Bu
gün üçün dərs
Azərbaycan ərazisinin dilbər guşəsi hesab
edilən Şuşa Qarabağ xanlığının əsas
strateji nöqtəsi idi.
Şuşa qalasının tarixi keçmişini yada
salmaq indiki vaxtda yerinə düşmüş olar. Bu xanlığın əhalisini Azərbaycan
türkləri təşkil edirdi.
Xanlığın əsasını qoyan az vaxt
içində Qarabağda öz hakimiyyətini qura bilən Pənahəli
xan ( 1748-1763 ) idi.
Məlikliklər olan Vərəndə, Xaçın,
Dizaq, Çiləbörd, Gülüstan Qarabağ
xanlığına tabe oldu. Pənahəli xan daxildə
baş qaldıran feodalların və məliklərin
iğtişaşlarını yatırdıqdan sonra 1748-ci ildə
tikdirdiyi Boyat qalasında qalmaqdan ehtiyatlanırdı. Ona
görə də, xanlığın iqamətgahını
daha etibarlı əraziyə köçürdü və bu ərazidə
qala tikdirdi. Bu yer Şuşa qalası idi. Qalanın tikintisi
1757-ci ildə tamamlandı. İlk vaxtlar Pənahəli
xanın adını daşıyırdı, sonralar
Şuşa qalası adlandırıldı. Pənahəli
xanın oğlu İbrahimxəlil xanın ( 1763-1806 )
vaxtında xanlıq daha da möhkəmləndi.
XVII-əsrin axırlarında xanlıq dəhşətli
faciələrlə üzləşdi. İran şahı
Ağa Məhəmməd Şah Qacar 1795-ci ilin iyul ayında
85 minlik ordu ilə Xudafərin körpüsünü keçərək,
Qarabağ xanlığı üzərinə hücuma
keçir və Şuşa qalasını mühasirəyə
alır. Qacar şəhəri iki tərəfdən mühasirəyə
alır. İri torpaqlardan şəhərə daş və mərmi
yağdırır. Qalanı 30 gün mühasirədə
saxlayan şah sonra öz qoşununu Gürcüstana yeridir.
Tiflisi işğal edir və 20 min əsir götürüb
İrana dönür.
Rus çarı I Pavel 1797-ci ildən Azərbaycan və
Dağıstan ərazilərindən rus ordularını geri
çağırmaq haqqında göstəriş verir. Bu hadisədən
xəbər tutan İran şahı Qacar 1797-ci ilin yazında
ikinci dəfə Qarabağ xanlığına
yürüş edir. Şuşa İran şahı tərəfindən
işğal edilir.
Bu hadisələrin baş verdiyi vaxt bir ovuc erməninin,
nəyin bahasına olursa olsun, Qarabağı Rusiyanın tərkibinə
daxil etdirib və bu yerlərdə əl-qol açaraq, erməni
məliklikləri yaratmaq niyyətlərini həyata
keçirməyə çalışırdılar.
Tarixi mənbələrdə belə söylənilir
ki, guya 1797-ci ildə heç bir müqavimət görmədən
Ağa Məhəmməd şah Şuşanı işğal
etmişdir. Qarabağ xanı İbrahimxəlil xan isə
qalanı, əhalini başlı-başına qoyaraq, ailəsi
ilə və bir dəstə bəylərlə Car-Balakənə
qaçmışdır. Heç inanmaq olmur ki, düşmənlərinə
qarşı dəyanətlə vuruşan və ona tələfat
verən İbrahimxəlil xan indi hər şeyi və əhalini
qoyub qaçsın. Şübhəsiz, bu, belə olmamışdır.
Fransız tarixçi alimi Jan Jevr Frənsəvinin
İranda farsca çap olunmuş “Xacə tacidar” ( “ Şah” ) əsərində
bu məsələlər açılıb. Tarixçi
yazır ki, 1797-ci il Qacar hücumu zamanı “ ... İbrahim xan
elan etmişdi ki, kim istərsə, çətin ayaqda öz
ailəsi ilə birlikdə şəhəri tərk edə bilər.
O özü gecə ən qoçaq adamlarından 200
nəfər götürüb xəlvət yoldan
çıxaraq, düşmənin arxasına keçdi.
İran topxanasına arxadan hücum etdi. Topları ələ
keçirdi. Geriyə qayıdanda gördü ki, yol
bağlanıbdır. Qacar qoşunları Hacı Babək
adlı Şuşa müccəhidinin vasitəçiliyi ilə
şəhərə daxil olmuşdur”.
