XIX əsrin sonu
XX əsrin əvvəllərində Cənubi Azərbaycanda inzibati idarəetmə və sosial-iqtisadi
həyat
XIX əsrdə Azərbaycanın iki yerə
bölünməsilə "Şimali Azərbaycan" və "Cənubi Azərbaycan"
siyasi məfhumları meydana gəldi. "Azərbaycan
tarixi" kitabında göstərilir ki, XIX əsrin əvvəllərində
Şimali Azərbaycan Rusiya tərəfindən zəbt ediləndən
sonra Azərbaycanın cənub torpaqları İranın
hakimiyyəti altına düşdü. Bu gün Cənubi Azərbaycan
adlandırdığımız ərazi İranla istər əhali,
istərsə də rəsmi dairələr tərəfindən,
sadəcə olaraq, Azərbaycan və ya İran Azərbaycanı,
orada və ölkənin bütün başqa rayonlarında
yaşayan, etnik mənşəyi, dili, dini və adət-ənənələrinə
görə Şimali Azərbaycanda yaşayan azərbaycanlılarla
eyniyyət təşkil edən əhali isə türklər
və ya İran türkləri adlandırılır.
Hazırda əhalinin milli mənsubiyyətini təyin edən
bu adlar (türklər və ya azərbaycanlılar) şərti
xarakter daşıyır.
Belə ki, İranda yaşayan türklər
Şimali Azərbaycanda yaşayan azərbaycanlıları
türk, sonuncular (azərbaycanlılar) isə onları azərbaycanlı
adlandırırlar. 1918-ci il mayın 28-də Qafqazda yeni milli
dövlətin-Azərbaycan Demokratik Respublikasının
yarandığı gündən sonra, onun dövlət
parlamenti özünün ilk rəsmi bəyannaməsində
Azərbaycan adını işlətmişdir. Bu isə
İran tərəfin etirazına səbəb oldu. Tehran rəsmi
dairələri belə hesab edirdilər ki, yeni respublika rəhbərləri,
başda Təbriz olmaqla, İran Azərbaycanını
Türkiyəyə vermək məqsədi güdürlər.
Azərbaycan Demokratik Respublikası hökuməti
İranın bu qorxusunu aradan qaldırmaq üçün rəsmi
dövlət sənədlərində "Qafqaz Azərbaycanı"
adını işlətməli oldu. 1920-ci il aprel
ayının 28-dən sonra (burada sovet hökuməti elan
olunduqdan sonra) bu ad "Sovet Azərbaycanı" ilə əvəz
edildi və beləliklə də, "Sovet və ya Şimali
Azərbycan", "İran və ya Cənubi Azərbaycan"
terminləri siyasi məna kəsb etməyə başladı.
Siyasi
status qazanmış "Cənubi Azərbaycan" məfhumunun
sovet rəsmi dairələrində, elmi ədəbiyyatlarda və
mətbuat orqanlarında işlədilməsinə Tehran rəsmi
dairələri müsbət yanaşmır, bunu "sosialist
inqilabının ixracı və yaxud da "İranın daxili işlərinə
qarışmaq" kimi qiymətləidirirlər.
Həqiqətdə isə,
"Cənubi Azərbaycan" (eləcə də, "Şimali Azərbaycan") termini
eyni etnik mənşə,
dil, din və adət-ənənəyə
malik xalqın məskunlaşdığı
ərazinin ikiyə bölündüyü
gündən (10 fevral 1828-ci il) meydana gəlmiş, ilk öncə çoğrafi
məna kəsb etsə də, yenə də siyasi xarakter
daşımışdır. Nəticə isə, mövcud tarixi şəraitə
görə, müxtəlif tərəfdən qiymətləndirilə
bilər.
İrana qatıldıqdan sonra
ölkənin dörd əyalətindən
birini təşkil edən Azərbaycan əyaləti
ərazisinə ilk dövrlərdə cənubda
Həmədan, cənub-şərqdə Zəncan və Qəzvin
mahalları da daxil idi. Sonralar Azərbaycan əyalətinin inzibati
sərhədləri daraldılmış və 1906-cı ildə
qəbul olunmuş seçki
nizamnaməsində bu əyalətə Təbriz, Urmiya, Xoy, Deyləmqan, Maku, Marağa, Binab, Miyandoab, Sovucbulaq, Dehxarqan, Mərənd,
Əhər, Ərdəbil, Meşkin, Astara, Xalxal, Sərab, Miyanə
və Sainqala
mahalları daxil edilmişdir.
