Azərbaycançılıq və qədim, çağdaş zərb musiqi alətləri

 

Zərb alətlərinin meydana gəlməsi qədim dövrlərə gedib çıxır. Tədqiqatçılar  qeyd edirlər ki, zərb musiqi alətləri uzaq-uzaq keçmişlərdə, bəşər mədəniyyətinin yenicə cücərdiyi ibtidai dövrlərdə yaranmış, əsrlərcə insan həyatını, onun adət-ənənəsini, ruhunu, zövqünü müşayiət və əks etdirə-etdirə inkişaf etmiş, təkmilləşmişdir. Digər çalğı alətləri ilə müqayisədə zərb musiqi alətləri çox cüzi dəyişikliklərə məruz qalmış və əsasən, öz ilkin quruluşunu qoruyub saxlamışdır.

İlk zərb alətləri məişətlə, mərasimlərlə işarə (siqnal) vermək zərurətindən doğmuşdur. Tarixi mənbələr təsdiqləyir ki, zərb alətlərindən çox-çox qədim zamanlarda müxtəlif məqsədlər üçün istifadə edilib. Təbiətin şıltaqlığı qarşısında aciz qalan əcdadlarımız şər qüvvələri qorxutmaq, vəhşi heyvanları ovlamaq, eləcə də, şənliklərdə, dini mərasimlərdə öz sevinc və istəklərini, həyatda baş verən real hadisələri cəlbedici ovqatda əks etdirmək üçün məişət əşyalarından zərb alətləri kimi istifadə etmişlər.

Gümanımızda yanılmırıqsa, ilkin zərb alətləri təbiətdən hazır şəkildə götürülmüş qaya, dağ, ağac parçaları və məişətdə istifadə edilən qab-qacaqlar olmuşdur. Qobustanda “Qavalçalan” daşın tapılması fikrimizi təsdiqləyir.

A.Nəcəfzadə göstərir ki, qavaldaş qədim zərb alətidir. Onun yaranma tarixi e.ə. Daş dövrünün Paleolit (ən qədim) mərhələsinə təsadüf edir. Qobustanda Çınqıldaşın ətəyində yerləşir. Qobustanda qayaüstü rəsmlər və yazılar 10-12 min il əvvələ aid edilir. Deməli, 10-12 min il əvvəl bu ərazidə kütləvi rəqslərimizdən olan yallılarımız qavaldaşın müşayiətilə ifa edilib.

Qavaldaş aləti birlik simvoludur. Qədim insanlar  qavaldaşın ətrafına toplaşaraq, bayramları, el şənliklərini qeyd edirdilər. Onlar qavaldaşın müşayiəti ilə rəqs etməyə xoşlayırdılar.

Qavaldaş alətlərimiz sırasında yeganə alətdir ki, onu bir yerdən başqa yerə aparmaq mümkün deyil. Əsrlərin yadigarı qavaldaşı dinləmək üçün gərək mütləq Qobustana gedib, orada onu səsləndirərək, qədim alətin ecazkar səsini dinləmək mümkündür.

Qavaldaşın tərkibi, adından bəlli olduğu kimi, daşdan və qayadan ibarətdir. İfaçı hər əlində kiçik daş parçası tutub qavaldaşı döyəcləməklə səsləndirir. Alətin səsi qaval kimi cingiltili səsləndiyindən, onu qavaldaş adlandırıblar. Qədimdə isə alətin sadəcə “daş alət” və ya “daşla çalınan alət” adlandığı ehtimal olunur.

Mübariz Quliyev göstərir ki, zərb musiqi alətlərinin təşəkkül tarixinə nəzər salsaq, hökmən qonşu Şərq xalqlarının musiqi mədəniyyətinə yaxın, doğma cəhətlər taparıq. Bütün  musiqi alətləri kimi zərb musiqi alətlərinin də inkişaf tarixini bu aspekdə araşdırmalıyıq.

