Yeni Azərbaycan Partiyası
qurtuluş və tərəqqinin simvoluna çevrilmişdir
Yeni Azərbaycan Partiyası ötən əsrin
80-ci illərinin sonu 90-cı illərin əvvəllərində
ölkəmizdə meydana çıxan mürəkkəb
situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz
tələbindən irəli gələrək, Azərbaycan
xalqının arzu və istəklərinin ifadəçisi
kimi yaranan partiyadır. Belə bir siyasi təşkilatın
yaranmasını şərtləndirən tarixi zərurət
1990-cı illərin əvvəllərində ölkəmizin
düşdüyü mürəkkəb vəziyyətdən
onu xilas etmək kimi misilsiz tarixi vəzifənin yerinə
yetirilməsi arzusu və istəyi ilə əlaqədar idi.
Məlum olduğu kimi, 1991-ci il
oktyabrın 18-də Azərbaycan müstəqillik haqda
Konstitusiya Aktını qəbul etsə də, sonrakı illərdə
respublikada bütün istiqamətlərdə dərin xaos və
böhran yaranmışdı. 1988-ci ildən başlanan
iqtisadi, siyasi, xüsusilə dövlət hakimiyyəti
böhranı, həmin illərdə rəhbərliyə gətirilən
səriştəsiz, müxtəlif xarici maraq
qruplarının təlimatlarını icra edən siyasi
qrupların gündən-günə güclənən erməni
təcavüzünün qarşısını almaq, ordu
yaratmaq, xalqı səfərbər etmək, vətənin təhlükəsizliyini
və əhalinin rifahını təmin etmək əvəzinə
öz hakimiyyətlərini qorumaq istiqamətində hətta vətəndaş
qarşıdurmasına belə rəvac vermələri onsuz da
mürəkkəb olan vəziyyəti daha da gərginləşdirmişdi.
Məhz belə bir ağır şəraitdə Azərbaycanı
gözləyən mümkün təhlükələrin
qarşısını almaq məqsədilə xalqın
sağlam qüvvələrinin, geniş təbəqələrinin
böyük tarixi şəxsiyyət Heydər Əliyevə
müraciəti, oktyabrın 24-də isə ziyalıların
müraciətinə cavab məktubunda Ulu öndər Heydər
Əliyevin yaranmış vəziyyəti dərindən təhlil
etməsi və çıxış yolunu göstərməsi
noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan
Partiyasının təsis edilməsi zərurətini
reallaşdırdı. Yarandığı gündən Yeni Azərbaycan
Partiyasının Ümummilli lider Heydər Əliyev tərəfindən
müəyyənləşdirilən və uğurla tətbiq
edilən əsas proqram məramı Azərbaycanın dövlət
müstəqilliyinin qorunub möhkəmləndirilməsindən,
ərazi bütövlüyünün təmin edilməsindən,
demokratik, hüquqi, dünyəvi dövlət qurulmasından,
əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik,
güclü və sosial yönümlü iqtisadiyyat yaratmaqdan
ibarət olmuş və ötən 20 ildə öz proqram məqsədlərinə,
yəni müstəqillik dövlətçilik prinsipi,
qanunçuluq prinsipi, azərbaycançılıq, vətənçilik
prinsipi, varislik, yaradıcı təkamül prinsipi, konstruktiv əməkdaşlıq,
vətəndaş həmrəyliyi prinsipi, sosial ədalət
prinsiplərinə və s. sadiq fəaliyyət göstərmişdir.
Ona görə də bu gün Azərbaycanın müstəqil
dövlət olaraq inkişaf mərhələlərini təhlil
edərkən tam məsuliyyətlə qeyd edirik ki, YAP-ın həyata
keçirdiyi tədbirlər, qəbul etdiyi tarixi qərarlar
ölkəmizin gələcək inkişaf perspektivlərinin
müəyyənləşdirilməsi və Azərbaycan
Respublikasının bu günki inkişaf səviyyəsinə
çatması baxımından mühüm rol
oynamışdır. Yeni Azərbaycan Partiyasının Sədri,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
aşağıdakı sözləri də YAP-ın müstəqil
Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində
və inkişafında həyata keçirdiyi mütərəqqi
fəaliyyətə verilən ən yüksək qiymətdir:
«Biz azadıq, biz müstəqilik, biz güclü Azərbaycan
yaradırıq, güclü dövlət qururuq. Mən bu
dövlət quruculuğunda Yeni Azərbaycan Partiyasının
rolunu çox yüksək qiymətləndirirəm».
