Əlimərdan bəy Topçubaşov və azərbaycançılıq ideyası

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından və liderlərindən biri Əlimərdan bəy Topçubaşov azərbaycançılıq ideyasının gerçəkləşməsində və inkişafında xidməti olan bir şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyev üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Bu cümhuriyyətin yaradılmasında müstəsna xidmətləri olan Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Usubbəyov, Mehdi bəy Hacınski, Məmməd Yusif Cəfərov, Xudadat bəy Rəfibəyov, Əkbər ağa Şeyxülislamov, Teymur bəy Makinski, Səməd bəy Mehmandarov, Əli ağa Şıxlinski, Sultan Məcid Qənizadə, Xəlil bəy Xasməmmədov, Əhməd bəy Pepinov, Şəfi bəy Rüstəmbəyov kimi görkəmli ictimai xadimlərin xatirəsini qədirbilən Azərbaycan xalqı bu gün də böyük ehtiram hissi ilə yad edir”.

Sona xanım Vəliyeva yazır ki, “Azərbaycançılıq ideyasını ilk dəfə rəsmi dövlət ideyası kimi siyasət fəaliyyəti səhnəsinə çıxaran Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Usubbəyli olmuşlar. Siyasi həyatda baş verən bu yenilik həmin dövrdə ictimai fikir xadimləri tərəfindən də dəstəklənmişdi”.

Y.V.Çəmənzəminli o zamanlar nəşr edilən qəzet və jurnallarda Azərbaycan mövzusunun baş məsələyə çevirmək zərurətini qeyd edərək yazırdı: “Hansı məcmuə çıxmağa başlarsa, ümumi islam aləminə aid şeylər yazar. Halbuki birinci bizi həvəsləndirən məsələ Azərbaycanımız gərək olsun. Onun üçün milli məcmuə başdan-başa Azərbaycan ilə doldurulmalıdır. Bərəkət versin ki, tariximiz, ədəbiyyatımız, teatr və musiqimiz və başqa mədəni məhsullarımız çox-çox var. Bunlara aid yazılsa, həm özümüz özümüzü, həm də əcnəbilər bizi tanıyırlar. Və Avropa mədəniyyətinə də millətimizin, təbii ki, ehtiyacı var. Amma bu yolda heç nə yazılmır. Yazmalı, yazdırmalı, tərcümə etməli, yeni şeylər vücuda gətirilməlidir”.

Həsən Əzizoğlu müstəqil Azərbaycan ideyasının inkişafında Əlimərdan bəy Topçubaşovun rolu haqqında yazır: Müasir Azərbaycan tarixinin ən coşqun və maraqlı dövrlərindən birini - 1905-ci il hadisələrini və sonralar birinci dumaya müstəqil Azərbaycan ideyasının meydana çıxmasında müəyyən rol oynayacaq 1906-cı il seçkiləri dövrünü əhatə edən mətbuat materiallarının izlənilməsi Əlimərdan bəy Topçubaşovun şəxsiyyəti və ictimai-siyasi fəaliyyətinin ilk dövrlərində gördüyü işlər barədə mühüm faktların üzə çıxarılmasına xidmət edir.

Sovet dövrü tədqiqatlarında və nəşrlərində Azərbaycan Xalq Cümhuriyyəti və onun rəhbərləri haqqında tarixi həqiqətləri əks etdirən heç bir məlumat verilməmiş, onların adları heç bir ensiklopediyada çəkilməmişdir. Buna görə də hazırda Əlimərdan bəy Topçubaşov kimi şəxsiyyətlər haqqında aparılan bütün axtarışların böyük əhəmiyyəti vardır”.

Filologiya elmləri doktoru A.Gəngərli Əlimərdan bəy Topçubaşovun türkçülük ideologiyasının banilərindən olan İsmayıl bəy Qasprinski ilə sıx əlaqəsindən bəhs etmişdir:

“İsmayıl bəy Qasprinski uzun illər yaxından tanıdığı, əməkdaşlıq etdiyi Azərbaycan ziyalılarından biri Əlimərdan bəy Topçubaşov idi. Bu gün də hələ də ətraflı tədqiq edilməmiş, öyrənilməmiş olsa da, Əlimərdan bəy Topçubaşov XIX yüzilin sonlarından başlayaraq Azərbaycan türklərinin ictimai-siyasi həyatında mühüm rol oynamış liderlərdən, İsmayıl bəy Qasprinski isə elə həmin mərhələdə Rusiya türklərinin ən nüfuzlu, sevilən liderlərindən idi. Tale elə gətirmişdi ki, bu iki lider Rusiya müsəlmanlarının taleyi ilə bağlı məsələlərdə dəfələrlə görüşərək, müzakirələr aparırdılar. Hər şeydən əvvəl, Əlimərdan bəy Topçubaşov Həsən bəy Zərdabinin kürəkəni idiçox ehtimal ki, İsmayıl bəyin onunla ilk tanışlığında bu amilaz rol oynamamışdı. Bu gün arxivlərdə saxlanan İsmayıl bəy Qasprinskinin, Həsən bəy Zərdabinin və Əlimərdan bəy Topçubaşovun birlikdə çəkilmiş şəkli mühüm tarixi sənəd kimi əhəmiyyətə malikdir.

