XIX əsrin sonu
XX əsrin əvvəllərində Cənubi Azərbaycanda
siyasi vəziyyət
XIX əsrin birinci yarısında Cənubi Azərbaycanda siyasi vəziyyət gərginləşdi. "Azərbaycan tarixi" kitabında göstərilir ki, XIX əsrdə 30-cu illərin sonu, 40-ci illərin əvvəllərində Təbrizdə, tez yatırılsa da, bir neçə dəfə həyəcan və çıxışlar baş verdi. 1847-ci ildə Zəncanda sənətkarlar, xırda tacir və şəhər yoxsulları hakimə qarşı çıxmış və onu şəhərdən qovmuşdular. 1848-ci ildə yenə də Təbrizdə şəhər yoxsulları və sənətkarların çıxışları baş verdi.
1850-ci ildə Zəncanda babilər üsyana qalxdılar. Şəhərdə babilərin sayı 15 min nəfərə çatırdı. Bundan əlavə, yaxınlıqdakı kəndlərin əhalisi də onlara qoşulmuşdu. Babilər şəhər qalasını tutdular. Şəhər iki hissəyə bölündü və babilər onun yarıdan çox hissəsini ələ keçirdilər. Vuruşlarda babilərin ailə üzvləri də iştirak edirdilər. Əsas etibarilə kəndli və sənətkarlardan ibarət olan babilərin içərisində çoxlu tacir və xırda ruhanilər də var idi. Ətraf kəndlərdən olan əhali üsyançıları gizli şəkildə ərzaqla təmin edirdilər.
Şah hökuməti tərəfindən üsyanı yatırmaq üçün göndərilən qoşun dəstələri iyunun əvvəlində Zəncanı mühasirəyə aldılar, lakin üsyançılar tərəfindən ciddi müqavimətə rast gələrək geri çəkilməli oldular. Dekabr ayında 30 minlik şah qoşunu və feodal dəstələri Zəncanı yenidən mühasirəyə alaraq hər tərəfdən hücuma keçdilər. Üsyançıların çoxu həlak oldu, onun başçısı Məhəmmədəli isə ağır yaralandı və üç gündən sonra vəfat etdi. Babilərdən yalnız 100 nəfəri sağ qalmışdı və onlar daha beş gün vuruşduqdan sonra şəhəri tərk etməyə imkan vermək şərtilə mübarizəni dayandırmağa razı olduqlarını bildirdilər. Bu təklifi qəbul etmələri haqqında Qurana and içmiş şah ordu başçıları, silahı yerə qoyan üsyançıların hamısını qırdılar. Beləliklə, 1850-ci il dekabrın sonunda Zəncan üsyanı yatırıldı.
1848-1852-ci illərdə bütün İranda babilər hərəkatı məğlub edilsə də, ölkədə, o cümlədən, Cənubi Azərbaycanda babil tərəfdarlarının sayı daha da artdı. Əhalinin bütün narazı hissələrində babiliyə rəğbət çox güclü idi və şah hökuməti bunun qarşısını ala bilmirdi.
Babi üsyanları öz ictimai-siyasi məzmunu və kütləviliyi ilə İranda və Azərbaycanda baş vermiş ayrı-ayrı çıxışlardan fərqlənir və özünəməxsus yer tuturdu. Təsadüfi deyil ki, babilər hərəkatı zamanı gələcəyin bir çox inqilabçıları yetişmiş, onun inqilabi-demokratik hissəsi ölkədə baş verən xalq çıxışlaranda, xususilə, 1905-1911-ci illər İran inqilabında fəal iştirak etmişdilər.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Cənubi Azərbaycanda xarici imperialistlərə və onlarla əlaqədə olan yerli irtica qüvvələrinə, onların ölkədəki özbaşınalığına və çapqınçılıq siyasətinə qarşı xalqın narazılığı artmağa başlayır, bəzi yerlərdə kütləvi çıxış və tətillər baş verir. 8 mart 1890-cı ildə Nəsrəddin şah bütün İranda tütün almaq, satmaq və emal etmək üçün ingilislərə konsessiya verilməsi barədə müqavilə imzalayır və bu, xalqın böyük narazılığına səbəb olur. Etiraz əlaməti olaraq 19 avqust 1891-ci ildə Təbriz bazarı bağlanır, 20 min nəfərə yaxın adam silahlanır və şaha teleqram vururlar ki, heç bir halda bu müqaviləni qəbul etməyəcəklər. Onlar teleqramda bildirirdilər ki, əks təqdirdə, Təbrizdəki ingilis konsulluğunu məhv edəcəklər. Şah verilmiş imtiyazları tezliklə ləğv etməyə məcbur oldu və avqust ayının 30-da bu haqda Təbrizə rəsmi teleqram göndərildi.