Beləliklə, 1993-cü ildən
keçən 20 il müddətində Azərbaycan xalqı
iqtisadi böhrandan, hərbi-siyasi qarşıdurmadan, sosial tənəzzüldən,
mədəni iflasdan və nəhayət mənəvi
aşınmadan xilas oldu.
Məlumdur ki, Azərbaycanda aqrar sahə
iqtisadiyyatın mühüm bir hissəsini təşkil edir və
bu sahənin də inkişafının əsası
aparılacaq torpaq islahatlarının nəticələrindən
asılı idi.
Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü
və rəhbərliyi ilə ümumxalq müzakirələrindən
sonra torpaq islahatı proqramı hazırlandı və bu
proqram əsasında torpaq islahatlarının həyata
keçirilməsini təmin edən hüquqi baza
yaradıldı.
«Torpaq islahatı haqqında» Azərbaycan
Respublikasının 16 iyul 1996-cı il tarixli Qanunu, «Dövlət
torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu
haqqında» Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il
tarixli Qanunu, «Torpaq icarəsi haqqında» Azərbaycan
Respublikasının 12 mart 1999-cu il tarixli Qanunu, Azərbaycan
Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq
edilmiş «Azərbaycan Respublikası Torpaq Məcəlləsi»,
«Torpaq bazarı haqqında» Azərbaycan Respublikasının 7
may 1999-cu il tarixli Qanunu da daxil olmaqla qəbul edilmiş 52-dən
çox fərman, qanun və digər hüquqi normativ aktlar
respublikamızda torpaq islahatlarını həyata keçirməyə
əsaslı zəmin yaratdı. Beləliklə, Heydər Əliyev
Naxçıvan MR-a rəhbərlik etdiyi dövrdə Culfa
rayonunun Şurut və Gal kəndlərində bünövrəsini
qoyduğu torpaq islahatları bütün ölkəyə tətbiq
edilməyə başlandı. «Aqrar islahatların həyata
keçirilməsini təmin edən bəzi normativ-hüquqi
aktların təsdiq edilməsi barədə» Azərbaycan
Republikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanından
sonra islahatların sürətlə həyata keçirilməsi
prosesi başladı.
Respublikanın kənd təsərrüfatının
inkişafında mühüm nailiyyətlər əldə
edilməsinə səbəb olan bu islahatları digər
dövlətlərdə həyata keçirilən analoji islahatlardan
bu siyasətin müəllifi və icraçısı Heydər
Əliyevin müəyyənləşdirdiyi 4 mühüm
prinsip fərqləndirirdi.
Birincisi, Azərbaycanda torpaqlar məhz
onun təşəbbüsü ilə vətəndaşlara
pulsuz olaraq əvəzsiz verildi. Nəticədə 3 milyon 500
minə qədər insan torpaq mülkiyyətçisinə
çevrildi. Bu isə yeni, güclü mülkiyyətçilər
sinfi yaratmaqla, yeni torpaq əkinçi münasibətləri
formalaşdıraraq, torpaqdan səmərəli və məhsuldar
istifadəetməni şərtləndirdi, torpağa
qayğı və doğma münasibəti zəruri etdi.
İkincisi, torpaqların
ən yararlısı və keyfiyyətlisi özəlləşdirildi.