Səsləndirilməsi bilavasitə zərblə-əllə, şapalaqla, barmaqla, çırtma ilə, çubuqla, çomaqla və s. ilə icra olunan çalğı alətləri zərb alətləri sayılır. Xatırladaq ki, zaman keçdikcə zərb alətlərinin çoxu unudulmuş, öz funksiyasını itirmiş, günümüzə gəlib çıxmamışdır.

Zaman keçdikcə, xalqlar sivilzasiya yolu ilə irəlilədikcə, digər musiqi alətləri kimi zərb alətlərindən istifadə metodu da məqsədyönlü olmuşdur. Xüsusilə, orta əsrlərin klassik poeziyasında və yazılı mənbələrində artıq bu çalğı alətlərinin adı, harada, hansı məqsədlə istifadə edilməsi barədə kifayət qədər məlumat almaq mümkündür. Həmin dövrlərdə adlarına rast gəldiyimiz zərblə çalınan alətləri, əsasən, üç qrupa bölmək olar.

I qrup: Təbillərin, eləcə də,nağaraların bu gün bizə tanış olan növləri-kos və böyük nağara, qoşanağara, qoltuq nağara, çubuq nağara, dairəvi dümbək və bu növdən olan membranlı zərb alətləri.

II qrup: Müxtəlif ölçülərdə olan laqqutlar, şaxşaxlar, qumrovlar, irili-xırdalı sinclər, zınqırovlar, kasalar, zənglər, səfail, metaldan, ağacdan, şüşədən və s. hazırlanmış, özü əks-səda verən zərblə çalınan alətlər (idiofonlular).

III qrup: Bu qrupa bilavasitə müxtəlif ölçülü dəflər: qaraçı dəfi, zınqırovlu dəf, dumbul, bu gün xanəndələrin istifadə etdiyi qaval və s. daxildir (idio-membranfonlular).

Zərb alətlərindən çox-çox qədimlərdə, hələ nəfəsli, simli alətlərin meydana gəlmədiyi zamanlarda xalq oyun və tamaşalarında geniş istifadə olunmuşdur. Bəzən belə kütləvi xalq tədbirlərində musiqini daha əzəmətli səsləndirmək üçün eyni qrupdan olan iki, üç alətin bir yerdə səslənməsinə də diqqət yetirilirmiş. Bizcə, bu ənənə sonralar daha təkmil ansambların yaranması üçün zəmin olmuşdur.

Milli musiqimizin xarakterik xüsusiyyətlərindən biri də odur ki, Azərbaycan rəqs musiqisini zərb alətlərinin müşayiəti olmadan təsəvvür etmək çətindir. Eləcə də, Azərbaycan xalq musiqi vəznlərinin zərb alətlərində ritmik ifası bu çalğı alətlərinin nə qədər böyük rolu olduğunu təsdiqləyir. Ü.Hacıbəyova görə zərb musiqi alətlərinin müşayiəti ilə çalınan və oxunan əsərlər bəhrli musiqinin əsas xarakterini büruzə verir.

Azərbaycan zərb musiqisi poeziyanın klassik forması ilə də sıx bağlıdır. Sadə, anlaşıqlı, yumşaq zərb vəznlərinin yaranmasında qoşmanın, bayatının, gərəylının və digər şeir formalarının təsiri az olmamışdır. Hətta əruz vəzninin bəzi bəhrini ritmik çalarla ifa etmək mümkündür.

A.Nəcəfzadə aşağıdakı qədim zərb alətləri haqqında məlumatı diqqətə çatdırır: dairə, dəf, dinqir, qaval və məzhər (dərviş dəfi) birüzlü zərb alətləridir. Ə.Hüseyninin verdiyi məlumata görə, dəfdən ən azı 8 min il əvvəl Azərbaycanda istifadə edilib. Fikrimizcə, alət 8 min il əvvəl başqa cür, məsələn, dinqir adlanıb. Dinqir də qavala, dəfə oxşayan zərb alətidir. Dinqir  dilimizin arxaik sözlərindən olan danqirin təhrif olunmuş formasıdır. Danqir-keçəl, daz deməkdir. Bildiyimiz kimi, heyvanın dərisini tüklərdən təmizləyərək aşılayır, “daz”, “keçəl” hala saldıqdan sonra dəfəbənzər alətlərin sağanağını tikirdilər. Bu səbəbdən, aləti də bəzən dinqir (danqir) adlandırırdılar.

