Musiqi
mədəniyyətimizə dəyərli töhfələr
vermiş görkəmli bəstəkar
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bəstəkar
Rauf Hacıyevin 90 illik yubileyinin keçirilməsi haqqında
Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, 2012-ci
ilin mayında SSRİ xalq artisti, görkəmli bəstəkar
və tanınmış ictimai xadim Rauf Soltan oğlu
Hacıyevin anadan olmasının 90 ili tamam olur. Rauf Hacıyev
musiqi sahəsində çoxşaxəli fəaliyyət
göstərərək, ölkəmizdə operetta və balet
janrlarının inkişafında mühüm rol oynayıb, mahnılar
müəllifi kimi geniş şöhrət qazanıb. Sənədə
əsasən, Azərbaycan musiqi mədəniyyəti xəzinəsinə
dəyərli töhfələr vermiş Rauf Hacıyevin 90
illik yubileyinin layiqincə keçirilməsini təmin etmək
məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə
Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini
nəzərə almaqla, Rauf Hacıyevin 90 illik yubileyinə
dair tədbirlər planı hazırlayıb həyata
keçirmək tapşırılıb.
Azərbaycan
Respublikasının və SSRİ-nin xalq artisti, görkəmli
bəstəkar Rauf Hacıyev 1922-ci il mayın 15-də dünyaya
göz açıb. Bəstəkar Azərbaycan professional
musiqisinə müxtəlif mövzulu operettaları, “Gənclik”
simfoniyası, skripka ilə simfonik orkestr üçün
konserti, bir-birindən gözəl çoxlu estrada
mahnıları ilə daxil olmuşdur.
Raufun musiqi istedadı erkən
yaşlarından özünü büruzə verib. Həsən
bəy Zərdabinin qızı,
əməkdar müəllim Qəribsoltan Məlikovanın
himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq
sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun
mühüm rolu olub. Belə ki, Raufun fortepiano
üçün pyeslərini “Tarantella”, “Dağıstan” və
“Ləzgihəngi”ni dinlədikdən sonra dahi bəstəkar
onun fitri istedadını yüksək qiymətləndirmiş
və il yarım onunla məşğul olandan sonra Rauf bir
neçə mahnı bəstələmişdir. Onların
arasında xüsusilə “Samur”, “Mingəçevir”, “Gənclik
marşı” ona şöhrət gətirmişdir. İlk gənclik
məhsulu olan bu mahnılardan sonra mahnı janrı
R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət
kəsb etmiş, bəstəkarın həm ifaçılar,
həm də musiqisevərlər arasında
aşağıdakı mahnıları daha çox
populyarlıq qazanmışdır.
Bu silsilədən olan
mahnıları “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik
mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı
haqqında mahnı”, “Leyla”, “Neft Daşlarında”, “Ceyran” ona
daha böyük şöhrət gətirmişdir.
Sadaladığımız həmin mahnılar bu
günümüzdə də müxtəlif nəsillərdən
olan ifaçıların repertuarını zənginləşdirir.
Klassikliyini qoruyub saxlayan mahnılar bəstəkarı daha
da
populyarlaşdırmışdır.
R.Hacıyevin
yaradıcılığında teatr tamaşalarına və
filmlərə yazdığı musiqiyə də yer
verilmişdir. Bəstəkar on beşə qədər filmə
musiqi yazmışdır. Onlardan
bir neçəsini xatırladaq: “Əhməd
hardadır?”, “Mən rəqs edəcəyəm”, “Bir
qalanın sirri”, “Kölgələr sürünür”, “Qara
daşlar” və s. Bu filmlərdə musiqi obrazların
dolğun təcəssümü, səmimiyyəti, gözəl
melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.
Göakəmli bəstəkar 7
operettanın müəllifidir. Təqdirəlayiq haldır ki,
onlardan beşi məhz Moskva Dövlət Operetta
Teatrının səhnəsində tamaşaya qoyulmuşdur.
