Azərbaycan
Xalq Cümhuriyyətinə aparan yolda milli
ideya axtarışları: azərbaycançılıq,
türkçülük,
islamçılıq və s.
Azərbaycançılıq Azərbaycan Xalq
Cümhuriyyətinin təcəssümü oldu. İlk
müstəqil respublikamız yaradılana qədər müxtəlif
ideya axtarışları gedirdi. Ulu Öndər Heydər Əliyev
“Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr
olunmuş təntənəli mərasimdəki nitqində
demişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması
çox çətinliklərlə başa gəlmişdir.
Çünki məlumdur ki, buna kənardan mane olmaq istəyən
qüvvələr də çox idi və Azərbaycanın həyatında
da vəziyyət çox qarmaqarışıq, ağır və
çətin idi. Ancaq Xalq Cümhuriyyəti yaranandan sonra onun
fəaliyyəti də böyük çətinliklərlə,
problemlərlə, böyük müqavimətlərlə,
maneələrlə rastlaşmışdır. Biz bu gün
iftixar hissi ilə deyə bilərik ki, bütün bu çətinliklərə
baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşamış,
fəaliyyət göstərmiş və iki il müddətində
çox böyük işlər görmüş, Azərbaycanın
müstəqil gələcəyinin əsasını
qoymuşdur. Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar bunu
Azərbaycanın özündə edə bilməmişdilər.
Çünki burada cürbəcür xarici qüvvələr
Azərbaycanı ələ keçirmək istəyirdilər.
Məlumdur, - Azərbaycan öz coğrafi-strateji əhəmiyyətinə,
təbii sərvətlərinə, xüsusən, zəngin
neft yataqlarına görə dünyanın bir çox
dövlətlərinin marağını cəlb etmişdi. Azərbaycanı
əhatə edən, Azərbaycanın daxilində olan,
ayrı-ayrı millətlərə mənsub qüvvələr
də ölkəmizin müstəqil olmasını heç də
istəmirdilər. Milli ruhlu ziyalı elitası Azərbaycan
ideyasını irəli sürürdülər.
Azərbaycanda demokratik prinsiplər həyata keçməli,
dilindən, milliyyətindən, məsləkindən, cinsindən
asılı olmayaraq, bütün vətəndaşların
qanun qarşısında bərabərliyi təmin edilməli
idi. Bu dövrdə azad, müstəqil, demokratik Azərbaycan
ideyası irəli sürüldü. Bu milli ideyanın əsasında
türkçülük, islamçılıq və
modernizmin vəhdəti dururdu. N.Şəmsizadə əsas
istiqlal ideyası olan azərbaycançılığın vətənçilikdən
geniş siyasi anlayış olduğu qənaətinə gəlmişdir.
“Fikrimizcə, azərbaycançılıq istiqlal uğrunda
mübarizə aparan millətin birlik forması, öz
keçmişinə və dünyaya vahid münasibət
üsuludur.
Sona xanım Vəliyevanın yazdığı
kimi, dövrün milli ruhlu
ziyalıları yaxşı anlayırdılar ki, Azərbaycan
xalqının çağdaş dünya nizamında
özünə layiqli yer tutması üçün milli
özünüdərkin, milli şüurun və
milli təəssüb hissinin yüksəlişi başlıca şərtlərdəndir.
Bu istiqamətdə Ömər Faiq Nemanzadə millətçilik
və dövlətçilik, Hüseyn Cavid və Cəlil Məmmədquluzadənin
demokratizm və azərbaycançılıq ideyaları
misilsiz təsir gücünə malik olmuşdur. Əsrin əvvəllərində
“Molla Nəsrəddin” jurnalında verilmiş məşhur karikatura simvolik məna
daşıyırdı. Burada azərbaycanlını yerə
yıxıb onun “axı mənim doğma ana dilim var” fəryadlarına
məhəl qoymadan ağzına bir tərəfdən ərəb
dili, o biri tərəfdən fars dili, üçüncü
bir tərəfdən isə rus dili salmağa
çalışanların ifşa edilməsi azərbaycançılıq
ideyası baxımından ibrətamiz və
düşündürücü idi.
O dövrdə formalaşan milli təfəkkürümüz
türk dünyasının görkəmli nümayəndələri
İsmayıl bəy Qaspıralı, Əli bəy
Hüseynzadə, Yusif Akçuraoğlu, Əhməd bəy
Ağayev, Ziya Göyalp kimi fikir dühalarının
türkçülüyə dair fikirlərindən bəhrələnirdi.
Onlar ilkin mərhələ üçün adekvat bir
obyektivliklə Azərbaycanın milli müstəqillik məsələsini
ümumtürk azadlığının tərkib hissəsi
kimi qarşıya qoyurdular. Həmin dövrün
istiqlalçılıq ideyaları Türkiyə Cümhuriyyətinin
banisi Mustafa Kamal Atatürkün bu sözləri ilə səciyyələnirdi:
“Müstəqilliyini əlindən vermiş hər hansı bir
millət hansı həyat şəraitində
yaşayırsa-yaşasın, o mədəni bəşəriyyətin
gözündə yalnız nökərdən başqa bir
şey deyildir. Azadlıq şirin nemətdir. Lakin bunu heç
vaxt iki əllə gətirib xalqlara vermirlər. Azadlıq
qanla alınır.”
Bir cəhəti dönə-dönə xatırlatmaq və
əsla yaddan çıxarmaq lazım deyil ki, Azərbaycan
milli ideyası ideologiyaya çevrilmə prosesində tarixi
inkişafı baxımından həm ümumislam
(islamçılıq), həm də ümumtürk
(turançılıq-türkçülük) mərhələlərini
yaşamış, XX əsrin əvvəllərindən etibarən
isə tədricən müstəqil ideya cərəyanına
çevrilməyə başlamış və yalnız bundan
sonra Azərbaycan milli dövlətçiliyini meydana gətirmişdir.