Cənubi Azərbaycandakı bu hərəkat ingilislərə qarşı İranın başqa yerlərində də xalq mübarizəsinin güclənməsinə bilavasitə təsir göstərirdi. İran xalqlarının, o cümlədən, azərbaycanlıların mübarizə tarixində "Tənbəki üsyanı" kimi məşhur olan bu hərəkatda Azərbaycanın ticarət burjuaziyası, sənətkarları, onlara qoşulmuş ruhanilər, digər təbəqələrin nümayəndələri iştirak edirdilər. Bu hərəkat İranda, o cümlədən, Cənubi Azərbaycanda xarici kapitala, yerli irtica qüvvələrinə və onların hökmranlığına qarşı yönəldilmiş milli-azadlıq mübarizəsinin ilk və çox təsirli mərhələsini təşkil etmiş və xalq arasında siyasi, milli şüurun oyanmasına, formalaşmasına və inkişafına güclü təkan vermişdi.
1901-ci ildə Tehranda təşkil edilmiş gizli cəmiyyət və ya inqilabi komitə, 1905-ci ildə isə Tehranda yaranan "Əncümən-e məxfi" ("Gizli əncümən") iranlıları, o cümlədən, azərbaycanlıları, xaricilərin zorakılığı və yerli hakim dairələrin özbaşınalığı əleyhinə mübarizə aparmağa çağırır, həmçinin, burjua ruhunda islahatlar keçirmək tələbini irəli sürürdülər.
XX əsrin əvvəllərində bir neçə il qıtlıq olması və bundan istifadə edən mülkədar və alverçilərin taxıl möhtəkirliyinə başlaması nəticəsində İranın, o cümlədən, Azərbaycanın bir sıra şəhərlərində aclıq və bahalığa qarşı həyəcanlar baş verdi.
1903-cü ildə belçikalılarla bağlanmış yeni kömrük sazişinə qarşı çıxışlar başlandı. Göstərilən dövrdə Cənubi Azərbaycanda demokratik fikrin yayılması, milli və siyasi şüurun oyanması, xarici imperializmə və yerli feodal zülmünə qarşı xalq mübarizəsinin güclənməsində bir sıra başqa amillər də böyük rol oynamışdır. Belə ki, 1904-cü il dekabr ayının 13-də Bakı və onun Balaxanı, Sabunçu, Bibiheybət kimi ətraf rayonlarında başlanan və 31-də qələbə ilə nəticələnən fəhlə tətilləri nəinki bütün Bakı proletariatını siyasi mübarizəyə çağırdı və Rusiyanın fəhlə hərəkatı tarixində ilk fəhlə-sahibkar müqaviləsinin bağlanmasına gətirib çıxardı, onlar, həm də qonşu İranın və xüsusilə, Cənubi Azərbaycanın siyasi mühitinə təsir göstərməklə orada həyəcan və çıxışların güclənməsinə, inqilabi hərəkatın başlanmasına təkan verdi. Bununla Şimali və eləcə də, Cənubi Azərbaycanda inqilabi hərəkatın və siyasi mübarizənin sonrakı inkişafında Rusiyada baş verən 1905-ci il 9 yanvar hadisələri ("Qanlı bazar") və ümumiyyətlə, 1905-1907-ci illər inqilabının da əhəmiyyətli təsiri olmuşdur. Xalqın təzyiqi altında çar Rusiyası hökumətinin 1905-ci ilin 17 oktyabrında demokratik azadlıqlar verilməsi haqqında dərc etdiyi "Manifest" Şimali Azərbaycanda (xüsusən, Bakıda) "Müsəlman Konstitusiya (Məşrutə) Partiyası"nın yaranmasına, demokratik azadlıq və hüquqlar uğrunda mübarizənin genişlənməsinə gətirib çıxardı və bu hərəkat öz davamını həmin ilin dekabrında İranda, o cümlədən, Cənubi Azərbaycanda başlayan "Məşrutə inqilabı"nda tapdı.
