Əli Həsənov:
“Dövlətin bütün daxili və xarici strukturlarla münasibətləri xalqın
maraqlarından çıxış edilərək qurulur”
Rusiya
paytaxtı Moskvaya səfər edən Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri Əli Həsənov oktyabrın
31-də “Media forum”un suallarını
cavablandırıb.Modern.az saytı bu müsahibəni təqdim
edir.
-
Rusiyaya səfərinizdə məqsəd nədir?
- Səfərim
işgüzar xarakter daşıyır və bu ölkənin
Prezident Administrasiyasının dəvəti ilə həyata
keçirilir. Bu, əvvəlcədən planlaşdırılan
səfərdir. Azərbaycan Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsi ilə
Rusiya Prezidenti Administrasiyasının müvafiq idarəsinin
nümayəndələri arasında hər il belə
qarşılıqlı səfərlər olur. Mən Moskvaya,
onlar Bakıya səfərlər edirik. İki ölkə
arasında formalaşan, təməli Azərbaycan və Rusiya
prezidentləri tərəfindən qoyulan
qarşılıqlı əlaqələrin bəzi aspektlərini
müzakirə edirik, əməkdaşlıq sahələrini,
prioritetləri müəyyənləşdiririk. Eyni zamanda
bir-birimizi həyata keçirilən işlərin vəziyyəti
ilə tanış edirik.
-
Rusiyanın hansı rəsmiləri ilə
görüşmüsünüz?
- Səfərin
təfərrüatını açıqlamaq niyyətində
deyiləm. Əvvəlcədən nəzərdə
tutulduğu kimi mənə aid olan sahələrə cavabdeh rəsmilərin
əksəriyyəti ilə görüşmüşəm. Səfər
isə davam edir.
-
Moskva Azərbaycanı Avrasiya İttifaqına dəvət etsə
də, rəsmi Bakı bununla razılaşmayıb. Qəbələ
RLS-in icarəsi ilə bağlı müqavilənin
uzadılıb-uzadılmaması haqda da hələ
razılıq əldə olunmayıb. Əvvəlki dövrdə
Rusiya Azərbaycan qazını almaq istəsə də, bu,
mümkün olmadı və məsələ ciddi fikir
ayrılığı yaratmışdı. Bütün
bunların fonunda Azərbaycan-Rusiya münasibətlərinin
indiki vəziyyətini necə qiymətləndirirsiniz?
Prezidentlər İlham Əliyevlə Vladimir Putinin münasibətlərində soyuqluq
yaranması haqda deyilənlərlə
razısınızmı?
- Hər
halda mənim keçirdiyim görüşlər,
apardığım danışıqlar, ünsiyyətdə
olduğum insanların mövqeyi onu göstərir ki, həm
Rusiya, həm də Azərbaycan tərəfi öz prezidentlərinin
iradəsinə söykənərək gələcəkdə
bərabərhüquqlu, qarşılıqlı hörmətə
əsaslanan faydalı əməkdaşlıqda
maraqlıdır. Bu gün bizim əməkdaşlığımız
ciddi strateji tərəfdaşlıq istiqamətində davam
edir. Hesab edirik ki, buna mane olacaq
ciddi nüanslar da yoxdur.
İki ölkə
arasında müxtəlif
məsələlərlə bağlı fikir ayrılıqlarına gəlincə,
bizim ümumi maraqlarımız olduğu
kimi fərqli maraq və mövqelərimiz
də var. Bəzən
maraqlarımız üst-üstə
düşmür. Azərbaycan və Rusiya
müstəqil dövlətlərdir.
Hər bir ölkənin mövqe və maraqlarının əsasında
onun milli maraqları, xalqın və dövlətin mənafeləri durur.
Mən hansı məsələlərin
necə, nəyin əsasında həll ediləcəyini müzakirə
etmirəm. Çünki mən bunlarla bağlı qərar verəcək dövlət
məmuru deyiləm.
Belə strateji məsələlərlə
bağlı mövqeni
prezidentlər bildirir,
qərarı onlar verir. Biz də
dövlət başçılarını
təmsil edən məmurlar kimi özümüzə aid olan
məsələləri həll
edir, həyata keçiririk.
Dövlət başçıları İlham
Əliyevlə Vladimir Putin arasında
fikir ayrılığının
olması haqda yazılanlar da mətbuatın mülahizələridir. Bu mülahizələrin əksəriyyəti
kimlərinsə maraqlarından
çıxış edərək
irəli sürülür,
bəziləri də sadəcə olaraq jurnalist fantaziyasının
məhsuludur. İki ölkənin
prezidentləri arasında
münasibətlər işgüzar
xarakter daşıyır,
hər iki dövlət başçısı
öz ölkəsinin
maraqlarını ifadə
edir, ortaq maraqları da görürlər və bunun üzərində münasibət qururlar.
- Qəbələ RLS danışıqları necə
gedir? Əsas fikir ayrılığı
nədədir?
- Bu mənim sahəm olmadığına görə
danışıqlardakı vəziyyət haqda bir söz deyə
bilmərəm. Azərbaycan və
Rusiyanın Nazirlər
kabinetləri, Müdafiə
nazirlikləri bununla bağlı danışıqlar
aparır.
- Moskvaya səfərinizin Rusiyada yaşayan azərbaycanlıların yeni
yaratdığı Rusiya
Azərbaycan Təşkilatları
İttifaqı ilə
əlaqəsi varmı?
Bu təşkilatı təsis edən şəxslərdən kimlərləsə
görüşmüsünüzmi? Rusiya rəsmiləri ilə keçirdiyiniz görüşlərdə
bu məsələni də müzakirə etmisinizmi?
