Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş “Azərbaycan 2020: inkişafın yeni hədəfləri” mövzusunda konfrans keçirilib

 

Yeni Azərbaycan Partiyası (YAP) mayın 5-də “Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı “Azərbaycan 2020: inkişafın yeni hədəfləri” mövzusunda konfrans keçirmişdir. Konfransın işində Prezident Administrasiyasının məsul işçiləri, nazirlər, dövlət komitələrinin, şirkətlərin və agentliklərin rəhbərləri, Milli Məclisin deputatları, tanınmış ziyalılar iştirak etmişlər. Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov konfransı açaraq deyib ki, ulu öndər Heydər Əliyevin ümummilli bayram kimi qeyd olunan doğum günü ölkəmizin hər yerində, dünyanın azərbaycanlıların yaşadığı hər bir məmləkətində qeyd edilir, ümummilli liderin əziz xatirəsi böyük ehtiramla anılır. Bu, qədirbilən xalqımızın ümummilli liderin əziz xatirəsinə olan dərin hörmətini və məhəbbətini bir daha nümayiş etdirir.

YAP sədrinin müavini qeyd etmişdir ki, bu gün Azərbaycanın tərəqqisi hamı tərəfindən birmənalı şəkildə qəbul olunan son illərin siyasi, iqtisadi və sosial inkişaf qanunauyğunluğuna çevrilmişdir. Azərbaycanın iqtisadi inkişafı təkcə rəqəmlərin artması deyil, daha çox yeni keyfiyyətlərin meydana gəlməsidir. Bu, həm də ölkəmizin inkişafının yeni mərhələyə qədəm qoymasının təsdiqidir. Azərbaycanda həyatın yeni standartlarının yaranması kəmiyyətin keyfiyyətə keçməsini əks etdirir.

Əli Əhmədov bildirmişdir ki, Azərbaycanın müasir inkişafı ölkəmizin qarşısında yeni, daha böyük hədəflər qoyur. Bu gün həmin hədəflərə çatmaq istiqamətində Prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası işlənib hazırlanır. Təsadüfi deyildir ki, Yeni Azərbaycan Partiyasının Heydər Əliyevin 89-cu ildönümü ərəfəsində keçirdiyi konfransın mövzusu da “Azərbaycan 2020: inkişafın yeni hədəfləri” adlanır.

Sonra Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev konfransda geniş məruzə ilə çıxış edərək deyib ki, Azərbaycan tarixində müstəsna bir səhifə olmaqla, xalqımızın azadlıq və müstəqillik uğrunda uzun illər boyu apardığı mücadilənin məntiqi nəticəsi idi:

- Hörmətli toplantı iştirakçıları!

Xanımlar və cənablar!

Azərbaycan xalqının əvəzsiz tarixi nailiyyəti olan dövlət müstəqilliyimizin 20 ili artıq arxada qalmışdır. Milli suverenliyin əldə edilməsi siyasi mahiyyətinə və əhəmiyyətinə görə Azərbaycan tarixində müstəsna bir səhifə olmaqla, xalqımızın azadlıq və müstəqillik uğrunda uzun illər boyu apardığı mücadilənin məntiqi nəticəsi idi. Bir millət və dövlət olaraq tarix meydanına çıxmaq, öz taleyinin sahibi olmaq, azad və suveren yaşamaq haqqına qovuşmaq kimi milli ideyanın reallaşması, şübhəsiz ki, asan başa gəlməmiş, xalqımız ağır sınaqlarla dolu, ziddiyyətli və təlatümlü tarixi mərhələlərdən keçməli olmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yenicə elan etmiş respublikada hökm sürən dərin böhran, Ermənistanın hərbi təcavüzü, Dağlıq Qarabağda erməni separatizmi, daxili hərc-mərclik ictimai-siyasi həyatın bütün sahələrini iflic vəziyyətinə salmışdı. Xalqın iradəsini təmsil edə bilməyən mövcud hakimiyyət gərgin ictimai-siyasi vəziyyəti, get-gedə artmaqda olan etnik separatçılıq meyillərini və vətəndaş qarşıdurması təhlükəsini aradan qaldırmaq iqtidarında deyildi. Dövlətçiliyin təməl prinsipləri kökündən sarsıdılmış, müstəqilliyin və xalqın taleyi xaosun, özbaşınalığın öhdəsinə buraxılmışdı. Siyasi, iqtisadi, hərbi, mənəvi-psixoloji böhranın tüğyan etdiyi Azərbaycan unitar dövlət quruluşunun, milli müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qalmış, ölkədaxili və xarici antiazərbaycan qüvvələrin təxribatlar poliqonuna çevrilmişdi.