İranın son rəsmi inzibati-ərazi bölgüsünə
uyğun olaraq (1984-cü
il) Cənubn Azərbaycan
adlandırdığımız əraziyə 142 350,7 kv. km sahəni tutan (ölkə ərazisinin 9 faizə qədəri)
Şərqi Azərbaycan (mərkəzi Təbriz), Qərbi Azərbaycan
(Urmiya) və Zəncan (Zəncan)
ostanları daxildirlər.
Hazırda 50 mln.
nəfərdən çox əhalisi olan İranda azərbaycanlıların
ümumi
sayı 16-18 mln. nəfərə yaxındır və bu rəqəm ölkə əhalisinin
32-36 faizə qədərini təşkil
edir. Cənubi
Azərbaycan ərazisində yaşayan əhalinin
sayı isə 7-9 mln. nəfərə
yaxındır və bu rəqəm müvafiq olaraq ölkə
əhalisinin 90 faizə qədərini təşikl edir.
Say etibarilə həmişə farslardan sonra ikinci yerdə dayanan (İran rəsmi statistika
idarələrinin məlumatına görə) azərbayacanlılar
XIX əsrin sonuna doğru
əsasən Cənubi Azərbaycan ərazisində
yaşayırdılar. Bu zaman
Azərbaycanda 2 mln-a qədər azərbaycanlı
yaşayırdı ki, bundan
1 mln. nəfəri kənd əhalisi, təqribən
0,5 mln. nəfəri şəhər əhalisi
və 0,5 mln. nəfəri isə
yarımköçərilər idi.
"Gülüstan" müqaviləsindən sonra İran hökuməti
Cənubi Azərbaycan əyalətində bir
sıra nüfuzlu və qüvvətli
xanların hakimiyyətini tanımaqla, onları
ayrı-ayrı xanlıqların hakimi təyin
etdi və daxili
müstəqilliklərini saxlamalı oldu. Dövlət bu
xanlıqların daxili işlərinə
qarışmır, onlardan vergi
və əsasən silahlı qüvvə tələb edirdi. Qacarların hakimiyyəti dövründə
(1736-1925) İran ordusunun
əsas piyada və atlı hissələri
məhz Cənubi Azərbaycanın müxtəlif təbəqələrindən
toplanan qüvvələr idi.
Cənubi Azərbaycanda
Maku, Urmiya, Nəmin və
Gərgər kimi küclü
xanlıqları istisna etməklə,
qalanları tamamilə ləğv olundu. Dövlət keçmiş
xanlıqların yerinə ayrı-ayrı vilayətlərə
lazım bildiyi adamları hakim
təyin edirdi. Əyalətdə vali vəzifəsindən tutmuş
vilayət hakimlərinədək şəxslər əsasən
mərkəzdən göndərildiyinə görə, yerli xanların Qacarların
narazılığına səbəb olurdu.
Fətəli şahdan
başlayaraq, Qacar
şahlarının daxili siyasətində
Cənubi Azərbaycan xüsusi yer tuturdu. Fətəli
şah zamanında Cənubi Azərbaycan
"vəliəhdneşin" (vəliəhd əyləşən
yer) hesab edilmiş, "darüssəltənə"
(səltənət evi) adlandırılan
Təbrizdə isə bundan sonra həmişə Qacarların rəsmi vəliəhdləri
oturmuşdular. Bu
isə, şübhəsiz, Azərbaycanın İran
üçün iqtisadi,
xususilə də, siyasi əhəmiyyətindən
doğurdu. Cənubi Azərbaycan,
xüsusilə, Təbriz dövlətin xarici
siyasətində mühüm rol oynayırdı. Belə ki,
vəliəhd burada oturduğu
və Təbriz bir növ
ikinci paytaxt olduğu üçün
xarici diplomatik
nümayəndələrin də iqamətgahı ilk dövrdə Təbriz hesab
edilirdi.
1828-ci
ilin fevralında "Türkmənçay"
müqaviləsi bağlandıqdan və İranla
Rusiya arasında diplomatik
münasibətlər bərpa edildikdən sonra
İrana göndərilən Rusiyanın səlahiyyətli
səfirinin iqamətgahı ilk dövrdə
Təbriz şəhərində idi. Bundan əlavə,
Rusiya və Türkiyənin baş konsulluqları da Təbrizdə
yerləşirdi.
Əyalətin
idarə olunmasına rəhbərlik rəsmən vəliəhdin
ixtiyarında idi, əslində isə, bu işi, adətən,
şahzadələr içərisindən
təyin olunan vali
(qaimməqam) aparırdı. Valinin sərəncamında
olan böyük idarə
aparatında Təbriz şəhərinin bəylərbəyi,
əyalətdə
yerləşən bütün nizami qoşun hissələrinin
başçısı - əmir nizam,
vergilərin toplanması və ümumiyyətlə, əyalətin
maliyyə işlərinə başçılıq edən mustofi və b. daxil idi. Yerlərdə, yəni
ayrı-ayrı vilayətlərdə isə bu göstərilən idarə aparatı nisbətən kiçik
miqyasda təkrar edilirdi.
