YENİ AZƏRBAYCAN
PARTİYASI XALQIN PARTİYASIDIR
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədovun "Səs" qəzetinə
müsahibəsi
-
Namiq müəllim, buildiyimiz kimi, xalqımız Yeni Azərbaycan
Partiyası yaranmasının 20-ci ildönümünü
böyük qürur hissi ilə keçirmək ərəfəsindədir.
Məhz bu baxımdan, Yeni Azərbaycan dediyimiz zaman, rayon təşkilatının
sədri olaraq sizdə hansı assosiativ fikirlər oyanır?
-
İlk növbədə, fürsətdən istifadə edərək,
"Səs" qəzetinin kollektivini, eləcə də,
partiyamızı dəstəkləyən hər bir
soydaşımızı 20 illik yubliey münasibəti ilə
ürəkdən təbrik edirəm. Söz yox ki, bu gün
Yeni Azərbaycan Partiyasının nəinki regionda, eyni zamanda,
beynəlxalq aləmdə ən nüfuzlu siyasi təşkilat
kimi dəyərləndirilməsi özündə bir çox
tarixi prosesləri əsaslandırmaqdadır. Təbii ki, burada
Heydər Əliyev dühası və tarixi zərurət amilləri
birincilik təşkil edir. Hələ 90-cı illərin əvvəllərində,
daha dəqiq desək, ölkəmiz yenicə müstəqillik
əldə etdikdən sonra, dünyada və ölkəmizdə
cərəyan edən proseslər müsbətdən çox
mənfi təzahürləri ilə yadda qaldı. Xalq isə
canı-qanı bahasına əldə etdiyi müstəqilliyin
itirilməməsi üçün böyük çətinliklər
astanasında idi. Təəssüflər olsun ki, xalqın
maraqlarına zidd olaraq, xəyanətkarlıq siyasəti
yürüdən naşı siyasətbazlar baş verən
proseslərin fərqinə varmayıb, şəxsi mənfəətərini
güdürdülər. Məhz bu nöqteyi-nəzərdən,
Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən
yarandığını vurğulaya bilərik. Təbii ki,
xalqımız həm də onu arxasınca apara biləcək
bir liderərə möhtac idi və burada ilk növbədə
Heydər Əliyev fenomeni dayanmışdı. Belə bir ərəfələrdə
Yeni Azərbaycan Partiyasının yaranışı, fəaliyyəti
və yarandıqdan sonra, bir il ərzində iqtidara gəlməsini
xüsusilə qeyd etmək istərdim. Məhz həmin ərəfələrdən
başlayaraq, Azərbaycan düşdüyü qaranlıq
çuxurdan xilas olmağa başladı. Xalqımızın
Ümummilli Lideri Yeni Azərbaycan Partiyasının Sədri
kimi siyasi fəaliyyət dövrünü qətiyyət və
əzmkarlıqla davam etdirdi və nəticədə
partiyamız sivil və demokratik yolla iqtidar partiyasına
çevrildi. Ulu Öndər Heydər Əliyev 93-cü ildə
xalqımızın yekdil səsi ilə Azərbaycan
Resüpublikasının Prezidenti seçildi.
Bu
gün Ümummillli Lider Heydər Əliyevin siyasi kursunu
layiqincə davam etdirən, partiamızın Sədri, cənab
Prezident İlham Əliyev apardığı məqsədyönlü
siyasəti ilə hazırkı Azərbaycanımızı
bütün dünyaya tanıtdı. Bütün sahələr
üzrə gedən mütərəqqi inkişaf ölkəmizi
dünya dövlətləri içində söz deyən,
lider dövlət kimi tanıtmaqdadır. Təbii ki,
bütün bunların gerçəkləşməsi, əsas
təməl prinsipi Yeni Azərbaycan Partiyası hələ 20
il öncə formalaşdırılarkən, Ulu Öndər
Heydər Əliyev tərəfindən nəzərdə
tutulmuşdu. Və bizlər bu gün çox xoşbəxtik
ki, bu modernləşmə, bu tərəqqi və inkişaf məhz
Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir.
-
Söz yox ki, rəhbərlik etdiyiniz rayon təşkilatı
da 20 illik yubiley münasibətilə tədbirlər planı
hazırlamaqdadır...
- Bəli,
artıq bizim tədbirlər planımız müəyyənləşdirilib.
