Azərbaycan
Xalq Cümhuriyyətinin ideoloqları və
azərbaycançılıq: Əlibəy Hüseynzadənin
siyasi türkçülüyü
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında
milli ideya zəmini rolunu oynayan azərbaycançılıqla
yanaşı, Əlibəy Hüseynzadənin siyasi
türkçülük ideyası da mühüm rol
oynamışdır.
Ə.Hüseynzadənin
sistemli siyasi türkçülük baxışı
aşağıdakıları əhatə edirdi: 1.Məzlum
olan sinifləri zalim siniflərdən azad etməyə
çalışın. 2. Qafqaz əhlinə muxtariyyət
verilsin. 3. Müsəlman dininə sərbəstlik verilsin. 4.
Türk dilinin inkişafı yolunda olan sədlər və maneələr
aradan qaldırılsın.
H.Həsənov onun siyasi türkçülük
baxışlarını “Rusiya türkləri tərəfindən
verilən ilk sistemli baxış kimi səciyyələndirilərək
baxışın əsas istiqamətlərini belə göstərirdi:
1. Milli azadlıq uğrunda mübarizə sinfi
mübarizə əvəzinə sinfi həmrəylik. 2.
Dövlətçilik uğrunda mübarizə. Qafqaz
xalqlarının həmrəyliyi. 3. Din uğrunda mübarizə.
Bütün Rusiya müsəlmanlarının birgə
mübarizəsi. 4. Dil uğrunda mübarizə. O, türk dili
üçün savadlanmada, maariflənmədə, mətbuatda,
siyasi həyatda geniş meydan tələb edir. Osmanlı
türkcəsini türklərin ədəbi dili kimi qəbul
edirdi.
T.Svyatoçovski Ə.Hüseynzadənin ideoloji
baxışlarını belə səciyyələndirirdi: “1905-ci illərdən sonrakı
dövrün aparıcı ədəbi jurnalı olan “Füyuzat”
(bolluq) belə bir mövqedə dururdu ki, azərbaycanlılar
Oğuz türkləri olaraq osmanlılarla kök etibarilə
eynidirlər, hər iki xalq arasındakı fərqlər
çox cüzidir. Jurnalın redaktoru və baş təsisçisi
Əli bəy Hüseynzadə, tədricən ayrı millətin,
“Qafqaz türkləri” adlandırdığı millətin, təşəkkülünə
gətirib çıxaran yerliçiliyə meyili tənqid
etdi. O, belə hesab edirdi ki, tarix eyni dil, din və mədəniyyət
birliyi ilə bağlanan nəhəng dövlətlər əsrinə
qədəm qoyur. Hüseynzadə açıqcasına
bildirdi ki, o, “islam dünyasının mənəvi və
siyasi rəhbəri olan” Osmanlı dövləti ilə bu və
ya digər şəkildə birlikdə olan Azərbaycan
variantına üstünlük verir. “Füyuzat”ın
tutduğu və Qasprinskinin nöqteyi-nəzəri ilə eyni
olan mövqeyə görə, cəmi türk xalqları eyni
dil formasını, müəyyən dəyişikliklər
edilmiş Osmanlı variantını qəbul etməlidirlər.
“Füyuzat” əməkdaşları dilləri mücərrəd
anlayışlar ifadə etməkdən və dərin
mühakimələrdən məhrum olan Qafqaz türklərinin
zehni inkişafına nəzər salmağı xüsusi
vurğuladılar: “Bizim ana dili adlandırdığımız
dil əsrlərlə siyasət, fəlsəfə, elm sahəsində
baş vermiş inkişafdan ayrı
düşmüşdür və nəticədə, onun təbii
inkişafı dayandırılmışdır.”
Osmanlılaşdırmanın əleyhinə olanlar, on
birincisi, ictimaiyyətin mətbuatdan ayrı düşəcəyini
və ədəbiyyatın əksəriyyətin başa
düşə bilməyəcəyi bir dildə
yazılacağını əsas götürdülər.