Mənbələr göstərir ki, hələ 80-cı illərdən başlayaraq İsmayıl bu Qasprinski onunla müntəzəm əlaqə saxlamış, görüşmüş, məktublaşmışlar. Məsələn, 1893-cü ildə yazdığı bir məktubunda Əlimərdan bəyə “Tərcüman” qəzetinin məqsədlərini anlatması xeyli maraqlıdır.

1905-ci ildə İsmayıl bəy Qasprinski Əlimərdan bəyi “qardaşım!” adlandırır, onuciddi surətdə sevdiyinietiraf edirdi. Əlimərdan bəy Topçubaşovla İsmayıl bəy Qasprinsikini bir çox vacib məqamlar birləşdirirdi, Əlimərdan bəy Topçubaşov da mətbuat sahəsində çalışırdı, müsəlman “Kaspisinin başında dayanırdı. Daha sonra “Həyat”ın rəhbərlərindən olmuşdu. Həsən bəyin “Əkinçi”ni hansı əzab-əziyyətlə nəşr etməsinin şahidi olmuşdu. Bu fəaliyyəti zamanı o daim “Tərcüman” qəzetinin və İsmayıl bəyin xidmətlərini dəyərincə qiymətləndirmişdi.

Hələ 1893-cu ildə “Tərcüman” qəzetinin 10 illik yubileyi qeyd edilərkən bu məsələyə qayğı ilə, diqqətlə yanaşanlardan biri Əlimərdan bəy Topçubaşov idi. Bundan dolayı, hər yerdə bir şadyanalıq vaqe olmuşdur. Hər yerdən “Tərcüman” idarəsinə bəxşişlər, təbriklər və hədiyyələr göndərilirdi. Yadımdadır ki, o vaxt mən Tiflisdə olurdum, bu məqsəd ilə Tiflisdən Bakıya gəldim, burada bir məbləğ cəm edib bir hədiyyə alaraq “Tərcüman” idarəsinə göndərdik.

Əlimərdan bəy Topçubaşovun naşiri olduğu “Həyat” qəzeti əslində “Tərcüman” qəzetinin varislərindən biri idi. “Həyat” qəzeti hələ nəşrə başlamazdan əvvəl, onun nəşrinə icazə alındığı “Tərcüman” qəzeti sevinclə oxuculara xəbər vermişdi. “Məmnuniyyətlə öz oxucularımıza xəbər veririk ki, “Kaspi” qəzetinin redaktor-naşiri Əlimərdan bəy Topçubaşov Bakıda “Həyat” adlı qəzetin nəşrinə icazə alıb. Topçubaşov Bakıda “Həyat” adlı qəzetin nəşrinə icazə alıb. Bu, bizim dildə üçüncü qəzetdi”.

Birkeçmiş, “Tərcüman” qəzetinin, demək olar ki, bütün nömrələrində “Həyat” qəzetinin redaksiya heyəti əhatə edəcəyi məsələlər barədə qəzet nəşrə başladıqdan sonra isə hər nömrədə ona istinadən maraqlı materiallar dərc olunurdu. Bütün bunlar, ilk növbədə, Əlimərdan bəy Topçubaşovun və “Həyat”ın başında dayananların şəxsiyyətinə, qəzetin tutduğu yola böyük ehtiramdan doğmuşdu. “Həyat”dan öncə də Əlimərdan bəy Topçubaşovun redaktor-naşiri olduğu “Kaspi”yə abunə barədə “Tərcüman” qəzeti müntəzəm elanlar dərc edirdi.

Əlimərdan bəy Topçubaşov naşiri olduğu “Həyat” qəzetinin bir illik komplektini nəfis şəkildə cildlədərək, Rusiya müsəlmanlarının toplantıları münasibəti ilə müntəzəm materiallar dərc edirdi ki, həmin toplantılarda İsmayıl bəy Qasprinski, bir qayda olaraq, aparıcı mövqedə dayanırdı. “Müsəlmanların mərhum İsmayıl bəyi necə sevdiklərini müsəlmanların qurultaylarında görmək olurdu ki, orada həmişə aparıcı rol oynayırdı”.

