YAP uzun illər Azərbaycanı uğurlu gələcəyə aparmağa və Azərbaycan xalqına sədaqətlə xidmət etməyə, onu xoşbəxt etməyə qadir bir partiyadır
Müsahibimiz YAP Siyasi
Şurasının üzvü, MM-in deputatı Musa Quliyevdir
-
Musa müəllim, Yeni Azərbaycan Partiyasının
yaranmasının 20-ci ildönümü ərəfəsində
istərdik ki, partiyamızın yaranmasını zəruri edən
səbəblər və tarixi şəraitlə bağlı
fikirlərinizi bizimlə bölüşəsiniz.
- Azərbaycanın ən mütəşəkkil partiyası, ümumxalq partiyası olan YAP 1992-ci ilin noyabrın 22-də yaranıb. Partiyanın yaranması tarixi zərurətdən doğan bir hadisəydi. Həmin dövr ölkəmizin ən ağır, ən çətin, taleyüklü bir dövrüydü. 1988-89-cu illərdə başlanan Dağlıq Qarabağ məsələsi, ardından Sovet İttifaqının dağılması ölkədə müəyyən qarışıqlığın yaranmasına səbəb olmuşdu. Bundan başqa müstəqillik əldə olunan ilk illərdə ölkədə siyasi hakimiyyətsizlik hökm sürürdü. İstər Mütəllibov, istərsə də AXC-Müsavat cütlüyünün səriştəsizliyi, hakimiyyət davası Dağlıq Qarabağın ermənilər tərəfindən işğalına, ardından Qarabağ ətrafında olan rayonların da işğal olunmasına yol açdı. İşğal nəticəsində vətəndaşlarımızın öz dədə-baba yurdunu tərk edərək paytaxta, ölkənin digər bölgələrinə üz tutması, insan itkiləri, ölkənin iqtisadi cəhətdən tamamilə çökməsi, sosial siyasətin işləməməsi, əhalinin güzəranının gündən-günə pisləşməsi, sabaha inamın itməsi, ölkə daxilində ayrı-ayrı şəxslərə qulluq edən silahlı qruplaşmaların yaranması, ictimai asayişin pozulması, sabitliyin olmaması ölkə vətəndaşlarını bir qüvvə, bir xilaskar ətrafında birləşməyə sövq etdi. Azərbaycan xalqı birmənalı olaraq öz xilasını Ümummilli lider Heydər Əliyevdə, Onun hakimiyyətə qayıdışında və respublikaya rəhbərliyində görürdü. Çünki istər 1969-cu ildə Azərbaycanda rəhbər vəzifəyə seçildikdən, istərsə də SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə Ulu öndərin ölkəmizin inkişafı üçün etdiyi işlər xalqın yaddaşındaydı və xalqımız yeni yaranan müstəqil dövləti bu keşməkeşlərdən, çətinlikldərdən məhz müdrik siyasətçinin, böyük ictimai-siyasi xadimin xilas edəcəyinə inanırdı. Düzdür, Ulu öndər Heydər Əliyev Sov.İKP-nin Siyasi Bürosundan çıxdıqdan sonra hər hansı bir vəzifə tutmaq istəmədiyini dəfələrlə bəyan etmişdi, lakin həmin zamanlarda Naxçıvanın blokadaya alınması, orada vəziyyətin gündən-günə pisləşməsi və Naxçıvan əhalisinin birmənalı şəkildə Ulu öndər Heydər Əliyevi Muxtar Respublikanın rəhbərliyinə gəlməsini tələb etməsi Ümumilli liderimizi Azərbaycana qayıtmağa və Naxçıvan MR-in Ali Məclisinə rəhbərlik etməyə sövq etmişdi. Məhz Ulu öndər Heydər Əliyevin dərin siyasi dühası, apardığı siyasət Naxçıvanın qorunmasına, yaşamasına səbəb oldu. Həmin zamanlarda proseslər olduqca dinamik inkişafa malik idi və demək olar ki, proseslərin istiqaməti gündəlik dəyişirdi. Bu mənada Azərbaycanda, paytaxt Bakıda sözün əsl mənasınjda