Eyni zamanda, bu operettalar keçmiş SSRİ-nin mərkəz
şəhərlərində uğurla öz səhnə təcəssümünü
tapmışdır. Rauf Hacıyevin istedadı daha çox
operetta janrında parlayıb. Bəstəkarın
operettaları respublikamızda bu janrın yeni səhifəsini
açıb desək, düz olar. Onun operettalarında
vokal-simfonik, balet və estrada sənəti bir-birilə
üzvi surətdə birləşir. Onun musiqi dilinin xalq
musiqisi və müasir estrada üslubunun sintezindən ibarət
olduğunu söyləməmək mümkün deyildir. Onun
operettalarının mövzularını isə ən
çox adamlarımızın gündəlik həyatı təşkil
edir.
Rauf Hacıyevin Moskvada
tamaşaya qoyulmuş ilk operettası “Romeo mənim
qonşumdur”. Həmin əsər əvvəl Bakıda
“Qonşular” adı ilə getmişdir. Əsər Moskvanın
operetta teatrında müvəffəqiyyətlə göstərildikdə,
tamaşanın quruluşçu rejissoru A.Zaks operetta
haqqında belə demişdir ki, bu Azərbaycan operettasını
teatrımızın repertuarına salmağa bizi sövq edən
onun mövzusunun yeniliyi və müasirliyi, R.Hacıyevin
coşqun musiqi dili, sırf milli koloriti, əsil mənada
müasir musiqi dilidir.
O da diqqətəlayiqdir ki,
“Romeo mənim qonşumdur” operettası keçmiş SSRİ
respublikaları bəstəkarlarının əsərlərinə
baxışda üçüncü mükafata layiq
görülmüşdür. Qeyd edək ki, “Romeo mənim
qonşumdur” operettası 23 teatr səhnəsində
tamaşaya qoyulmuşdur. Operettanı “Azərbaycanfilm”
studiyası 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun
quruluşunda ekranlaşdırmışdır.
R.Hacıyevin maraqlı
operettalarından biri “Mənim məhəbbətim -
Kuba”dır. Əsər Moskva Operetta Teatrının sifarişi
ilə yazılmışdır. Əlbəttə, Kuba
haqqında mövzunu işləmək asan iş deyil, Rauf
Hacıyev özü Kubada heç bir zaman olmamışdır.
Lakin onun qarşısında çətin bir vəzifə -
Kuba xalqının milli xarakterini, musiqi sənətinin
xüsusiyyətlərini açmaq vəzifəsi durmuşdu.
Operettanın musiqisini böyük zövqlə
yazmışdır. Əsərdə musiqinin
dramaturgiyasının əsasını üç melodiya təşkil
edir. Bunlar Kubaya məhəbbət, vətənpərvərlik
andı və Raul ilə Deliyanın məhəbbət hisslərini
təcəssüm etdirən melodiyalardır. Bəstəkar
Paçanqa bayramının rəqs səhnələrini də
maraqlı musiqi boyaları ilə yaratmışdır. O,
maqnitofonda yazılmış əsil Kuba melodiyalarını tamaşanın
musiqi ahənginə səriştə ilə daxil edə
bilmişdir.
Rauf Hacıyevin rəğbətlə
qarşılanan səhnə əsərlərindən
“Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən
evlənirəm”, “Yolayrıcında” operettalarıdır.
Qeyd edək ki,
“Dördüncü fəqərə” Finlandiyanın satirik yazıçısı
Marti Larninin eyniadlı romanı əsasında
yazılmışdır. Əsər əvvəlki
operettalardan fərqli olaraq məişət komediyası səciyyəsindədir.
Bəstəkar kəskin siyasi - ictimai qayəli operetta
yaratmağa nail olmuşdur.
Təqdirəlayiq haldır ki,
“Qafqaz əsiri” operettasının Moskva Operetta Teatrında
tamaşa təcəssümündə iştirak edən
yaradıcı heyət, əsasən, azərbaycanlılardan
ibarətdir. Rejissor - Fikrət Sultanov, rəssam - Adil Quliyev,
baletmeysterlər - Rəfiqə Axundova və Maqsud Məmmədov,
dirijor - Elmar Abusəlimov.
70-ci illərin sonunda
R.Hacıyevin daha bir yeni operettası “Ana, mən evlənirəm”
Moskva Operetta Teatrında tamaşaya qoyulur. Əsər tez bir
zamanda özünə geniş rəğbət qazanır.