Populist meyilli azəriçilər (azərbaycançılıq
tərəfdarları) dedikdə, çoxsaylı İran
oxucularını da nəzərdə tuturdular. “Molla Nəsrəddin”
onların fikir carçısı oldu. Cəlil Məmmədquluzadənin
hamının başa düşəcəyi sadə dildə
yazmağı qarşısına vəzifə qoyduğu “Molla
Nəsrəddin” işıq üzü gördü. Satirik
jurnal olan “Molla Nəsrəddin” osmanlı dilinin
qramatikasının və ifadələrinin Azərbaycan dilində
gülməli vəziyyət yaratdığını göstərərək
həzz alırdı. Azəriçilərin digər nəşr
orqanları “Tərəqqi” və “İqbal” idi. Osmanlıpərəstlər
öz ideya və fikirlərini “Yeni Fyuzat”. “Şəlalə” və
“Dirilik” jurnallarında irəli sürdülər.
Fransız tədqiqatçısı F.Jorjon XIX əsrin
sonu XX əsrin əvvəllərində
fəaliyyət göstərmiş, Rusiya və Osmanlı
imperiyalarındakı həmfikirlərilə sıx əlaqə
yaratmış, “rus mədəniyyətindən
qidalanmış azəri (azərbaycançılıq-Ö.V.)
ziyalılarının yeni gənc nəsli haqqında məlumat
verir, pantürkizmi” və “panislamizm” hərəkatlarının
Azərbaycanda da təşəkkül tapdığı, bu
yeni nəslin “erməni-müsəlman davası”, “1905-ci siyasi
hadisələri”, sosializmin yaranması” ilə
qarşılaşdığını göstərir. Əli
bəy Hüseynzadə Əlimərdan bəy
Topçubaşov, Əhməd bəy Ağaoğlu, kimi
ziyalıların adları
xüsusi qeyd edilir,
Həsən Əzizoğlu Ə.Hüseynzadənin
türkçülük ideyalarının əhəmiyyəti
haqqında belə yazır: Ə.Hüseynzadə ictimai
fikrimizdə böyük bir türkçü kimi qəbul
olunub. Onun bu ilk və kiçik tövsiyəsi, daha
doğrusu, mübarizəyə
çağırışı, 1918-ci ilə qədər
Rusiyada türk-müsəlman xalqları tərəfindən
aparılan milli-azadlıq mücadiləsinin qayəsini təşkil
edib və proqramına çevrilib. Onu ilk siyasi
türkçü kimi də qiymətləndirməyimiz daha əsaslı
olardı.
Ə.Hüseynzadə 1905-ci ildə “Həyat” qəzetində
“Türklər kimdir və kimlərdən ibarətdir” adlı
silsilə məqalələrlə çixış edib. Bu
yazıda o, türk dünyası, onun tarixi coğrafiyası,
digər türk xalqları haqqında məlumatlar verib.
Orxon-Yenisey yazılarından, qədim türk “runlarından”,
onları kəşf edən Vilhelm Tomsendən, “Kutadqu-Bilik” əsərini
kəşf edən G.Vamberi haqqında yazıb. Məqalələrdə
dünyanın bir sıra görkəmli
türkşünaslarının adını və onların
tədqiqatlarının mahiyyətini açır. Onlardan
V.Radlov, G.Vamberi, Uyfalvun Şarl Ecen, V.Tomsen, Deqin Cozef, Q.Venqler,
Şəmsəddin Sami, Nəcib Asim və başqaları əhatə
olunub. Bir ona heyifislənmək olar ki, əgər hələ
100 il bundan əvvəl bu adlar və onların tədqiqat
obyektləri olan türk abidələri azərbaycanlıların
yaddaşına gətirilmişdisə, o zaman niyə onlar
elmimizdə genişmiqyaslı tədqiqat obyekti olmadılar? Təəssüf!..