1993-cü ilin iyununda xalqın təkidli tələbləri və yekdil iradəsi ilə dahi öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı belə bir çarəsiz və çıxılmaz vəziyyətə təsadüf edirdi. Keçən əsrin 70-80-ci illərinin abad Azərbaycanından Heydər Əliyevə son dərəcə acınacaqlı miras qalmışdı. Qarşıda əhalinin milli dövlətçiliyinə və sabahkı gününə sarsılmış inamının özünə qaytarılması, ölkə həyatının bütün sahələrinə nüfuz etmiş böhranın aradan qaldırılması, Qarabağ cəbhəsindəki uğursuzluqların qarşısının alınması, ictimai-siyasi sabitliyin, milli mənəvi həmrəyliyin və vətəndaş sülhünün təmin edilməsi, dağıdılmış iqtisadiyyatın və təsərrüfat münasibətlərinin yeni prinsiplər əsasında dirçəldilməsi, ən başlıcası isə itirilməkdə olan dövlət müstəqilliyinin qorunub saxlanılması kimi taleyüklü problemlər və vəzifələr dururdu.

Yalnız Heydər Əliyev fenomeni bu ağır məsuliyyətin öhdəsindən gələ bilərdi və onun fövqəladə siyasi iradəsi, zəngin dövlətçilik təcrübəsi, əsl liderlik keyfiyyətləri sayəsində xalqımız və dövlətimiz onu gözləyən böyük bəlalardan və təhlükələrdən xilas olundu. Qısa zaman kəsiyində bu böyük dövlət xadiminin müdrik daxili və xarici siyasəti nəticəsində ölkədə hökm sürən hərc-mərcliyə son qoyularaq, ictimai-siyasi sabitlik və sosial ədalət prinsipləri bərqərar edildi, siyasi, iqtisadi, hüquqi-demokratik islahatlar dönməz və ardıcıl xarakter aldı. Azərbaycanda sözdə deyil, əməldə müstəqil dövlət quruculuğu prosesi başlandı.

Heydər Əliyev öz xalqının taleyində müstəsna rol oynayan, Vətənin ağır günündə onun imdadına yetişən, müqəddəs xilaskarlıq və quruculuq missiyasını üzərinə götürərək çətin və kəşməkeşli mücadiləsini qələbə ilə başa vuran siyasət dahilərindən biridir. Bu böyük şəxsiyyətin adı Azərbaycan tarixinə, xalqımızın yaddaşına, haqlı olaraq, milli xilaskar kimi əbədi həkk olunmuşdur. Azərbaycanın dövlət müstəqilliyinin və unitar dövlət varlığının qorunub saxlanması, xalqın gələcək taleyini təhdid edən təhlükələrin siyasi uzaqgörənliklə aradan qaldırılması ümummilli liderin danılmaz tarixi xidmətidir. Azərbaycan xalqına öz milli dövlətində əmin-amanlıq şəraitində, azad və müstəqil yaşamaq haqqını təmin etmiş Heydər Əliyev siyasi kursunun bu gün birmənalı şəkildə dəstəklənməsi də, ilk növbədə, bu amillə bağlıdır.

