Heydər Əliyev Azərbaycan xalqının böyük xilaskarıdır

 

Gədəbəy

 

Dünən Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı Gədəbəy rayon icra hakimiyyəti ilə birgə Ulu Öndər Heydər Əliyevin 89-cu ildönümü ilə bağlı tədbir keçirib. Tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin  abidəsi önünə əklil və gül dəstələri qoyaraq, Onun əziz xatirəsini yad ediblər.

Sonra rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov məruzə ilə çıxış edərək, Ulu Öndərin bir insan ömrünə sığmayan şərəfli həyat yolundan danışıb. Onun fikrincə, Ümummilli Lider Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində Azərbayacanın gələcəyi üçün çalışmışdır: “Xalqının xilaskarı olan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin əbədi olması üçün tarixi missiyanı ləyaqətlə yerinə yetirmişdir. Bu gün xalqımız fəxr edir ki, Azərbaycana İlham Əliyev kimi böyük siyasətçi Lider rəhbərlik edir. Bu gün Azərbayacan dövlətinin 20 illik müstəqilliyi dövründə, 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin xarici siyasət sahəsində qazandığı uğurlardan xəbər verir. Ulu Öndər Heydər Əliyevə xalqımızın sevgisi sonsuzdur. Nə qədər müstəqil Azərbayacan var, qədirbilən xalqımız var, Heydər Əliyev ideyaları xalqımızın qəlbində daimi yaşayacaqdır. Çünki Ulu Öndər Heydər Əliyev şəxsiyyəti hələ zaman-zaman öyrənilməmiş bir dünyadır”.

Daha sonra çıxış edən Gədəbəy rayon 2 saylı tam orta məktəbinin direktoru Qabil Allahverdiyev, YAP Gədəbəy rayon təşkilatı Nərimankənd ərazi ilk partiya təşkilatının sədri Asəf Nağıyev Azərbaycan dövlətinin qurucusu və memarı, dahi şəxsiyyət Heydər Əliyevin daxili və xarici siyasətinin Onun  layiqli davamçısı, YAP-nın sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışdılar.

Tədbirin yekununda YAP Gədəbəy rayon təşkilatının təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş inşa yazı müsabiqəsi və voleybol turniri qaliblərinə təşkilatın idarə heyətinin qərarı ilə I, II, və III yerlər üçün təsis edilmiş mükafatlar təqdim edildi. Tədbirdə YAP üzvlüyünə qəbul olmuş bir qrup gənclərə üzvlük vəsiqəsi təqdim olundu.

 

Astara

 

Dünən Astara rayon icra hakimiyyəti YAP Astara rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 89-cu ildönümünə həsr edilmiş tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidəsi önünə əklillər və tər gül dəstələri qoydular. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin şərəfli ömür yolunun, görkəmli siyasi və dövlət xadimi kimi möhtəşəm fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən eksponatlara baxdılar.

Sonra tədbir YAP Astara rayon təşkilatının yeni inzibati binasında öz işini davam etdirdi. Tədbiri giriş sözü ilə Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev açaraq, qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev hər şeydən əvvəl TARİXİ ŞƏXSİYYƏTDİR: “Tarixi şəxsiyyətlərin yetişməsində isə ictimai-siyasi mühit, hadisə və proseslər öz sözünü deyir. Bu hadisə və proseslərin mərkəzində dayanan ən əsas amil isə yenə də şəxsiyyətlərin özüdür. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində xalq, vətən üçün etdiklərini bəzən normal təfəkkürün əhatə dairəsinə sığışdırmaq olmur. BÖYÜK ÖNDƏRİMİZ tariximizə xilaskar kimi daxil olub və ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla davam etdirib”.

Tədbirdə YAP Astara rayon təşkilatının sədri, rayon icra hakimiyyəti başçısının müavini Natiq İbadov “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda məruzə ilə çıxış etdi. N.İbadov onu da bildirdi ki, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu tarixi həqiqət bütün xalqımız tərəfindən qəbul olunur: “Azərbaycan xalqını rəzalətdən, vətəndaş müharibəsindən, parçalanmaq təhlükəsindən xilas edən Ulu Öndər bizə sabit inkişafı təmin edilmiş bir dövlət miras qoyub”

Toplantıda rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, YAP Astara rayon təşkilatı gənclər birliyinin sədri Rəsul Nəsirov, Astara Pedaqoji Kollecin direktoru Əlihəsən Nəmzəyev, Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Azər Abdullayev, müharibə veteranı Məmmədşah Məcidov, Ulu Öndər Heydər Əliyevin 89-cu ildönümü ilə əlaqədar keçirilən respublika inşa müsabiqəsinin qalibi Samir Sabirzadə və digərləri çıxış edərək, Əbədiyaşar Lider Heydər Əliyevin ölkəmiz üçün möhtəşəm işlər gördüyünü, Astaraya və astaralılara daim diqqət və qayğı göstərdiyini söylədilər.

