Azərbaycan Xalq Cümhuriyyətini yetişdirən şərait (Birinci Dünya müharibəsi) və azərbaycançılıq

 

Azərbaycan Xalq Cümhuriyyəti yaranmasından bir qədər əvvəlki dövr - Birinci Dünya müharibəsi illəri milli ideyaların ən qızğın axtarış illəri oldu. Bu dövrdə artıq Osmanlı imperiyası dağılmaq ərəfəsində idi, Rusiyada oktyabr çevrilişi baş verdi, İranda kommunist hərəkatı gücləndi, hətta Gilanda “sovet respublikası” elan edildi.

Bütün türk və müsəlman dünyasını birləşdirmək məqsədi güdən pantürkizm, turançılıq, panislamizmlə yanaşı, ayrı-ayrı dövlət və milli maraq güdən milli ideyalar axtarışı da davam edirdi. Sona xanım Vəliyeva çox dəyərli tədqiqat əsərində - “Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi” monoqrafiyasında bu dövrdə pantürkizm, turançılıq, panislamizm və azərbaycançılıq ideyasının qarşılıqlı münasibətlərinə aydınlıq gətirmişdir. S.Vəliyeva yazır ki, Türkiyənin özündə qurtuluş savaşı başlamış, böyük bir vətənpərvərlik nümunəsi göstərməklə, müasir qüdrətli türk dövlətinin əsasını qoymuş Mustafa Kamal Atatürkün özü də həmin dövrdə turançılığa laqeyd mövqe tuturtürk millətinin nicatını turançılıqda axtarmağın əleyhinə çıxışlar edirdi. Əsasını qoyduğu Cümhuriyyət-Xalq Partiyasının 1917-ci ildəki I qurultayında Atatürk pantürkizm əleyhinə çıxış edərək, bildirirdi ki, “bütün türklərin bir dövlətdə birləşdirilməsi həyata keçməz bir məsələdir. Tarixi təcrübə göstərir ki, panislamizm, yaxud pantürkizm müvəffəqiyyət qazana bilməz.” Böyük Millət Məclisindəki çıxışlarından birində də, o, 1921-ci ildə həmin fikrini müdafiə etmişdir. 1919-cu ildə ABŞ generalı Harbolda göndərdiyi “Hüququ müdafiə cəmiyyətinin memorandumunda” isə pantürkizmə zərərli bir ideologiya kimi baxdığını bildirmişdir. Məhz bu münasibətin nəticəsi idi ki, CHP-nin (Xalq Respublika Partiyasının) 1935-ci ildə qəbul etdiyi proqramında millətə belə bir tərif verilmişdir: “Millət-siyasi və ictimai birlik olub, dil, mədəniyyət və ideyaca bağlı olan həmvətənlərin birləşməsidir.”

Azərbaycanda Atatürkdən əvvəllər də, onunla bir dövrdə də həmin mövqedə dayanan azərbaycançılar az olmamışdır. Yusif Vəzir Çəmənzəminli turançılığın uğur qazana bilməyəcəyini qeyd etmişonu Krım turançılarının timsalında belə ifadə etmişdir: “İsmayıl bəyin (Qaspıralı) işdə, dildə, fikirdə birlik şüarı Krımda kəndisinə hazırkı halda bir çox tərəfdar deyil, əleyhdar qazanmışdır... O Turan fikrini təqib etməklə nəinki krımlıları Turanla birləşdirə bildi, bəlkə onları tatarlıqdan da uzaqlaşdırdı. Bunun üçün “Tərcüman” qəzetəsi əvəzinə “Millət” qəzetəsi çıxdı”.