Müəllif qarabağlıların mənəvi cəhətdən
Qacar ordularından üstün olduğunu göstərir. Onun
mülahizələrinə görə Qacarın orduları İranın cənubundan
olub müxtəlif tərkibli idi. İbrahim xan öz
damlarının hamısını tanıyırdı.
Şuşalılar qətiyyətlə
döyüşürdülər. Qarabağlılar öz yerlərinə
yaxşı bələd idilər.
İbrahimxəlil xan çox bacarıqlı,
ağıllı və iş bilən adam idi. Qarabağ
xanı qala qapılarının bağlı olduğunu
görə geri dönə bilmədi. O, düşmən əhatəsini
yarıb Dağıstan tərəfə, qohumu Avar hakimi
Ümma xana pənah gətirdi.
... Azərbaycan dövlət müstəqilliyini
çətin və mürəkkəb beynəlxalq şəraitdə
əldə edə bilib.
Sovet dövlətinin
süqutu ilə “soyuq müharibə” sona çatmış,
beynəlxalq münasibətlər sistemi aradan qalxmış,
qloballaşma prosesi sürət götürməyə
başlamışdır. Azərbaycanın dövlət
müstəqilliyini az bir vaxtda dünya dövlətlərinin
çoxu tanımışdır. Onu ilk olaraq 1991-ci il
noyabrın 9-da Türkiyə Respublikası tanıdı.
1993-cü ildə Azərbaycan dövlət müstəqilliyini
artıq 116 dövlət tanıyıb, 70 xarici dövlət
ilə Azərbaycan arasında diplomatik əlaqələr
yaradılıb. Bununla belə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün dünya dövlətlərinin təsirli dəstəyini
əldə etmək, müharibəni söndürmək
mümkün olmayıb. Belə bir şəraitdə Ermənistan
və Dağlıq Qarabağdakı erməni silahlı birləşmələri
əvvəl sovet, sonra isə rus hərbi qüvvələrinin
köməyi ilə Dağlıq Qarabağda irimiqyaslı hərbi
əməliyyatlar keçirmiş, əlverişli strateji
mövqelər tutmuş, azərbaycanlıları öz
doğma torpaqlarından qovub çıxarmağa
başlamışlar.
1991-ci ilin sentyabrın ilk günündə burada
qeyri-qanuni bir qurum oyuncaq “Dağlıq Qarabağ
Respublikası” yaradılmışdı. 1991-ci il noyabrın 26-da isə Azərbaycan Ali Soveti
DQMV-nin statusunu ləğv etdi. Erməni faşist
ordularının müvəffəqiyyət əldə edilməsinin
əsas səbəblərindən biri xəyanət, səriştəsizlik
idisə, digəri Azərbaycanda ordu quruculuğunun formal
xarakter daşıması idi.
Azərbaycan iqtidarı hərbi hissələrinin müəyyən
qüvvələrinin təsirinə düşüb ona
qarşı çıxacağından qorxaraq ilk vaxtlar Sovet
qoşununa, sonra isə Rusiya qüvvələrinə meyil
göstərməyi nəzərdə tuturdu.
1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyi
yaradıldı. General Valeh Bərşadlı müdafiə
naziri təyin edildi. Erməni hərbi hissələri rus
ordusunun köməyi ilə Dağlıq Qarabağın azərbaycanlılar
yaşayan kəndlərə və ərazilərə
hücumlarını artırdılar.
1991-ci il dekabrın sonlarında Kərgicahan qəsəbəsinə
erməni quldur dəstələrinin hucumu başlandı. Ermənilər
ilk dəfə odatan silahı işə saldılar. Çətin
döyüşlərdə 30 azərbaycanlı əsgər
igidlik göstərərək, həlak oldu. 1992-ci il
yanvarın 19-da Kərgicahan düşmən əlinə
keçdi və yandırıldı. Yanvarın 21-də
Qeybalı, fevralın 12-də Malıbəyli,
Aşağı Quşçular və Yuxarı
Quşçular işğal olundu. Xocalı və
Şuşanın mühasirə olunma vaxtı
yaxınlaşırdı. Azərbaycan ordu hissələri,
xüsusi təyinatlı milis dəstələri və yerli
özünümüdafiə batalyonlarının müqaviməti
nizamsızlıq, əlaqəsizlik, satqınlıq
üzündən baş tutmurdu.
1992-ci il mayın 8-nə keçən gecə erməni
hərbi birləşmələri Şuşanın
işğal olunması ilə bağlı əməliyyat
keçirib. Şəhər ardıcıl şəkildə
artilleriya zərbələrinə məruz qalıb.
