Satirik şeirimizin Sabiri
“Bizim XX əsr ədəbiyyatşünaslığında
ən fəxr etdiyimiz şəxsiyyətlər
Sabirdir,C.Məmmədquluzadədir”
Heydər Əliyev
Böyük Azərbaycan şairi, bədii-ictimai fikir
tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli
maarifpərvər Mirzə Ələkbər Sabir çoxəsrlik
poeziyamızın parlaq ənənələrini layiqincə
yaşatmaqla bərabər, ədəbiyyatımızı
keyfiyyətcə yeni mərhələyə yüksəldərək,
onu ictimai məfkurə baxımından daha da zənginləşdirən
söz ustasıdır. “Molla Nəsrəddin” jurnalı ətrafında
formalaşmış ədəbi cərəyanın
aparıcı simalarından olan mütəfəkkir şairin
yüksək istedadla yaratdığı əsərlərin
başlıca mövzusunu mənəvi saflığa, mədəni
yüksəlişə və maariflənməyə
çağırış təşkil etmişdir. Milli mədəniyyətimizin
inkişafına misilsiz töhfələr vermiş Mirzə Ələkbər
Sabirin may ayında 150 illik yubileyidir. Bu yubileyin təntənəli
şəkildə keçirilməsi məqsədi ilə Azərbaycan
Prezidenti İlham Əliyev Sərəcam
imzalamışdır. Sərəncama əsasən, Mirzə Ələkbər
Sabirin 150 illik yubileyinə həsr olunmuş tədbirlər
planı hazırlanıb həyata keçiriləcək.
Azərbaycai ədəbiyyatına misilsiz töhfələrini
vermiş M.Ə.Sabir tanınmış şair Seyid Əzim
Şirvaninin açdığı yeni üsullu məktəbdə
təhsil almışdır. Bu məktəb onun
üçün faydalı olmuş, xüsüsilə,
biliyinin və şairlik istedadının inkişafına kömək
etmişdir. Abbas Səhhətin yazdığına körə,
Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs
göstərdiyi üçün atası hirslənib tez-tez
onu məzəmmət etmiş, hətta bir dəfə şeir
dəftərini də cırmışdır. Sabir
atasının verdiyi əzab-əziyyətdən xilas olmaq
üçün 1885-ci ildə ziyarət adı ilə səyahətə
çıxıb, Orta Asiyaya, oradan da İrana gedir. O, Səbzivar,
Nişapur, Səmərqənd, Buxara, Xorasan və başta
şəhərləri gəzir. Bir tərəfdən yerli
feodal və ruhani
ataların
taladığı bu yerlərin yoxsulluğu və cəhaləti
şairə ağır təsir bağışlayırsa, o
biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər
alim və yazıçılarla görüşüb
tanış olur.
İlk səfərindən qayıdandan sonra 1887-ci ildə
o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir.
On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya
kəlmişdir. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini
olduqca çətinləşdirmişdi. Başqa bir sənəti
olmayan şair ailəsini dolandırmaq üçün sabun
bişirib satır, ailəsini çox çətinliklə
dolandırırdı. Buna baxmayaraq, o, yenə
dövrünün qabaqcıl ziyalıları ilə əlaqə
saxlayır, bədii yaradıcılıqla məşğul
olurdu.
1902-ci ildə baş vermiş dəhşətli zəlzələ
şəhəri tar-mar etmişdi. Yanğın nəticəsində
şəhərdə yüzlərlə imarət yanıb
külə dönmüş, əhalinin çox qismi
evsiz-eşiksiz və quru yerdə qalmışdı. Bu zaman Sabirin
evi də dağılmışdı. Şair təkbaşına
böyük bir çətinliklə ailəsi
üçün müvəqqəti bir daxma düzəltmişdi.
Xatirələrdə deyilir ki, çox fədakar,
qayğıkeş, mehriban ailə başçısı olan
Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil,
mənəvi rahatlıq və tərəqqisini də təmin
etməyə çalışmışdır. O,
arvadını və qızını savadlı görmək
istəyir, onlara əlifba öyrədirmiş. Şairin
qızı Səriyyə sonralar yazırdı ki, həyatının
olduqca ağır, sıxıntılı keçməsinə
baxmayaraq, atam xoş üzlü, zarafatcıl və səmimi
idi.
Ağır ailə qayğısı çəkən
Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam
ayrılmamışdı. 1901-ci ildə Şamaxıya
qayıdan Abbas Səhhətin bu zaman onu mənəvi cəhətdən
böyük köməyi dəymişdi. Onlar boş
vaxtlarında Şamaxının o zamankı
ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd
Tərrahla kiçik bir ədəbi məclis düzəldib,
axşamlar klassik şairlərin və ya özlərinin
şeirlərini oxuyub təhlil və müzakirə edirdilər.
