XIX əsrdə Azərbaycanda burjua münasibətləri və Azərbaycan millətinin yaranması
XIX əsrdə
Azərbaycan dövlətçiliyi tarixində qazanılan
uğurlardan biri burjua münasibətlərinin, milli burjuaziya və
Azərbaycan millətinin yaranması oldu. "Azərbaycan
tarixi" kitabında XIX əsrdə formalaşan burjua
münasibətlərindən bəhs edərək göstərilir
ki, Azərbaycan burjuaziyası
neft sənayeçilərindən, fabrik-zavod və manufaktura səviyyəsində
olan sənətkar emalatxanalarının sahiblərindən,
tacirlərdən, ev sahiblərindən, qolçomaqlardan, təsərrüfatlarını
muzdlu əmək üzərində quraraq kapitalistə
çevrilmiş bəylərdən və b. ibarət idi.
Azərbaycan burjuaziyasının XIX yüzilliyin ikinci yarısında başlamış təşəkkül prosesi XX yüzilliyin əvvəllərində də davam etmişdi. Böyük sənaye mərkəzinə çevrilmiş Bakı şəhəri Azərbaycan burjuaziyasının təşəkkül tapdığı ən mühum mərkəz idi. Ən güclü dəstəsi məhz bu şəhərdə cəmləşmiş Azərbaycan burjuaziyası müstəmləkə vəziyyətində olan ölkənin iqtisadi inkişafının xüsusiyyətləri ilə əlaqədar olaraq öz təşəkkülünün lap başlanğıcından çoxmillətli olmuşdur. Çünki neft sənayesinin kapitalist inkişafının ilk illərindən erməni kapitalı burada üstünlük qazanmış, daha sonra isə bu sənaye sahəsinə rus kapitalı axıb gəlmişdir. Ticarət sahəsində də erməni və rus kapitalının rolu az deyildi. Azərbaycanlı sahibkarlar da əsasən Bakının yüngül sənaye, neft emalı sahələrində, gəmiçilikdə, Azərbaycan qəzalarındakı sənaye müəssisələrində üstünlük təşkil edirdi. Özünün təşəkkül dövründə çoxmillətli burjuaziya sinfinin tərkibində azlıq təşkil edən Azərbaycan burjuaziyası sonrakı illərdə nisbətən qüvvətləndi. Məsələn, XX yüzilliyin lap ilk ilində neft sənayesində olan 167 firmadan 49-u milli kapital nümayəndələrinə məxsus idi. Neft sənayesində 55 firması olan erməni burjuaziyasından sonra ikinci yeri tutan Azərbaycan milli burjuaziyası XIX yüzilliyin sonlarında say etibarilə xeyli artsa da, onun sənayedə xüsusi çəkisi həmin sayla uyğun gəlmirdi. Belə ki, burjua nümayəndələrinin böyük əksəriyyətinin kapitallarının miqdarına, XIX əsrdə Azərbaycan iqtisadiyyatda tutduqları mövqelərinə görə xüsusi çəkisi bir çox iri kapitalistlərə nisbətən xeyli aşağı idi. Ancaq Azərbaycan milli burjuaziyası nümayəndələri arasında çox varlı, sənaye və ticarətdə yüksək xüsusi çəkili kapitalistlər də var idi. Onlardan bu gün böyük ehtiram və sonsuz hörmətlə yad edilən, öz kapitalını, eyni zamanda, xalqın maariflənməsinə və xeyriyyə işlərinə sərf edən Hacı Zeynalabdinin adını çəkmək olar. Bənna şagirdi işləyə-işləyə öz fərasəti, əməksevərliyi ilə müəyyən məbləğ yığaraq 1872-ci ildə neft verən torpaqlar müzaidə ilə uzunmüddətli icarəyə verilən vaxt bir erməni kapitalisti ilə şərikli neftverən torpaq sahəsi içarəyə götürmüş H.Z.Tağıyev neft buruğunun fəvvarə vurması naticəsində varlanmış, XIX yüzilliyin sonunda Bakının ən böyük milyonçularından birinə çevrilmişdi.