Beləliklə, Ə.Hüseynzadənin
türkçülükdə göstərdiyi xidmətlər
ondan ibarətdir ki, o, Azərbaycan gerçəkliyində ilk
dəfə olaraq dünyada mövcud olan türk
xalqlarının, başqa millətlərdən olan görkəmli
türkşünasların, milliyyətcə türk
türkşünaslarının, qədim türk
yazılarının, xüsusən də, Orxon-Yenisey
yazılarının, türk maddi-mədəniyyət abidələrinin,
türk etnoqrafıyasının, böyük türklərin:
Alp Ər Tonqanın, Gültəkinin və Bilgə
xaqanlarının adlarını sevə-sevə qələmə
alıb, türk yazı sistemlərinin, yəni əlifbaların
(türk runları və uyğur əlifbası), türk dillər
qrupunun və ona qohum olan dillərin, qədim türk din və
məzhəblərinin sistemli təsvirini verib. Ə.Hüseynzadə
bir vacib məsələni də qaldırıb ki, türk
islamı qəbul edərək ərəbləşmədi,
öz milli mahiyyətini və dilini saxladı. Bütün
dünya dinlərindən türk həyat tərzinə,
türk təfəkkürünə və türk dilinə ən
yaxın və yararlı islam dini olduğunu təkid edir və
xüsusi vurğulayır ki, türk məhz islamda
özünü türk saya bilir. 0, Azərbaycanda elmin
üç əsas cərəyanla inkişafını
görürdü: “Elmi-əhvali-əqvam”, “Elmi-bəşər”,
“Elmi-lisan” Qaldırdığı problemlərdən ən
vacibi də millətin əxlaqı olub.
“Türk dili” məfhumunda Ə.Hüseynzadə
özünəməxsus mövqe tutur. Bu məsələdə
Ə.Hüseynzadə ilə başqaları arasında müəyyən
fikir ayrılığı var idi. Əgər M.F.Axundov
dramaturgiyasını Azərbaycan xalq dili əsasında
yaratmışdısa, Ə.Hüseynzadə tam və
formalaşmış Azərbaycan dili haqqında heç bir
fikir irəli sürmür. 0 deyir ki, dilimiz Bakı, Gəncə,
Şirvan ləhcələrindən ibarətdir. Ə.Hüseynzadə
türk dili deyərkən hər türk xalqının öz
dilini nəzərdə tutmurdu, o, məhz osmanlı türkcəsini
nəzərdə tuturdu. Hətta türk dilinin inkişaf
yollarının da o, Əlişir Nəvainin
yaradıcılığına əsasən deyil, ərəb-fars
sözləri əsasında görür. Millətimizin təşəkkülü
haqda fikirlərindən danışsaq, onu qeyd etmək
lazımdır ki, Ə.Hüseynzadə Azərbaycan
xalqını “təzə cavan bir millətdir”, “yolunun mənzili-əvvəlindədir”
- deyə qiymətləndirirdi.
Avropalaşmağa aid Ə.Hüseynzadənin
özünəməxsus baxışları var. “Kasablanka faciəsi”
adlı məqaləsində o deyir: “Biz istəyirik ki, islam
ölkəsinə onların (avropalıların) beyinləri,
dimağları girsin, boğazları, mədələri girməsin.
Biz istəyirik ki, ölkəmiz onların beyinlərini həzm
etsin. Yoxsa mədələrində həzm olunmasın”. Amma
bununla yanaşı, onu da xüsusi qeyd etmək lazımdır
ki, o, qəti şəkildə “firəngləşməyin” əleyhinədir.
Ə.Hüseynzadə o kəsləri qınayır ki, Avropadan
əsən hər hansı yelə, hətta zəhərli yelə
şəfabəxşiş deyir. Bu mövqeyini o, belə
açıqlayır: türkün firəngləşməsi,
firəngin tərəqqisi deməkdir, “müsəlman tərəqqisi
demək deyildir”.
Ə.Hüseynzadədə türk dövlətçilik
ideyalarının inkişaf etmiş bir baxışına rast
gəlmədik. Onun fikrincə, gələcək qurum sadəcə
“türklərin mənəvi birliyi” şəklində ola bilər.