Başqa sözlə, MDB məkanının digər ölkələrindən
fərqli olaraq vətəndaşa yararsız və ya az
yararlı torpaqlar deyil, keçmiş kolxoz və
sovxozların ən yararlı və münbit torpaqları
verdi. Eyni zamanda Azərbaycan Respublikasının fiziki və
hüquqi şəxslərinə öz mülkiyyətlərindəki
torpaq sahələri üzərində müstəsna
hüquqlar, alqı-satqı, bağışlama, icarəyə
və ya istifadəyə vermə, vərəsəlik, girov
qoyma və s. kimi hüquqlar verdi ki, bu da Azərbaycanda torpaq
islahatlarının keçmiş SSRİ-nin digər
respublikalarında olduğu kimi formal deyil, əsaslı zəmində
və fundamental şəkildə həyata keçirildiyini
sübut etdi.
Üçüncüsü,
respublikamızın ərazisində yaşayan bütün vətəndaşlara
harada yaşamasından və kimliyindən asılı olmayaraq
torpaqlardan istifadə və icarə hüququ verildi, eyni zamanda
Azərbaycanın hər bir vətəndaşı torpaq
alqı-satqısı prosesində, torpaqla bağlı müxtəlif
müqavilə və əqdlərin bağlanmasında
iştirak etmək hüququ əldə etdi. Başqa sözlə,
torpaq əmlakçısına çevrilmiş 3 milyon
beş yüz min nəfər subyektdən başqa respublika əhalisinin
yerdə qalan hissəsi də torpaq - vətəndaş
münasibətlərindən kənarlaşdırılmadı.
Yəni, hər bir Azərbaycan vətəndaşı
respublikamızda formalaşan torpaqla bağlı yeni mülkiyyət
münasibətlərində birbaşa iştirakçı
olmaq hüququ qazandı.
Dördüncüsü,
xüsusilə qeyd etmək lazımdır ki, məhz
ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycanda Azərbaycan vətəndaşı
olmayan fiziki və hüquqi şəxslərə torpağa
mülkiyyətçilik hüququ verilməmişdir ki, bu da nəinki
mühüm iqtisadi, həmçinin ciddi siyasi əhəmiyyət
daşıyır. Məhz ölkənin aqrar-iqtisadi siyasətinin
müəllifi, böyük dövlət adamı Heydər Əliyevin
sosial-ədalət prinsipinə söykənən yuxardakı
tezisləri əsasında formalaşdırılan və
1993-2003-cü illərdə onun Fərman və Sərəncamları
ilə qanuniləşdirilən, düzgün icra mexanizimləri
ilə həyata keçirilən aqrar siyasətin nəticəsi
Azərbaycanda aqrar sahənin günü-gündən
inkişafına səbəb oldu.
Qeyd etmək
lazımdır ki, qəbul edilən kifayət qədər
mükəmməl qanunların sayəsində bu gün
dövlət mülkiyyətində saxlanılan və bələdiyyə
mülkiyyətinə verilən torpaqlar da son nəticədə
Azərbaycan vətəndaşlarının rifahı naminə
istifadə edilir. Belə ki, bələdiyyə mülkiyyətinə
verilən torpaqlar alqı-satqı, istifadə, icarə və
s. qaydalarda, dövlət mülkiyyətində olan torpaqlar da
yenə icarə və istifadə qaydasında əhalinin xidmətinə
verilir. Nəticə etibarıilə bütün qanunlar
ölkədə aqrar sahənin inkişafına hüquqi əsas
yaratmaqla xalqın maddi rifahının
yaxşılaşdırılmasına zəmin yaratmış
oldu.
Heydər Əliyevin
aqrar siyasəti olaraq həyata keçirilən və
hazırda möhtərəm prezident, Yeni Azərbaycan
Partiyasının sədri cənab İlham Əliyev tərəfindən
davam etdirilən torpaq islahatlarının növbəti mərhələləri
böyük dinamizimlə bu gün daha da dərinləşməkdədir.
Xalqımızın
mütləq əksəriyyətinin səs çoxluğu ilə
2003-cü il Prezident seçkilərində Dövlət
başçısı seçilən möhtərəm
Prezidentimiz, cənab İlham Əliyev tərəfindən
imzalanmış 24 noyabr 2003-cü il tarixli «Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi
tədbirləri haqqında» fərman aqrar sahənin
inkişafına da böyük təkan vermiş, bu bölmədə
çalışan insanlara əlverişli şəraitin
yaradılmasına səbəb olmuşdur.