Heydər Əliyev siyasi fəaliyyətində və dövlət idarəçiliyində klassik və müasir anlamda dövlət quruculuğunun təməl prinsiplərinə, eyni zamanda, zəngin şəxsi təcrübəyə əsaslanırdı. Kritik situasiyaların doğru-düzgün qiymətləndirilməsi və çevik siyasi qərarların qəbul edilməsi, dövlət həyatının bütün sahələrini əhatə edən prioritetlərin və strateji hədəflərin müəyyənləşdirilməsi, daxili-xarici amillərin milli maraqlara uyğun məqsədyönlü idarə olunması, gözlənilən təhdid və təhlükələrin, dünyada gedən mürəkkəb geosiyasi proseslərin proqnozlaşdırılaraq düzgün taktika və strategiyanın seçilməsi Heydər Əliyev dövlətçilik məfkurəsinin başlıca siyasi, ideoloji və nəzəri əsaslarını təşkil edirdi.

Ümummilli lider qısa müddət ərzində xalqın quruculuq enerjisini, mədəni-intellektual potensialı, milli mənəvi dəyərləri, təbii-iqtisadi sərvəti milli ideyanın və dövlət maraqlarının reallaşdırılması naminə səfərbər edə bildi. Ölkədə siyasi zərurətə çevrilmiş ictimai-siyasi sabitlik 90-cı illərin ortalarından etibarən təmin edildi ki, bununla da gələcək uğurların əsası qoyuldu. Azərbaycan dövlətinin milli-siyasi suverenliyini qoruyub saxlaması, daxili və xarici siyasət sahəsində inamlı addımlar atması onun beynəlxalq mövqelərinin güclənməsinə və xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb olunmasına təkan verdi.

1994-cü ilin sentyabrında “Əsrin kontraktı” adlandırılan neft müqaviləsinin imzalanması müstəqil Azərbaycan dövlətinin və Heydər Əliyev siyasətinin beynəlxalq arenada strateji mahiyyət kəsb edən möhtəşəm qələbəsi idi. Məlumdur ki, əvvəlki hakimiyyətlərin dövründə də Azərbaycan neftinin dünya bazarına çıxarılması təşəbbüsləri olmuş, lakin son dərəcə problematik xarakterli bu məsələnin çözülməsi üçün edilən cəhdlər bəlli sonluqla fiaskoya uğramışdı. Beynəlxalq güclərin regionda kəsişən və toqquşan siyasi, iqtisadi maraqlarının uzlaşdırılması, daxili və xarici təxribatların, təzyiq və basqıların siyasi çevikliklə dəf edilməsi, mürəkkəb və ziddiyyətli geosiyasi vəziyyətin Azərbaycanın milli maraqları xeyrinə dəyişdirilməsi yalnız Heydər Əliyevin uzaqgörən müdrik siyasəti sayəsində mümkün oldu. Bu taleyüklü hadisə ölkəmizin dünyada nüfuzunun göstəricisi olmaqla, Azərbaycanın dövlət müstəqilliyinin özünütəsdiq faktı və beynəlxalq təhlükəsizliyinin etibarlı qarantı kimi qiymətləndirilməlidir.

“Əsrin müqaviləsi” ilə reallaşdırılmağa başlayan yeni neft strategiyası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft boru kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, hazırda Azərbaycan sərmayəsi ilə tikilməkdə olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi strateji layihələr bölgədə və dünyada yeni coğrafi-siyasi mənzərənin yaranmasını, beynəlxalq enerji və nəqliyyat sistemində Azərbaycanın mühüm oyunçulardan birinə çevrilməsini təmin etdi. Bununla da milli müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasında 90-cı illərin ortalarından növbəti tarixi mərhələ - iqtisadi islahatlar və yüksəliş dövrü başlandı. Qeyd edilməlidir ki, bu gün qlobal transmilli layihələrin reallaşdırılması, bölgədə və dünyada enerji təhlükəsizliyinin təminatı Azərbaycanın iştirakı olmadan mümkün deyildir və bu, ilk növbədə, Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda da davam etdirilən neft strategiyasının uğuru kimi qəbul olunmalıdır.