Dəf və dairə ərəb sözləridir. Bu sözlər dilimizdə çevrə deməkdir. Deməli, dəf də dairə kimi bütün nöqtələri mərkəzdən bərabər məsafədə olan qapalı həndəsi fiqurdur. Ə.Xaqani, N.Gəncəvi, Mücirəddin Beyləqani (XII), İ.Nəsimi, Həbibi (XV), M.Füzuli (XVI) şeirlərində dəfi vəsf ediblər.

XVI əsr Təbriz miniatür məktəbinin görkəmli nümayəndələri Nizaməddin Sultan Məhəmməd, Ağa Mirək, Mir Seyid Əli, Məhəmmədi, Mirzə Əli əsərlərində dəfi təsvir edirlər.

Dəf 1931-ci ildə Ü.Hacıbəyli tərəfindən yaradılan Azərbaycan xalq çalğı alətləri orkestrinin tərkibinə daxil edilib. 1683-1684-cü illərdə Azərbaycanda olan alman E.Kempver dairə, dəf və qaval haqda məlumat verir, onları müqayisə edir, aralarındakı fərqləri göstərir. Qavaldan əsasən xanəndələr istifadə edirlər. Yəni qaval Azərbaycanda xanəndəlik sənətinin inkişafı ilə əlaqədar yaranıb. Qaval sözü - “qav” (qab) və “al” sözlərinin birləşməsindən əmələ gəlib. “Qav” məişətdə istifadə edilən qab və “al” şənlik, yaxud yalançı, aldadıcı mənalarını bildirir. Hər iki söz türk sözləridir. Nəticə olaraq, qaval sözü şənlik aləti (qabı) və ya yalançı alət (qab) fikrini bildirir.

Qavalla xanəndə oxuduğu mahnıların təsnifatın, tarın-kamançanın çaldığı rənglərin, diringilərin, rəqslərin ritmini (vəznini) çalır. Bu alət xanəndəyə həm də ifa zamanı ilham verir, onu təbə gətirir.

Məzhərdən əsasən dərvişlər istifadə etdiyindən, onu bəzən dərviş dəfi də adlandırırlar. Dərvişlər məzhərdən  mövləvi musiqisində dini ayinlərin icrası zamanı istifadə ediblər. Mövləvi musiqisinin əsasını sufi şairi Cəlaləddin Rumi (1207-1273) XIII əsrdə qoyub və məzhərdən həmin illərdə geniş istifadə olunub.

Məzhər yalnız dini mərasimlərdə istifadə edildiyindən, sağanağına heç bir zınqrov, metal halqa, lövhə, çingiltili səslər çıxaran hissələr taxılmazdı. Alətin sağanağı da dəfdən fərqli idi və enli hazırlanırdı.

İ.Nəsiminin (XIV əsr) şeirlərində məzhərin adına tez-tez rast gəlirik. Məzhər ərəbcədən dilimizə “nail olmaq”, “yetişmə” mənalarında tərcümə olunur. Sufilər məzhərin müşayiətilə müxtəlif bədən hərəkətlərilə rəqs edərək, sanki arzularına yetişmək istəyiblər.

Məzhər alətinin miniatür formasını İlqar Dağlı hazırlayıb. Dairə, dəf, dinqir, qaval və məzhər (dərviş dəfi) mahiyyətcə eyni alətlər olsalar da, istifadə qaydalarına görə müxtəlifdirlər.