Bu prinsipial
yanaşmanın və ardıcıl siyasətin nəticəsində
hazırda torpaq islahatlarının birinci mərhələsi
başa çatdırılıb və digər mərhələləri
ilə bağlı Komitə tərəfindən təxirəsalınmaz
tədbirlər həyata keçirilməkdədir.
Torpaq
islahatlarının başa çatdırılmış
birinci mərhələsində respublikamızda mövcud
olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv
edilərək, onların əkinə yararlı münbit
torpaqları əhaliyə paylanılmışdır. Hər
bir subyektə verilən torpaq onlara mülkiyyət hüququnu
təsdiq edən hüquqi sənəd, Dövlət
aktları ilə rəsmiləşdirilərək, naturada
sahiblərinə tanıdılıb. Bu mərhələdə
işğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə
torpaq payı almaq hüququ olan 873 618 ailədən 869 268-nə
torpaq payı verilib. Bu isə 3 442 778 subyekt deməkdir. Ölkəmizdə
torpaq islahatı 99,5% yerinə yetirilib. Torpaq islahatları nəticəsində
torpaq üzərində üç mülkiyyət forması
müəyyənləşib. Azərbaycanın vahid torpaq
fondunu təşkil edən 8 641 506 hektar torpaq sahəsindən
4 913 639 hektarı, başqa sözlə 56,9%-i dövlət
mülkiyyətində saxlanılıb; 2 032 744 hektarı, yəni
23,5%-i bələdiyyə mülkiyyətinə verilib, 1 695 123
hektarı, yəni 19,6%-i isə xüsusi mülkiyyətə
ayrılıb.
Vətəndaşların
qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə
verilməsi ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi tərəfindən respublika üzrə mövcud
4551 kənd və qəsəbənin 3255-də həyət¬yanılar
altında olan torpaq sahələrində aparılan
çöl ölçmə işləri artıq
tamamlanmışdır. 3090 kənd üzrə 907906 ailəyə
isə qanuni istifadəsində olan həyətyanı sahələri
ilə bağlı müvafiq texniki sənəd işlənib
təqdim edilmişdir.
Respublika ictimaiyyətinin
tələbatını ödəmək məqsədilə
xüsusi məzmunlu xəritələrdən – 1:600 000
miqyaslı «Azərbaycanın tarixi və mədəniyyət
abidələri» xəritəsi, ümumcoğrafi xəritələrdən
– 1:500000 miqyaslı «Azərbaycan Respublikasının
Ümumcoğrafi» xəritəsi və 1:50 000 000 miqyaslı
Dünyanın fiziki xəritəsi
hazırlanmışdır.
İctimai-iqtisadi
xəritələrdən – 1:10 000 miqyaslı 4 vərəqli
Bakı şəhərinin inzibati planı, 1:300 000 miqyaslı
4 vərəqli Azərbaycan Respublikasının siyasi-inzibati xəritəsi,
Azərbaycan Səfəvilər dövləti (XVI) tarixi xəritəsi
tərtib edilərək nəşr edilmişdir. 40 səhifədən,
36 xəritədən ibarət olan IX siniflər
üçün «Dünyanın iqtisadi və sosial
coğrafiyası Atlası» tədris materialları əsasında
tərtib edilərək nəşr edilmiş,
hazırlanmasına 2002-ci ildən başlanılan müxtəlif
növ Atlaslar toplusunun yeni nəşr nümunəsi əlavə
edilmişdir. Azərbaycan ensiklopediyası üçün 17 ədəd
müxtəlif məzmunda xəritələr tərtib edilərək,
Ensiklopediya Mərkəzinə təhvil verilmişdir.
«Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008-ci illər)» üzrə tədbirlərin
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin
funksiyasına aid hissəsinə uyğun olaraq, Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən
görüləcək işlərin planı
hazırlanmış və həmin iş planına əsasən
Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyi, Regionların Sosial-İqtisadi İnkişafı
Dövlət Proqramı katibliyinə təqdim edilmişdir.