Erməni faşistlərinin minə yaxın əsgəri
üç istiqamətdən Şuşaya hücuma
başlayıblar. Hücumda rus ordularının ermənilərə
verdiyi 366-cı alayın zirehli texnikasının köməyilə
həyata keçirilib. Əsasən, Rusiya xüsusi bölmələrinin,
eləcə də, Loqadexidə (Gürcüstan ) yerləşən
xüsusi təyinatlı əsgərlərin erməni qüvvələri
tərəfdə vuruşduğunu sübut edən faktlar var.
Şuşanın erməni daşnak qüvvələri tərəfindən
işğalı vaxtı 200 nəfər şəhid olub, 150
nəfər əlil olub, 552 azyaşlı uşaq yetim
qalıb, 22 minə yaxın adam qaçqın
düşüb. Həmçinin, 200 tarixi abidə, 2
sanatoriya, tanınmış sənət xadimlərinin ev muzeyləri,
70 yerlik turist bazası, 1200 yerlik internat yerlə-yeksan edilib.
Bundan əlavə, Xan mağarası, Qaxol mağarası,
Şuşa qalası daxil olmaqla 279 dini, tarixi və mədəni
abidə dağıdılıbdır. Erməni vandalları
Şuşa şəhərində 7 məktəbəqədər
uşaq müəssisəni, 22 ümumtəhsil məktəbini,
mədəni-maarif, kənd təsərrüfatı
texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20
kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri
fabrikini məhv ediblər. Bütövlükdə, 1992-ci il
mayın 8-də Ermənistan silahlı birləşmələrinin
Şuşanı işğal etmələri nəticəsində
Azərbaycanın 289 kvadratkilometr ərazisi ermənilərin
tabeliyinə düşüb.
Şuşa şəhərində 23 min əhalidən cəmi
8 mini qalmışdı, qoşun idarə oluna bilmirdi.
Şuşa-Laçın qarnizonunun komandiri Elbrus Orucov təyin
olunsa da, komandirlər onunla hesablaşmırdılar.
1992-ci il mayın 7-sindən 8-nə keçən gecə
Ermənistan silahlı qüvvələri 11 minlik ordu ilə
Şuşaya hər tərəfdən-Qırxpilləkan yerdən,
Daşaltı, Qaybalı yolu, Şuşakənd istiqaməti və
Hacıtalasından hücuma başladılar.
Erməni hərbçiləri Daşaltı tərəfdən
3 minlik dəstə ilə irəliləyirdilər. Strateji
hündürlüklərdən biri-Kirs dağında erməni
silahlı qüvvələrinin artilleriya briqadası
dayanmışdı. Əsas döyüşlər mayın
8-i axşama qədər davam etdi. 777-ci əlahiddə alay
döyüşdə itki ilə üzləşdi və
alayın 132 əsgərindən yüzü öldürüldü.
Könüllü batalyonların əsgərlərindən və
Şuşa sakinlərindən də 200-dən çox adam həlak
oldu və ya itkin düşdü.
Azərbaycanın döyüş cəbhələrində
vəziyyətə təsir etmək imkanına malik silahlı
dəstələrə arxalanan qüvvələr didişmələrin,
satqınlığın növbəti qurbanları
Şuşa və Laçın oldu. Şuşa şəhəri
uzun vaxt idi ki, mühasirədə qalmışdı. Şəhərə
erməni daşnak ordularının güclü
hücumları gözlənilirdi.
Rusiyanın 366-cı alayının 180 nəfərlik hərbi
başçılarının 90 ağır hərbi texnika ilə
erməni tərəfə keçmələri bilinirdi. Alay bu
ərazidən Gürcüstana köçürülərkən,
çoxlu sayda hərbi texnika erməni hərbi hissələrinə
verilmişdi. Şuşa şəhərinin müdafiə
olunmasında cəmi 24 ağır hərbi texnika yardım
etmişdi. Hərbi rabitə pis vəziyyətdə idi, şəxsi
heyətin hazırlıq səviyyəsi aşağı idi və
nizam-intizam pozulmuşdu. Silahlı qüvvələr
arasında narazılıqlar başlanmış, eləcə
də, dəstələrdə parçalanma şiddətlənmişdi.
Azərbaycan iqtidarı hər iki güc nazirliyi (müdafiə
və daxili işlər nazirliklərinin) rəhbərlərinin
yaxınlaşmasını özünə qarşı təhlükə
hesab edirdi.
Azərbaycanın rəhbəri məsuliyyətli vaxtda
diqqəti yayındırmaq məqsədilə diplomatik tələyə
düşdü. İran İslam Respublikasının vasitəçiliyi
ilə Ermənistan rəhbərliyi ilə
danışıqlar başlandı.