1905-1911-ci illər inqilabın gedişində Cənubi Azərbaycanda İranın başqa rayonlarına nisbətən sosial ziddiyyətlər, siyasi vəziyyət daha gərgin olmuşdu. Xalq ədalətli quruluş yaradılmasını tələb edirdi. Hərəkatın hərəkətverici qüvvələri sənətkarlar, yenicə meydana gələn fəhlələr, tacirlərin xarici rəqabətdən ən çox iflasa uğrayan xırda alverçi təbəqələri, dözülməz istismara məruz qalan kəndlilərin qabaqcıl dəstələri və ictimai mövqelərinə görə onlara yaxın xırda ruhanilər idi. Artmaqda olan hərəkatın təzyiqi altında İran şahı xalqın tələblərini yerinə yetirməyə söz verdi. 1906-cı il avqustun 5-də konstitusiya verilməsi haqqında şah fərmanı elan olundu.
1906-cı ilin sonunda Təbrizin gizli siyasi qrup və cəmiyyətləri tərəfindən əsası hələ 1904-cü ildən qoyulmuş, RSDFP-nin Bakı təşkilatı və "Hümmət" qrupu ilə yaxın əlaqə və hərəkat birliyi olmuş "İctimaiyyune-amiyyun", yəni sosial-dekorat partiyası yarandı.
1906-cı il oktyabr ayının 20-dən noyabrın 5-nə kimi Azərbaycan seçkilərində qələbə qazanmış nümayəndələr 1907-ci ilin fevral ayının 8-də Azərbaycan elçiləri adı ilə Tehrana gəldilər və əyalət əncüməninin saraya verdiyi tələblərin məclisdə müzakirəsi zamanı möhkəm dəlillərlə onların həyata keçirilməsi haqqında razılıq əldə etməyə nail oldular. Bu qələbə demokratik qüvvələri ruhlandırmaqla yanaşı, şahı qorxudaraq mütləq monarxiyanı bərpa etmək fikrinə saldı. Ölkənin hər tərəfində feodalların silahlı dəstələri tərəfindən əhaliyə, demokratik qüvvələrə qarşı basqınlar təşkil edilməyə başlandı. Həmin basqınların qarşısını almağa çalışan demokratik qüvvələr məclis tərəfindən xalq üçün əhəmiyyətli maddələrin olduğu "Konstitusiyaya əlavələr"in qəbul edilməsini ciddi tələb etdilər. Bununla yanaşı, sosial-demokratlar irtica qüvvələri qarşısında inqilabın əsas məqsədlərini, qəbul edilmiş konstitusiyanın həyata keçirilməsini təmin etməyin yolunu kütlələrin gücündə, onların silahlanmasında görürdülər.
Artıq 1907-ci ilin iyun ayında Urmiya şəhərində yüzlərlə silahlı mücahid əncümənin göstərişlərini həyata keçirməyə hazır idi. Azərbaycandakı bu təcrübə İranın başqa şəhərlərində, o cümlədən, Tehranda da tətbiq olunmağa başladı.
1907-ci ilin oktyabrında şah tərəfindən məhdud burjua azadlıqlarını nəzərdə tutan Konstitusiyaya "Əlavələr" qəbul edildi və sənədin təsdiqi inqilab cəbhəsində sinfi qüvvələrin təbəqələşməsini sürətləndirdi. İrtica qüvvələri xalq və inqilab cəbhəsinə qarşı hücuma hazırlaşmağa başladı və bu yolda bütün vasitələrdən - Türkiyə, İngiltərə və çar Rusiyası dövlətlərinin hakim dairələrinin köməyindən istifadə etməkdən də çəkinmədi.