Komitə tərəfindən bu Proqramla bağlı
görülən, torpaqların məhsuldarlığının
artırılması, onların eroziyasının və
şoranlaşmasının qarşısının
alınması, torpaq kadastrının yaradılması, torpaq
sahələri üzərində mülkiyyət
hüquqlarının rəsmiləşdirilməsi
prosedurlarının sadələşdirilməsi işləri
ilə yanaşı, Komitənin yerli struktur vahidlərində
yeni iş yerləri açılmışdır ki, bu da
öz növbəsində yerli mütəxəssislərin
işsizlik problemlərinin aradan qaldırılmasına xidmət
etməklə bərabər, eləcə də vətəndaşların
torpaqla bağlı torpaqayırma işlərinin Komitənin
yerli strukturları vasitəsilə operativ baxılıb həll
edilməsinə şərait yaratmışdır.
Sadalanan faktlardan
göründüyü kimi bu gün Respublikamızın
ictimai, siyasi, iqtisadi, mədəni, ideoloji və s. həyatının
bütün istiqamətlərində olduğu kimi aqrar sektorda
da ulu öndərimiz Heydər Əliyevin siyasi kursu uğurla
davam etdirilməkdədir. Məhz bu cür uğurlu
Proqramın həyata keçirilməsinin və onun icrası
ilə bağlı görülən işlərə tələbkarlıqla
yanaşmanın nəticəsidir ki, respublikamızın
iqtisadi və sosial həyatında dünyada analoqu olmayan
nailiyyətlər əldə edilmişdir.
Bakı-Tbilisi-Ceyhan
neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
fəaliyyətə başlaması imkan verir ki, Azərbaycan
uzunmüddətli dayanıqlı iqtisadi potensialını, həm
də enerji təhlükəsizliyini möhkəmləndirsin.
Qeyd etdiklərimiz
YAP-ın sədri, ölkə prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən, xalq tərəfindən
dəstəklənən geniş miqyaslı proqramların,
iqtisadi-sosial siyasətin uğurla reallaşmasının məntiqi
nəticəsidir ki, bu gün Azərbaycan dünyada ən
sürətlə inkişaf edən yüksək iqtisadi
göstəriciləri ilə fərqlənən ölkələrdən
biridir. Və bu nəticə etibarilə ölkəmizin həm
iqtisadi sahədə, həm də siyasi sahədə
inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə,
respublikamızın demokratik imicinin formalaşmasına gətirib
çıxarır.
Faktlardan
göründüyü kimi, respublikamız cənab Prezident
İlham Əliyevin rəhbərliyi altında sosial-iqtisadi, mədəni-mənəvi,
siyasi-ideoloji və elmi müstəvidə özünün tərəqqi
dövrünü yaşayır. Əldə edilən nailiyyətlərə
isə hər ötən gün daha yeniləri əlavə
olunur. Əminliklə deyə bilərik ki, bu uğurlar Azərbaycan
dövlətçilik tarixinin ən parlaq səhifələri
kimi ümummilli tərəqqimizdə özünəməxsus
yer tutmaqdadır.
Möhtərəm
prezidentimiz İlham Əliyevin uğurlu idarəetmə qabiliyyəti
onun qarşıdakı illər üçün siyasi qələbəsini
şərtləndirir. İqtisadiyyatda müşahidə olunan
dinamizm yeni mərhələ - 2008-2013-cü illər
üçün iqtisadi islahatların bütün komponentləri
ilə məzmun baxımından tamamilə yeni xarakter
almasında əlverişli zəmin yaradır. Cənab
prezidentimiz İlham Əliyev Yeni Azərbaycan
Partiyasının IV qurultayında demişdir: «Mən Azərbaycanı
ən inkişaf etmiş ölkə kimi görmək istəyirəm
və buna nail olmaq üçün bizim hər cür
imkanlarımız var. Xalqın iradəsi var, sabitlik var, cəmiyyət
və iqtidar arasında birlik var. Mən Azərbaycanın gələcəyinə
nikbinliklə baxıram və Azərbaycanın çox parlaq
gələcəyinə əminəm».
