Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır

 

Noyabr ayı Azərbaycan üçün əlamətdar tarixlərlə zəngindir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası da məhz noyabr ayında təsis edilib.Ümumiyyətlə, YAP ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək, Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır.

Belə ki, 1991-ci ildən başlanan iqtisadi, siyasi, xüsusilə dövlət hakimiyyəti böhranı, həmçinin, həmin illərdə Azərbaycanda rəhbərliyə gətirilən səriştəsiz, imperiya ağaları qarşısında əyilən, milli maraqlarımızdan xəbərsiz olan dairələrin gündən-günə güclənən erməni təcavüzünün qarşısını almaq, ordu yaratmaq, xalqı səfərbər etmək, vətənin təhlükəsizliyini və əhalinin rifahını təmin etmək əvəzinə öz hakimiyyətlərini qorumaq uğrunda mübarizə aparmaları ölkəmizdə vəziyyəti daha da gərginləşdirmişdi. Ölkəni bürüyən total böhran AXC-Müsavat liderlərinin bacarıqsızlığı, səriştəsizliyi, naşılığı ucbatından daha da dərinləşmişdi. Məhz belə bir ərəfədə Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, uçurum qarşısında olan dövlətimizi xilas etmək məqsədilə xalqın sağlam qüvvələri, həmçinin, ziyalılar böyük tarixi şəxsiyyət Heydər Əliyevə müraciət etdilər. Beləliklə, 1992-ci ilin oktyabrın 24-də ziyalıların müraciətinə cavab məktubunda Ulu öndər Heydər Əliyevin yaranmış vəziyyəti dərindən təhlil etməsi və çıxış yolunu göstərməsi noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi zərurətini reallaşdırdı.

Qeyd etmək lazımdır ki, YAP-ın təsis olunması ilə sanki Azərbaycanın bütün bölgələrində ictimai-siyasi canlanma baş verdi, respublikanın bütün rayon və şəhərlərində partiyanın ərazi təşkilatları yaradıldı. Həmin təşkilatlardan biri də mənim də iştirak etdiyim Heydər Əliyevçilər tərəfindən Bərdə rayonunda yaradılmışdı.

Təbii, bu bir həqiqətdir ki, yarandığı gündən YAP-ın Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və hakim partiya bu 20 ildə öz proqram məqsədlərinə uyğun fəaliyyət göstərib. Məhz buna görə də, ümumxalq partiyasına çevrilən, 600 minə yaxın üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazana bilib.

Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda (1999, 2001, 2005, 2008) qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Yaxın tariximizə mərhələli və təhlili şəkildə nəzər salsaq aydın şəkildə görərik ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan böyük inkişaf yoluna daxil olub, böhran və xaos mərhələsini arxada qoyub. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illər ərzində Azərbaycan öz dövlət müstəqilliyinin dönməzliyini təmin edib, sosial-iqtisadi və beynəlxalq sahədə mühüm nailiyyətlər qazanıb. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısı alınıb, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda, diplomatik cəbhədə düşmən üzərində üstünlük əldə edilib.

Təkzibolunmaz faktdır ki, hər zamanın özünəməxsus tələbi və vəzifələri var. Ümummilli liderimiz Heydər Əliyev də Azərbaycanın qarşısında duran vəzifələri dəqiq göstərərək, dövlətimizin söykəndiyi təməl prinsipləri müəyyən edib. Bu gün Azərbaycan, məhz həmin prinsiplərə istinad edərək inkişaf edir. Ulu öndərin müəyyən etdiyi təməl prinsiplərindən biri də hüquqi-siyasi varislikdir. Təsadüfi deyil ki, hələ Ümummilli liderimizin rəhbərliyi ilə keçirilən Muxtar Respublika Ali Məclisinin sessiyalarında dövlət müstəqilliyinin bərpası ilə bağlı tarixi qərarlar qəbul olundu, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı müstəqillik rəmzi kimi Naxçıvan parlamentində qaldırıldı, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürüldü, ali qanunverici və icra hakimiyyəti orqanlarının - Ali Məclisin və Nazirlər Kabinetinin adları dəyişdirildi, sovet qoşun hissələri Naxçıvandan çıxarıldı, onların bazasında müstəqilliyin vacib elementi olan ilk milli sərhəd dəstəsi və milli ordu hissələri yaradıldı. Ulu öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu proses davam etdirildi.

Təbii ki, varislik prinsipi, eyni zamanda, müstəqil dövlətimizin inkişafı üçün başlanan siyasətin davamlı olmasıdır. Məhz bu ali məqsədin reallaşması naminə, Ümummilli liderimiz Heydər Əliyev böyük çətinliklərlə qurduğu dövlətə rəhbərlik etmək üçün namizədini elan etdi: "O, yüksək intellekti, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımzın firavanlığı yolunda çox işlər görəcək. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Bu fikirlərin məntiqi nəticəsi cənab İlham Əliyevin 2003-cü ilin 15 oktyabrında xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq ölkə Prezidenti seçilməsi oldu. Xalq liderinin sözünə güvənərək öz tarixi seçimini etdi. 2005-ci ilin mart ayında isə YAP-ın III qurultayı keçirildi. Qurultayda təşkilati məsələlərə baxıldı və Azərbaycan Prezidenti, YAP Sədrinin birinci müavini cənab İlham Əliyev partiyanın Sədri seçildi. Beləliklə, cənab İlham Əliyevin YAP-ın Sədri seçilməsi ilə partiyanın həyatında yeni mərhələ başladı.

