XX əsrin əvvəllərindəki sosial-tarixi proseslər və Azərbaycan milli ideyası (azərbaycançılıq)

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində ətraf bölgələrdə - Rusiyada, İranda və Türkiyədə baş verən tarixi hadisələrin Azərbaycana və bu ölkədə baş verən proseslərə, o cümlədən, azərbaycançılıq və türkçülük ideyalarının təşəkkülünə ciddi təsiri oldu.

Xarici və ölkə tədqiqatçıları 1905-ci ildə Rusiyada baş verən hadisələrin milli düşüncədə təsiri məsələsini ətraflı tədqiq etmişlər. Həsən Əzizoğlu bu dövrdəki hadisələrin azərbaycançılıq və türkçülüyün vəhdətini gücləndirdiyindən bəhs edərək, yazır ki, 1905-ci ildə Azərbaycanda Rusiya müstəmləkəçilik siyasəti yürüdür milli ideya, dövlətçilik şüurunu unutdurmağa çalışırdı.

Lakin 1905-ci ildən sonra azərbaycançılıq türkçülüklə vəhdət təşkil edərək, Azərbaycanın türk dünyası ilə birliyinə xidmət etdi. Bu fikri ABŞ tədqiqatçısı Tadeuş Svyatokoski də təsdiq edir: “1905-ci illərdən sonrakı dövrdə mətbuatı rahat buraxmayan saysız-hesabsız məsələlər içərisində ədəbi dil, çox inadcıl və ziddiyyətlərlə dolu olan diqqət mərkəzinə çevrildi. Ona görə ki, bu polemika hələ də cavabı bəlli olmayan, lakin çox mühüm məsələyə-Zaqafqaziya müsəlmanının milliyyəti məsələsinə toxunurdu. Həmin vaxt Azərbaycan dövlətçiliyinin heç bir tarixi ənənəsi yox idi. Millət ideyası hələ də qeyri-müəyyən və qarışıq idi. Lakin elə o vaxtlar bir qrupun mövqeyini təyin edəcək yüksək meyar - Azərbaycan dili və ədəbiyyatı mövcud idi. Çoxları, xüsusilə də, ziyalılar özlərinin türklüyünü - türkdilli xalqlar ailəsinə - qövmə mənsub olduqlarını açıq-aşkar vurğulayırdılar. Bu zaman başqa sual doğdu: onlar özlərinin türklüyünü necə başa düşürlər? Bundan da maraqlı sual: onlar özlərini osmanlılara nə dərəcədə (və ya tam dərəcədə) yaxın hesab etməlidirlər? Azərbaycan ədəbi dilinin tərəfdarları arasında bir-birinə zidd olan iki meyil mövcud idi. Yerli əlamətlərə üstünlük verən azəriçilər (Azərbaycançılıq tərəfdarları - V.Ö.) və geniş türk dünyası anlamında başa düşülən osmanlıpərəstlər.

Bu polemika fars dili təsirindən azad olduqdan sonra osmanlılaşdırmaya münasibətdə azəri (azərbaycançılıq - V.Ö.) özünü dərk etməsinə işarə idi”. T.Svyatokovski haqlı olaraq XX əsrin əvvəllərində azərbaycançılığın türkçülüklə vəhdətdə inkişaf etdi. Həsən Əzizoğlu bunu bir daha təsdiq edir: “Mən isə belə hesab edirəm ki, azərbaycançılıq türk milli düşüncəsi əsasında qurulmuş milli ideologiyadır. Biz türkəsilli Azərbaycan xalqıyıq, dilimiz türkəsilli dildir, dinimiz islam, siyasi durumumuz müstəqil dövlətçilikdir. Azərbaycançılıq türkçülüyə əsaslanmaqla həm dövlətimizin, həm də millətimizin ideologiyasıdır. Bunlar arasında heç bir ziddiyyət yoxdur. Niyə? Ona görə ki, bizim xalqımızın ideologiyası ilə dövlətimizin ideologiyası arasında heç bir ziddiyyət yoxdur və ola da bilməz. Azərbaycançılıq türkçülükdən, türkçülük isə Azərbaycan xalqının və onun dövlətçilik marağından ayrı bir müstəqil ideologiya deyil.

XIX əsrin axırlarında türkçülük bir neçə türk ziyalısının çiyinləri üzərində dirçəlirdi. Onda dünyada siyasi vəziyyət fərqli idi. Onda türk xalqlarından ancaq “osmanlıların” müstəqil dövləti var idi. Digər əksər türk xalqları Rusiya imperiyası tərkibində pis bir vəziyyətdə qalmışdı. Hətta türkçülüyün klassikləri ilk əvvəl heç siyasi tələblər qaldırmağa belə cəhd göstərməyərək, ancaq mədəni inkişafdan danışırdılar. Bu səbəbdən bütün türk xalqlarının inkişaf proqramı eyni idi”.