Ağıllı, uzaqgörən adam olan Tağıyev öz kapitalını təkcə neft sənayesinə deyil, yeyinti, tikinti sənaye sahələrinə, hətta kənd təsərrüfatına da qoyurdu. H.Z.Tağıyev Azərbaycan burjuaziyası nümayəndələri arasında Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran kapitalist olmuşdur. Məlumdur ki, müstəmləkə metropoliya sənayesi üçün xammal verməli, onun özündə bu xammalı əşyaya çevirən sənaye sahələri, eyni zamanda, rus sənayeçilərinə dünya və Rusiya bazalarında rəqib olmamalı idi. Bu iqtisadiyyat müstəmləkə iqtisadiyyatı adlandırdı. Azərbaycan iqtisadiyyatı da belə idi. Ağıllı və uzaqgörən Tağıyev böyük zəhmət, uzun illərin mübavrizəsindən sonra, öz toxuculuq fabrikini açmaqla Azərbaycan iqtisadiyyatının bir qolunun inkişafını başqa istiqamətə yönəldə bilmişdi.
H.Z.Tağıyevlə yanaşı Azərbaycan milli burjuaziyasının neft sənayesində Şəmsi Asədullayev, Musa Nağıyev, Murtuza Muxtarov, Manafov, yeyinti sənayesində Ağabala Quliyev, Zülfüqarovlar, Səttar Kərimov, ipək emalı sənayesində Hacı Kərim Vahaboğlu, Hacı Əbdül Rəhimov, Muradov, balıqçılıqda Əhməd Mustafaoğlu və b. gəmiçilikdə Hüseynovlar, Dadaşovlar və onlarla b. təmsil etmişlər. Kapitalizmin inkişafı, cəmiyyətin sinfi tərkibində baş vermiş dəyişikliklər, Azərbaycanın ayrı-ayrı əraziləri arasında iqtisadi birliyin yaranması, iqtisadi və mədəni mərkəzlərin yüksəlməsi kimi amillər vahid dili, mədəniyyəti, ərazisi, iqtisadi və mənəvi həyatı olan Azərbaycan xalqının burjua milləti kimi formalaşmasına səbəb oldu. Azərbaycan burjua millətinin formalaşması XIX yüzilliyin ikinci yarısında baş vermişdi. Təsadüfi deyil ki, millət məfhumunu dilimizə həmin dövrün böyük xadimi M.F.Axundov gətirmişdi. Mətbuatda ilk dəfə 80-ci illərdə çıxan "Kəşkül" qəzeti "Azərbaycan milləti" ifadəsini işlətmişdir. Azərbaycan burjua millətinin tərki-binə burjuaziya və proletariat, bəylər və kəndlilər, tacirlər və sənətkarlar və başqaları daxil idi.
Burjua millətinin yaranması azərbaycanlıların həyatında mühüm hadisə idi. Bu, azərbaycanlıların milli şüurunun da formalaşmasına səbəb oldu. Milli şüurun formalaşması isə müstəmləkə zülmünə qarşı, torpağın suverenliyi uğrunda mübarizə üçün çox vacib idi.