Cənab
İlham Əliyevin 2003-cü il prezident seçkilərində
verdiyi vədi əzmlə yerinə yetirdiyi tarixi bir
sübutdur. Azərbaycan xalqı yaxşı bilir ki, hörmətli
prezidentimiz İlham Əliyev 2003-cü ildə prezident
seçkiləri ərəfəsində vəd verdiyi
bütün məsələləri uğurla yerinə yetirməyi
bacardı.
YAP-ın IV
qurultayında cənab İlham Əliyev qürurla qeyd etdi ki,
2003-cü ildə prezident seçkiləri ərəfəsində
mən demişdim ki, ölkədə 600 min iş yeri
açılacaq. Çoxları təəccüblənirdi
ki, 5 il ərzində bunu etmək necə mümkün olacaq.
Biz isə buna nail olduq. Mən demişdim ki, 5 ildən sonra
ölkəmizdə bir dənə də çadır
düşərgəsi qalmayacaqdır. Həmin düşərgələrdə
isə 10 minlərlə insan yaşayırdı. On iki
çadır düşərgəsindən
axırıncısı bu il ləğv edildi. Biz ölkəmizin
enerji təhlükəsizliyi məsələsini tam həll
etmişik və artıq başqa ölkələrində
enerji təhlükəsizliyini təmin edirik.
Bəli, bu inam
Heydər Əliyev zəkasından doğan günəşin
ölməz işığı olan Yeni Azərbaycan
Partiyasının proqramından güc aldığından cənab
İlham Əliyevin rəhbərliyi altında Regional
İnkişaf Proqramı bölgələrdə ən iri
layihələrin həyata keçirilməsi üçün
mükəmməl sənəd kimi iqtisadi siyasətin məzmununa
yeni çalarlar əlavə etdi.
Bu işdə
Heydər Əliyev Fondunun Prezidenti, hörmətli millət vəkilimiz,
UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
ölkəmizin birinci xanımı hörmətli Mehriban
xanım Əliyevanın müstəsna xidmətləri
göz önündədir.
Heydər Əliyev
Fondu yarandığı gündən həm ölkəmizdə,
həm də beynəlxalq aləmdə xüsusi rəğbət
qazanmışdır. Heydər Əliyev Fondunun fəaliyyəti
cəmiyyətin bütün əhəmiyyətli sahələrini
əhatə edir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”
proqramı son illər ölkəmizdə
reallaşdırılan ən uğurlu layihələrdən
olmuşdur. Bu Proqram çərçivəsində ölkəmizin
müxtəlif bölgələrində onlarla yeni məktəblər
tikilmiş, yüzlərlə məktəblər əsaslı
şəkildə təmir edilmişdir. Bundan başqa, “Təhsilə
dəstək” layihəsi, “Uşaq evləri və internat məktəblərinin
inkişafı” proqramları da öz növbəsində Azərbaycanda
təhsilin inkişafını sözün əsl mənasında
ictimai hərəkata çevirmişdir. Heydər Əliyev
Fondunun təhsilin inkişafı sahəsində
gördüyü işlər tək ölkəmizlə məhdudlaşmır.
Belə ki, Fond Gürcüstanda və Moskvada azərbaycanlıların
təhsil aldığı məktəblərə də
kompüter dəstləri, məktəb ləvazimatları və
digər avadanlıqlar hədiyyə etmişdir. Pakistan
İslam Respublikasının zəlzələdən zərər
çəkmiş Müzəffərabad şəhərində
Fondun maliyyə dəstəyi hesabına müasir tələblərə
cavab verən ümumtəhsil məktəbi inşa
edilmişdir.
Mədəni
irsin qorunması və beynəlxalq aləmdə təbliği
istiqamətində görülən işlər də Heydər
Əliyev fondunun çoxsahəli fəaliyyətinin bir istiqamətidir.
Məhz Mehriban xanımın səyləri nəticəsində
Azərbaycan muğamı UNESKO kimi nüfuzlu beynəlxalq qurum
tərəfindən bəşəriyyətin şifahi qeyri-maddi
irsinin şah əsərləri siyahısına daxil
edilmişdir. Bakıda Beynəlxalq Muğam Mərkəzi
tikilmişdir ki, bu mərkəz muğamlarımızın
qorunub saxlanması və inkişafı, dünyada
yayılması və beynəlxalq muğam tədbirlərinin
keçirilməsi məqsədi daşıyır.