Ə.Hüseynzadə 1905-ci ildə “Həyat” qəzetinin 10-cu
sayında dərc edilmiş “Qəzetimizin məsləki” məqaləsində
yazır ki, Azərbaycan
türklərinin gələcək inkişafını
ancaq Rusiya tərkibində görür. O deyir: “Biz isə
türk, müsəlman və rus rəiyyəti bulunduğumuz
üçün türklük və islam dairəsində və
rus dövlətinin şəraiti-iqtisadiyyə və siyasiyyəsi
daxilində tərəqqi etmək istəriz”. Bu haqda onun fikrinə
Dumaya gedən deputatlara verdiyi tövsiyədə rast gəlirik.
Orada sadəcə bütün Qafqaz xalqlarına, türklərə,
ermənilərə, gürcülərə və
başqalarına müştərək özünüidarə
etmək hüququndan söhbət açır.
1905-ci il tövsiyələrində o, nə ümumən
Rusiya türkləri üçün, nə ümumən
Qafqaz türkləri üçün, nə də xüsusən azərbaycanlılar
üçün muxtariyyət tələb etmir. Onun tövsiyəsi
ondan ibarətdir ki, “Qafqaz əhlinə öz ümumi idarəsinə
özü baxa bilmək üçün lazım gələn
muxtariyyət tələb
ediniz.”. 0 dövrkü Azərbaycan düşüncəsi
üçün bu, bir addım irəli olsa da, onu nəzərə
almalıyıq ki, elə bu dövrdə gürcülər və
ermənilər də artıq “Ümumi Qafqaz” deyil, sırf
milli erməni və gürcü muxtariyyəti məsələsi
qaldırırdılar.
Ə.Hüseynzadə türk dünyasını nə
müstəqil, nə muxtariyyət veziyyətində
görmür, hələlik, Rusiya imperiyasının sərhədləri
daxilində görür. Sonrakı yazılarında isə, o,
sadəcə, türklərin rus imperiyasına qarşı
mübarizəsi məsələsini qaldırır və hər
hansı bir dövlət qurumundan söhbət açmır.
H.Əzizoğlu sonda göstərir: “O, ilk azərbaycanlı
olub ki, sistemli şəkildə dil, din, sinfi problemləri
qaldırıb. Amma onun tələbləri birbaşa hökumət
qarşısında deyil, Dumaya gedən, milliyyətcə azərbaycanlı
olan deputatlara tövsiyə şəklində
qaldırılmışdır.
Beləliklə, 1905-ci ildə Ə.Hüseynzadənin
mövqeyində ancaq milli-mədəni inkişaf
üçün yaradılası şərait haqqında
problemlər əks olunub. 1904-1906-cı illərdə o, hələlik,
milli şürun qaldırılması uğrunda çalışırdı.
Ə.Hüseynzadə bu məqalədə üç həmrəylik
sistemini açıqlayır: türkçülük,
islamçılıq və rus vətəndaşlığı.
Sonrakı illərdə türkçülüyün siyasi tərəfi
onun üçün Rusiya çarizmi ilə mübarizədən
ibarət olub.”
Bir sözlə, XX əsrin əvvəllərində millət və milli vətən
azadlığı ideyalarının üstünlük təşkil
etməsi Azərbaycanda yalnız dövlətçilik deyil, həm
də vətənçilik nəzəriyyəsinin
inkişafı üçün örnək olmuşdur. Heydər
Əliyev bu təsirin sosial mahiyyətini düzgün qiymətləndirərək,
qeyd edir kı, “XIX əsrin sonu XX əsrin əvvəlləri
dünyada yeni münasibətlərin bərqərar olduğu
bir dövr kimi Azərbaycan xalqının həyatının
bütün sahələrində öz təsirini göstərmişidir”.
Şübhəsiz ki, həmin dövrdə Azərbaycan
xalqının dünyagörüşündə, mənlik
şüurunda həmin hadisələr barədə düşüncələr
az təsir göstərməmişdir. Milli mətbuatda şərhini
tapan maarifçilik ideyalarında milli dövlətçilik
haqqında düşüncələr, ziyalıların məfkurəsində
dövlətçilik fikirləri üstünlük təşkil
edirdi.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.- 12 may.- S.14.