1907-ci ilin noyabrında şah başda olmaqla, əksinqilabi irtica qüvvələri tədbirlər görməyə başladılar. Demokratik hərəkata qarşı hücum hazırlamaq məqsədilə Tehranda "Fetovvat" və "Səadət", eyni zamanda, Təbrizdə "İslamiyyə" adlı irticaçı əncümənlər təşkil edildi. İrticaçılar 1908-ci ilin əvvəllərindən Azərbaycanda və İranın başqa yerlərində öz fitnəkarlıqlarını qüvvətləndirdilər. Şah və onun ətrafında toplanmış mürtəce qüvvələr tərəfindən hələ 1908-ci ilin aprel-may aylarından hazırlanmaqda olan hökumət çevrilişi həmin il iyun ayının 23-də həyata keçirildi. Əksinqilab bütün İranda hücuma keçdi. Lakin Təbrizdə inqilabi hərəkat daha ciddi şəkil aldı, burada Azərbaycan əyalət əncüməni, Təbriz sosial-demokrat təşkilatı və məhəlli əncümənlər yeni inqilabi mübarizəyə, qəti döyüşlərə hazırlaşmağa başladılar. İnqilabi mübarizənin mərkəzi Tehrandan Təbrizə keçdi.
Təbriz üsyanı və Azərbaycandakı demokratik hərəkat bütün İranda inqilabi hərəkatın yenidən yüksəlişinə təkan verdi. Təbriz üsyanı Rəşt və İsfahanda üsyanların uğurla başa çatlasına, üsyançıların Tehrana yürüşünə, eyni zamanda, Məhəmmədəli şahın hakimiyyətdən devrilməsinə (16 iyul 1909-cu il) və Konstitusiyanın bərpa olunmasına səbəb oldu.
Fədailəri tərk-silah etmək məqsədilə Tehranın rəsmi dairələri tərəfindən Səttar xan və Bağır xan 1910-cu il martın 11-də paytaxta dəvət olundular. Tərk-silah haqqında əldə edilmiş razılığa baxmayaraq, Səttar xan və onun ətrafındakılara Tehranda xaincəsinə basqın edildi. Vuruşma nəticəsində 18 nəfər həlak oldu, 40 nəfər, o cümlədən, Səttar xan yaralandı. Bununla da, inqilabın son səngəri dağıdıldı. Səttar xan və Bağır xana Təbrizə qayıtmağa icazə verilmədi. Bu xəyanət Azərbaycan xalqının dərin hiddətinə səbəb oldu, lakin Cənubi Azərbaycanda yerləşən çar Rusiyasının qoşunları əhalinin fəal çıxışına imkan vermədilər. Çar hökuməti Təbrizə yeni hərbi qüvvələr göndərməklə, dekabrın 28-dək Təbriz fədailərinin müqavimətini qırdılar. Ələ keçən fədailər və Təbriz əncüməni rəhbərlərinə divan tutuldu. İrticaçılar Təbrizə qayıtdılar. Bütün Azərbaycanda terror və irtica hökm sürməyə başladı.
1905-1911-ci illər inqilabının yatırılması nəticəsində çar Rusiyası və İngiltərə tərəfindən İranın, o cümlədən, inqilabda mühüm rol oynamış Cənubi Azərbaycanın əsarət altına alınması və istismarı qüvvətləndi.
