir gerçəklik var ki, xalq
çalğı alətləri ansambllarında hər
hansı bir xalq musiqisinin və bəstəkar əsərinin səsləndirilməsi
zamanı musiqinin aparıcı funksiyası Azərbaycan xalq
çalğı alətlərinə həvalə edilir. Hətta simfonik orkestrdə
belə bu ənənə gözlənilir. Xalq
çalğı alətlərinin nüfuzunu qaldırmaq naminə
Üzeyir bəy bütün əsərlərində “Leyli və
Məcnun”dan başlamış “Koroğlu”yadək milli koloriti
saxlamaq və zənginləşdirmək naminə xalq
çalğı alətlərindən yetərincə istifadə
etmiş, belə ki, orkestr və ansambllarda
üstünlüyü həmişə milli alətlərimizə
vermişdir.
Əsası Ü.Hacıbəyov tərəfindən
qoyulmuş bu ənənədən sonralar monumental əsərlər
yazan bəstəkarlarımız da bəhrələnmiş və
geniş istifadə etmişlər. M.Maqomayev “Şah
İsmayıl” və “Nərgiz”, Z.Hacıbəyov “Aşıq
Qərib”, C.Cahangirov “Azad”, Ş.Axundova “Gəlin qayası”,
R.Mustafayev “Vaqif”, M.Quliyev “Aldanmış ulduzlar” operalarında
Azərbaycan xalq çalğı alətlərinə solo
partiyaları tapşırmaqla, öz əsərlərinin
musiqi dilini milli zəmin (o cümlədən, azərbaycançılıq
- V.Ö.) üzərində zənginləşdirmişlər.
Vahid ÖMƏROV,
fəlsəfə üzrə
fəlsəfə doktoru
Səs.- 2012.- 8 may.-
S.14.