Məhz bu siyasi kursun davamı olaraq 2003-cü ildən etibarən Azərbaycanda yeni inkişaf strategiyası həyata keçirilir. Prezident İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində son 10 ilə yaxın bir müddətdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda ciddi yeniliklər və nailiyyətlər əldə olunmuş, Azərbaycan bir çox parametrlər üzrə sürətlə inkişaf edən ölkəyə çevrilmişdir. 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbulu və müvəffəqiyyətlə icra edilməsi respublikamızın hərtərəfli tərəqqisinə və iqtisadi inkişafına güclü təkan vermişdir. Bu müddət ərzində 40 mindən artıq yeni müəssisə yaradılmış, böyük əksəriyyəti daimi olmaqla ümumilikdə bir milyona yaxın yeni iş yeri açılmış, son 8 ildə yoxsulluğun səviyyəsi 49 faizdən 7,6 faizə, işsizlik isə 5,3 faizə enmişdir. Son illərdə büdcə xərcləri 12 dəfə, ümumi daxili məhsul 3 dəfə artmış, 1995-2010-cu illərdə ölkə iqtisadiyyatına 80 milyard dollardan çox sərmayə cəlb edilmişdir. Təkcə 2011-ci ildə iqtisadiyyata qoyulmuş 21,7 milyard dollarlıq investisiyanın 15,7 milyard dolları qeyri-neft sektoruna yatırılmış, dünyanın 149 ölkəsi ilə xarici ticarət dövriyyəsi 36,3 milyard dollar təşkil etmişdir. Ötən il ölkəmizdə ümumi daxili məhsulun həcmi 63,4 milyard dollara çatmışdır ki, bu da Cənubi Qafqaz regionunda ümumi daxili məhsulun 80 faizindən çoxdur. Hazırda adambaşına düşən illik məhsul istehsalının həcmi 7 min dolları ötmüş, əvvəlki illə müqayisədə 2011-ci ildə əhalinin gəlirləri 20 faizə qədər artaraq 36,6 milyard manata çatmış, adambaşına düşən məbləğ 3 min 400 manat olmuşdur.

Uğurlu və düşünülmüş siyasətin nəticəsidir ki, 2008-2009-cu illərin qlobal maliyyə-iqtisadi böhranı, demək olar ki, Azərbaycandan yan keçmiş, dünyanın bir çox ölkələrini sarsıdan bu böhranlı illərdə Azərbaycan iqtisadiyyatı sürətli inkişaf tempini və dayanıqlığını qoruyub saxlamış və ümumilikdə 9 faizdən çox artıma nail olmuşdur. İndi də davam etməkdə olan qlobal iqtisadi böhran şəraitində 2011-ci ilin nəticələrinə görə, ölkəmizin qeyri-neft sektorunda yüksək göstərici - 9,4 faiz artım əldə edilmişdir.

Azərbaycanda ardıcıl və dinamik inkişafı, rəqabətə davamlı iqtisadiyyatı təmin edən islahatlar nüfuzlu iqtisadi qurumlar və reytinq agentlikləri, o cümlədən beynəlxalq birlik tərəfindən ciddi təhlil edilir və yüksək qiymətləndirilir. BMT-nin İnsan İnkişafı Hesabatında son 5 ilin göstəricilərinə görə, Azərbaycan 169 ölkə arasında 101-ci mövqedən 68-ci yerə qalxaraq “Yüksək insan inkişafı” ölkələri kateqoriyasına daxil olmuşdur. Hazırda Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə MDB məkanında 1-ci, dünya miqyasında isə 51-ci yerdədir. Bütün bunlar Heydər Əliyev siyasi kursunun təntənəsi və Azərbaycanda həyata keçirilən müasir inkişaf strategiyasının təkzibolunmaz faktlarıdır. Bu nailiyyətlərin təməlində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır”.

Artıq Azərbaycan Respublikası ikitərəfli və çoxtərəfli münasibətlərdə etibarlı tərəfdaş, beynəlxalq təhlükəsizlik və enerji sektorunda mühüm söz sahibi, dünyada multikulturalizm və etnik-dini tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir. Ötən ilin sonlarında 155 ölkənin etimadı ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, bir neçə ay əvvəl isə Meksikada “Böyük iyirmiliyin” sammitinə dəvət edilən 10 ölkədən biri və MDB məkanından yeganə dövlət olması ölkəmizin böyük siyasi-diplomatik qələbəsi və beynəlxalq nüfuzunun birmənalı etirafıdır.