hərc-mərclik, hakimiyyətsizlik yaranmışdı. Ayrı-ayrı fərdlərə qulluq göstərən silahlı qruplaşmalar istədikləri vaxt Qarabağdan geri çəkilirdi və bu da torpaqlarımızın işğalına yol açırdı. Belə bir zamanda ölkə əhalisi, xüsusilə 91-lər Ulu öndər Heydər Əliyevə müraciət etdilər və Heydər Əliyev Yeni Azərbaycan Partiyasının rəhbəri oldu. YAP yeni zamanın sivil mübarizə üsullarına əsaslanan xalqın parityası idi. Partiyanın proqramında və nizamnaməsində də qeyd olunur ki, YAP hakimiyyətə yalnız sivil seçkilər, xalqın iradəsi əsasında gəlməyi qarşısına məqsəd qoyur. YAP Ümummilli liderimizin siyasi iradəsi əsasında yaranan bir siyasi partiya olmaqla yanaşı, Azərbaycanın sabahını, xilasını, uzun illər müstəqllik arzularını yaşadan və bu müstəqilliyi qoruyub-yaşatmaq istəyində, arzusunda olan insanların əzmkarlığından yaranmışdı. Bu gün özünə yalandan «demokrat» adı qoyan, həmin dövrdə iqtidarda olan AXC-Müsavat cütlüyü yeni yaranan bir partiyanı nəinki qeydiyyata almadı, hətta təsis konfransının keçirilməsinə belə imkan yaratmadı. Belə olan halda partiyanın təsis konfransında iştirak edəcək nümayəndələr Naxçıvana getdilər və Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda YAP-ın təsis konfransı keçirildi. Artıq təsis konfransından bir gün sonra bu barədə xəbərlər yayıldıqda ölkənin dörd bir yanından bu ideyanı dəstəkləmək, bu partiyaya üzv olmaq, ideyalarını yaymaq üçün insanlar axışıb gəlirdilər. Həmin insanlar partyanın təsis konfransında iştirak edən ziyalılara, Ulu öndər Heydər Əliyevə müraciətlər edir, mətbuat, xüsusilə də «Səs» qəzeti vasitəsilə bu parityanın genişlənməsi yönündə işlər görürdülər. Qısa müddət ərzində partiyada təşkilatlanma işləri başlandı, baxmayaraq ki, bu işlər olduqca çətin, təhlükəli bir şəraitdə gedirdi. Çünki həmin dövrün iqtidarı belə bir partiyanın yaranmasının əleyhinə idi. Həmin dövrdə insanların bir yerə toplaşmasına, hər hansı bir etirazı səsləndirməsinə belə imkan verilmirdi. Bu bir yaşanmış tarixdir və deyilməlidir. Amma bütün çətinliklərə baxmayaraq partiya güclü təşkilatlanma yolu keçdi və 1993-cü ilin iyununda ölkəmiz məlum təhlükə qarşısında qaldı, dağılmaq ərəfəsinə yetişdi. Həmin vaxt xalqın bütün təbəqələrindən olan insanların təkidi və tələbi ilə, dövlət başçısı Əbülfəz Elçibəyin xahişi ilə Ulu öndər Heydər Əliyev Bakıya gəldi. Daha sonra Ulu öndərimz Gəncəyə getdi, qardaş qırğının qarşısı alındı, vətəndaş müharibəsi dayandırıldı. Beləliklə də, iyunun 15-i tariximizə Qurtuluş Günü kimi yazıldı. Sonrakı dövrdə artıq addım-addım dövlətimizin quruculq prosesi başlandı. Bundan sonrakı dövrdə artıq insanlarımız kütləvi şəkildə partiyamıza gəlirdi və partiyamız günü-gündən güclənirdi.
- Yeni Azərbaycan Partiyası təsis olunduqdan bir neçə ay sonra hakimiyətə gəldi. Qısa bir zamanda YAP-ın hakimiyyətə gəlişini necə dəyərləndirirsiniz, bu nə ilə əlaqədar idi?