Çünki həmişə olduğu kimi, bəstəkar təzə
operettasında yenə də aktual məsələlər
qaldırır. Bunlar gənc nəslin tərbiyəsi,
onların öz həyat yolunu düzgün seçməsi məsələləridir.
Rauf Hacıyevin bütün
operettaları kimi bu operettasında da musiqi aparıcı
amildir. Əsərin kompozisiya, dramaturji planı diqqəti cəlb
edir. Musiqi operettada milli xalq rəqslərinin ritmləri ilə
rövnəqlənmişdir. Bu cəhət səhnə əsərinə
bütövlükdə ehtizaz, nikbinlik, şənlik, xoş əhval-ruhiyyə
aşılayır. Bu baxımdan, əsərin partiturası
çox zəngin alınmışdır.
1982-ci ildə Moskva Operetta
Teatrında “Yolayrıcında” operettası öz səhnə
təcəssümünü tapdı. Rejissorlar - Y.Petrov,
F.Hacıyev, Z.Hacıyeva, dirijor - E. Abusəlimov, rəssam -
F.Qafarov idi.
Operetta janrının
başlıca xüsusiyyətlərini dərindən bilən
R.Hacıyev “Yolayrıcında” əsərini də yüksək
zövqlə yazmışdır. Bu operettanın musiqisi, demək
olar ki, Qafqaz xalqlarının milli musiqi folkloruna əsaslanır.
R.Hacıyevin axırıncı
operettası Üzeyir Hacıbəyovun anadan olmasının
100 illiyinə həsr olunmuş “Ordan-burdan” əsəridir.
Xüsusi olaraq Azərbaycan Televiziyası və Radio
Verilişləri Şirkətinin sifarişi ilə
yazılmış və televiziya tamaşası
üçün nəzərdə tutulmuş həmin operetta
müəllifin musiqili səhnə formalarını mavi ekrana
keçirmək işində maraqlı təcrübə oldu.
Operetta janrında
çalışmaqla yanaşı, R.Hacıyev musiqili
teatrın başqa janrlarında da öz qələmini
sınamışdır. 60-cı illərdə, o, opera və
baletlə də maraqlanırdı. Belə ki, 60-cı illərin
sonunda balet janrında daha intensiv çalışmağa
başlayır. Bunun nəticəsində, R.Hacıyev əvvəl
iki xoreoqrafik miniatür - “Ləzgihəngi” və
“Yallı”nı bəstələyir. Hər iki əsər
ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir.
Xalq rəqs ənənələri əsasında qurulmuş
bu əsərlərdə müəllif istər melodik, istərsə
də ritmik məziyyətləri qabarıqlıqla
açıb göstərə bilmişdir.
1969-cu ildə “Ləzgihəngi”
(quruluşçu-baletmeysterlər - R.Axundova və M.Məmmədovdur)
Parisdə və Fransanın bir çox şəhərlərində,
eləcə də, Lüksemburq və Monakoda göstərilmiş
və tamaşaçıların rəğbətini
qazanmışdır. Bu zaman Fransada XII Beynəlxalq Rəqs
Festivalı keçirilir. Və bu əsər Azərbaycan
Dövlət Opera və Balet Teatrının balet
truppasının proqramına salınmışdı.
1971-ci ildə R. Hacıyev xaricə
işləməyə gedir. O, Mədəniyyət Nazirliyinin
göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət
qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə
musiqi təhsilinə, milli musiqiçi kadrlarının
hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar
R. Hacıyev və onun həmkarları istər Əlcəzair
Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində
yeni açılmış musiqi məktəbində müəllim
kimi çalışırlar.
Əlcəzairdə işlərkən
R.Hacıyev, eyni zamanda, bu ölkənin mədəniyyət
tarixini də dərindən öyrənir, xalq musiqi nümunələrini
toplayıb nota köçürür, onların məqam,
melodik və ritmik xüsusiyyətlərini mənimsəyir. O,
topladığı lirik havalar əsasında öz tələbələri
üçün tədris repertuarı kimi bir sıra orijinal
instrumental əsərlər bəstələyir.
