Müasir
Azərbaycan Ulu Öndər Heydər Əliyevin
şah əsəridir
Əsrlər keçəcək, nəsillər dəyişəcək,
amma Ulu Öndər Heydər Əliyev xalqımızın
yaddaşında, tariximizdə daim yaşayacaq. Təkcə ona
görə yox ki, Heydər Əliyev dühası, Onun siyasi
kursu, ölkəmizə rəhbərliyi Azərbaycana,
xalqımıza yalnız tərəqqi, inkişaf bəxş
etmişdir, Heydər Əliyev öz bilik və
bacarığını rəhbərlik etdiyi bu dövlətin
xoşbəxt gələcəyinin qurulmasına yönəltmişdir.
Həm də ona görə ki, Heydər Əliyev
bütün ömrünü, həyatını dövlətinin,
xalqının rifahı, intibahı üçün həsr
edən, bu yolda canını belə əsirgəməyən
liderdir. Bu böyük şəxsiyyət Azərbaycanın ən
çətin və mürəkkəb dövrlərində
hakimiyyətə gələrək dövlətini xilas
etmiş, millətinin gələcəyini təmin etmişdir.
Heydər Əliyev öz əməlləri, fəaliyyəti,
xalqımıza, dövlətimizə bəxş etdiyi
azadlıqlarla əsil xilaskarlıq örnəyi nümayiş
etdirmişdir. İki dəfə -1969-cu ildə və
1993-cü ildə Azərbaycanın ən ağır dövrlərində
hakimiyyət sükanına əyləşən Ulu Öndər
Heydər Əliyev həm də zəngin bir dövlət idarəçiliyi
ənənəsi formalaşdırmışdır. Bu
baxımdan, 1969-cu il Azərbaycan tarixində
daşıdığı missiya və spesifikliyi ilə öz
layiqli və şərəfli yerini tutmuşdur. Bu dövrdə
iqtisadi, sosial, ideoloji sahələrdə böyük problemlər
yaşayan Azərbaycan keçmiş ittifaq dövlətləri
sırasında ən geridə qalmışlardan biri idi. Mərkəzi
hakimiyyət bu durumu düzəltmək və böhranı
aradan qaldırmaq üçün müxtəlif addımlar
atsa da, bu, faktiki olaraq, mümkün olmamışdı.
Yalnız Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
plenumunun qərarı ilə Heydər Əlirza oğlu Əliyevin
Mərkəzi Komitənin birinci katibi seçilməsi ilə
respublikada köklü, inqilabi dəyişikliklərin edilməsi
üçün zəmin yaranmışdır.
Ulu Öndər Heydər Əliyev uzun müddət
Dövlət Təhlükəsizlik Komitəsinin sədri
işlədiyindən respublikadakı bütün problemləri
və onların aradan qaldırılması yollarını
yaxşı bilirdi. Bu işlərin görülməsi isə
rəhbərdən yalnız işgüzarlıq deyil, həm
də prinsipiallıq və qətiyyət tələb edirdi.
Bunlar isə Heydər Əliyev siyasi portretinin prioritet
ştrixləri idi. Məhz elə bu səbədən, Ulu
Öndərimiz qısa zaman çərçivəsində
respublikanın həyatında müsbət dönüş
yarada bilmişdir. Onun respublikamıza rəhbərlik etdiyi
1969-82-ci illərdə Azərbaycan üçün strateji əhəmiyyət
kəsb edən bütün bu məsələlər müvəffəqiyyətlə
həyata keçirildi. İlk olaraq, respublikanın
inkişafını təmin edəcək böyük sənaye
potensialı formalaşdırıldı. Bu dövrlər ərzində
yaradılmış çoxsaylı sənaye müəssisələri,
həmin dövr üçün ən müasir texnologiyalara əsaslanan
istehsal sahələri respublikanın iqtisadi infrastrukturunu
köklü surətdə dəyişdirdi, onun
aqraryönümlü respublikadan daha çox sənayeyönümlü
respublikaya çevrilməsinə zəmin hazırladı. Həmin
illərdə analoqu olmayan istehsal sahələri inşa edilərək,
istifadəyə verildi. Bunlardan Bakı kondisionerləri zavodu,
“Ozon” Elmi İstehsalat Birliyi, Elektron hesablayıcı
maşınlar zavodu, Dərin özüllər zavodu, Azərbaycan
DRES-i, Sumqayıt Kompressor zavodu, Üst trikotaj fabriki, Bakı
Tikiş və ayaqqabı fabriki, Gəncə Əlvan metallar
emalı zavodu, Naxçıvan Şüşə qablar zavodu,
ƏliBayramlı Məişət cihazları zavodu və s.