Bu dönəmdən başlayaraq, müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli–mənəvi dəyərlərimizin qorunması, ölkənin təhlükəsizliyini təmin etmək iqtidarında olan ordunun yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirildi və bu prosesdə YAP daim ön sıralardadır. YAP üzvləri ölkəmizin daha da güclənməsi naminə partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla bu siyasətin uğurlarını xalq arasında geniş təbliğ etməkdədir.

Onu da vurğulayaq ki, cənab İlham Əliyevin YAP-ın Sədri seçilməsindən sonra kəmiyyət və keyfiyyət baxımından partiyada əhəmiyyətli dərəcədə dəyişikliklər müşahidə olundu. Faktlara diqqət yetirdikdə, ötən müddət ərzində Heydər Əliyev ideyalarına söykənən partiyamızın ilbəil gücləndiyinin bir daha şahidi olarıq. Belə ki, əgər YAP-ın 2001-ci ildə keçirilmiş II qurultayı zamanı partiya üzvlərinin sayı 230 min nəfər idisə, III qurultaya qədər bu göstərici 360 min nəfərə yüksəlmişdi. Hazırda isə hakim partiyanın üzvlərinin sayı 600 minə yaxındır.

Yeri gəlmişkən, cənab İlham Əliyevin ötən dövr ərzində Prezident kimi fəaliyyəti Ulu öndərimizin sözlərinin doğrulduğu məqam kimi yaddaşlara və tarixə həkk edildi. Dövlət başçısının istər daxili, istərsə də xarici siyasət sahəsində qazandığı uğurlar xalqımızın öz tarixi seçimində yanılmadığını sübut etdi. Prezident İlham Əliyev həm seçki kampaniyası dövründə, həm də andiçmə mərasimində xalqımız qarşısında verdiyi bütün sözləri yerinə yetirmək istiqamətində mühüm addımlar atdı və sözlə əməlin üzvi vəhdətinə söykənən lider imici ilə həm də gələcək nəsillər üçün mükəmməl nümunə yaratdı.

Görülmüş işlərin yekunu və məntiqi davamı ölkəmizin ictimai-siyasi həyatında mühüm və aparıcı yer tutan Yeni Azərbaycan Partiyasının IV Qurultayının qəbul etdiyi tarixi qərarda öz əksini tapdı. Qurultay yeni mərhələdə partiyanın qarşısında duran vəzifələri və prioritet istiqamətləri müəyyən etdi, gələcək fəaliyyətlə bağlı bir sıra mühüm qərarlar qəbul etdi. Partiyanın ali forumu ölkəmizin strateji inkişaf istiqamətinin Ümummilli lider Heydər Əliyev xəttinə sadiq olduğunu bir daha və yüksək səviyyədə təsdiqləyərək Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin prezidentliyə namizədliyinə yekdilliklə səs verdi. Bununla da siyasi fəaliyyətinin kökündə demokratik, hüquqi dövlətin dəyər və normaları dayanan YAP, möhtərəm İlham Əliyevin hərtərəfli, çoxşaxəli və nəticə etibarilə uğurlu siyasətinin layiqincə həyata keçirilməsinin və ardıcıl olaraq davam etdirilməsinin ölkəmiz və xalqımız üçün tarixi zərurət olduğunu bir daha vurğuladı.

Beləliklə, Azərbaycanın ən yeni tarixində mühüm siyasi kampaniya - 15 oktyabr 2008-ci il prezident seçkiləri uğurla başa çatdı. Azərbaycan xalqı yekdilliklə (88,6 faiz) özünün layiqli liderinə səs verərək, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi ikinci dəfə prezident kürsüsündə görmək istəyini ifadə etdi.

Bu gün YAP ölkəmizdə ən mütəşəkkil və kütləvi siyasi təşkilatdır. Cəmiyyətin ən müxtəlif sosial təbəqələrini sıralarında birləşdirən partiyanın ictimai-siyasi proseslərə təsir imkanları ildən-ilə genişlənir, beynəlxalq nüfuzu artır. Partiya üzvlərinin təxminən 40 faizinin gənclərdən ibarət olması onun böyük siyasi gələcəyindən və inkişaf potensialından xəbər verir. Eyni fikirləri YAP sıralarında birləşən qadınlar haqqında da demək mümkündür.

Kimsəyə sirr deyil ki, YAP-ın fəaliyyət mexanizminin mühüm istiqamətlərindən birini də onun ideoloji siyasəti təşkil edir. Hakim partiyanın ideoloji siyasətinin təməli onun əsas ideoloji prinsiplərində öz əksini tapıb. Partiyanın 1999-cu ildə keçirilmiş I Qurultayında qəbul edilmiş Proqramda qeyd olunub ki, Yeni Azərbaycan Partiyası qarşısına qoyduğu vəzifələrin həllinə nail olmaq məqsədilə öz fəaliyyətində müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, vətənçilik, varislik, yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi, sosial ədalət kimi ideoloji prinsiplərə əsaslanır.