XX əsrin əvvəllərindən başlayaraq, Sabirin
şeirləri mətbuat səhifələrində
görünür. 1903-cü ildə “Şərqi-rus” qəzetində
onun şeiri çap olunur. Bir qədər sonra isə o, “Həyat”
qəzetində şeir çap
etdirir. 1906-cı ildə
“Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq həqiqi
bir xalq jurnalı kimi qarşılayıb, onun ən sevimli
şairi, ən fəal müəlliflərindən biri oldu.
Bu zamandan C.Məmmədquluzadə ilə Sabir
arasında qırılmaz dostluq münasibətləri
yarandı. Hər iki sənətkar əməkçi
xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə,
satqın ziyalılara sarsıdıcı zərbələr
vururdu. Bütün bunların nəticəsi olaraq Sabir
özünə çoxlu dost qazandığı kimi,
düşmən də qazanmışdı. Şeirlərini
gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və
Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində
və İranda bir çox irticaçılar şairin əsərlərini
pisləyir, onun yazdığını oxuyanları kafir elan
edirdilər.
1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində
imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz
şeyxülislamı idarəsindən ana dili və şəriət
müəllimi diplomu alır. Lakin Qoridən aldığı
bir məktubdan sonra o, seminariyadan ümidini kəsməli olur.
Bir müddət şair Şamaxı məktəblərindən
birində köməkçi müəllim sifətilə dərs
deyir. Müəllim yoldaşları onun dərin bilik və
pedaqoji ustalıqla verdiyi dərsləri çox bəyənirlər.
Həmin ilin sentyabr ayında Sabir çoxdan
arzuladığı “Ümid” məktəbini açmağa
müvəffəq olur. Bu məktəbdə 60-a qədər
şagird oxuyurdu. Yeni üsulda olan başqa məktəblərdəki
kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən
istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə
ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair
məlumat verilir, Quran və şəriət dərsləri tədris
edilirdi.
Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə
dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər
xəstəliyinə tutulub, Şamaxıya qayıdır.
1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə
gedib, dostu C. Məmmədquluzadənin evində yatır. “Molla
Nəsrəddin”in əməkdaşları şairə
böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin
getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə
şeir yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində
işləyir, “Molla Nəsrəddin” jurnalının redaksiya
işlərinə yaxından kömək edir.
İyun ayında həkimlər şairə cərrahiyə
əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə
buna razı olmur. O, Şamaxıya qayıdır. Axır
günlərindən birində şair deyir:
İstərəm ölməyi mən, leyk qaçar məndən
əcəl,
Gör nə bədbəxtəm,
əcəldən də gərək naz çəkəm!
“Molla Nəsrəddin”
jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə
maddi yardım etməyə çağıran bir elan dərc
edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox
şəhərlərindən onlarla oxucu böyük xalq
şairinə məhəbbət və hörmət əlaməti
olaraq “Molla Nəsrəddin”in ünvanına ianə göndərirlər.
Xəstəliyinin çox şiddətləndiyini və
ona başqa bir əlac olmayacağını görən
şair cərrahiyə əməlliyyatına razı olub,
iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyyənin
də heç bir fayda verməyəcəyini söyləyərək,
ona tez Şamaxıya qayıtmağı məsləhət
görürlər. Jurnalist H.Qasımov xəstə şairlə
Bakıda son görüşünü xatırlayaraq yazır:
“... Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda
olan ətimi xalqımın yolunda çürütdüm. Əgər
ömür vəfa etsəydi, sümüklərimi də
xalqımın yolunda qoyardım”.
1911-ci il iyulun 12-də, həyatının və
yaradıcılığının ən parlaq bir vaxtında
Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda “Yeddi
günbəz qəbiristanı”nda dəfn olunur.
Sabirin xatirəsinə hörmət əlaməti
olaraq vəfatından bir il sonra, 1912-ci ildə arvadı
Büllurnisə xanım, dostları Abbas Səhhət və
M. Mahmudbəyovun səyi ilə onun şeirlər “Hophopnamə”
adı ilə çap olundu. Oxucular kitabı hərarətlə
qarşıladılar.
Şairin yetkin vaxtında, 21-ci əsrin axırı,
20-ci əsrin əvvəlində yazdığı lirik
şeirlərin bir qismi ictimai mövzudadır. Məhəbbət
və gözəllik dünyasında yaşayan aşiqdən
fərqli olaraq, buradakı lirik qəhrəman mübarizə
meydanında çarpışan müdrik və atəşin
vətəndaşıdır. Onun arzusu “dilbəri-hürriyyət”ə
çatmaqdır. Mövcud cəmiyyətin ziddiyyətlərini
dərindən başa düşən bu qəhrəman
üçün həyat zindandır:
Mən belə əsrarı
qana bilmirəm,
Qanmaz olub dayana
bilmirəm.