Onu da deyək ki, Əlcəzairdə
ilk dram teatrı açıldıqdan sonra orada Milli Musiqi
Teatrı da fəaliyyət göstərirdi. Həmin
teatrın nəzdində balet truppası və milli xalq rəqsləri
ansamblı da var idi. Bu milli teatr kollektivi üçün ilk
baleti Rauf Hacıyev özü yazır. “Üç inqilab”
adlanan bu balet Əlcəzair Mədəniyyət Nazirliyinin
sifarişi ilə bəstələnib.
Bu baleti Əlcəzair
tamaşaçıları böyük rəğbətlə
qarşılayıblar. Əsərdə əsarətdən
azad olmuş Əlcəzair xalqının yeni həyat
quruculuğuna qədəm qoymasından söz
açılır.
İlk baletin uğurlarından
ruhlanan Hacıyev, bir ildən sonra ikinci baletini tamamlayır.
“Alov” adlanan bu balet də inqilabi mövzuda
yazılmışdır. Baletdə Əlcəzair
xalqının müstəqillik uğrunda mübarizəsindən
söz açılır. Bu əsər Əlcəzair
inqilabının tarixinə həsr olunmuşdur.
Tamaşanın özünəməxsus musiqisi də diqqəti
cəlb edir. Müəllif baletdə xalq mahnılarından,
inqilabi mahnılardan, milli himndən sitat şəklində
istifadə etmişdir.
“Alov” baletini teatrın truppası Tunis, Mərakeş,
Paris, Havanada göstərmişdir. “Hürriyyət” bəstəkarın
üçüncü baletidir. Əsər Əlcəzairin bu
günündən, yeni həyat quruculuğundan bəhs edir.
R. Hacıyevin baletləri haqqında belə nəticəyə
gəlmək olar ki, onların mövzusunu Əlcəzairin
azadlıq uğrunda mübarizəsi, bugünkü yeni həyat
quruculuğu təşkil edir. Bu səhnə əsərlərinin
zəngin və şəffaf partituraları vasitəsilə bəstəkar
yüksək dərəcədə sənətkarlığını
və səriştəliliyini göstərdi.
Müəllif özü bu haqda belə yazır: “Ən əvvəl
mən musiqi folklorunun öyrənilməsinə
başladım. Ölkə üzrə səyahət zamanı
tanınmış müğənni və instrumental
musiqiçilərlə görüşlər, xalq
mahnılarının və nubaların öyrənilməsi və
təhlili mənə bu materialı mənimsəməyə
kömək etdi. Bu cür hazırlıq işindən sonra mən
“Əlcəzair silsiləsi”ndən bir neçə əsər
yazmağı qərarlaşdırdım. Bu silsiləyə
skripka ilə orkestr üçün konsert, fortepiano ilə
müxtəlif musiqi alətləri üçün pyeslər,
orkestr və xor üçün 15 xalq mahnısının
işlənməsi, Əlcəzair süitası daxildir.”
Onu da deyək ki, R.Hacıyev 60-cı illərdən
başlayaraq ictimai işlərdə də fəal
çalışmışdır. O, 1964-cü ildə M.
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına
direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının
mədəniyyət naziri təyin olunur. Nazir işlədiyi illərdə
onun təşəbbüsü ilə Azərbaycan Dövlət
Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs
Ansamblı, eləcə də, dünyada birinci
Xalçaçılıq Muzeyi açılır.
Azərbaycan Bəstəkarlar İttifaqının V
qurultayında, o, idarə heyətinin birinci katibi, VI qurultayda
isə idarə heyətinin katibi seçilmişdir.
Azərbaycan professional musiqisi görkəmli bəstəkarımız
Rauf Hacıyevi on yeddi il əvvəl itirmişdir. Lakin o,
dünyasını dəyişsə də, onun musiqisi daim
yaşayır və xalqımızın estetik baxımdan
formalaşmasında, tamaşaçı və dinləyicilərin
musiqi zövqünün inkişafında mühüm rol
oynayır. Biz inanırıq ki, Azərbaycan nə qədər
varsa, Rauf Hacıyevin musiqisi, səhnə əsərləri də
daim yaşayacaqdır. Çünki onun
yaradıcılığı ölməzdir.
Zümrüd
Səs.-
2012.- 15 may.- S.12.