Şimali Azərbaycanın da daxil olduğu Rusiya imperiyasının tərkibində müstəmləkə əsarəti altında inləyən xalqlar və millətlər yaşayırdılar, "çar Rusiyası xalqlar həbsxanası idi". Çar hökuməti idarələrinin başında oturanların böyük əksəriyyəti qaragüruhçu millətçilər idilər. Onların siyasəti çar Rusiyasının əhalisinin əksəriyyətini təşkil edən xalqların çoxuna qarşı yönəldilmişdi. Çarizm həmin xalqların, sözün əsil mənasında, cəlladı idi. O, ucqarlarda millətlərin baş qaldırmasına, öz azadlığı uğrunda mübarizəyə qalxmasına mane olmaq üçün "parçala və hökmranlıq et" prinsiplərindən istifadə edir, xalqlar arasında, o cümlədən, azərbaycanlılarla ermənilər arasında qırğınlar törədirdi. Xalqları əsarət altında saxlamaq üçün çarizm onları dini xurafat içində saxlamağa, savadlanmasına mane olmağa çalışır, ruslaşdırma siyasəti aparırdı. Çarizm yerlərdə müstəmləkə zülmünə qarşı hər hansı çıxışı qan içində boğurdu. Belə bir şəraitdə istər Azərbaycan proletariatı, istər Azərbaycan burjuaziyası, istərsə də, xalqın digər qabaqcıl nümayəndələri müxtəlif vasitələrdən istifadə edərək xalqı savadlandırmaq, gözünü açmaq, maarifləndirmək üçün əllərindən gələni edirdilər. Lakin XIX yüzilliyin ikinci yarısında hələ zəif olan Azərbaycan burjuaziyası kövrək addımlar atırdı. Proletariatın isə hələ vahid, istiqamətverici təşkilatı yox idi. Belə bir şəraitdə Azərbaycanın qabaqcıl ziyalı nümayəndələrini millətin taleyi düşündürürdü. Onların isə çarizmin milli-müstəmləkə zülmünü tənqid atəşinə tutmaqdan başqa imkanları yox idi. Bu istiqamətdə M.F.Axundov, H.B.Zərdabi, N.Nərimanov və b. əlbəttə, çox mühüm iş görürdülər. Onlar öz əsərləri ilə, mətbuat vasitəsilə xalqın gözünü açmağa, onu cəhalətdən qurtarmağa çalışırdılar. Azərbaycan burjuaziyasının bir çox liberal fikirli nümayəndələri də xalqı maarifə, elmə çağırır, bunun üçün 70-çi illərin sonundan Tiflisdə çıxmağa başlamış "Ziya" (bir qədər sonra o "Ziyayi-Qafqaziyyə" adlandırıldı) qəzetinin səhifələrindən istifadə edirdilər. Bu dövrdə burjuaziyanın bəzi nümayəndələri xalqın həyatını yenidən qurmaq, ana dilini geniş yaymaq fikirlərini irəli sürür, "Vətən" məfhumunu işlədirdi. Burjuaziyanın Bakıda çıxan "Kaspi" qəzetinin ətrafında toplanmış Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov kimi nümayəndələri hələ proletariatın bir sinif kimi zəif olduğu bir vaxtda milli hərəkatın başlanğıcını qoydular.
Bu dövrdə Azərbaycanda mütərəqqi-demokratik hərəkat güclənir. Onun nümayəndələri öz əsərlərində, publisist yazılarında Azərbaycanın sosial-iqtisadi və siyasi həyatında baş verən hadisələrdən bəhs edir, cəmiyyətin əksliklərini tənqid atəşinə" tuturdular. Lakin XIX yüzilliyin ikinci yarısında Azərbaycanın demokratik ziyalılarının çıxışları milli azadlıq hərəkatı səviyyəsinə yüksələ bilmədi.
Avropa ölkələrinin bir çoxu ilə müqayisədə çar Rusiyasında, o cümlədən, onun müstəmləkə ucqarlarında fəhlə sinfinin vəziyyəti olduqca ağır idi. Müstəmləkə ucqarlarında fəhlələrin hüquqsuzluğu, dilənçi vəziyyəti, maarif və mədəniyyətdən təcrid olunması özünü daha bariz göstərirdi. Ucqarlarda yerli millətlər, Azərbaycanda isə azərbaycanlı fəhlələr, eyni zamanda, milli əsarətə məruz qalırdılar.
Fəhlə sinfi kapitalistlər tərəfindən istismar edilir, müqabilində isə cüzi əmək haqqı alırdı. İş günü çox uzun və üzücü idi, hətta bəzi yerlərdə 12-14 saata çatırdı. Fəhlələr üçün istirahət günləri yox idi. Bakının neft mədənlərində iş günlərinin sayı bir ildə 360, Rusiyanın daxili quberniyalarında isə 230-300 günə çatırdı. Neft sənayesi ilə bağlı olmayan müəssisələrdə də iş günü 12-13 saat idi.