Cəmiyyətimizdə dayanıqlı ictimai-siyasi sabitlik, iqtisadi potensialımız, şaxələndirilmiş iqtisadiyyat və qeyri-neft sektorunun inkişafı, dünyada siyasi-iqtisadi zərurətə çevrilmiş neft-qaz amili, mövcud tranzit imkanlarımız, böyük transmilli layihələr üzərində aparılan işlər, “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində atılan məqsədyönlü addımlar ölkəmizə yeni perspektivlər və aydın üfüqlər açmaqdadır. Dövlət başçısı İlham Əliyevin uğurla reallaşdırdığı inkişaf strategiyası artıq özünün növbəti - üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə edəcək bu mərhələdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxarılması və əhalimizin yüksək gəlirli topluma çevrilməsi, qeyri-neft sektorunun hərtərəfli inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə artırılması, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə yeni strategiyanın hazırlanması, ən müasir texnologiyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi, elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu, hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq və azadlıqlarının tam bərqərar edilməsi - Prezident İlham Əliyevin qarşıya qoyduğu başlıca hədəflərdir.

Hazırda Azərbaycan regionda liderlik səviyyəsinə yüksələrək beynəlxalq mövqelərini daha da gücləndirmiş, enerji təhlükəsizliyi sistemində həlledici söz sahibi olmuş, Asiya və Avropa arasında strateji nəqliyyat dəhlizinə çevrilmişdir. Mövcud beynəlxalq şərait və ölkə daxilində aparılan islahatların müsbət nəticələri yaxın 10 il üçün müəyyən edilmiş prioritetlərin realist mahiyyətini və uğurlu sonluğunu şərtləndirən zəruri amillərdir.

Son 20 ildə keçilən müstəqillik yolunun və qazanılan tarixi nailiyyətlərin təhlili Heydər Əliyev siyasi kursunun alternativsizliyini və bu təməllər üzərində 2003-cü ildən həyata keçirilən yeni strategiyanın düzgünlüyünü bir daha sübut edir. Artıq Azərbaycan öz inkişafının elə bir mərhələsindədir ki, ölkənin bütün potensialı dövlət müstəqilliyimizin əbədiliyi ideyasına səfərbər edilmiş, bir-birini uğurla tamamlayan daxili və xarici siyasət beynəlxalq aləmə inteqrasiyanı təmin etmiş, milli iqtisadiyyatımız dünya iqtisadi sisteminin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Lakin qeyd olunmalıdır ki, bu gün sürətlə dəyişən və ziddiyyətli təzahürləri ilə qloballaşan dünyada son dərəcə mürəkkəb proseslər baş verir. Yaşamaqda olduğumuz müasir gerçəklik elədir ki, gələcəyi proqnozlaşdırmadan, qlobal çağırışları, təhdid və təhlükəli siyasi-nəzəri təhlillərə əsaslanaraq qiymətləndirmədən uğurlu inkişafa nail olmaq qeyri-mümkündür. Bütün bunlar növbəti mərhələdə nəzərdə tutulmuş milli hədəflərin reallaşdırılması üçün yeni konsepsiya və strategiyanın hazırlanmasını, fundamental inkişaf istiqamətlərinin müəyyənləşdirilməsini, hadisələrə konseptual yanaşmanı siyasi zərurət kimi qarşıya qoyur. Bu baxımdan, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə Prezident İlham Əliyevin Sərəncamı dövlət həyatımızda müstəsna rol oynayacaq tarixi bir hadisədir. 2012-ci ilin sonunadək hazırlanması nəzərdə tutulan bu mühüm sənəd Azərbaycanda reallaşdırılan quruculuq siyasətinin təməl prinsiplərini, formalaşmaqda olan yeni dünya nizamında ölkəmizin yerini və rolunu, onun hazırda yüksələn xətlə davam edən dinamik inkişafının prioritetlərini özündə ehtiva edəcəkdir. Konsepsiyanın başlıca məqsədi dünyada baş verən maliyyə-iqtisadi böhran və mürəkkəb qlobal dəyişikliklər fonunda Azərbaycanın milli maraqlarının hərtərəfli qorunmasına nail olmaq, XXI əsrin narahat şərtləri daxilində dövlətimizin və xalqımızın siyasi və iqtisadi təhlükələrdən sığortalanmış etibarlı gələcəyini təmin etməkdir. Bu mənada dövlət başçısının aşağıdakı fikirləri yeni inkişaf konsepsiyasının leytmotivi kimi qəbul olunmalıdır: “Bizim ümumi məqsədimiz ondan ibarətdir ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər”.