- Ulu öndər Heydər Əliyev 1993-cü ildə məhz xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bunu Ümumilli liderimiz partiyamızın qurultaylarında da dəfələrlə bildirmişdi. Yəni, ilk olaraq partiyamızın Sədri xalqımız tərəfindən hakimiyyətə gətirildi və sonradan YAP iqtidar partiyasına çevrildi. Ulu öndər Heydər Əliyev hər zaman ölkədə vətəndaş həmrəyliyinin bərqərar olması istiqamətində fəaliyyət göstərib. Amma o dövrdə hakimiyyətdə təmsil olunan bəziləri vardı ki, öz fəaliyyətini «dondurduğunu» elan edir və başqa yollara əl atmağa cəhd göstərirdi. Dünya praktikasında bu cür analogiyalar mövcud deyil. Nazir və ya başqa dövlət məmuru ya öz işində fəaliyyət göstərər, ya da istefa verib gedər. Bu cür cəhdlər isə həmin vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyündə təmsil olunan komandanın siyasi savadsızlığı ilə yanaşı, siyasi mədəniyyətə malik olmamasının göstəricisi idi. 1993-cü ilin oktyabr ayında Ulu öndərimiz, YAP-ın Sədri Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və dövlətimiz yenidən inkişaf yoluna qədəm qoydu. Sonrakı quruculuq dövründə, dövlətimizin inkişafında təbii ki, YAP-ın da özünəməxsus şəkildə fəaliyyəti var və bu fəaliyyət hər zaman dövlətimizin güclənməsinə, milli maraqlarımızın qorunmasına xidmət edib. Elə bu səbəblər də sonrakı dövrdə xalqımızın partiyamıza inamının daha da möhkəmlənməsinə, keçirilən seçkilərdə parityamızın üzvlərinə göstərilən etimadlarda özünü doğrultdu. YAP öz siyasətini hər zaman Azərbaycan dövlətçiliyinin inkişafına, milli mənafeyimizin müdafiəsinə yönəldib. Bu qarşılıqlı etimad YAP-ın ildən-ilə böyüməsinə, güclənməsinə imkan verdi.
- Partiyamızın qarşısına qoyduğu məqsədlər var və bunlardan biri də sosial sahə ilə bağlı məqsədlərdir. Siz, həm Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini və YAP Siyasi Şurasının üzvü kimi partiyanın apardığı sosial siyasəti xəttini necə dəyərləndirirsiniz?
- Partiyamızın əsas məqsədlərindən biri Azərbaycanda sosial dövlətin qurulmasıdır. Yəni, sosial ədalətin bərqərar olması, sosial bərabərlik üçün şərait yaradılması, Azərbaycanın bütün təbəqələrindən olan insanların ölkənin maddi nemətlərindən istifadə etmək və ona sahib olmaq imkanının yaradılması partiyanın əsas məqsədlərindən biridir. Bu amil həm Ulu öndərimizin Prezidentliyi dövründə səslənən çağırışlarda, Fərman və sərəncamlarda, qəbul olunan qanunlarda, həm də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qəbul olunan Fərman və sərəncamlarda, edilən çıxışlarda öz əksini tapır. Möhtərəm Prezidentimizin bütün çıxışlarında bu ideya öz əksini tapır ki, Azərbaycanın iqtisadi yüksəlişi Azərbaycan xalqının sosial rifah halının yaxşılaşdırılmasına xidmət etməsi üçündür. Bizim bütün fəaliyyətimiz bu istiqamətdə köklənib ki, Azərbaycan xalqı xoşbəxt, sosial rifah içində yaşasın, ölkəmizdə yoxsul insanlar olmasın və Azərbaycan insanı dünyanın ən qabaqcıl ölkələrinin insanları səviyyəsində yaşasın. Bu istiqamətdə kifayət qədər işlər görülüb. Tək bir faktı qeyd etmək lazımdır ki, əgər 2001-ci ildə Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faiz idisə, bu gün həmin göstərici 7 faizə enib. 11 il ərzində yoxsulluq səviyyəsinin 42 faiz aşağı düşməsi faktı lkəmizdən savayı dünyanın heç bir ölkəsində qeydə alınmayıb. Azərbaycanın büdcəsi bu gün artıq 30 milyard dollara yaxınlaşır. Bu o deməkdir ki, Azərbaycanın rifah halı geridə qalan illərdən 100 dəfə yüksəlib. Pensiyaların, müavinətlərin, əmək haqqlarının ilbəil artması və xalqın güzəranın göz qabağında yaxşılaşması Yeni Azərbaycan Partiyasının öz nizamnamə və proqramında qarşıya qoyduğu niyyətlərin həyata keçməsinin əyani sübutudur. Biz iqtidar partiyası olaraq əldə edilən bu nailiyyətlərlə də kifayətlənmək fikrində deyilik. Partiyamızın Sədri, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin ölkəmizin 2020-ci ilə qədərki strateji inkişafı konsepsiyası ilə bağlı ötən il Sərəncamı olub. Bu konsepsiyaya görə, Azərbaycan qarşısına məqsəd qoyub ki, 2023-cü ildə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasına çıxmalıdır. Onu da deyim ki, 1949-cü ildə dünyanın 13 inkişaf etmiş dövləti elan olunubdur və ötən müddət ərzində bu sıraya 14-cü dövlət əlavə oluna bilməyib. Bu standarta çatmağa ən iddialı dövlət bu gün Azərbaycan dövlətidir. Biz öz məqsədimizə çatacağıq.