Əyalətin mərkəzi Təbrizə,
vilayət və mahallara təyin olunan şahzadələr, onların ətrafındakı
vəzir, mustofi, məmurlar, fərraşlar
və s. öz vəzifələrinə
gəlir mənbəyi kimi baxır və
xalqı soyurdular. Ucqar dağlıq rayonda yerləşən, yaylaq
və yarımköçəri təsərrüfatına malik olan Maku
kimi yarımmüstəqil xanlıqda qəbilə
birliyinin başında duran
tayfa başçıları bütün inzibati-maliyyə işlərini, hərbi-siyasi
hakimiyyəti öz əllərində cəmləşdirmişdilər.
Onlar təsərrüfat işlərinə
rəhbərlik edir, vergi
toplayır, lazım gəldikdə isə öz
silahlı dəstələri ilə dövlətin xidmətində
olurdular.
XIX əsrin 30-60-cı illərində
Cənubi Azərbaycanda əhalinin əsas məşğuliyyəti
kənd təsərrüfatı-əkinçilik və
maldarlıq idi. Təkcə kənd əhalisi
deyil, şəhər əhalisinin də bir hissəsi əkinçilik,
bağçılıq, bostançılıq və digər
kənd təsərrüfatı sahələri ilə məşğul
olurdu. Cənubi Azərbaycanda
təbii və qismən də süni suvarma əsasında buğda,
arpa, çəltik və başqa
dənli bitkilərlə yanaşı, texniki
bitkilər, o cümlədən,
pambıq, tütün, gənəgərçək
əkilir, barama yetişdirilir,
müxtəlif meyvələr becərilirdi. Cənubi Azərbaycan
İranda ən məhsuldar
taxılçılıq və meyvəçilik
rayonlarından biri idi
və əyalətdən taxılla yanaşı, quru meyvələr də ixrac
edilirdi. Əhalinin bir
hissəsinin əsas məşğuliyyəti maldarlıq idi. Heç təsadüfi
deyil ki, XX əsrin
60-70-ci illərinə qədər də Cənubi Azərbaycan
İranın "taxılçılıq və
heyvandarlıq bazası" hesab edilirdi. Vilayətin hələ
XIX əsrin sonlarından İran itisadi həyatında belə bir
mövqeyə malik olması burada, xüsusilə, yerli
tələbatı ödəyən və xarici
bazarlar üçün
də mal ixrac edən
müxtəlif sənətkarlıq sahələrinin
formalaşması və inkişafı üçün
geniş imkanlar
açırdı. Şəhərlərdə
ayaqqabı, saxsı və ya mis qab-qacaq, digər məişət
şeyləri, təsərrüfat alətləri və s. istehsalı xeyli inkişaf etmişdi.
1804-1813-cü və
1826-1828-ci illər Rusiya-İran müharibələrindən
sonrakı dövrlərdə İngiltərə və Rusiya dövlətlərinin "İranda əldə etdikləri imtiyazlı
müqavilələr nəticəsində Cənubi Azərbaycanda
sənətkarlığın bir çox sahələrinə böyük
ziyan dəydi. Belə ki, xarici malların ölkəyə
geniş və maneəsiz axını ilə
bağlı Azərbaycandakı bir
sıra emalatxana və sexlər rəqabətə
davam gətirməyərək öz fəaliyyətlərini
dayandırmalı oldular.
Cənubi Azərbaycan şəhərlərində
hələ XX əsrin 20-ci illərinin əvvəllərinə
qədər də orta əsrlərə xas olan sex
quruluşu qalmaqda davam edirdi. Bütün
İranda olduğu kimi, Azərbaycanda da emalatxanalarda, adətən, 2-3 sənətkar
işləyirdi. Muzdlu əməkdən
istifadə sənətkarlıq üçün
səciyyəvi deyildi. Bununla
yanaşı, daxili və xarici
bazarda rəqibi olmayan
malların istehsalı ilə məşğul olan
sahələr üzrə muzdlu əməkdən
istifadə edən manufakturaların yaranması və onlara xas münasibətlərin
formalaşması prosesi inkişaf
edirdi.