istehsal müəssisələrinin adını xüsusi qeyd
etmək lazımdır. İri sənaye və kənd təsərrüfatı
müəssisələrinin istifadəyə verilməsi, ilk
növbədə, həm bu müəssisələrdə
işləyənlərin, həm də respublikanın digər
vətəndaşlarının maddi rifah halının daha da
yüksəlməsinə səbəb oldu.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi
illərində, Azərbaycanın ənənəvi təsərrüfat
sahələrinin - aqrar bölmənin sürətli
inkişafı, respublikanın əlverişli
üstünlüklərindən bacarıqla istifadə edilməsi
70-ci illərin iqtisadi strategiyasının mühüm tərkib
hissələrindən biri oldu. Əsası 1969-cu ildə
qoyulan strateji xətt çox qısa vaxtda öz bəhrəsini
verməyə başladı. Azərbaycan keçmiş
SSRİ-nin ən böyük üzümçülük
respublikasına çevrildi. Pambıqçılıq,
bağçılıq-bostançılıq, heyvandarlıq
sahələrində böyük uğurlar qazanıldı.
Heydər Əliyevin böyük diqqət və qətiyyətlə
həyata keçirdiyi məsələlərdən biri də
xalqımızın öz milli, tarixi köklərinə, ənənələrinə
qayıdışı, dəyərlərimizin yenidən bərpası
idi. Bu mənada, illərdir ki, qadağan olunmuş tarixi
bayramlarımızın yenidən qeyd olunmağa
başlanması, dini dəyərlərin bərpası kimi o
zamankı dövrün reallaqları ilə qeyri-mümkün
görünən işləri Heydər Əliyev cəsarətlə
görə bilmişdi. Digər tərəfdən, Azərbaycan
dilinin dövlət dili kimi elan olunması və bu məsələnin
1978-ci ildə qəbul olunmuş Konstitusiyada təsbit
olunması Azərbaycan xalqının milli kimliyinin
özünə qaytarılması baxımından
atılmış ən önəmli addımlardan biri idi.
Tarixi şəxsiyyətlərə münasibətin dəyişdirilməsi,
Azərbaycan tarixində öz xidmətlərinə görə
fərqlənmiş, seçilmiş insanların layiqincə
dəyərləndirilməsi Ulu Öndərin “Qoy ədalət
zəfər çalsın” şüarı altında göstərdiyi
genişmiqyaslı və çoxşaxəli fəaliyyətinin
başlıca istiqamətləri idi.
Həmçinin, respublikanın hərbi kadr
potensialının gücləndirilməsi və azərbaycanlı
gənclərin daha sağlam şəraitdə yetişməsi
üçün Bakıda milli hərbi kadrlar hazırlayan
C.Naxçıvanski adına məktəb fəaliyyətə
başladı.
Beləliklə, görülən bütün bu
işlər respublikadakı həyat tərzini, standart əxlaq,
davranış qaydalarını, ünsiyyət,
qarşılıqlı münasibətlərin keyfiyyətini
son dərəcə dəyişdirdi. Taleyini, ömrünü
Azərbaycana, xalqımıza həsr edən Heydər Əliyev
1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini vəzifəsinə təyin olunaraq Moskvaya gedərkən
də, fəaliyyətinin sonrakı dövrlərində də
daimi Azərbaycanla bağlı olmuş, fəaliyyətini
konkret bu mərama yönəltmişdi. Bakıda 1990-cı il
20 yanvar hadisələri, buna paralel olaraq, Ermənistan
silahlı qüvvələrinin öz himayədarlarının
köməyi ilə Azərbaycan torpaqlarını
işğal etməsi, ölkədaxili çaxnaşmalar,
silahlı qiyamlar, iqtisadi böhran yeni yaranmış bir
dövlətdə yaşana biləcək çox ağır
hadisələr idi. Lakin ən ağırı dövlət
nümayəndələrinin dövlət idarəçiliyindəki
səriştəsizliyi, bacarıqsızlığı, hadisələri
düzgün qiymətləndirməməsi və qəbul
etdiyi qərarlardakı yanlışlıqlar idi. Belə bir məqamda
xalqın nəzər və diqqəti yenə də xilaskar
oğluna, böyük Liderə-Heydər Əliyevə yönəlmişdi.