İndi zəmanə dəyişib. Hər bir türk xalqı müstəqil dövlətə, dilə, dinə, siyasi və iqtisadi maraqlara malikdir. Bu gün türkçülük türk dövlətlərinin tam miqyaslı siyasi həmrəyliyi, geniş və güzəştli iqtisadi əlaqələri, mədəniyyətimizin müştərək inkişafı, dillərimizi tarix boyu uzaqlaşdıran yolların qısalması, bir-birimizə qarşı daha anlamlı olmamız deməkdir. Bu səbəbdən türkçülük bu gün də aktual bir ideologiya kimi mövcuddur, o, yaşamalı və inkişaf etməlidir.

Türkçülük dedikdə, mən türklərin özünüdərketmə, maariflənmə, həmrəylənmə yollarını müəyyənləşdirən mütəfəkkirlərimizin konsepsiyalarını nəzərdə tuturam. Türk dilində maariflənmə, yəni orta və ali təhsilin təşkili, mətbuatın nəşri, türk dilində dramaturgiya, teatr, opera, operettanın inkişafı və bunların hamısını türk xalqlarının mədəni-mənəvi dirçəlişinə yönəltmək artıq türkçülük idi. Türk tarixinin tədqiqi, sadəcə olaraq, türkşünaslıqdırsa, türk tarixi üzərində xalqın tərbiyələndirilməsi artıq türkçülükdür. Türk düşüncəsini və adət-ənənələrini inkişaf etdirmək, ümumi türk tarixini vahid bir sistem şəklində dərk etmək, türk xalqları arasında addım-addım dil, mədəniyyət birliyini inkişaf etdirmək, iqtisadi əlaqələri güzəştli qurmaq, türk xalqları arasında tam mənəvi və siyasi həmrəyliyə nail olmaq türkçülük deməkdir. Rusiyanın ucqar əyalətlərindən Anadoluya qədər ərazilərdə də məhz bir-birinə qohum olan türkdilli xalqların yaşaması və vaxtı ilə bu xalqların bir dövlət tərkibində yaşadıqları yaddaşlarda bərpa olundu. Türkçülük mədəni-fəlsəfi dünyagörüş kimi qiymətləndirilməlidir. Türkçülük bəlkə də uzun əsrlər boyu islam düşüncəsinin sıxışdırıb aradan çıxardığı etnik düşüncə olmuşdur. Bu türk etnik düşüncəsi, ilk əvvəl, çoxcəhətli türklərin müştərək qəhrəmanlıq tarixinə əsaslanır.

Sona xanım Vəliyeva azərbaycançılıq ideologiyası və Azərbaycan münasibətlərindən danışarkən, haqlı olaraq 1905-ci ildən sonra dini birliyin milli birliyə, müsəlmançılığın azərbaycançılığa çevrildiyini göstərir: “Azərbaycançılıq ideologiyası ilə Xalq Cümhuriyyəti hökumətinin qarşılıqlı münasibətləri belə bir qanunauyğunluğun real isbatına çevrilmişdir ki, tarixən dövlət xalqın tarixi düşüncə tərzinə arxalanan ideologiyanın gücü ilə yaranır. Elə bir ideologiyanın ki, ayrı-ayrı adamların düşüncə və duyğularına hakim kəsilən təsəvvürlərin məcmusunun, onların özlərinin, ailələrinin, xalqının, Vətəninin sabahı naminə arzu və diləklərini əks etdirir. İdeologiya dövləti yaradır, dövlət isə siyasi ideyanı məqsədyönlü məcraya doğru yönəldir”.

Lakin bu prosesin özünə də birdən-birə yaranan, necə deyərlər, yoxdan var olan bir hadisə kimi yanaşmaq sadəlövhlük olardı. Azərbaycançılığın turançılıq, islam hümbətçiliyi kimi ideyalardan arınması hansısa fövqəltəbii qüvvələrin təsiri altında baş verməmişdi. Filologiya elmləri doktoru Vilayət Quliyev “Ağaoğlular” kitabına yazdığı geniş həcmli ön sözdə həmin prosesi görkəmli mütəfəkkir Əhməd bəy Ağayevin görüşlərindəki təbəddülatın əsas istiqamətlərini izləməklə maraqlı nəticələrə gəlmişdir. Müəllif Azərbaycan milli hərəkatının ilk tədqiqatçılarından olan Mirzə Bala Məmmədzadəyə istinad edərək, göstərir ki, “Hələ 1905-ci ilə qədər Azərbaycan cəmiyyətində milli birlikdən daha çox dini birlik anlayışı üstünlük təşkil edirdi. Başqa sözlə desək, azərbaycanlılar özlərini türkdən (millətdən) daha çox müsəlman (ümmət) kimi tanıyırdılar.”