Bu dövrdə bəzi ziyalılar türkçülük, islamçılıq və azərbaycançılıq arasında mütərəddid mövqedə qalsa belə, hələ 1911-14-cü illərdə “azərbaycanlı” termini işlənir və onların digər türk-tatar qövmlərindən fərqi vurğulanır. S.Vəliyeva daha sonra göstərir ki, azərbaycançılıq ideyası, əslində, ondan əvvəl də mövcud idi. Hələ 1891-ci ildə M.Şahtaxtlı “Kaspi” qəzetində belə bir məqalə çap etdirmişdir: “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” O öz sualına özü cavab verərək yazırdı ki, bu xalqı “azərbaycanlı”, dillərini də “Azərbaycan dili” adlandırmaq yaxşı olar. 1892-ci ildə K.Ünsizadə “Azərbaycan” adlı bir qəzet nəşr etməyə səy göstərmişdisə də, ona nail ola bilməmişdi. Çünki çar üsul-idarəsinə və ermənilərə xalqın “tatar”, “musulmanin” adlandırılması daha sərfəli idi. Onların ardınca bolşeviklər də “Azərbaycan” sözündən qorxmuşmilli mənlik şüurunun formalaşıb beynəlmiləlçiliyi üstələyəcəyindən ehtiyat etmişlər. Beynəlxalq imperializmçarizmin bu siyasətini dəstəkləmişdi. İngilislər Bakıya daxil olarkən onlar da “Azərbaycan” sözünü işlətməyə xəsisliklə yanaşmışlar. 1903-cü ildə Tiflisdə görkəmli ədəbiyyatşünas F.B.Köçərlinin (1863-1920) rus dilində “Azərbaycan ədəbiyyatı” kitabı çap olundu. Məmmədəli Tərbiyətin “Daneşməndane-Azərbaycan” kitabını da buraya əlavə etmiş olsaq, görərik ki, “Azərbaycan ideyası”nın tarixi kökləri qədimdir. Milli kimlik sualları açıq şəkildə mətbuatda verilən və insanların fikrini məşğul etdiyi vaxtdan (bu baxımdan 1890-cı ildə “Kəşkül” qəzetində dərc olunmuş “Azərbaycanlı” felyetonu və Cəlil Məmmədquluzadənin məşhur “Azərbaycan” felyetonu kütləvi şüurun milliləşməsində dönüş nöqtələri kimi qeyd edilməyə layiqdir -S.V.) azərbaycançılıq məsələsinin meydana çıxması labüd olurdu.

Beləliklə, XX əsrin əvvəllərində yaşamış və fəaliyyət göstərmiş qabaqcıl ictimai xadimlər, yaradıcı ziyalılar yeni dövrdə, nəinki Azərbaycan xalqının milli özünüdərkində həlledici rol oynamış, həmçinin, artıq Azərbaycan Xalq Cümhuriyyəti qurularkən millətin özünü, əsil-nəsəbini, görkəmli adamlarını tanımasına, milli idarəçiliyi də milli məfkurənin başlıca təzahür forması kimi qəbul etməsinə nail olmuşdular.

Misal üçün, Y.V.Çəmənzəminli 1918-ci ildə “Biz kimik və istədiyimiz nədir?” adlı məqaləsində yazırdı: “Azərbaycan çox davalarçox millətlər görüb və hələ də həyatımıza bir təsir buraxmamış olmayıb. Hal-hazırda biz tarixi pillələrdən keçib, min qovğa görəndən sonra uyuşub sabit bir şəkil almışıq. Böyük türk millətinin bir şöbəsini təşkil eləyirik. Millətə məxsus bir çox amillərə dəxi malikik: ayrıca dilimiz, adət və qaidəmiz və ədəbiyyatımız var. Əsrlərlə rəyasətpərvər hakim dairələr tapdağı olan xalqımız həmişə mədəni həyatında davam edib, milli simasını itirməyib. Hətta İranın cazib nəfsləri, rusluğun dəhşətli zərbələri türklüyümüzü məhv edə bilmədi: şirin dilimiz və ədəbiyyatımız salamat qaldı.”

Yusif Vəzir həmin məqaləsində milli idarəçiliyin vacibliyi məsələsinə toxunaraq yazırdı: “Dünyada hər bir millətin xoşbəxt yaşamasına səbəb ancaq o millətin öz milli idarəsi ola bilər. Milli idarə də milli torpaqda, yəni müəyyən bir ölkədə bərqərar ola bilər”.

Politoloq X.İbrahimli XX əsrin əvvəllərində milli ideya axtarışlarına toxunarkən türkçülük, azərbaycançılıq və millətçilik ideyalarının bütöv Azərbaycan idealına xidmət etdiyini göstərir: “XIX və XX əsrlərdə Azərbaycan xalqının apardığı mübarizə məmləkətin üçdə birini - Şimali Azərbaycanı öz müstəqilliyinə qovuşdurdu. Heç şübhəsiz, şimalın müstəqilliyi bütöv Azərbaycan mədəniyyətinin məhsuludur.