Həmin dövrdə xalqın müxtəlif təbəqələrinin
neçə-neçə nümayəndə heyəti
Naxçıvana gedərək, Heydər Əliyevdən
Bakıya dönüb respublikaya rəhbərlik etməsini
xahiş etmişdi. Azərbaycanın bütün guşələrindən
Naxçıvana vurulan teleqramların, göndərilən məktubların
sayı-hesabı yox idi. Ölkəni idarə etmək
iqtidarında olmayan mövcud iqtidar da Heydər Əliyevin
Bakıya gəlməsini ondan inadla xahiş edirdi. Heydər Əliyev
isə yenə də çox sevdiyi xalqının tələb
və təkidlərinə müsbət cavab verdi, növbəti
dəfə tarixin axarını dəyişdirmək
üçün Azərbaycana, doğma vətəninə
qayıtdı.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin
iyununda hakimiyyətə qayıdışını Azərbaycan
müstəqilliyinin yeni tarixində ikinci mərhələnin
- dirçəliş mərhələsinin
başlanğıcı kimi səciyyələndirmək
lazımdır. Bu günün xalq tərəfindən əziz
bayram kimi - Milli Qurtuluş Günü kimi qeyd olunması da
tarixin bu qısa zaman kəsiyinin xalqın taleyində, müstəqilliyin
qorunub saxlanmasında necə müstəsna rol
oynadığını aydın göstərir. O, ölkəni
təhdid edən vətəndaş müharibəsinin,
qardaş qırğınının qarşısını
aldı. Ulu Öndər xilas yolunu, ilk növbədə,
qarşılıqlı ittihamlara, hakimiyyət uğrunda gedən
çəkişmələrə, qruplararası ziddiyyətlərə
son qoymaqda, ədavət hissini unutmaqda və bununla da,
xalqın milli birliyinə, vətəndaş həmrəyliyinə
nail olmaqda görür və haqlı olaraq məhz bu istiqamətdə
uğurlu tədbirlər həyata keçirirdi. Ölkə
daxilində dövlətçiliyin möhkəmləndirilməsi,
onun qüdrət və əzəmətinin nümayişi Azərbaycan
dövlətinə beynəlxalq aləmdə də hörmət
və inamı artırdı. Bir sıra ölkələr
yalnız bundan sonra ölkəmizlə iqtisadi-siyasi münasibətləri
genişləndirməyə başladılar...
Tarix sübut edib ki, yalnız Heydər Əliyev
nüfuzu, Heydər Əliyev siyasəti Azərbaycanı
bütün bəlalardan qorumaq, müstəqil dövlətçiliyimizi
yaradıb-möhkəmləndirmək qüdrətinə malik
idi. Böyük Öndərin dühasının yenilməzliyi
onda idi ki, O, ömrü boyu xalqa arxalanmış, həyatının
mənasını xalqa xidmətdə görmüşdü.
Çox sevindirici haldır ki, Ümummilli Lider Heydər Əliyev
tərəfindən əsası qoyulmuş və bu gün
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf
strategiyası, Azərbaycanı dünyanın ən
inkişaf etmiş ölkəsinə çevirib. Bu gün Azərbaycan
qlobal inkişaf tempinə görə dünyada ən
aparıcı ölkələr sırasında öndə
gedir. Xüsusilə əhalinin
sosial rifah halının durmadan yüksəlməsi, Azərbaycan
vətəndaşlarının güzəranlarının hər
ötən il sürətlə yaxşılaşması,
xalqın Heydər Əliyev siyasətinə olan inamını
gücləndirməklə yanaşı, eyni zamanda, Prezident
İlham Əliyevin ətrafında sıx şəkildə
birləşməsinə təkan verir. Xalq bir daha əmin olur
ki, Azərbaycanın işıqlı gələcəyi Heydər
Əliyev siyasəti ilə bağlıdır.
Şirvan Əbilov
Səs.- 2012.-11
may.- S. 9.