Davul çubuqlarla səsləndirilən zərb alətidir. Onun adına kültürümüzün zirvəsi olan “Kitabi Dədə Qorqud” (VII əsr) dastanında rast gəlirik. Dastandakı adət-ənənələr, bir sıra tarixi-siyasi hadisələr oğuzların (türklərin) ibtidai dövrü ilə, yəni III-IV əsrlərlə səsləşir. Lakin dastanın bəzi boylarının yaranması eramızdan əvvəlki illərə gedib çıxır. Deməli, davulun e.ə. yarandığı ehtimal olunur. Həmçinin, “Dastani Əhməd Hərami” (XIII əsr).

Təbil zərb alətidir, eramızdan əvvəl yaranıb. “Kitabi Dədə Qorqud” dastanında, Ə.Xaqani, N.Gəncəvi (XII əsr), Ə.Təbriz, Yusif Məddah  (XIV), Fədai, M.Füzuli (XVI əsr), Məsihi (XVII əsr) kimi klassiklərin şeirlərində təbilin adına rast gəlirik.

Təbil kus qohum alətidir. Təbildən döyüş meydanlarında hərbi alət kimi istifadə olunub. Təbil ərəb sözüdür, vurmaq, zərbə mənalarını bildirir.

Orta əsrlərdə növündən asılı olmayaraq, bütün zərb alətlərinə təbil deyilirdi. Güclü səsli təbilin dəriləri qurd gönündən hazırlanırdı çubuqlarla səsləndirilirdi.

Təbilin rəsmi  Seyran Bədəloğlunundur.

Təbilbaz qeyri-peşəkar zərb aləti olub. Təbilbazdan Azərbaycanda XVI-XIX əsrlərdə ovçuluqda daha geniş istifadə edilib. Alət müasir zərbin kiçik formasında olub. Ovçular təbilbazı atın yəhərinə bağlayar, öyrədilmiş ev quşlarını yanlarına çağırmaqdan ötrü aləti səsləndirirdilər. Ov quşları təbilbazın səsinə görə sahiblərinin yerini təyin edir şikarları ilə bərabər ora uçurdular.

Orta əsrlərdə təbilbazı bəzən davulumbaz ya təbləkbaz da adlandırıblar. Burada təbii (ərəb), davul (türk) sözləri zərb aləti kimi, baz (fars sözü) isə bir şeyin həvəskarı, xiridarı mənasında işlədilib.

Azərbaycan tarixçisi Həsən bəy RumlununƏhsənüt-təvarix”(“Tarixlərin ən yaxşısı”) əsərində XV-XVI əsrlərə aid belə fakt gətirilir, əsgərlər döyüşə nəfir, nağara, təbil bayraqla gedərdilər, hücum vaxtı kərənay, qələbə vaxtı isə nağara səslənirdi.

Cahanarayi-Şah İsmayil Səfəvitarixi salnaməsində (1524-cü ildə başa çatdırılıb) Şah İsmayılın yürüşlərində iştirak edən çağurda (çoğor, çukur) çalmaqları mahnıları ilə döyüşçüləri ruhlandıran ozanların rolu xüsusi qeyd olunur. Adıçəkilən salnamənin miniatürlərində o dövrün real həyat səhnələri göstərilir, çəng (təntənəli rəsmi qəbullar vaxtı), kərənay, gavdum nəfirin (hərbi döyüşlərdə) təsvirləri verilir.

Mübariz Quliyev yazır: musiqi vəznlərinin ritmik müşayiəti solo səslənməsini qeyri-müəyyən yüksəklikdə səslər təşkil edir ki, bunlardan biri bəm, digəri isə zildir. Belə ki, bu səslərdən birinin çatışmazlığı zərb musiqisinin effektinə olduqca xətər gətirir. Zərb alətləri musiqisi bəm zil səslərin müxtəlif  diapazonda, variantda imitasiya ilə növbələşməsindən yaranır ifa zamanı məhz bunlar əsas götürülür.”

Zərb alətləri xalqa hərbi ruhu, döyüşkənliyi, mübarizliyi musiqi dili ilə çatdırır.

 

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 9 may.- S.14.