Bu gün Azərbaycanda dövlət idarəçiliyinin əsas spesifik xüsusiyyəti məqsədyönlü və proqramlı idarəetmədir. Mövcud təcrübə də göstərir ki, bu, özünü doğruldan bir taktikadır. Bütün sahələr üzrə qəbul olunmuş proqramlar uğurla həyata keçirilməkdədir. Azərbaycanda artıq yeni mərhələ-kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid mərhələsi başlamışdır və hazırlamaqda olduğumuz İnkişaf Konsepsiyası bu yeni mərhələnin aydın, proqnozlaşdırılmış mənzərəsini ortaya qoymalıdır.

Məlumdur ki, hazırkı dövlət siyasətində iqtisadi siyasət və iqtisadi diplomatiya mühüm çəkiyə malikdir. Bununla belə, nəzərdə tutulan İnkişaf Konsepsiyası təkcə iqtisadi inkişafı deyil, dövlət, cəmiyyət, iqtisadiyyat və sosial sfera kimi blokları düzgün və balanslı şəkildə əhatə etməlidir.

Dövlət başçısının imzaladığı Sərəncamda da məhz inkişaf konsepsiyasının hazırlanması nəzərdə tutulur ki, bu da konsepsiya, strategiya və proqram arasında sərhədlərin dəqiq müəyyənləşdirilməsini zəruri edir. Biz, ilk növbədə, inkişafın konseptual əsaslarını və prinsiplərini, dövlətin milli inkişafla bağlı gələcəyə ümumi baxışlarını hazırlamalı, bu müddəa və tezislərə müvafiq olaraq strategiyanı müəyyənləşdirməliyik. Bundan sonra konkret sahələr üzrə proqramlar qəbul edilə bilər. Hazırda Azərbaycan iqtisadiyyatında özəl sektorun 85 faiz təşkil etməsinə baxmayaraq, qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində dövlətin rolu və funksiyaları məsələsi də öz aktuallığını saxlamaqdadır. Eyni zamanda, daim üzərində işləməklə və yeni-yeni proqnozlar verməklə daha da təkmilləşdirilə bilən mexanizmin yaradılması, strateji hədəflərin və sahəvi proqnozların müəyyən edilməsi, strateji planlaşdırma üçün zəruri araşdırmaların və tənqidi təhlillərin aparılması, qarşıya qoyulan meyarlara nail olmaq üçün müasir dünya texnologiyasına və təcrübəsinə əsaslanan optimal vasitə və yolların axtarılması, keyfiyyətcə yeni sistemin yaradılmasına xidmət edəcək çoxsaylı və ardıcıl islahatlar aparılmasına zəruri şəraitin təmin edilməsi, institusional məsələlərin effektiv həlli kimi vacib şərtlər İnkişaf Konsepsiyasında əsaslandırılmış şəkildə öz əksini tapmalıdır. Hazırda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının layihəsi üzərində iş davam etdirilir. Sərəncamda da göstərildiyi kimi, müvafiq dövlət orqanları, vətəndaş cəmiyyəti təsisatları, yüksək ixtisaslı mütəxəssislər, bir sözlə, ölkənin aparıcı elmi ictimaiyyəti və siyasi-iqtisadi elitası layihənin hazırlanması işinə cəlb olunmuş, qabaqcıl dünya təcrübəsi və müasir texnologiyalardan yararlanmaq məqsədilə BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla zəruri əməkdaşlıq əlaqələri qurulmuşdur.