İran Məşrutə inqilabı məğlub edildikdən sonra, 1912-ci ilin əvvəllərində imperialistlər 1907-ci il ingilis-rus sazişinin İran hökuməti tərəfindən rəsmən qəbul edilməsinə nail oldular. Sazişə əsasən, İranın Qəsri-Şirin-İsfahan-Yəzd-Zülfüqar xəttindən şimaldakı 790 min kv. km sahəsi Rusiyanın nüfuz dairəsi, İranın Bəndər Abbas-Kirman-Bircənd-Qazik xəttindən cənub-şərqdəki 355 min kv. km hissəsi İngiltərənin, İranın bu xətlər arasındakı ərazisi isə "bitərəf" zona elan edildi. Bundan sonra İran Birinci Dünya müharibəsini doğuran imperialist ziddiyyətlərin düyün nöqtələrindən birinə çevrildi. Müharibə başlayanda İranın rəsmi surətdə öz bitərəfliyini elan etməsinə baxmayaraq, xarici dövlətlər onun bitərəfliyini kobudcasına pozaraq, ərazisində hərbi əməliyyatlara başladılar. Bu əməliyyatlar nəticəsində dəfələrlə işğala məruz qalmış və ən çox zərər çəkmiş əyalətlərdən biri də Azərbaycan idi. Cənubi Azərbaycan 1914-cü il dekabrın axırlarında türk ordusu, 1915-ci il yanvarın 15-də Rusiya qoşunları tərəfindən işğal edilərək, hərb və zorakılıq meydanına çevrildi. Əldə olan məlumata görə, sosial, iqtisadi və maddi çətinliklər qarşısında qalan yerli əhalinin 15 faizi həlak oldu. Bu vəziyyət xalq kütlələrinin böyük narazılığına və tez-tez baş verən həyəcanlarına səbəb olmuşdu. Bu zaman İran Demokrat Partiyasının Təbriz təşkilatı xalq kütlələrinin mübarizəsinə başçılıq edirdi. Demokratların Azərbaycanda nüfuzu artır və onların mütəşəkkil qrupları ayrı-ayrı şəhərlərdə fəaliyyət göstərirdilər. Beləliklə, Cənubi Azərbaycan İranı müharibə meydanına çevirən xarici dövlətlərə və mürtəce şah hökumətinə qarşı mübarizənin ən güclü mərkəzinə çevrildi.
1917-ci ildə Rusiyada baş verən fevral burjua-demokratik inqilabının təsiri ilə İran Demokrat Partiyası (İDP) və onun Azərbaycan əyalət komitəsinin fəaliyyəti xeyli canlandı. Əyalət komitəsi, əsasən, orta və xırda burjuaziya, orta mülkədarlar, ziyalılar və ruhanilərdən ibarət idi. Azərbaycan demokratları ölkədə bir sıra dəyişikliklərin yerinə yetirilməsini, o cümlədən, məclisə seçkilər keçirilməsini, Azərbaycan əyalətinin irticaçı valisi Sərdar Rəşidin işdən götürülməsini, xarici qoşunların İrandan çıxarılmasını tələb edirdilər. İDP-nin Azərbaycan əyalət komitəsi Azərbaycana muxtariyyət almaq uğrunda mübarizəyə çağırırdı. Demokratlar tərəfindən Təbrizdə milli azadlıq ideyalarını təbliğ edən "Azərbaycan himni" yaradılmışdı.
Rusiyada oktyabr hadisələrinin İrana və Cənubi Azərbaycana çox böyük təsiri oldu. Bu hadisələr İranın dövlət müstəqilliyinə və suverenliyinə əhəmiyyətli dərəcədə ziyan vurdu. Belə ki, 1917-ci il dekabrın 15-də Brestdə Rusiya hökuməti, Kayzer Almaniyası və onun müttəfiqləri arasında İrandan xarici qoşunların çıxarılması barədə sülh müqaviləsi imzalanması haqqında danışıqlar başlandı. 1918-ci il yanvarın 5-də rus qoşunlarının İrandan çıxarılması barədə proqram elan edildi. Bununla belə, 1918-ci ilin yayında ingilis hərbi hissələri Cənubi Azərbaycanın Zəncan, Miyane, Urmiya və Xoy şəhərlərinə daxil oldu. Cənubi Azərbaycan ərazisinin çox hissəsi osmanlı Türkiyəsinin qoşunları tərəfindən işğal edildi. ADP belə gərgin vəziyyətdə ingilis və türk qoşunlarına, yerli irtica hökumətinə qarşı mübarizə aparırdı. ADP-nin rəhbərləri, o cümlədən, Xiyabani dinc yolla mübarizə taktikasının lazımi nəticə verməyəcəyini yəqin edərək, silahlı üsyana başladılar.
Vahid ÖMƏROV,
fəlsəfə
üzrə fəlsəfə doktoru
Səs.- 2012.- 3
noyabr.- S.14.