Bütöv Azərbaycan başdan-başa türk ruhunun, dilinin, mədəniyyətinin, dövlətçilik ənənəsinin hakim olduğu tarixi, kulturoloji, siyasi məkandır. Ərdəbillə Bakı arasındakı fərq Bakı ilə Şəki arasındakı fərq qədərdir (məsafə nəzərdə tutulmur). “Dədə Qorqud”, “Koroğlu”, sufilik, hürufilik  fəlsəfəsi və s. bütöv Azərbaycan hadisələridir. Dil, etnos, daha əzəl və doğal olduğundan milli bütövlüyün əsas təməlləri sayılır. Bu baxımdan türkçülük cənub və şimal üçün birinci birləşdirici amildir. Siyasi türkçülüyün gəlişməsi üçün fəlsəfi, tarixikulturoloji türkçülüyün dərk edilməsi, həm də gəlişməsi başlıca şərtdir. Əks-təqdirdə bütövlüyə aparan doğal yollar bağlı olaraq qalacaq. Türkçülüyün dərki və kütləviləşməsi İranda farstürk seçiminin, ayrılığının, fərqinin təsdiqidir. Türkçülük cənubla şimalı bağlamaqla yanaşı, İranda farsla türkün tarixi, coğrafi, mədəni, etnik sınırlarını müəyyənləşdirir”.

Azərbaycançılıq 19-cu əsrin sonlarında milli kültür hərəkatından qaynaqlanıb, 20-ci əsrin əvvəllərində milli qurtuluş müstəvisinə keçdi və 1918-ci ilin 18 mayında Azərbaycan Xalq Cümhuriyyəti idealını gerçəkləşdirdi. 27 aprel istilası ilə AXC faktikihüquqi müstəqilliyini itirsə də, Azərbaycan SSR kimi formal da olsa, müstəqil qaldı (öz atributlarıyla). Deformasiya ilə üzləşməsinə baxmayaraq, sovet dövrünün Azərbaycan mədəniyyəti məhz əsrin əvvəllərindəki milli mədəniyyətin varisi idi. Bir dəfə milli müstəqillik siyasi idealdan doğan bu mədəniyyət hər cür təzyiqlərə baxmayaraq, bütün 20-ci əsr boyu həmin şərəfli tarixi hadisəni təkrar etmək gücünü mühafizə edə bilmişdi. Bunu 1991-ci ildə zaman təsdiq etdi. Yaxşı ki, milli müstəqilliyin itirilməsi ilə yanaşı, tarixi, kulturoloji, coğrafi, siyasi məna kəsb edən, beynəlxalq hüquq subyektinə çevrilən Azərbaycan adı itirilmədi. Arxada ayrı-ayrı xanlıqlardan (sonra quberniyalardan) ibarət olan məmləkətin vahid dövlət şəklində iki il deyil, 70 ildən çox mövcudluğu tarixi var idi. Bu, çox önəmli, həm də qədərincə dəyərləndirilməli amildir.

Əsas hədəfi Bütöv Azərbaycan olan Azərbaycançılığın şimal və cənubda şəkil fərqləri var. Belə ki, şimalda Azərbaycançılıq unitarlığı hədəf götürürsə, cənubda ayrılmanı, yəni türk-fars seçimini hədəf götürür. Fərqli düşüncədə Azərbaycan vəhdətinə yer yoxdur.

Millətçilik “İran milləti” konqlomeratsovet milləti” anlayışının astar üzüdür. Hazırda İranda bir-birinə ekvivalent (kəmiyyətcə) iki millət yaşayır: türk, fars. İranın hazırkı etnosiyasi mənzərəsi sovetlər dövrünün Çexoslovakiyasını xatırladır. Mədəni cəhətdən (həmçinin, etnik baxımdan da) çox yaxın qohum olan çexslovaklar kommunist rejimi çökən kimi dərhal ayrılıb öz milli xanələrinə çəkildilər. İran da labüdən bu tarixi gerçəkliklə üz-üzə dayanacaq.

Türkçülük və Azərbaycançılıq Azərbaycan millətçiliyinin bünövrəsində dayanır. Millətçilik dövlətçilik şüurudur, siyasi prosesdir. Onsuz milli istiqlaliyyət qazanılmır, qazanıldığı təqdirdə isə tez itirilir.

 

 

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 16 may.- S. 14.