Fondun sosial sahədə
reallaşdırdığı layihələr də xalqa xidmətin
bariz nümunəsidir. “Diabetli uşaqlara ən yüksək
qayğı”, “Talassemiyasız həyat naminə”, “Kor və
görmə qabiliyyəti zəif olan insanlar üçün
İKT-yə çıxışın təmin edilməsi”,
“Hərəmiz bir ağac əkək” layihələri müstəqil
dövlətimizdə hiss olunan sosial problemlərin həllinin
aradan qaldırılmasına bilavasitə təkan vermişdir.
Azərbaycan həqiqətlərinin
də dünyaya çatdırılmasında da Heydər Əliyev
fondunun rolu böyükdür. “Qarabağ həqiqətləri”
toplusu, “Xocalı soyqırımı” filmi, “Azərbaycana
qarşı müharibə: mədəni irsin hədəfə
alınması”, “Müharibə və tarixi-mədəniyyət
abidələrimiz”, xarici nəşrlərdən tərcümə
edilmiş “Türklər və dünya: munis tariximiz”,
“Bakı-Tbilisi-Ceyhan boru kəməri: Qərbə
açılan neft pəncərəsi”, “Azərbaycan təbiəti”,
“Yuxuların çin olduğu yerdə”, “Bəyazidin müdafiəsi:
həqiqət və yalan”, “Əlahəzrətin
general-adyutantı” kitabları məhz Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə hazırlanaraq bütün
dünyada həqiqət carçılarına
çevrilmişdir. 4 min səhifəlik “Azərbaycan”
portalı isə öz konkret məlumatları ilə
dünyanın hər yerində Azərbaycanla bağlı
informasiya əldə etməyə xidmət edir. Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
yaradılan bu portal eyni zamanda Heydər Əliyev Fondu tərəfindən
Azərbaycanda elektron hökumətin qurulmasına ən
böyük dəstəkdir.
Heydər Əliyev
Fonduna Mehriban xanım Əliyeva kimi bir insanın rəhbərlik
etməsi, Azərbaycanın çiçəklənməsi
yolunda gördüyü böyük işlər həm də
ona görə uğurludur ki, Azərbaycan Milli Məclisinin
deputatı, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın özü müasir Azərbaycanın
dövlətçilik fəlsəfəsinin
yaradıcısı ulu öndərimiz Heydər Əliyev
siyasi akademiyasından dərs alıb. Məhz elə Mehriban
xanım Əliyevanın Azərbaycan mədəniyyətinin,
təhsilinin, elminin, incəsənətinin durmadan artan
yaradıcı inkişafında gördüyü işlər
bir daha sübut edir ki, o Ulu öndərimizin fenomenliyinin daha
böyük miqyasda tanıdılması üçün
bundan sonra da nələr etməyin vacibliyini dərk edən
insanlar arasında öncüllük edənlərin ön
sırasındadır.
Heydər Əliyev
Fondunun rəhbərliyi ilə Qobustan dövlət tarixi-bədii
qoruğunun virtual muzeyinin yaradılması və Azərbaycan
Portalında yerləşdirilməsi ilə bağlı
görülən işlərlə əlaqədar, Qobustan
dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən
milli sərvətlər xəzinəsinin qorunması və gələcək
nəsillərə çatdırılması, eləcə də,
Azərbaycan Respublikasının qədim mədəni irsinin
geniş miqyasda təbliğ olunması məqsədi ilə
YAP-ın sədri, Azərbaycan Respublikasının Prezidenti
möhtərəm cənab İlham Əliyev 11 iyun 2007-ci il
tarixli Sərəncam imzalamışdır. Heydər Əliyev
Fondu və Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi bu Sərəncamdan irəli gələn vəzifələrlə
əlaqədar Azərbaycanın qədim irsi olan Qobustanın
dünya miqyasında tanıdılmasına və təbliğ
olunmasına kömək etmək məqsədi ilə birgə
layihə həyata keçirir. Layihə çərçivəsində
Qobustan dövlət tarixi-bədii qoruğunun virtual muzeyinin
yaradılması və Azərbaycan portalında yerləşdirilməsi
nəzərdə tutulmuşdur.