- Artıq Yeni Azərbaycan Partiyası öz sıralarında 600 minə yaxın üzvü birləşdirən böyük bir siyasi təşkilata çevrilib və istərdik ki, partiyanın bugünki fəaliyyəti, qarşıya qoyulan məqsədlərlə bağlı fikirlərinizi bilək.
- Qeyd etmək vacibdir ki, YAP
dünyanın əksər ölkələrinin tarixində az-az rast gəlinən bir uğura imza atıb. Partiyamız
yarandığı dövrdən sonra
keçirilən heç bir
seçkini uduzmayıb. İstər prezident, istər parlament,
istərsə də bələdiyyə seçkilərində
YAP hər zaman Azərbaycan xalqının
yüksək səviyyədə etimad
göstərdiyi bir siyasi
qüvvə olduğunu sübut
edib. Bu o deməkdir ki, YAP
xalqın böyük hissəsinin dəstəyini
qazanan, onun
inamını öz siyasətində ifadə
edən və 20 ilə qədər hakimiyyətdə olduğu dövrdə bu
inamı qoruyub saxlamaq
qüdrətində olan bir
partiyadır. Bu, hər partiyaya
nəsib olan uğur deyil. Digər bir tərəfdən,
partiyamızın bu gün
600 minə qədər üzvü var ki, bu
da böyük bir göstəricidir. Mən deyərdim ki, Azərbaycanda fəaliyyət göstərən
digər yerdə qalan partiyaların ümumi elektoratının sayı YAP-ın 10
faizi qədər olar,
ya olmaz. Bu bizim partiyamızın möhtəşəmliyinin
və mütəşəkilliyinin göstəricisidir. İldən
ilə həm kəmiyyət, həm də keyfiyyət
etibarı ilə üzvlərimizin sayının artması
partiyamızın fəaliyyətinə yüksək stimul verir. 90-cı illərin
əvvəlində müraciət edən hər bir kəsi partiyaya qəbul
edirdiksə, bu gün
partiyamız üçün, dövlətimiz
üçün sədaqəti ilə
yanaşı peşəkarlığını da nümayiş etdirən
və dəfələrlə bunu sübut edən insanlar seçilir, partiyaya üzv qəbul olunur.
Partiyanın idarəçiliyi demokratik
prinsiplər əsasında tənzimlənir. Bundan
başqa rayon təşkilatları
ilə ilk ərazi təşkilatları
arasında səmimi, nizamnamə və proqramlara
əsaslanan münasibətlər mövcuddur
ki, bu da
partiyanın fəaliyyətinin səmərəliliyini
artırır. Bütün bunlar göstərir ki, YAP
artıq yetkin bir
partiyadır. Partiyamızın beynəlxalq əlaqələrinin
ildən-ilə genişlənməsi, istər Asiyada,
istərsə də Avropada aparıcı,
tarixi ənənələri olan partiyalarla yaxın
münasibətlərin qurulması, əməkdaşlıq
edilməsi özü böyük
uğurdur. Yaxın günlərdə
partiyamızın ev sahibliyi
ilə böyük bir
beynəlxalq konfrans keçiriləcək.
Bütün bunlar
YAP-ın beynəlxalq nüfuzunun ildən
ilə artmasından xəbər verir.
Artıq YAP-ın ənənələrinin və iş metodunun başqa ölkələrin partiyaları tərəfindən
öyrənilməsi də bizi sevindirən
hallardır. Partiyanın proqramında, nizamnaməsində nəzərdə
tutulan prinsiplər bütünlüklə
həyatda öz təsdiqini
tapıbdır. Düşünürəm ki,
YAP uzun illər Azərbaycanı uğurlu gələcəyə aparmağa və Azərbaycan xalqına sədaqətlə
xidmət etməyə, onu xoşbəxt
etməyə qadir bir
partiyadır.
yap.org.az
Səs.- 2012.- 3 noyabr.- S.6.