Bunu da Əlimərdan bəy Topçubaşov yazırdı və bu mülahizələr onun uzun illər dönə-dönə İsmayıl bəy Qasprinski ilə birlikdə olmasından sonra qələmə alınmışdı.

Rusiya müsəlmanlarının toplantılarında mübağiləsiz demək olar ki, ən parlaq iki sima daim seçilirdi, onlardan birincisi İsmayıl bəy Qasprinski, ikincisi Əlimərdan bəy Topçubaşov idi. Onların birliyi daha artıq bu toplantılar çərçivəsində özünü göstərirdi. Öz dərin savadı ilə Əlimərdan bəy Topçubaşov Rusiya müsəlmanları liderlərinin dərin etimadını qazanmışdı və təsadüfi deyil ki, 1905-ci il inqilabından sonra Rusiya müsəlmanları üçün bir siyasi təşkilat yaratmaq zərurəti ortaya çıxanda, məhz Əlimərdan bəy Topçubaşov bu siyasi ittifaqın - “İttifaqi-müsliminin sədri seçilmişdi. Bu toplantıda Azərbaycan türklərindən doktor Qara bəy Qarabəyov və doktor Əbdülxalıq Axundov da iştirak edirdilər. Ümumiyyətlə, İsmayıl bəy Qasprinski və Əlimərdan bəy Topçubaşov daim Rusiya müsəlmanlarının toplantılarında rəyasət heyətinə daxil olurdular. Toplantıların bəzilərinə Əlimərdan bəy Topçubaşov, bəzilərinə isə İsmayıl bəy sədrlik edirdi. Məhz Əlimərdan bəy Topçubaşovun təklifi ilə Rusiya müsəlmanları arasında sünni-şiə ixtilafları aradan qaldırılmışdı.

Əlimərdan bəy Topçubaşov, eyni zamanda, ikinci Dumada müsəlman heyətinin rəhbəri idi. Bu da onun üzərinə daha böyük məsuliyyət buraxmış olurdu”.

Mövsüm Əliyev Ə.Topçubaşov haqqında yazır: “1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan olundu. Əlimərdan bəy Topçubaşov həmin ilin avqust ayında heç bir partiyaya mənsub olmayan, bitərəf X.F.Xoyskinin baş nazir olduğu ikinci kabinədə xarici işlər naziri vəzifəsinə təyin olunmuş və həmin ayda Gəncədən Türkiyəyə göndərilmişdir. Həmin ilin noyabr ayında Ə.Topçubaşovun İstanbulda “Azərbaycanın təşəkkülü” adlı kitabı çapdan çıxmışdır. Bu, Azərbaycan torpağı haqqında XX əsrdə azərbaycanlı müəllif tərəfindən yazılmış ilk əsəridir. O, Türkiyədə olan zaman 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə sədr seçilmişdir. Lakin Topçubaşov Bakıda olmadığı üçün bu vəzifəni onun müavini doktor Həsənbəy Ağayev (1875-1920) icra etmişdir. Onu da qeyd etmək lazımdır ki, 1920-ci il üçün Azərbaycan Respublikasının təqvim-ünvanının dördüncü hissəsinin 2-ci səhifəsindən məlum olur ki, Əlimərdan bəy Topçubaşov 1917-ci il fevral-burjua inqilabından sonra heç bir partiyaya mənsub olmamış, bitərəf olmuşdur.

Ə.Topçubaşov İstanbulda ikən, 1919-cu ildə açılacaq Versal sülh konfransında iştirak etmək üçün Parisə yola düşən Azərbaycan Respublikası nümayəndəliyinin rəhbəri təyin edildiyi barədə Bakıdan göstəriş alır. Nümayəndəlik ancaq 3 aydan sonra 1919-cu ilin martında çox çətinliklə Parisə gəlib çata bilmişdir.

Azərbaycan nümayəndəliyinin 1919-cu ildə açılmış Paris sülh konfransı ərəfəsində Fransanın paytaxtında çap etdirdiyi kitablar o dövrdə böyük əhəmiyyət kəsb edirdi.

Ə.Topçubaşovun Parisdə böyük elmi əhəmiyyətə malik arxivi qalmışdır. Həmin arxivi Azərbaycana gətirmək olduqca vacib məsələdir.

Öz dövrünün görkəmli siyasiictimai xadimi, alimi və vəkili olan Əlimərdan bəy Topçubaşov 1934-cü il noyabrın 8-də Parisin Sen-Deni rayonunda vəfat etmişdir. O, XX əsr Fransa-Azərbaycan ədəbi və siyasi əlaqələrinin əsasını qoyan ilk şəxsiyyətlərdən biri idi. Məhz bu baxımdan Əlimərdan bəy Topçubaşov yaradıcılığı böyük tədiqaqata layiqdir”.

         

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs.- 2012.- 23 may.- S.14.