Cənubi
Azərbaycan iqtisadi həyatındakı tənəzzülə
baxmayaraq, bu vilayət
İran üçün böyük
əhəmiyyət kəsb edirdi. Şimali Azərbaycan, onun
vasitəsilə Qafqaz və Rusiya ilə mədəni-iqtisadi əlaqələrin
davam etməsi ilə bağlı Cənubi
Azərbaycan XIX və XX əsrin əvvəllərində İranın ictimai-siyasi,
mənəvi inkişafında mühüm
mövqe tuturdu. Bütün bunlara baxmayaraq, Cənubi Azərbaycanın təsərrüfat
həyatı, onun məzmun və xarakteri, əsasən, ümumölkə iqtisadi strukturu və onun mövcud vəziyyəti
ilə müəyyənləşirdi. XIX əsrdə və
XX əsrin əvvəllərində Cənubi Azərbaycan
iqtisadiyyatında, bütün İranda olduğu kimi, durğunluq meyili davam edirdi.
Bunun da əsas səbəbi göstərilən
dövrdə İran dövlətinin Avropa dövlətləri ilə bir-birinin ardınca bağladığı
qeyri-bərabər, aldadıcı müqavilələr, o cümlədən, ticarət müqavilələri
və onlardan aldıqları yüksək
faizli borclar və s. nəticəsində
ölkədə təslim rejiminin
yaranması idi. İranın, eləcə
də, Cənubi Azərbaycanın xalq təsərrüfatı
müstəmləkə və asılı ölkələrə
xas olan yeni xüsusiyyətlər kəsb etdi. Ölkə və onun
böyük əyalətlərindən olan Azərbaycan İngiltərə və
Rusiyanın sənaye mallarının satış
bazarına, eyni zamanda,
bu ölkələrin, başlıca olaraq çar
Rusiyasının sənayesini xammalla təchiz
edən mənbəyə çevrildi. Beləliklə də, İran
getdikcə daha yaxından dünya
mal mübadiləsinə qoşuldu.
Ölkənin ümumdünya bazarına cəlb
olunması bəzi sənaye sahələrinin - dağ-mədən
sənayesi, kənd təsərrüfatı mallarının ilk emalı ilə məşğul olan sahələrin yaranmasına və inkişafına
müsbət təsir göstərdi. Lakin
bu, asılı ölkələrə xas olan birtərəfli inkişaf idi.
Coğrafi mövqeyinə görə, Cənubi
Azərbaycanda təbii olaraq, çar Rusiyasının nufuzu
daha güclü idi. XIX əsrin sonu-XX əsrin
əvvəlləridə Cənubi Azərbaycanda kənd təsərrüfatının
inkişafı Rusiya bazarı ilə
münasibətlərin səviyyəsindən və xarakterindən
asılı idi. Xarici bazarda,
o cümlədən, Rusiya
bazarında, pambıq, xammal, boyaq maddələri, yun,
kön-dəri, bağırsaq və s. kimi əkinçilik və heyvandarlıq məhsullarına,
həmçinin, bəzi sənətkarlıq mallarına olan tələbatın artması həmin sahələrin
qismən Azərbaycanda da
inkişafına təkan verirdi.
Cənubi Azərbaycanın ticarət
əlaqələrinin şimala yönəlməsinə
şərait yaradan daha
mühüm bir amil də çar
Rusiyasının Avropa mallarının Qafqaza daxil olmasını
məhdudlaşdırması idi. XIX əsrin
son rübündə Cənubi Azərbaycanda
öz varlığını davam etdirən əsas sənətkarlıq sahələrindən
biri xalçaçılıq idi. Xalça (xalı)
istehsalı sənayenin kapitalist münasibətlərinin
inkişaf etdiyi ən
başlıca sahəsi idi.
Təbrizdə bir sıra kənd təsərrüfatı məhsullarının-pambıq,
tütün, eyni zamanda, İranın başqa
əyalətlərindən gətirilmiş xına, tiryək
və s. ilkin emalı
üzrə müəssisələr də fəaliyyət
göstərirdi. Təbrizdə, Xalxalda və bəzi başqa
şəhərlərdə istehsal edilən
yun və ipək yaylıqlar, şal, yun, ipək,
pambıq parçalar və digər toxuculuq məhsulları həm yerli
əhalinin tələbatını ödəyir, həm də
İranın başqa əyalətlərinə
və həm də digər ölkələrə ixrac olunurdu. XX əsrin əvvəllərinə
doğru ayrı-ayrı sənət sahələri
üzrə yaranmış müəssisələr üçün muzdlu əməkdən
istifadə artıq səciyyəvi hal olmuş, bazarla əlaqə
daha da genişlənmişdi.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə
doktoru
Səs.- 2012.- 2noyabr.- S.14.