Beləliklə, sadalananlar deməyə əsas verir ki, Yeni Azərbaycan Partiyasının ideoloji siyasəti milli həmrəylik və bütövlüyü təmin edən mexanizm qismində çıxış edir. Eyni zamanda, bir neçə istiqamətdə xüsusi əhəmiyyət kəsb edir. Yəni, YAP-ın ideoloji siyasəti sosiumda siyasi iştirakçılığın və sosiallaşmanın artmasına fundamental töhfələr bəxş edir. Beləliklə, vətəndaşların siyasi iştirakçılıq səviyyəsinin artması cəmiyyətdaxili dinamikanı artırır və milli inkişafı sürətləndirən mexanizm qismində çıxış edir. Həmçinin, partiyanın öz fəaliyyətində rəhbər tutduğu ideoloji prinsiplər cəmiyyətdə təşəkkül tapmış demokratik norma və dəyərlərin möhkəmlənməsinə mühüm töhfələr bəxş edib və bu proses hazırda da davam etməkdədir. Yeni Azərbaycan Partiyasının bilavasitə təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ictimai, siyasi və hüquqi anlamda mühüm əhəmiyyət kəsb edən qanunlar qəbul olunmaqdadır. Qüvvəyə minmiş qanunların tətbiqi mexanizmlərinin mükəmməl surətdə müəyyən olunması ictimai, siyasi, iqtisadi və hüquqi müstəvidə inkişafa yol açan əhəmiyyətli dəyişikləri şərtləndirən faktor kimi çıxış edir. Digər tərəfdən, YAP-ın bilavasitə təşəbbüsü və rəyləri ilə baş tutmuş bir sıra ümummilli proseslər də hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna mühüm töhfələr bəxş etməkdədir. Bu sırada ümumxalq səsverməsi-referendumları xüsusi vurğulamaq lazımdır. 18 mart 2009-cu ildə keçirilmiş ümumxalq səsverməsi-referendum ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə mexanizmlərini daha da gücləndirdi, qanunvericilik bazası daha zənginləşdi, ictimai-siyasi institutların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin daha da artırılmasına əlverişli şərait yarandı və s.

Beləliklə, Yeni Azərbaycan Partiyasının ideoloji siyasəti cəmiyyətdə milli dəyərlərin təşəkkül tapmasını və möhkəmlənməsini şərtləndirən, milli həmrəylik və bütövlüyü təmin edən mühüm institusional mexanizm qismində dəyərləndirilməlidir. Bunun nəticəsidir ki, YAP davamlı qələbələr ənənəsinə malikdir. Yəni Yeni Azərbaycan Partiyası bu zamanadək iştirak etdiyi bütün ümummilli və lokal səviyyəli seçkilərdə parlaq qələbə qazanıb.

Daim inkişafda olan həyatda mövqelərini saxlamaqdan ötrü hər bir insan kimi, siyasi təşkilatlar da müntəzəm olaraq baş verən dəyişikliklərə uyğunlaşmalı, müvafiq fəaliyyət göstərməlidir. YAP-ın bu gün ölkəmizdə qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər, ölkəmizin ictimai-syiasi həyatında malik olduğu ciddi mövqe bu mənada onunla da əlaqədardır ki, partiya daim yeniləşir, müasirləşir. Həyatın tələblərinə, çağırışlarına uyğun şəkildə fəaliyyət göstərməyi qarşısına məqsəd qoyan YAP hər zaman bu məqsədə doğru inamla irəliləyir. Partiyamızın yaranma tarixi dərinləşdikcə onun yaradıcısı, ilk Əsasnamə və Məramnaməsinin müəllifi Heydər Əliyevin uzaqgörənliyi, böyüklüyü, təkrarlanmaz şəxsiyyəti daha da aydınlaşır, ürəklərə yol tapır, həyata inam artırır, cəmiyyətə düzgün yol göstərir. Və bu gün partiyamız həqiqi mənada yüksək səviyyəli ictimai-siyasi mədəniyyət daşıyıcısına çevrilib.

Üzvlərinin sayı 600 minə yaxınlaşan Yeni Azərbaycan Partiyası dünyanın aparıcı ölkələrində uzun illər fəaliyyət göstərən bir çox güclü partiyaların sırasına cəmi 20 ildə qatıla bilib. Deməli, bu partiya həqiqətən demokratik, hüquqi dəyərləri özündə cəmləşdirmiş gənc partiya kimi daim inkişafda, möhkəmlənməkdə, demokratik dünyaya inteqrasiya etməkdədir.

 

 

Şahin Məmmədov,

YAP Siyasi Şurasının üzvü,

Ağcəbədi rayon İcra

Hakimiyyətinin başçısı

yap.org.az

 

Səs.- 2012.- 1 noyabr.- S.7.