Neyləməli, göz görür, ağlım kəsir.
Mən günəşi köydə
dana bilmirəm.
Sabirin satirik üslubu
birdən-birə formalaşmamışdır. Bu nöqtəyə
çatana qədər
o, uzun bir hazırlıq mərhələsi
keçmişdir. Hələ çox-çox
əvvəllər kənc
şair mürtəce
adamlara, gerilik və mövhumata tənqidi yanaşmağa başlamışdı. 1905-ci il inqilabı
isə Sabirin dünyabaxışında və
bədii yaradıcılığında
əsaslı dönüş
əmələ gətirmişdir.
Şair inqilabi hərəkata rəğbət bəsləmək,
özünəməxsus üslubda
ideyalar təbliğ etmək dərəcəsinə
yüksəlmişdir. Əsərlərində ictimai məzmun,
siyasi pafos güclənmiş, onda vətənpərvərlik, inqilabi-demokratik
ideyalar, yüksək mənada xəlqilik xüsusiyyətləri qüvvətlənmişdir.
Dövrün ən ciddi
sosial-siyasi münasibətlərini,
müxtəlif ictimai baxışları çox
canlı, həyati şəkildə, hətta
bir çox hallarda məişət səhnələri ilə
əks etdirən Sabirin fikir və
xəyalının mərkəzində
xalq dururdu. Əsərdən-əsərə
keçərək qüvvətlənən,
daim yeni məna və ifadə formaları alan xalq
mövzusu idi. Özü də bu mövzu
müxtəlif bədii
üsüllarla işlənmişdir.
Əsərlərinin bir qismində
Sabir zəhmətkeşlərin
qüdrətli müdafiəçilərindən
biri olaraq bilavasitə xalqı öz haqqını başa düşməyə,
birləşməyə çağırır. O, əməkçi insana məhəbbətini
açıq bildirərək,
“böyüklərin”, “zorbaların”
zülmündən nifrətlə
danışır. Belə əsərlərində
o, fikirləri öz diliidən söyləyir.
Əsərlərinin çoxunda isə
şair istismarçı
siniflərin nümayəndələrini
danışdırmaq üsulundan
istifadə edir. Belə əsərlərdə mənfi
surətin özü eyiblərini etiraf edib, daxili aləmini
açır. O öz
sözləri ilə oxucunu özünə güldürür. Başdan-ayağa kinayə və istehza ifadə edən belə şeirlərə “satirik monoloq” adı vermək olar.
Sabirin satirası kapitalist və mülkədarların zülmü
altında inləyən
fəhlə və kəndlinin iztirablı həyat şəraitinin təcəssümüdür. Şairin böyüklüyü orasındadır ki, o öz mübariz satirasını çar irticasının ağır
illərində yaratmışdır.
Sabir bütün şeirlərində
zalimlərə zərbə
vurmuş, məzlumların
dadına çatmaq istəmişdir. Bu əsrdə
onun qədər inqilaba, öz xalqına yaxın olan ikinci bir
qələm sahibi tapılmaz! Sabir fəhlə və
kəndli sinfinin ağa və mülkədar zülmü
altında çəkdiyi
məşəqqətləri əyani və canlı şəkildə
köstərən şairdir.
Bu əsərlərdə mənfi tipləri düşündürən əsas
məsələ əməkçi
xalqda əmələ
gələn dəyişiklik,
onun fəallaşıb
siyasətə getdikcə
daha çox qarışması, daha çox qüvvə, bacarıq əldə etməsidir.
Azərbaycanın tanınan şəxsiyyətləri,
eləcə də, Ümummilli Lider onun fitri istedadını
yüksək qiymətləndirmişdir:
“Bizim XX əsr ədəbiyyatşünaslığında ən fəxr etdiyimiz şəxsiyyətlər
Sabirdir, C.Məmmədquluzadədir”.
Azərbaycan Prezidenti İlham Əliyev isə bu nadir simalar sırasında duran sənətkarın yaradıcılıq irsini
belə dəyərləndirib:
“Mirzə Ələkbər
Sabir çoxəsrlik
poeziyamızın parlaq
ənənələrinə layiqincə yaşatmaqla bərabər, ədəbiyyatımızı
keyfiyyətcə yeni mərhələyə yüksəldərək,
onu ictimai məfkurə baxımından
daha da zənginləşdirən
söz ustası kimi geniş şöhrət tapmışdır”.
Səs.-2012.-12
may.-S.12.