YAP Xəzər rayon təşkilatı noyabr ayının
10-dan başlayaraq, 20- ci ildönümün təntənəli
surətdə qeyd olunması üşün silsilə tədbirlər
keçirəcək. Tədbirlərdə veteran
YAP-çılarımızla yanaşı, xüsusilə gənclərin,
yeniyetmələrin yaxından iştirakı nəzərdə
tutulub. Rayon ərazisində ağacaəkmə kampaniyaları
ilə birgə, inşa müsabiqələri, müxtəlif
idman yarışları, eləcə də, bayram konsertləri
təşkil ounacaq. Bir sözlə, Yeni Azərbayan
Partiyasının yaranmasının 20-ci ildönümü
rayonumuzda böyük fərəh və qürur hissi ilə
qeyd ediləcək.
-
Namiq müəllim, artıq deyə bilərik ki, Xəzər
rayonu paytaxtımızın ən gözəl və füsunkar
ərazilərindən birinə çevrilməkdədir. Sizcə,
bütün özəlliklərin təmənildə hansı
məqamlar dayanmaqdadır?
-
Bildiyimiz kimi, möhtərəm Prezident İlham Əliyev
Bakı və Bakıətrafı kənd və qəsəbələrin
inkişafı üşün çox əhəmiyyətli Sərəncamlar
imzalayıb. Özünüzün də
gördüyünüz kimi, Xəzər rayonunun bütün
kənd və qəsəbələri köklü şəkildə
yenilənib, müasirləşdirilib. Rayon ərazisində
möhtəşəm idman kompleksləri, yeni məktəblər,
parklar və xiyabanlar istifadəyə verilib. Yollarımız,
xüsusilə, kənd və qəsəbələrarsı yollarımız
təməlli olaraq yenilənib. Yəni vaxt var idi ki, Xəzər
rayonu ərazisində yol, qaz, işıq, su, kanalizasiya kimi
problemlər mövcud idi. Ancaq indi həmin problemlər
köklü şəkildə aradan qaldırılıb. Eyni
zamanda, hər bir rayon sakini işlə təmin olunub, həyat
səviyyəsi isə yüksəkdir.
Bu
özəlliklərin hansı məqamlara dayanmasına gəldikdə
isə, demək istərdim ki, dövlətimizin
apardığı siyasətlə yanaşı, burada Xəzər
rayonundan seçilmiş millət vəkilimiz, YUNESKO və
İSESKO- nun xoşməramlı səfiri, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini
xüsusilə vurğulamaq istərdim. Mehriban xanım yeddi
illik millət vəkilliyi dövründə o qədər
böyük və mühüm işlər aparıb ki, əgər
bütün bunları sadalasaq, sadəcə, vaxt
çatdıra bilmərik. Xüsusilə, təhsil sahəsinə
verilən yüksək qiymət hər bir rayon sakininə
sevinc hissi bəxş edib.
-
Namiq müəllim, YAP Xəzər rayon təşkilatı həm
də seçki dövrlərində öz aktivliyi ilə daim
ön sıralardan birini tutub. Sizcə, bu kimi mühüm
amilin arxasında daha hansı nüansaları göstərmək
olar?
-
Çox düzgün buyurdunuz ki, nəinki YAP Xəzər
rayon təşkilatı, bütövlükdə, bütün
rayon sakinləri seçkilərdə öz aktivliyi ilə
daim öndə olublar. Yeri gəlmişkən, artıq Azərbaycanı
qarşıda daha bir önəmli seçki - Prezident
seçkiləri gözləyir. Əlbəttə ki, bu
seçkilərdə bizim əsas namizədimiz Prezident
İlham Əliyev olacaq. Yeni Azərbaycan Partiyası və bu
partiyanın hər bir üzvü, birmənalı olaraq,
partiyanın Sədri cənab İlham Əliyevə səs verəcək,
Onu dəstəkləyəcək. İnanırıq ki, məhz
2013-cü il seçkilərində qələbə Yeni Azərbaycan
Partiyasının namizədinin olacaq. Bu qələbə həm
də Azərbaycanın, Azərbaycan xalqının növbəti
tarixi zəfəri kimi qızıl hərflərlə
yazılacaq.
RÖVŞƏN NURƏDDİNOĞLU
Səs.- 2012.- 1 noyabr.- S.9.