Onlarda arxayınçılıq yaranmışdı. Minalanmış
sahələr zərərsizləşdirilmiş, əsgərlərin
xeyli hissəsi cəbhə xəttindən qısa müddətə
məzuniyyətə göndərilmişdi. Şuşa taboru
ştatında 1500-ə yaxın döyüşçü
olduğu halda, hücum vaxtı vur-tut 500
döyüşçü vardı.
200 könüllü döyüşçü
silahı ilə şəhəri tərk etmişdi.
Şuşadan hərbi texnika, “Qrad” qurğularının
çıxarılmasına başlanmışdı.
Xüsusi milis taburunun döyüşçüləri 1992-ci
il mayın 4-də Şuşanı tərk edib Böyük
Kirsdə mövqe tutmuşdular. 1992-ci il mayın 7-dən 8-ə
keçən gecə erməni vandalları Şuşa şəhərini
güclü artilleriya atəşinə tutdular. Düşmənin
hücumunda 80 “T-72” Tankı, 6000-ə yaxın
döyüşçü, eləcə də, xarici muzdurlar
iştirak edirdi.
Şuşa uğrunda gedən döyüşlər
zamanı belə bir hadisə baş verdi. Ağdam ərazisidən
qalxan helikopter ( Azərbaycan Silahlı Qüvvələrinə
məxsus idi ) Azərbaycan mövqelərini səhvən
bombardman etdi. Səhərə yaxın şəhərətrafı
postlar erməni işğalçıları tərəfindən
ələ keçirilmişdi, bəzi sahələrdə
milli qüvvələr düşmənə qarşı
igidliklə vuruşurdular.
Səhərə yaxın düşmənin üç
tankı şəhərə soxula bildi. Azərbaycan ordusunun
533 saylı tankı düşmən tankının birini vurub
sıradan çıxartdı, o biri tanklar geri
qayıtdılar. “Qayabaşlı” adlı yerdə
dayanmış əsgərlər döyüşü
axıra qədər davam etdirdilər.
Döyüşdə 40 nəfər əsgərimiz
şəhid oldu. Belə bir zamanda müdafiə dəstələrinə
köməyə gələn olmadı. Axşama yaxın 30-40
müdafiəçi Şuşanı tərk etdi.
Şuşa şəhəri ətrafında gedən
döyüşlərdə 155 müdafiəçi şəhid
oldu, 167 nəfər yaralandı, 20 nəfər itkin
düşdü.
Alınmaz Şuşanın süqutu ilə erməni
faşistləri tərəfindən Azərbaycanın
Dağlıq Qarabağ bölgəsinin işğalı
başa çatdı.
Həmin ərəfədə Bakıda prezidentlik
davası gedirdi. Azərbaycan Xalq Cəbhəsi ilə mütəllibovçuların
qarşıdurması bütün qüvvələrin cəbhəyə
deyil, Ali Sovetin qarşısına yönəldilməsi ilə
nəticələnir.
Mayın 14-də Rusiyanın Azərbaycandakı hərbi
bazaları Ayaz Mütəllibov hakimiyyətə gəlişi
ilə Şuşaya əks-hücuma keçməli idi. Lakin
Mütəllibov hakimiyyətə gəlmədi.
Məlumata görə Şuşada yalnız kilsə və
həbsxana, Şuşa-Xankəndi və
Şuşa-Laçın yolları təmir edilib, 4 yeni
yaşayış binası istifadəyə verilib.
...Bu gün Azərbaycan Prezidenti İlham Əliyev
Qarabağ probleminin həll olunması istiqamətində
çox böyük işlər görür. Xarici
müşahidəçilər danışıqlarda həmişə
qeyd ediblər ki, İlham Əliyev danışıqların
aparılmasının təkminli məcraya düşməsində
mühüm iş görüb. Qarabağ probleminin dinc yolla həll
edilməsinin tərəfdarı olan Prezidentimiz, bununla
yanaşı, açıq-aşkar bildirirdi ki, Azərbaycanın
öz torpaqlarını istənilən anda, o cümlədən,
hərbi yolla erməni işğalından azad etmək, ərazi
bütövlüyünü bərpa etmək
üçün bütün imkanları vardır.
Xalqımız torpaqlarımızı düşməndən
azad etmək üçün Prezident İlham Əliyevin əmrini
gözləyir.
Firudin Cümşüdlü,
ADPU-nun Azərbaycan
tarixi kafedrasının dosenti
Səs.- 2012.- 9 may.- S.15.