Bütün
bunlar onu göstərir ki, xalqımız Yeni Azərbaycan
partiyasına, onun qurucusu olan ulu öndər Heydər Əliyevə
və bu gün YAP-a sədrlik edən ölkə prezidenti,
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab
İlham Əliyevə böyük inam bəsləyir. Bu
möhtəşəm inam 2008-ci il 15 oktyabr prezident seçkilərində
də bir daha möhtərəm prezident İlham Əliyevin hətta
müxalifət partiyalarının etiraf etdikləri kimi tam qələbəsində
öz əksini tapdı.
Yeni Azərbaycan
Partiyasına bütövlükdə qədirbilən Azərbaycan
xalqının inamının gündən-günə
artması bir də özünü onda göstərir ki,
1992-ci ildə 550 nəfər konfrans
iştirakçılarının ulu öndər Heydər Əlievin
partiyaya sədr seçilməsi ilə fəaliyyətə
başlayan YAP nəinki ölkəmizdə,
bütövlükdə Qafqaz regionunda ən böyük,
güclü, siyasi təşkilatdır.
Respublikanın
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının uğurla reallaşdırılması, o
cümlədən yeni istehsal müəssisələrinin
yaradılması, infrastruktur layihələrin həyata
keçirilməsi, geniş abadlıq, quruculuq işləri
bölgələrin simasını, həqiqətən,
gözəlləşdirmişdir. Ölkədə
açılmış 1 milyondan çox iş yerinin tam əksəriyyəti
məhz bölgələrin payına düşür.
Bəli, bu bir həqiqətdir.
Yeni Azərbaycan Partiyasının siyasi sistemin
inkişafında fəal rol oynamasına 1993-cü, 1998-ci,
2003-cü və 2008-ci ilin Azərbaycan Respublikasının
Prezidenti seçkilərində də Yeni Azərbaycan
Partiyası tərəfindən irəli sürülən
namizədlərin xalq tərəfindən böyük dəstək
alması bir daha əyani sübut idi.
İnkişaf
etmiş dünya ölkələrinin ön sıralarında
addımladığını Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasda Yeni Azərbaycan Partiyasının sədri,
Prezidentimiz cənab İlham Əliyev bir daha qürurla təsdiqləyərək
demişdir: «Ölkəmizin strateji valyuta ehtiyatları ilin əvvəlindən
təxminən 5 milyard dollar artmışdır, hazırda 45
milyard dollar səviyyəsindədir. Deyə bilərəm ki,
bu, dünya miqyasında çox böyük rəqəmdir və
Azərbaycan o ölkələrdəndir ki, böyük valyuta
ehtiyatlarına malikdir. Ölkənin ərazi
ölçülərinə və əhalinin sayına
görə, hesab edirəm ki, əgər valyuta
ehtiyatlarımızı adambaşına hesablasaq biz dünya
miqyasında ən qabaqcıl yerlərdən birindəyik.
Çox sevindirici hal ondan ibarətdir ki, böyük investisiya
layihələrinin dövlət xətti ilə həyata
keçirilməsinə baxmayaraq, strateji valyuta
ehtiyatlarımız azalmır, əksinə artır».
Bu bir həqiqətdir
ki, YAP-ın hakimiyyətə gəldiyi illərdən
başlayaraq, ölkəmizdə bir çox sahələrdə,
o cümlədən, aqrar sektorda dünyada analoqu olmayan sürətli
inkişaf özünü göstərməkdədir.
İnanırıq ki, bu uğurlu işlər YAP-ın sədri,
ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında hələ bundan sonrakı illərdə də
uğurla davam edəcəkdir.
Qərib Məmmədov,
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri
yap.org.az
Səs.- 2012.- 6 noyabr.- S.10-11.