Rusiyada 1905-1907-ci illər inqilabı dövründə
əsarət altında yaşayan türk və müsəlman
xalqlarının, o cümlədən, Azərbaycan
xalqının böyük bir qismi arasında milli azadlıq
ideyaları geniş vüsət almışdı və bu
prosesə İranda başlamış məşrutə hərəkatı
da öz müsbət təsirini göstərmişdi.
1905-1918-ci illərdə Azərbaycan milli hərəkatının
nəzəriyyəçiləri və qabaqcıl ictimai xadimlər
azərbaycançılığın o dövrə qədərki
elmi, fəlsəfi, publisistik, ədəbi-bədii təcrübəsi
əsasında artıq milli dövlətçilik
ideologiyası qismində “azərbaycançılıq”
(“türkçülük”) ideyasını işləyib
hazırlamışdılar. Bu, azərbaycançılığın
təkamül prosesində keyfiyyətcə yeni mərhələyə
keçməsini göstərirdi.
Bu dövrdə milli ideya millətçilik vətənsevərliyə
söykənən azərbaycançılıqdan doğulan
anlayış olub əsasında milli birlik, milli
istiqlalçılıq dayanmış, Azərbaycançılığın
keyfiyyəti kimi səciyyələndirilmişdir: “Xalq
düşüncəsində “Azərbaycan” məhfumu
coğrafi bir mənadan ziya, fikir və əməl şəklində
təcəssüm ediyor. İstiqlal xaricində onun
üçün bir Azərbaycan yoxdur.”
M.B.Məmmədzadə göstərirdi ki, XX əsrin əvvəllərində
“sivilzasiyalı,- milliyyətçi, azərbaycançı-istiqlalçı,
xalqçı-cümhuriyyətçi ideyalar uğrunda mübarizə gedirdi. Xalq milli istiqlala nail olmaqla milli mədəniyyəti,
mədəni irsin qorunmağın da
mümkünlüyünü göstərirdi.
Sona xanım Vəliyeva düzgün olaraq göstərir
ki, əsrin əvvəllərindən
azərbaycançılıq ətrafında gedən ideya və
fikir mübarizələrinin təhlili göstərir ki, azərbaycançılıq
ideyasının təkamül prosesi çoxşaxəli,
çoxanlaqlı və ziddiyyətli olmuşdur. Azərbaycan
milli dövlətçilik hərəkatının
qabaqcıl nümayəndələrinin və Xalq Cümhuriyyətinin
qurucularının konsepsiyasına görə müstəqillik
ideyası ölkədə yaşayan bütün xalqların
hüquq bərabərliyinin tanınmasına (vətəndaş
cəmiyyəti ideyası - S. V.) əsaslanırdı. Onun fəlsəfi
əsasını “türkçülük,
islamçılıq və müasirlik”, indiki təbirlə
desək, azərbaycançılıq, islamçılıq
və müasirləşmə şüarı (S. V.) təşkil
edirdi.
Ulu Öndər Heydər
Əliyevin dəyərli bir fikri diqqəti cəlb edir: “...
Ümidvaram ki, bu iş bundan sonra da davam edəcək. Azərbaycan
Xalq Cümhuriyyətinin yaranması, onun yaranmasından əvvəlki
dövr və Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti,
gördüyü işlər bizim tarix kitablarında, tarix əsərlərində
öz əksini olduğu kimi tapacaqdır. Ancaq hesab edirəm
ki, indiyə qədər, xüsusən, son aylarda görülən
işlər də Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti
haqqında ictimaiyyətimizə ətraflı məlumatlar
vermişdir”.
Ona görə də, bu bayram mərasimində mən,
sadəcə, onu qeyd etmək istəyirəm ki, Azərbaycan
Xalq Cümhuriyyəti ağır şəraitdə fəaliyyət
göstərmiş, həm xarici qüvvələrin
güclü təzyiqi, həm də daxildə Azərbaycanın
müstəqilliyi əleyhinə çıxan qüvvələr
və Xalq Cümhuriyyətinin içərisində, yəni
Milli Şuranın, sonra yaranan parlamentin daxilindəki cürbəcür
partiyalara, firqələrə mənsub olan şəxslər,
fərdlər Xalq Cümhuriyyətinin işinin müvəffəqiyyətlə
aparılmasına, şübhəsiz ki, maneçilik törətmişlər.
Ancaq bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti
yaşadığı dövrdə böyük işlər
görmüşdür. Ən əsası ondan ibarətdir ki,
dünyanın bütün Şərq, müsəlman aləmində
ilk dəfə Azərbaycanda demokratik üsul-idarə prinsiplərinə
əsasən dövlət, hökumət yaranmış, beləliklə
də, Azərbaycanda həm müstəqilliyin, həm də
Azərbaycanda demokratiyanın, demokratik dövlət
üsul-idarəsinin əsasını qoymuşlar. Bunlara
görə və bütün başqa sahələrdə
göstərdiyi xidmətlərə görə Azərbaycan
Xalq Cümhuriyyətinin qısa bir zamanda gördüyü
işlər yüksək qiymətləndirilir. Ümidvaram ki,
bu dövr Azərbaycanın tarixində parlaq səhifələr
kimi daim yaşayacaq və gələcək nəsillər də
ilk Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə
yüksək qiymət verəcəklər.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.- 11 may.- S.14.