Tədqiqatçıların yekdil rəyinə görə, Ə.Hüseynzadə, Ə.Ağayev, Y.Ağçuraloğlu, İ.Qaspıralı, C.Əfqani, M.İqbal, Z.B.Göyalp, M.E.Yurdaqul və onlarla başqalarının irəli sürdükləri “üç tərzi - siyasət” (“türkləşmək, islamlaşmaq və müasirləşmək”) doktrinası azərbaycanlıların milli azadlıq hərəkatı ideyaları üçün mühüm bir qaynaq idi. XX əsrin əvvəllərində azərbaycanlıların özünəməxsus təmiz, sırf yerli xarakter daşıyan dövlətçilik və millətçilik demokratizm və azərbaycançılıq (C.Məmmədquluzadə) ideyaları artıq türkçülük və islamçılığı da özündə birləşdirərək, yeni bir xətt götürüb. Azərbaycan müstəqilliyini elan etmək yoluna keçir demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin ideya mənbəyi azərbaycançılıq, türkçülük, islamçılıq və avropaçılıq XX əsrin əvvəllərində mürəkkəb şəraitdə inkişaf etmişdir. Professor Əlikram Tağıyev türk xalqlarının bir-birindən ayrılıqda yaşaması və hər bir türk dövlətində başqa xalqların da yaşadığına toxunaraq belə şəraitdə Azərbaycanın milli ideyasının türkçülüklə azərbaycançılığın vəhdəti şəraitində inkişaf etdiyini göstərir: “Belə bir mürəkkəb, tarixi şəraitdə yaşamaq Azərbaycan türklərinə də qismət olmuşdur və deməli, bu, qaçılmaz bir həqiqətə çevrilmişdir. Biz də, şübhəsiz ki, öz növbəmizdə, bu tarixi reallığa uyğun şəkildə hərəkət etməli, dövrün və zamanın nəbzini tutmağı bacarmalıyıq. Belə bir şəraitdə, şübhəsiz ki, türkçülük ideyaları Azərbaycan cəmiyyətini vəhdətə və siyasi stabilliyə doğru apara bilməz. Hərçənd ki, Azərbaycan millətinin formalaşmasında bu ideyaların, eləcə də, islamçılıq ideyalarının müstəsna rolu olmuşdur və onu danmaq millətimizin keçmiş olduğu tarixi yolu özünün saxtalaşdırılması demək olardı. Amma bugünkü reallıq məsələyə daha ayıq başla yanaşmağı tələb edir. Çünki bugünkü vahid və bölünməz Azərbaycan uğrunda gedən mübarizə məhz vahid və bölünməz Azərbaycan milləti və Azərbaycan dili körpüsündən keçir. Biz Azərbaycanın sinirləri daxilində olan bütün soyköklərin vahid milli zəmində monolit birliyinə nail olmalıyıq. Buna isə yalnız və yalnız azərbaycançılıq ideyalarının inkişaf etdirilməsi və şüurlara yeridilməsi vasitəsilə nail olmaq mümkündür”.

Azərbaycanda azərbaycançılığın milli ideyadan dövlətçilik ideologiyasına çevrilməsində müstəsna rolu olmuş Ulu Öndər Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Professor Qoşqar Əliyev Ulu Öndərin yüksək keyfiyyətlərindən bəhs edərək yazmışdır: “Heydər Əliyev intellektli xalq düşüncəsinin, milli təfəkkürümüzün qaynaqlarından bəhrələnən, daha mürəkkəb, dinamik reallıqlarımızın mənimsənilməsi və dərkinin qüdrətli fenomeni, dərin fəlsəfi düşüncələrin nəticəsi, siyasətçi şəxsiyyətinin özünütəsdiqinin vacib vasitəsidir. Heydər Əliyev təfəkkürü ətrafda baş verən ən mürəkkəb və ən ziddiyyətli sosial-siyasi hadisələrin mahiyyətinə nüfuz etmək, bunlara vaxtında və çevik reaksiya vermək qabiliyyətinin bariz nümunəsidir”.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə

doktoru

 

 Səs.- 2012.- 15 may.- S.14.