Çıxışımın sonunda Heydər Əliyevin bir kəlamını xatırlatmağı zəruri sayıram. Ulu öndər xilaskarlıq və quruculuq missiyasına başlayarkən həyata keçirdiyi milli siyasi kursun perspektivlərini aydın görür və gələcəyə böyük inamla “Azərbaycan dünyaya günəş kimi doğacaq” deyirdi. Məmnuniyyət və minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, ümummilli liderimizin siyasi xəttini yeni tarixi çağırışlara uyğun olaraq daha da zənginləşdirən və ardıcıllıqla gerçəkləşdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müqəddəs arzu artıq reallığa çevrilməkdədir.

Diqqətinizə görə təşəkkür edirəm.

 

X X X

 

Konfrans işini bölmə iclaslarında davam etdirmişdir.  “Gələcəyə baxış” adlı bölmə iclasında Milli Məclis Sədrinin müavini Bahar Muradova “Gələcəyin obrazı: zəngin və qüdrətli Azərbaycan” mövzusunda məruzə ilə çıxış etmişdir. B.Muradova ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın bu gün öz inkişafında yeni mərhələyə qədəm qoyduğunu vurğulamışdır.

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı “Azərbaycan BMT məkanında: yeni mərhələ-yeni hədəflər”, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov “Uğurlu aqrar islahatlar və perspektivlər”, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Azərbaycan 2020: sosial rifah dövləti modelinə doğru”, Milli Məclisin deputatı Asəf Hacıyev “Müasir Azərbaycan: zamanın çağırışları”, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Milli əqli mülkiyyət sistemi inkişafın gələcək hədəfləri”, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Müasir Azərbaycanın bu günü Heydər Əliyev ideyalarının gerçəkliyidir”, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu “Milli iqtisadi inkişafdan postsənaye erasına doğru” Auditorlar Palatasının sədri Vahid Novruzov “Azərbaycanın inkişaf modeli: maliyyə nəzarətinin konsepsiyası” mövzularında məruzələrlə çıxış etmişlər.

“Heydər Əliyev ideyaları: davamlı inkişafın təminatı” adlı bölmə iclasında Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin banisidir”, YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov “Heydər Əliyevin Azərbaycanı inkişaf etdirmək ideyaları və onları reallaşdırmağın elmi-nəzəri əsasları”, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov “Azərbaycan dövlətçilik arxitekturası üçün örnək obraz”, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov “Heydər Əliyevin “Azərbaycan xalqına müraciəti”ndə dil, ədəbiyyat və mədəniyyət məsələləri”, professor Şahlar Əsgərov “Heydər Əliyevin liberal-demokratik ideyaları”, Milli Məclisin deputatı Jalə Əliyeva “Azərbaycanın əbədi günəşi” mövzularında məruzələrlə çıxış etmişlər.

“İnkişafın Azərbaycan modeli: müasirləşmə və rifah” mövzusunda bölmə iclasında Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev “İnkişafın Azərbaycan modeli: müasirləşmə və rifaha xidmət potensialı”, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə “Heydər Əliyevin İKT siyasəti davamlı inkişaf mərhələsində”, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Səməd Seyidov “Heydər Əliyev: milli dövlətçilik və inkişaf yolu”, Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı Əhliman Əmiraslanov “Heydər Əliyev ideyaları: tibb təhsili və tibb elminin dayanıqlı və sabit inkişafının təminatı”, AMEA Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, professor Yaqub Mahmudov “Müstəqil Azərbaycan quruculuq mərhələsində”, Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Əksmərkəzləşmədən subsidiarlığa”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “İnsan potensialının formalaşmasında biliyə əsaslanan idarəetmə sisteminin tədrisi”, Milli Məclisin deputatı Musa Quliyev “Müasir Azərbaycan: sosial rifah dövləti” mövzularında məruzə etmişlər. Yeni Azərbaycan Partiyasının İcra Katibliyi “Azərbaycan 2020: inkişafın yeni hədəfləri” adlı kitab da hazırlamışdır. Nəşrə “Azərbaycan 2020: inkişafın yeni hədəfləri” mövzusunda konfransın materialları daxil edilmişdir. Kitaba “Heydər Əliyev ideyaları: davamlı inkişafın təminatı”, “İnkişafın Azərbaycan modeli: müasirləşmə və rifah”, “Gələcəyə baxış” bölmələri daxildir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2012.- 8 may.- S.8-9.