- Mənim Rusiyaya
səfərimin yeni yaradılan hansısa qeyri-hökumət təşkilatı
ilə, onu yaradanlarla bağlılığı,
əlaqəsi yoxdur. Səfər zamanı
yalnız Azərbaycanla
Rusiya arasındakı
ikitərəfli münasibətlərin
bəzi aspektlərini,
o cümlədən mədəni,
ictimai-siyasi sahədə,
mətbuat, qeyri-hökumət
təşkilatları, diaspor
sahəsində əlaqələrimizi
müzakirə etmişik,
gündəlikdə bu
məsələlər olub.
Qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparmışıq. 2013-cü ildə Rusiyada regionlararası forum keçirəcəyik.
Forumun təşkilati məsələlərini,
gündəliyə daxil
ediləcək məsələləri,
kimləri qonaq kimi dəvət etməyi, tədbiri Rusiyanın hansı vilayətində keçirmək
kimi məsələləri
müzakirə etdik.
Bütün bunların fonunda
sizin dediyiniz məsələləri aktual
saymıram. Ona görə
də başqa məsələləri müzakirə
etməmişik.
- Rusiyada diaspor nümayəndələri ilə
görüşmüsünüzmü?
- Xeyr, diaspor təmsilçiləri
ilə görüşüm
olmayıb.
- Rusiya Azərbaycan
Təşkilatları İttifaqı
yeni təsis olunanda “Media forum” saytına
bildirmişdiniz ki, təşkilat təmsilçiləri
bunu hansı məqsədlərlə yaratdıqlarına
dair açıqlama verəndən sonra məsələyə münasibət
bildirəcəksiniz. Təşkilat təmsilçiləri xeyli
açıqlama veriblər
və onların arasında ziddiyyətli fikirlər də var. İttifaqın Azərbaycanda
hakimiyyət uğrunda
mübarizə aparmaq üçün yaradıldığı
haqda deyilənləri
necə qiymətləndirirsiniz?
- Biz bu təşkilat haqda hələ heç bir fikir söyləməmişik.
Mən bu gün də
hər hansı münasibət bildirməyəcəm.
Mətbuatda yazılanların çoxu jurnalistlərin mülahizələridir, mətbuatın
ayrı-ayrı mənbələrdən
əldə etdiyi informasiyalar, hansısa təhlillər əsasında
gəlinən qənaətlərdir.
Təşkilatı yaradan insanlardan
bəziləri müəyyən
açıqlamalar veriblər,
məsələyə münasibət
bildiriblər. Hələ mövqeyini
açıqlamayanlar da
var. Hər halda hesab edirik ki,
bu gün bununla bağlı dövlət səviyyəsində
hansısa açıqlamanın
verilməsi, münasibət
bildirilməsi, ciddi müzakirələrin aparılması
aktual deyil.
- Rusiya Azərbaycan
Təşkilatları İttifaqının
təsisçilərindən olan baş nazirin
sabiq birinci müavini Abbas Abbasovun Bakıya gəlməsi və ittifaqla bağlı məsələni prezident
İlham Əliyevlə
müzakirə etmək
istəməsi, amma prezidentin qəbuluna düşə bilməməsi
barədə deyilənlər
doğrudurmu?
- Mənim bu haqda
nə məlumatım,
nə də cənab prezidentin kimi, niyə, nə vaxt qəbul
edəcəyini müzakirə
etmək səlahiyyətim
var.
- Rusiya Azərbaycan Təşkilatları İttifaqında
Azərbaycan hakimiyyəti
ilə münasibətləri
yaxşı olan, hakimiyyətə yaxınlığı
ilə seçilən
Vahid Ələkbərov,
Araz Ağalarov, Abbas Abbasov, Telman İsmayılov, İsgəndər Xəlilovla
yanaşı indiki iqtidarı dəstəkləməyən
Rüstəm İbrahimbəyov,
Söyün Sadıqov
da təmsil olunurlar. Sizcə, hakimiyyəti dəstəkləyənlərlə
dəstəkləməyənlərin bir təşkilatda birləşməsi necə
baş verib, yaxud bunu kim təşkil edib? Hakimiyyətin təşkilatı dəstəkləməməsinin əsas səbəblərindən
birini də bunu göstərmək olarmı?
- Bunu onların özlərindən soruşarsınız.
Dövlətin münasibətlərinə gəlincə, bununla bağlı mövqeyimi bildirmişəm. Dövlətin müxtəlif məsələlərlə
bağlı mövqeyi
ayrı-ayrı insanlar
arasındakı münasibətlər,
müxtəlif şəxslərin
prezidentlə münasibətləri,
yaxud ailə-məişət
məsələlərində olan münasibətlər üzərində qurulmur.
Dövlətin bütün daxili
və xarici strukturlarla münasibətləri
xalqın maraqlarından
çıxış edilərək
qurulur. Xalqın maraqlarına uyğun
gələnlərlə əməkdaşlıq
olunur, fəaliyyət
dəstəklənir. Millətin maraqlarına cavab verməyənlərlə əməkdaşlıq
qurulmur, xalqın maraqlarına zidd olanlara dövlətin mövqeyi də müvafiq olur. Ona görə də bu məsələyə münasibət bildirmək
istəmirəm. Kimin harada,
necə təmsil olunması da onların şəxsi işidir. Onların özlərindən soruşsanız, hər halda bunu əsaslandırarlar.
- Prezident İlham Əliyev Rusiya Azərbaycan Təşkilatları
İttifaqının yaradılmasını
və bununla bağlı gedən müzakirələri necə
qiymətləndirir?
- Bununla bağlı nə məlumatım, nə də bəyanat verməyə səlahiyyətim var.
Səs.- 2012.- 1 noyabr.- S.3