Tədbirdə respublika inşa müsabiqəsinin qalibi Samir Sabirzadəyə və rəsm müsabiqəsinin qalibi Dəniz Baxşızadəyə rayon icra hakimiyyətinin fəxri fərman və hədiyyələri verildi. Həmçinin, tədbirdə YAP sıralarına yeni qəbul olunanlara partiya üzvlük vəsiqələri təqdim olundu. Sonra bayram tədbiri mədəniyyət və incəsənət ustalarının geniş konsert proqramı və atəşfəşanlıqla başa çatdı.

 

Nərimanov rayonu

 

Dünən YAP Nərimanov rayon təşkilatı SOKAR AQŞ MMC ərazi ilk təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı rayonun 45 saylı məktəbində tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Nazilə Məmmədova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan müəlliminə verdiyi qiymətdən, təhsilin inkişafına göstərdiyi qayğıdan danışdı.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Onun ölkəmizin inkişafı yolundakı misilsiz xidmətlərindən danışdı. Bildirdi ki, Ulu Öndərimizin müəyyənləşdirdiyi gənclər və təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

T.Tağıyev Ümummilli Liderimiz Heydər Əliyevin gəncliyə göstərdiyi qayğıdan danışdı: “Gənclər bizim gələcəyimizdir” deyən Ulu Öndər həmişə gənclərin sağlam ruhda tərbiyə olunmasına, onların yüksək savada yiyələnməsinə həssaslıqla yanaşmışdır.

O, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan söhbət açıb “Ümummilli Lider gənclərimizin potensialını dərindən hiss edərək, onların öz dövlətinə, millətinə və xalqına sədaqətli olmaları üçün Azərbaycanda müstəqil demokratik, hüquqi sivilzasiyalı dövlət quruculuğu işinə fəal qoşulmaları və milli vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün hər cür şərait yaradılıb”.

T.Tağıyev onu da vurğuladı ki, Ulu Öndər gənclərin fəaliyyətinin kortəbii yox, planlı şəkildə qurulması və daim müsbət nəticələr əldə edilməsi üçün elm, mədəniyyət, incəsənət, idman və digər ictimai sahələrin sivil dünya  standartlarına  uyğun  fəaliyyət istiqamətində fərman və sərəncamlar imzalayıb: “Gənclərin işinin əlaqələndirməsi və onların fəaliyyətlərinin istiqamətləndirilməsi sahəsində verilən ilk Fərman isə 1994-cü il iyun ayının 26-sı tarixində imzalanıb. Bu Fərmanla Gənclər və İdman Nazirliyi yaradılıb. Bu qayğı bu gün cənab Prezidentimiz, gənclərin dostu İlham Əliyev tərəfindən də siz gənclərə göstərilir. Belə olan halda, hər bir müəllim ölkəmizin gələcəyi üçün sağlam təfəkkürə malik savadlı gənclər yetişdirməyi özünə borc bilməli, hər bir şagird də daha yaxşı oxumalı və Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalaraq, Onun siyasi kursunun layiqli davamçısı Prezidentimiz İlham Əliyevin ətrafında daha sıx birləşməlidir”.

Tədbirdə SOKAR AQŞ MMC ərazi ilk təşkilatının sədri Anar Hacıyev çıxış edərək, bildirdi ki, Ümummilli Liderimiz Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirdə nitq söylədiyinə görə həm hədsiz qürur duyur, həm də böyük məsuliyyət hissi keçirir. Məhz Ulu Öndər tərəfindən əsası qoyulan azərbaycançılıq ideologiyası nəticəsində ölkəmizdə milli-mənəvi dəyərlərin, mədəniyyətin, təhsilin inkişaf etməsi davamlı xarakter almışdı. A.Hacıyev Ulu Öndər Heydər Əliyevin Azərbaycanı yox olmaq, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdiyini, onu tərəqqi və dirçəliş yoluna yönəltdiyini söylədi: “Azərbaycan 1990-cı illərin əvvəllərində düşmüş olduğu ağır və böhranlı durumlardan məhz BÖYÜK ŞƏXSİYYƏT Ulu Öndər Heydər Əliyevin möhkəm iradəsi nəticəsində xilas oldu”.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının məsul işçisi Nizami Babaşov, SOKAR AQŞ MMC ərazi ilk təşkilatının üzvləri Səbuhi Əlirzayev, Nadir Piriyev və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin qurub, yaratdığı dövlətin daim inkişaf edib qüdrətlənəcəyinə və Azərbaycan xalqının Ümummilli Liderinin layiqli davamçısı ölkə Prezidenti İlham  Əliyev cənabları ətrafında sıx birləşəcəklərini söylədilər.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə məktəbin xüsusi qabiliyyəti ilə seçilən şagirdlərinə qiymətli hədiyyələr təqdim olundu.

Bayram tədbiri məktəblilərin  hazırladıqları konsert proqramı ilə davam etdi.

 

 

R.KAMALQIZI

 

RÖVŞƏN

 

Səs.- 2012.- 11 may.- S. 15.