Əmək mühafizəsinin yoxluğu bədbəxt hadisələrin baş verməsinə, ölüm hallarına, fəhlələrin ömürlük şikəst olmalarına səbəb olurdu. Çar Rusiyasının hər yerində olduğu kimi, Azərbaycan fəhlələri də siyasi hüquqdan məhrum idilər. XIX yüzilliyin sonlarında yaradılmış Bakı quberniya fəhlə müfəttişliyi və dağ-mədən nəzarətinin Azərbaycandakı nümayəndələri fəhlələrin mənafeyini müdafiə etmir, çar qanunlarında nəzərdə tutulan cüzi güzəştlərin də kapitalistlər tərəfindən pozumasına göz yumurdular.
Fəhlə hərəkatının başlanması. Azərbaycan fəhlələri artıq 70-80-ci illərdən öz istismarçılarına qarşı mübarizəyə qalxmışdılar. Bu dövrdə Rusiyada başlanmış fəhlə hərəkatı milli ucqarlara da öz təsirini göstərirdi. Həmin bölgələrdə yaşayan xalqların içərisindən qabaqcıl mübarizlər maarifçi və inqilabçılar çıxırdı. İnqilabi iş üstündə Rusiyadan bu yerlərə sürgün edilmiş rus fəhlələri Qafqaz fəhlələrinin milli şüurunun oyanmasına qüvvətli təkan verirdilər.
Artıq 70-80-ci illərdən Bakıda, Gədəbəydə və Azərbaycanın digər sənaye müəssisələrində fəhlələrin iqtisadi tələblər-əmək haqqının artırılması, iş şəraitinin yaxşılaşdırılması və s. irəli sürülən tətilləri baş verirdi.
80-90-cı illərdə Bakıda mədənlərdən anbarlara neft daşıyan arabaçı fəhlələrin, Gədəbəy misəritmə zavodunun, Bakı tütün fabriklərinin, bəzi mədən rayonlarının fəhlələri 1891-ci ildə isə neft mədənlərindən və gəmi təmiri emalatxanalarından işdən çıxarılmış fəhlələr tətil etmişdilər. Bu tətillər, hələlik, kortəbii xarakter daşıyırdı.
Bakı fəhlə hərəkatı tarixində 1895-ci ildə Mirzəbekyanın tütün fabrikinin fəhlələri ilk mütəşəkkil tətil keçirdilər. "Fəhlələr əmək haqlarının artırılması tələbilə çıxış edirdilər. İki həftə sürən bu tətil fəhlələrin qələbəsi ilə başa çatdı. 1896-cı ildə Bankə balıq vətəgələrinin, sonra Bülbülə daş karxanasının, "Gədəbəy misəritmə zavodunun, daha sonra isə dəmiryol emalatxanalarının fəhlələri tətil etdilər.
Azərbaycanda, xüsusən də, Bakıda fəhlə çıxışları çoxaldıqca, fəhlələrin qabaqcıl hissəsinin inqilabi şüuru da formalaşırdı. Artıq həmin qabaqcıl fəhlələr başa düşürdülər ki, kortəbi çıxışlarla sosial əsarətə, milli-müstəmləkə zülmünə qarşı mübarizə aparmaq, fəhlə sinfinin maddi və iş şəraitini yaxşılaşdırmaq mümkün olmayacaqdır. Rusiyada fəhlə hərəkatı 90-cı illərdən marksist dərnək və qruplarla əlaqələnməyə başladı. Bu hal müstəmləkə ucqarlarda da yavaş-yavaş özünü büruzə verirdi bu yerlərdə marksist ədəbiyyat yayılmağa başladı. 80-ci illərin sonunda isə Bakıda artıq gizli fəhlə dərnəyi yaradılmışdı.
XIX yüzilliyin sonunda Bakıda fəhlə hərəkatında əvvəlki illərə nisbətən bir qədər mütəşəkkillik əmələ gəlmişdi. Bunun başlıca səbəbi Moskvadan, Peterburqdan və s. şəhərlərdən marksist qrupların bəzi iştirakçılarının Bakıya sürgün edilməsi, onların Bakı fəhlələri arasında fəaliyyət göstərməsi idi. Həmin illərdə Bakıda da sosial-demokrat dərnəkləri yaradılmağa başlamışdı.
Vahid Ömərov,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 1
noyabr.- S.14.